Professor Musa Qasımlı:15 sentyabr Azərbaycan-Türkiyə
silah qardaşlığının rəmzidir
Qafqaz
İslam Ordusunun 1918-ci il sentyabrın 15-də Bakı şəhərini
yadelli qüvvələrdən azad etməsindən 103 il
keçir. Bununla bağlı AZƏRTAC
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü
professor Musa Qasımlının Bakıda 1918-ci il 15 sentyabr
hadisələrinin hərbi-siyasi, tarixi və mənəvi-psixoloji
əhəmiyyətinə dair “15 sentyabr Azərbaycan-Türkiyə
silah qardaşlığının rəmzidir” məqaləsini
təqdim edir.
Bolşevik Rusiyası Birinci Dünya müharibəsindən
çıxdıqdan sonra Qafqaz cəbhəsindən geri
çəkilən rus ordusu ilə birlikdə erməni
silahlı dəstələri də Cənubi Qafqaza gəldilər.
Anarxiyanın hökm sürdüyü Cənubi Qafqazda bu zaman
rəsmi və qeyri-rəsmi olaraq üç hakimiyyət -
müvəqqəti hökumətin orqanları, sovetlər və
milli şuralar fəaliyyət göstərirdi. Rusiya
hərbçiləri silahlarını buna qədər
Anadoluda dinc türk-müsəlman əhaliyə qarşı
qırğın törətmiş, geri çəkilərkən
isə Borçalıda, İrəvan quberniyasında, Cənubi
Azərbaycan və indiki Azərbaycan Respublikası ərazisində
qanlar tökən erməni bandalarına vermişdilər.
Türk və müsəlman olduqlarından etibar etmədiyi
üçün çarizmin hərbi xidmətə
çağırmadığı azərbaycanlıların
ordusu yox idi, yalnız könüllülərdən ibarət
“Vəhşi diviziya” var idi. Hərbi xidmətə
çağırılmayan azərbaycanlılar hərb sənətini,
özünümüdafiəni yadırğayır, eyni
zamanda, vergi ödəyirdilər. Bakıda qurulan sovet hakimiyyəti
dinc türk-müsəlman əhaliyə zülm edirdi.
Qırğınların zirvə nöqtəsi 1918-ci ilin
martında Bakı şəhərində törədilən
soyqırımı oldu. Cənubi Qafqazın digər yerlərində
də davam etdirilən qırğınların
qarşısını əvvəlcə Transqafqaz
Komissarlığı, sonra isə onun yerində qurulan
Transqafqaz Seymi ala bilmədi.
1918-ci il mayın 28-də Azərbaycanın
müstəqilliyi Tiflisdə elan edildi və Xalq Cümhuriyyəti
quruldu. Azərbaycan dövlətinin qurulması
üçün lazım olan ilkin şərtlər - ərazi
və əhali mövcud idi, hökumət də quruldu. Gəncə
şəhəri Azərbaycanın müvəqqəti
paytaxtı elan edildi. Lakin ölkənin baş şəhəri
olan Bakı yadellilərin əlində idi. Azərbaycan
dövlətinin şəhəri azad etmək
üçün kifayət qədər qüvvəsi
olmadığından xarici yardıma ehtiyac duyulurdu. Osmanlı
dövləti iyunun 4-də Batumda imzaladığı
müqavilə ilə Azərbaycana yardım etməyi üzərinə
təəhhüd olaraq götürmüşdü. Azərbaycan
yardım üçün müraciət etdi. Osmanlının
hərbi naziri Ənvər paşanın qardaşı Nuru
paşanın komandanlığı altında Qafqaz hərəkatı
başladı. Cərgələrini yerli əhalidən
doldurmaqdan və Bakı şəhəri azad edildikdən sonra
problem yaranmamasından ötrü ordu Qafqaz İslam Ordusu
adlandırıldı. Hərəkatın hüquqi-siyasi təməlini
Batum müqaviləsi təşkil edirdi. Bu hərəkatın
milli-mənəvi əsasları da var idi. Dünya
türklüyünün və islamın mərkəzi olan
Osmanlı dövləti Cənubi Qafqazda milli və dini əlamətlərə
görə öldürülən türk və müsəlmanlara
yardım etməli idi. Türklər və müsəlmanlar
Osmanlı dövlətinə nicat gözü olaraq baxırdılar.
Osmanlı ilə dil, din, mədəniyyət
baxımından bir olan Cənubi Qafqazın türk və
müsəlman əhalisi erməni-daşnak və bolşevik dəstələrinin
soyqırımına uğramışdılar. Özü nə
qədər ağır vəziyyətdə olsa da, onlara
yardım etmək Osmanlının borcu idi. Qeyd etmək lazımdır
ki, buna qədər çoxlu azərbaycanlı gənc Balkan
savaşlarında və Çanakkala döyüşlərində
türk qardaşlarına yardım etmək üçün
çarizm orqanlarından xəlvəti olaraq getmişdilər.
Bakı hərəkatının hərbi-strateji və iqtisadi
səbəbləri də var idi. Dünyanın nəhəng
dövlətlərindən biri olan Osmanlının təbii
olaraq bu regionda geniş maraqları mövcud idi. Azərbaycan Cənubi
Qafqazın açar ölkəsi hesab edilirdi. Bakıya
sahib olan təkcə Azərbaycana və Cənubi Qafqaza deyil,
Xəzərə nəzarət qazanırdı. Xəzər
üzərində nəzarət Şimali Qafqaza nəzarət,
Orta Asiyaya, oradan da Hindistana gedən yola çıxmaq, Orta
Asiyaya sahib olmaq isə dünyanın ürəyi olan Avrasiyaya
yiyələnmək demək idi. Dünyanın ürəyinə
gedən yol qızıl körpü olan Azərbaycandan,
Bakıdan keçirdi.
Bakı zəngin neft mənbəyi idi. Dünya
müharibəsinin son mərhələsində Yaxın və
Orta Şərqdə, Qafqazda iki neft mənbəyi – Mosul və
Bakı uğrunda müharibə gedirdi. Müharibə
həm də neft savaşı idi. Osmanlı
dövlətinin bu strateji yola, mövqelərə və neft mənbəyinə
yiyələnməsi üçün milli və mənəvi
baxımdan problemi mövcud deyildi. Cənubi
Qafqazda yaşayan təqribən 6 milyon nəfər əhalinin
3 milyon nəfəri türk və müsəlman idi.
Qafqaz
İslam Ordusunun hücumları qarşısında tab gətirə
bilməyən Bakıdakı sovet hakimiyyəti iyulun 31-də
devrildi. Onun yerində xarici yardımlarla qurulan və
əslində koalisiyalı hökumət olan Sentrokaspi
diktaturası general Leonel Denstervil başda olmaqla ingilis qüvvələrini
Bakıya dəvət etdi. Bakı
uğrunda təkcə amansız döyüşlər deyil,
eyni zamanda, diplomatik-siyasi mübarizə gedirdi. Hər bir dövlət əlverişli
coğrafi-siyasi mövqeyi və zəngin neft mənbələri
olan Azərbaycana yiyələnməyə
çalışırdı. Qafqaz
İslam Ordusunun Bakıya yürüşünün
qarşısını almaq üçün hərəkətə
keçən bolşevik Rusiyası müharibədə
Osmanlının müttəfiqi olan Almaniya ilə avqustun 27-də
bir müqavilə imzaladı. Müqaviləyə
görə, Almaniya Bakı neftindən alacağı bəlli
pay müqabilində Osmanlı qoşunlarının Kür
çayını keçməməsi üçün
öhdəlik götürdü. Bu göstərdi
ki, Bakı məsələsində Almaniya Osmanlının
müttəfiqi deyildi. Lakin oynanılan
oyunlar Qafqaz İslam Ordusunun yürüşünü
dayandıra bilmədi. İqtisadi
baxımdan ətraf ərazilərdən asılı olan
Bakı mühasirəyə alındıqdan sonra şəhərin
ərzaq təchizatı kəsildi və ağır vəziyyət
yarandı. Türk topçuları şəhəri
elə dəqiqliklə atəşə tuturdular ki,
tarixi-memarlıq binaları dağıdılmadı. İngilislər və Sentrokaspi diktaturası türk
hücumları qarşısında şəhəri qoyub
qaçdılar. Bakıya gələrkən
ermənilərə arxalanan L.Denstervil onları qorxaqlıqla təqsirləndirdi.
Bakı şəhəri sentyabrın 15-də
azad edildi. Sentyabrın 17-də isə Azərbaycan
hökuməti müvəqqəti paytaxt olan Gəncədən
Bakıya köçdü. Azərbaycan
dövləti milli-mənəvi, elm və mədəniyyət
mərkəzinə qovuşdu. Şəhərin
azad edilməsi ilə “başla bədən birləşdi”.
Bakının azad edilməsi əhəmiyyətinə
görə Cümhuriyyətin elan edilməsindən sonra ikinci
böyük tarixi hadisə oldu. Şəhərin azad edilməsi
Azərbaycan və türk silah qardaşlığının
rəmzi idi. Qardaşların birliyi Bakıya dair iyrənc
planları darmadağın etdi. Bu hadisə göstərdi ki,
Azərbaycan və Türkiyə birgə hərəkət
etdikdə heç kim onları dayandıra bilməz. Milli ruhu yüksələn azərbaycanlılar Azərbaycanın
şimal torpaqları çarizm tərəfindən
işğal edildikdən sonrakı bütün dövrdə
ilk dəfə olaraq Bakı küçələrində
başlarını dik tutaraq, özlərinə güvənərək
gəzməyə başladılar. Qardaşlıq
yardımları sonrakı illərdə də davam etdirildi.
İşğal edilib sovetləşdirildikdən sonra Azərbaycan
xalqı türk qardaşlarının istiqlal savaşına
yardımlar etdi. Sovet dövründə
ağır şərtlər altında yaşamasına, 30-cu
illərin sonlarından-50-ci illərin ortalarınadək
sovet-türk münasibətlərində gərginliyin
olmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərlərinin
məzarlarını qoruyub saxladı, dağılmağa
qoymadı, ətrafına çiçəklər, ağaclar
əkdi, onları ziyarətgaha çevirdi. SSRİ-nin hələ mövcud olduğu bir zamanda
Türkiyə qətiyyətli hərəkət edərək
1991-ci il noyabrın 8-də Azərbaycan Respublikasının
dövlət müstəqilliyini ilk olaraq tanıdı. Ulu
öndər Heydər Əliyevin hakimiyyəti illərində
bu qardaşlıq münasibətləri daha
da möhkəmləndi. 1918-ci il 31 Mart soyqırımı
qurbanlarının, 1990-cı il 20 Yanvar, Ermənistanın təcavüzünə
qarşı ölkəmizin ərazi bütövlüyü
uğrunda aparılan müharibədə həlak olan şəhidlərimizin
dəfn olunduğu və hər bir azərbaycanlı
üçün müqəddəs olan
Şəhidlər xiyabanında Qafqaz İslam Ordusu
döyüşçülərinin xatirəsinə Bakı
Türk Şəhidliyi abidəsi ucaldıldı. Bu, təkcə
ziyarət edilərək əklil qoyulan bir abidə deyil,
qanı torpaqlarımızda bir-birinə
qarışmış Azərbaycan və Türkiyə
xalqlarının qardaşlığının, əbədi
birliyinin rəmzidir. Nəhayət, 44 günlük
müharibədə qardaş Türkiyə Azərbaycanın
haqq işini birmənalı olaraq diplomatik-siyasi və mənəvi-psixoloji
baxımdan müdafiə etdi. Bu il ilk dəfə
olaraq biz sentyabrın 15-ni Azərbaycan Silahlı Qüvvələrinin
Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi
ilə Şanlı Ordumuzun ərazilərimizi Ermənistan
işğalından azad etmiş olduğu şəraitdə
qalib millət və qalib dövlət kimi qeyd edirik.
Dövlət başçıları İlham
Əliyev və Rəcəb Tayyib Ərdoğanın
imzaladıqları Şuşa Bəyannaməsi münasibətləri
yeni səviyyəyə çıxardı. Kökləri dərin
olan qardaşlığımız əbədidir. Biz birlikdə
güclüyük!
Səs.- 2021.- 15
sentyabr.- S.9.