Azərbaycan dövləti və xalqı
işğaldan azad olunmuş ərazilərə həyat
qaytarmaqla dünyaya çox önəmli bir mesaj verəcək
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin
deputatı Ramin Məmmədov www.yap.org.az saytına müsahibə
verib:
- Ramin müəllim, Vətən müharibəsinin
ildönümü ərəfəsindəyik. Müharibə
şübhəsiz ki, çox böyük dəyişikliklərə
səbəb oldu. Sizcə, ötən bir ilə nəzər
salanda hansı əsas məqamları qeyd etmək olar?
- Müzəffər Ali Baş
Komandanın rəhbərliyi ilə Vətən müharibəsində
Azərbaycan xalqının və Ordusunun qazandığı
tarixi zəfərin əhəmiyyətini bir çox aspektdən
qiymətləndirmək mümkündür. İlk növbədə,
əlbəttə ki, Azərbaycan ədaləti bərpa etdi,
30 illik işğala son qoydu. Bu, yeni bir tarixi mərhələnin
başlaması deməkdir. Azərbaycan xalqı
üçün bu qələbənin mənəvi-psixoloji əhəmiyyəti
olduqca yüksəkdir. Yüzminlərlə məcburi
köçkün 30 ildən sonra öz doğma
torpağına qayıtmaq imkanı əldə etdi.
Şübhəsiz ki, hər bir müharibə həm də
yeni iqtisadi və geosiyasi reallıqların yaranması ilə
nəticələnir. Bu, daha yaxşı perspektivlər və
ya daha çətin şərtlər də ola bilər. Bu mənada, Azərbaycanın müharibədə
qazandığı zəfərin əhəmiyyəti həm də
ondan ibarətdir ki, bütün Cənubi Qafqazın tarixində
yeni bir mərhələnin - əməkdaşlıq,
inkişaf, sülh və sabitlik dövrünün
başlaması üçün heç vaxt
olmadığı qədər əlverişli şərtlər
formalaşıb. Regionda kommunikasiyaların
açılması, iqtisadi əlaqələrin bərpası,
qarşılıqlı faydalı əməkdaşlıq zəncirinin
qurulması - bütün bunlar nəinki Azərbaycanın, eləcə
də regionun bütün xalqlarının, bölgədə
fəal siyasət yürüdən böyük dövlətlərin
də maraqlarına cavab verir. Bu, kifayət qədər
yeni bir konfiqurasiyadır. Tarixən maraqların konfrontasiya məkanı
kimi tanınan bir coğrafiyada indi fərqli bir reallıq
mövcuddur. Təsadüfi deyil ki, Azərbaycanın təklif
etdiyi gündəliyi bir çox ölkələr dəstəkləyir.
Son günlər Ermənistandan səslənən bəzi
mesajlar da onu deməyə əsas verir ki, İrəvanda da
reallığı müəyyən dərəcədə
düzgün qiymətləndirmək meyilləri var.
Azərbaycan Prezidentinin də dəfələrlə
qeyd etdiyi kimi, artıq Dağlıq Qarabağ münaqişəsi
anlayışı tarixə qovuşub. Əslində, cənab
Prezidentin söylədiyi bu fikir yeni geosiyasi və tarixi
reallıqların məğzini daha dərindən anlamağa
imkan verən dərin siyasi məzmuna malik ciddi bir tezisdir.
Elə bir tezis ki, Cənubi Qafqazdakı proseslərin
bütün aktorları bu tezisi yeni situasiyanın formulu kimi qəbul
edirlər. Hesab edirəm ki, biz müharibədən sonrakı
dövrü bugünkü siyasi, iqtisadi, hərbi, demoqrafik
şərtlər kontekstində təhlil etsək, gələcək
haqqında nikbin düşünmək üçün nə
qədər ciddi əsasların olduğunu daha aydın
görə bilərik. Bugünkü situasiya birdən-birə
formalaşmayıb, məhz Azərbaycan Prezidentinin illər ərzində
apardığı düşünülmüş siyasət
regionda hərbi, siyasi və iqtisadi balansı Azərbaycanın
xeyrinə dəyişdi, həm də bir neçə dəfə.
Digər tərəfdən, məhz dövlət
başçımızın həyata keçirdiyi
xarici siyasət kursu bizim dünyada etibarlı tərəfdaş
kimi tanınmağımıza səbəb oldu.
Çoxqütblü dünyanın formalaşmaqda olduğu,
bir çox böyük dövlətlərin
maraqlarının müxtəlif coğrafiyalarda
toqquşduğu, ümumiyyətlə, beynəlxalq münasibətlərdə
etibarın xeyli dərəcədə
sarsıldığı indiki mərhələdə Azərbaycanın
belə bir imic qazanmasının nə qədər çətin,
eyni zamanda, nə qədər vacib olduğunu izah etməyə
yəqin ki, ehtiyac yoxdur. Müharibə
dövründə baş verən bir çox hadisələr,
müxtəlif dövlətlərin məsələyə
münasibəti, habelə beynəlxalq təşkilatlar
çərçivəsində aparılan bəzi müzakirələrin
nəticələrini təhlil edərkən, bir daha əmin
oluruq ki, Azərbaycanın xarici siyasət strategiyası
kifayət qədər dəqiq hesablamalar əsasında
qurulub. Bir daha vurğulamaq istərdim ki, beynəlxalq
münasibətlərin indiki mürəkkəb şərtlərində
buna nail olmaq çox çətindir.
- Müharibədən sonra Azərbaycan
işğaldan azad olunmuş ərazilərdə böyük
quruculuq işlərinə başlayıb. Azərbaycan
Prezidenti işğaldan azad olunmuş ərazilərə
mütəmadi səfərlər edir, bu prosesi bilavasitə
diqqət mərkəzində saxlayır. Necə
düşünürsüz, işğaldan azad olunmuş ərazilərin
bərpası Azərbaycana siyasi anlamda hansı yeni dividendlər
gətirəcək?
- İşğaldan azad olunmuş ərazilərdə
cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən
bərpa-quruculuq işləri bu torpaqların əsl sahiblərinin
kim olduğunu bir daha dünyaya nümayiş etdirir.
Keçmiş məcburi köçkünlərin öz
torpaqlarına qayıtması, 30 il işğal altında
qalmış ərazilərdə həyatın yenidən
canlanması Azərbaycan xalqı üçün son dərəcə
mühüm əhəmiyyətə malik bir məsələdir.
Bu tarixi proseslərin və xeyli dərəcədə də
Azərbaycana 90-cı illərdə rəhbərlik etmiş bəzi
siyasi qüvvələrin bizə miras buraxdığı
ağrılı bir problemin həlli deməkdir. Bu, Azərbaycanın
gündəminin dəyişməsi deməkdir. Lakin
bu həm də o deməkdir ki, heç bir işğal, təcavüz
Azərbaycan xalqının iradəsini, əzmini
sındıra bilməz. Əlbəttə ki, bərpa-quruculuq
işlərindən sonra Azərbaycan iqtisadiyyatı
üçün əlavə gəlir mənbələri
yaranacaq, dövlətimizin gücünün artmasına
imkan verən yeni resurslar mövcud olacaq. Bir
çox iqtisadi, sosial, demoqrafik problemlərin həlli
üçün daha yaxşı şərtlər
formalaşacaq. Ən mühüm məsələlərdən
biri isə bundan ibarətdir ki, Azərbaycan dövləti və
xalqı işğaldan azad olunmuş ərazilərə həyat
qaytarmaqla dünyaya çox önəmli bir mesaj verəcək.
Çünki bu proses həm də bizim nələrə
qadir olduğumuzu, Azərbaycan dövlətinin
gücünü dünyaya bir daha nümayiş etdirmək
imkanıdır. Vətən müharibəsində Azərbaycan
Ordusunun qazandığı qələbə bu gün
dünyanın bir çox beyin mərkəzlərində təhlil
olunur, öyrənilir. Azərbaycan kimi kiçik ölkələrin
dünyanın marağını cəlb edən hərbi
uğurlara nail olmasına dair çox az fakt var. Bu mənada,
bizim qələbəmizin miqyası kifayət qədər
böyükdür. Hesab edirəm ki, işğaldan azad
olunmuş ərazilərin bərpası istiqamətində gedən
işlərin keyfiyyəti və sürəti bizim daha bir
nümunə ortaya qoya biləcəyimizi
proqnozlaşdırmağa əsas verir. Qısa müddətdə
bu ərazilərdə infrastrukturun bərpası istiqamətində
çox böyük işlər görülüb. Təkcə
Füzulidə yeni hava limanının açılması
dövlətin bu istiqamətdə fəaliyyətinin
miqyasını qiymətləndirmək üçün kifayətdir.
Regionun nəqliyyat infrastrukturunun bu qədər sürətlə
qurulması onu göstərir ki, qarşıda çox ciddi hədəflər
var, bu hədəflərə nail olmaq üçün
resurslar da, siyasi iradə də mövcuddur.
- Sizin də qeyd etdiyiniz kimi, Azərbaycanın
qarşısında bu gün böyük hədəflər,
vəzifələr var. Necə
düşünürsünüz, bu hədəflərə
nail olmaq üçün Azərbaycan gənclərinin üzərinə
hansı vəzifələr düşür?
- 44 günlük Vətən müharibəsində
qazanılmış tarixi zəfərdə Azərbaycan gəncliyinin
imzası var. Cənab Prezident də öz
çıxışlarında dəfələrlə
vurğulayıb ki, bu tarixi qələbədə böyük
qəhrəmanlıq və şücaət göstərən
oğullarımız, əsasən, gənclər idi. Gənclərin
vətənpərvərlik ruhunda tərbiyə olunması Azərbaycan
dövlətinin gənclər siyasətinin prioritet istiqamətlərindən
biridir. Möhtərəm Prezidentimiz yeni təyin olunan gənclər
və idman nazirini qəbul edərkən də qeyd etdi ki,
İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmiz
gənclərin tərbiyə işində əsas rol
oynamalıdır. Hesab edirəm ki, bu fikir Azərbaycan gəncliyinin
fəaliyyətinin, həyata baxışının əsas
motivini təşkil edəcək. Bugünkü gəncliyin bəxti
həm də onda gətirib ki, onlar qalib ölkənin vətəndaşlarıdırlar.
Bu, tarixi kontekstdə baxdıqda böyük
üstünlükdür, eyni zamanda, gələcək
üçün həm də böyük məsuliyyətdir.
Çünki bayaq da vurğuladığımız kimi, bizim
qarşımızda böyük hədəflərimiz var. Hər
bir Azərbaycan gənci bu hədəflərə nail
olmağa öz töhfəsini verməlidir. Bunun
üçünsə qazandığımız zəfərin
əhəmiyyətini, miqyasını, yaratdığı yeni
reallıqları düzgün təhlil edib qiymətləndirməyi
bacarmalıdırlar. Azərbaycan Prezidentinin söylədiyi
fikirlər əslində, müharibədən sonrakı
dövr üçün dövlət gənclər siyasətinin
mahiyyətini ifadə edir. Hər bir Azərbaycan vətəndaşı,
xüsusilə də gənclər dövlətimizin daha da
güclü olması, sosial-iqtisadi inkişafı, hərbi
qüdrətinin artması, beynəlxalq nüfuzunun yüksəlməsi
üçün bütün imkanlarından istifadə etməlidir.
Hansı sahədə çalışmağın, hansı
peşə sahibi olmağın o qədər də əhəmiyyəti
yoxdur. Ən əsas məsələ özünü qalib
ölkənin vətəndaşı kimi hiss etmək və həyatını
buna uyğun qurmağı bacarmaqdır.
Səs.- 2021.- 14 sentyabr.- S.5.