Böyük bəstəkar Arif Məlikov - milyonların sevimlisi

 

Bir ömrün məktəbini zəngin edən, ona naxış salan sənətə olan ilahi sevgi, əməllər, istedad, bacarıq zəhmətdir. Bu ömür paylandıqca insanın əfsanəyə çevrilən nurlu əməlləri dünyaya işıq saçır, onu rövnəqləndirir. Bir tarix yazan ömürdə neçə-neçə illərin izləri var. Azərbaycan xalq artisti, professor, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Avrasiya Akademiyasının qurucu üzvlərindən biri, dünyaşöhərli bəstəkar Arif Məlikov kimi. Yaşadığı ömür yolunun izləri yaradıcılığına həkk olunub. Hər bəstəsində bir ömür canlanır. Dünyanın istənilən nöqtəsinin zövqlü musiqisevəri Arif Məlikov yaradıcılığına valeh olur. Arif Məlikov elə bir bəstəkardır ki, parlaq istedadı özünəməxsuluğu ilə sərhəd tanımadan əsərləri dünyanı dolaşmışdır. Əsərlərində milli musiqi ənənələrini yaşadaraq mütərəqqi təfəkkürə malik yaradıcılığının əks etdirmişdir. Klassika ilə yeni düşüncənin vəhdətində möhtəşəm musiqi əsərlərini yaratmağa müvəffəq olmuşdur. Dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi onun yaradıcılığının səciyyəvi cəhətləridir.

 

Cismən aramızda olmasa da, ruhən qəlblərdə sənət tariximizdə yaşayan Arif Məlikovun 13 sentyabr tarixi doğum günüdür. Tərcümeyi- halında qeyd olunduğu kimi, 1933-cü ildə Bakı şəhərində anadan olan sənətkar 1960-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirmişdir. Həmin ildən orada dərs deməyə başlamış, ömrünün sonuna kimi bu təhsil ocağında professor bəstəkarlıq kafedrasının müdiri kimi çalışmışdır. Onun qısa bir zamanda şöhrət tapmasında görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri "Məhəbbət Əfsanəsi" baleti olmuşdur. Gənc yaşlarında - 1961-ci ildə Leninqrad akademik opera balet teatrının səhnəsindəki ilk tamaşadan dərhal sonra Arif Məlikov şöhrətləndi. Tanınmış bəstəkar D.Şostakoviç yazırdı: "Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir. Partituranın dərin musiqi dramaturgiyası, onun daxili inkşafı, qəhrəmanların musiqi səciyyələrinin dəqiqliyi ifadəliyi, orkestrovkada nadir ustalıq, onun xüsusi rəngarəngliyi, çoxlu tapıntılar bu gözəl musiqi əsərini böyük maraqla dinləməyi məcbur edir".

 

Bəstəkarın sonrakı yaradıcılıq uğurlarından biri özbək yazıçısı Ş.Rəşidovun "İki qəlbin kitabı" əsəri əsasında yaratdığı "İki qəlbin poeması" baleti olmuşdur. Rəqqasə Komde müğənni Modan haqqındakı qədim Şərq əfsanəsi baletdə əsl fəlsəfi ümumiləşdirmə zirvələrinə qaldırılaraq sənətin əbədliliyinin, qüdrətinin rəmzinə çevrilmişdir.Bəstəkarın musiqi mədəniyyətimizin çoxəsrlik tarixə malik bünövrəsi zəminində müasir kompozisiya texnikasını mükəmməl mənimsəyib yüksək professionallıqla yaratdığı simfoniya, balet, operetta, kantata, vokal, kamera instrumental əsərlər misilsiz sənət nümunələri olaraq Azərbaycan musiqi xəzinəsinin qiymətli inciləri sırasında özünə həmişəlik yer tutmuşdur. Onun kino dram tamaşalarına yazdığı musiqi, eləcə romans mahnıları məşhur sənətkarların ifasında səslənərək, geniş populyarlıq qazanmışdır. Arif Məlikovun bəşəri idealları özündə dolğun əks etdirən əsərləri ölkəmizin hüdudlarından kənarda bu gün uğurla səsləndirilməkdədir. Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Ruminya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna Gürcüstanda ifa olunmuşdur.2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap olunub.

 

"Ölümdən güclü" baleti, "Yer üzündə iki nəfər" baleti, "Əlibaba qırx quldur"baleti, "İki ürək dastanı" baleti, Simfonik əsərləri, Simfonik poemaları, Kamera instrumental əsərləri, s. yaratdığı əsərlər qəlbinin hökmü ilə nota köçürülüb. "Azərbaycan" balladası, 8 nömrəli simfoniya digər teatr tamaşalarına yazdığı musiqiləri insanın daxili dünyasını fəth edir. Böyük ürək sahibi olan bəstəkarın geniş dünyagörüşü onun musiqisindən sezilir. Hər bir musiqi əsəri orijinallığı ilə fərqlənir bu musiqilərdə insan düşüncəsi rahatlıq tapmaqla yanaşı, sanki bütün dünyanı dolaşır, bütün dünyanı görür. yazdısa ürəyinin səsi, qəlbinin hökmü ilə yaratdı. Təbiət lövhələri, sevgi, ümumbəşəri məsələlər, lirik düşüncələr s. mövzu rəngarənliyi onu milyonların sevimli bəstəkarına çevirdi.

 

Böyük bəstəkar sənət tariximizdə böyük müəllim kimi yer alıb. Onun sinfində təhsil alan istedadlı gənc bəstəkarlar öz müəllimlərindən sənətin sirlərini dərindən öyrənmiş, Arif Məlikova layiq bəstəkar kimi yetişmişlər.Yaradıcılığı fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Belə ki, o, "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına, "Şərəf Nişanı" ordeninə, "Azərbaycan SSR xalq artisti" fəxri adına, "İstiqlal" ordeninə, "Heydər Əliyev" ordeninə, Nizami Gəncəvi adına Qızıl medalına, "Şöhrət" ordeninə s. layiq görülüb. Bu onun böyük sənətkar olmasından irəli gəlir.

 

Arif Məlikov 2019-cu il il mayın 9-da 85 yaşında dünyasını dəyişib, Bakıda I Fəxri Xiyabanda dəfn olunub. Bu gün aramızda olmasa da sənət dünyası, yardıcılıq irsi, yaratdığı bəstəkarlıq məktəbi onun musiqi dünyamızda əbədi olaraq yaşayacağından xəbər verir.

 

Zümrüd BAYRAMOVA

 

Səs.- 2021.-11 sentyabr.- S.12.