Şuşada böyük quruculuq işləri:
tarixlə müasirliyin vəhdətində
Prezident İlham Əliyev: "Bu gün
Şuşa artıq dirçəlir və Şuşanın
dirçəlməsi üçün əməli addımlar
atılır"
44 günlük Vətən müharibəsində
qazanılan tarixi qələbə Azərbaycanın Zəfər
tarixini əbədiləşdirdi. Azərbaycan işğal
altında olan torpaqları erməni təcavüzkarlarından
təmizləyərək, yeni bir həyata qədəm qoydu.
"Biz artıq işğaldan azad edilmiş ərazilərin
bərpasına başlamışıq. Yenidənqurma
proqramı artıq həyata keçirilir. Çox iş
görülməlidir, çünki işğaldan azad
edilmiş ərazilərdə hər şey - şəhərlər,
kəndlər, mədəni abidələr, bütün
infrastruktur dağıdılıb. Həqiqətən də,
işlərin miqyası böyük olacaq. Tamamilə dağıdılmış
ərazi 10 min kvadratkilometrdən çoxdur".
İşğaldan azad olunan ərazilərimiz sırasında
Qafqazın mirvarisi, Qarabağın döyünən ürəyi
olan Şuşa da 28 illik işğal tarixindən sonra öz
sakinlərini qəbul edir. Artıq Şuşada yenidənqurma
işlərinə start verilib. Vaxtilə ermənilərin məskən
saldığı ərazilər öz sakinlərini
ağuşuna alır və böyük "ümidlərlə"
yaşadıqları bütün utopiyaları alt-üst olub.
Onsuz da tarix boyu belə olub. Ermənilərin utopiyaları həmişə
uğursuzluğa uğrayıb. Necə ki, Ermənistan hakimiyyəti
Şuşa şəhərinin bərpasını həyata
keçirmək üçün 2000-ci ildə tədbirlər
planı hazırlamışdır və bu, el dilində desək,
arzuları ürəklərində qaldı.
"ERMƏNİLƏR NƏ QƏDƏR
ÇALIŞSALAR DA, YENƏ DƏ ŞUŞANI ERMƏNİ
ŞƏHƏRİ KİMİ TƏQDİM EDƏ
BİLMƏDİLƏR"
İrəvan şəhərində
"Şuşi" Mədəniyyət Fondu və
"Şuşi" nəşriyyat evini
yaratmışdır. Fond yaradıldıqdan dərhal
sonra özünün Şuşa şəhərini dünya
ermənilərinin dini və mədəniyyət mərkəzləri
kimi inkişaf etdirilməsi layihəsini irəli sürdü.
Belə ki, bu layihə çərçivəsində təmir,
bərpa və quruculuq işlərinin həyata keçirilməsi
5 mərhələdə həyata keçirilməsi nəzərdə
tutulurdu. Yeni turist mehmanxanalarının tikintisi,
Qala divarlarının, Xan sarayının, Xan
qızının iqamətgahının, qədim hamamın bərpası,
eyni zamanda, bu abidələrin bərpasından sonra içərisində
və ətrafında bütün zəruri rahatlıqlarla təmin
edilməsi və s. Hətta O.Tarkanyan adına Mədəniyyət
Mərkəzinin yaradılması da plana daxil idi. Yeni erməni
ibtidai məktəbinin tikilməsi vacib hesab edilirdi. XIX əsrin əvvəllərində inşa
edilmiş Şuşa real məktəbi təmir edilərək,
onu Marinay adına gimnaziya adlandırmaq, Zaxaryan adına
müasir xəstəxana binasını tikmək və s.
planlaşdırılırdı. Bütün bunlar ermənlərin
yalnız gələcək üçün olan
"plan"ları idi ki, tarixi ədalət bərpa olundu və
haqq yerini tutmuş oldu. Azərbaycan Prezidentinin
çıxışlarının birində
vurğuladığı kimi "Ermənilər nə qədər
çalışsalar da, yenə də Şuşanı erməni
şəhəri kimi təqdim edə bilmədilər və əgər
bu, erməni şəhəri idisə, niyə belə vəziyyətdə
idi, niyə dağılmış vəziyyətdə idi, niyə
bir dənə bina tikilməyib? Üç-dörd erməni
məmurunun yeni villalarından başqa bir dənə də
yeni bina tikilməyib. Köhnə binalar hamısı
dağıdılıb, tarixi binalar
dağıdılıb".
"ŞUŞA ÖZ RUHUNU, ÖZ
QAMƏTİNİ SAXLAYA BİLDİ, ƏYİLMƏDİ,
SINMADI, BİZİ GÖZLƏYİRDİ, BİZ
GƏLMƏLİ İDİK VƏ BİZ GƏLDİK"
Ermənilərin özgə torpaqlarına
göz tikmək, harınlıqla nəyisə əldə etmək
ideyaları alt-üst edildi. Azərbaycanın haqlı
mövqeyi, 44 günlük Vətən müharibəsində
Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi,
uğurlu diplomatiyası və müzəffər ordumuzun
gücü ermənilərin kim olduqlarını sübut etdi.
"Məzlum" erməni Azərbaycan ordusunun
gücünü, xalq-iqtidar birliyini, ölkəmizin iqtisadi
gücünü görmüş oldu. Azərbaycan Prezidenti
İlham Əliyev çıxışlarının birində
qeyd etdiyi kimi "44 günlük Vətən müharibəsi
bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq.
Çünki bu Qələbə tarixdə bənzəri
olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və
biz Qələbə əldə edərək düşməni
öz doğma diyarımızdan qovduq, şəhərlərimizi
azad etdik, doğma Şuşamızı azad etdik. Bu gün
Şuşa artıq dirçəlir və Şuşanın
dirçəlməsi üçün əməli addımlar
atılır". Bildiyimiz kimi,
Şuşanın təməli 1752-ci ildə Pənahəli
xan tərəfindən qoyulmuşdur və gələn il
Şuşanın 270-ci ildönümünü təntənəli
şəkildə qeyd ediləcəkdir. "İşğala
baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi.
Şuşaya gələn hər bir insan bunu
görür", - deyən Prezident bildirib ki, hətta
dağılmış vəziyyətdə, hətta
işğal dövründə vandalizmə məruz
qalmış şəkildə Şuşa öz ruhunu, öz
qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi
gözləyirdi, biz gəlməli idik və biz gəldik:
"Müzəffər xalq kimi gəldik. Danışıqlar
yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək
hansısa güzəşt nəticəsində yox,
döyüş meydanında qan tökərək, şəhidlər
verərək, fədakarlıq göstərərək gəldik,
öz ərazi bütövlüyümüzü bərpa etdik
və milli ləyaqətimizi bərpa etdik".
ŞUŞA DÜNYANIN ƏN GÖZƏL
ŞƏHƏRLƏRİNDƏN BİRİNƏ
ÇEVRİLƏCƏK
Bu gün artıq Azərbaycan
reallıqlarını ortaya qoyub. Öz doğma el-obasında
abadlıq-quruculuq işlərinə başlanılıb.
İşğaldan azad edilən Şuşamızda
böyük işlər həyata keçirilir və bu,
Şuşa şəhərinin baş planı əsasında
reallaşır. Şuşa şəhərinin baş
planı hazırlanarkən onun tarixi əzəmətinin
qorunması əsas götürülüb. Azərbaycanının
Mədəniyyət paytaxtında həyata keçirilən
bütün layihələr tarixlə müasirliyin vəhdəti
üzərində qurulur. Görülən işlər
Şuşanın dünyanın ən gözəl şəhərlərindən
birinə çevriləcəyinə əminlik yaradır. Təqdim olunan baş planda Şuşanın orta,
yüksək və qarışıq sıxlıqlı olan
yaşayış binalarının inşa edilməsi, şəhər
mərkəzinin, yeni tikiləcək və qorunub
saxlanılacaq tarixi binalar və abidələrin yerləri də
öz əksini tapıb. Azərbaycan Prezidenti İlham
Əliyev çıxışlarının birində
vurğuladığı kimi, "Şuşanın baş
planı təsdiq edildi və çox müfəssəl,
gözəl işlənmiş plandır. Birinci
mərhələdə orada 25 yaşayış
binasının inşası nəzərdə tutulur -
üç, dörd və beşmərtəbəli
yaşayış binaları ki, vətəndaşlar artıq
Şuşaya qayıtmağa başlasınlar". Şəhərdə
uzunluğu 36,2 kilometr olan mövcud yollarla yanaşı, həm
də 17,6 kilometr yeni yolun inşası da nəzərdə
tutulur. Həmçinin, şəhərin
baş planında ictimai dayanacaqların da yerləşmə
yerləri müəyyən olunub. Əlbəttə ki, baş
plan hazırlanarkən, şəhərin relyefinə uyğun
olaraq yaşıllıqları və landşaftı qoruyub
saxlamaq, onu inkişaf etdirmək məqsədilə
yaşıl dəhlizlərin inşası da nəzərdə
tutulur. Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni
yaşayış massivi 6 məhəllədən ibarət
olacaq və məhəllələr üzrə əhali
sayı 2020 nəfər nəzərdə tutulur. Beləliklə,
yaşayış massivində 25 binanın olacağı
planlaşdırılır. Azərbaycan Prezidenti İlham
Əliyev tərəfindən artıq 1-ci məhəllənin
təməli qoyulub.
"ERMƏNİLƏR 17 BULAĞIN
17-SİNİ DƏ QURUTMUŞDULAR"
Vurğulamaq yerinə düşər ki, Azərbaycan
Prezidenti İlham Əliyevin müharibədən sonra ilk dəfə
Şuşaya bu il yanvarın 14-də səfər etmişdir və
ilk səfərində göstəriş vermişdir ki, Vaqifin
məqbərəsi bərpa edilsin. Artıq buna nail olunub. Məqbərənin
bərpasını Heydər Əliyev Fondu öz üzərinə
götürmüş və bu yaxınlarda məqbərənin
önündə Vaqif Poeziya Günləri keçirildi. Eyni
zamanda, Şuşada "Xarıbülbül" festivalı
keçirildi. Bəli, Şuşanın bərpası istiqamətində
kifayət qədər işlər görülüb. Cənab
Prezident qeyd edib ki, ilk növbədə, yol çəkildi.
"Zəfər yolu nə vəziyyətdə idi biz onu
yanvarın 14-də gördük. Biz Füzulidən təqribən
iki saat yarıma-üç saata gəldik. Şaxtalı,
qarlı hava idi, yol da yox idi, bir cığır idi,
üstü buz, palçıq. İndi isə artıq asfalt
yol tikilib və bu, elə Zəfər yoludur". Dövlət
başçısı magistral yolun da çəkildiyini
bildirib: "Şuşanın elektrik təsərrüfatı
bərpa edildi, buraya yüksəkgərginlikli xətlər
Füzulidən çəkildi, yarımstansiya tikildi. Yəni,
Şuşanı elektriklə təmin etmək başlıca vəzifələrdən
biri idi. Düşmən Şuşanı tərk
edərkən Şuşanın su xətlərini
partlatmışdı. Şuşaya suyun verilməsini biz bərpa
etdik. İndi iki mənbədən Şuşaya su gəlir".
Şuşada tarixi dini-mədəni abidələrimiz bərpa
və təmir olunur. Şuşada üç məsciddə təmir-bərpa
işləri aparılır. Bu məscidlərin təmirini
Heydər Əliyev Fondu öz üzərinə
götürüb. Cənab Prezidentin qeyd etdiyi kimi, Natəvan
bulağı bərpa edilib və indi su gəlir: "Ermənilər
17 bulağın 17-sini də qurutmuşdular. Əgər bu, erməni
şəhəri idisə, nə üçün siz bu
bulaqları qurudursunuz? Ondan sonra "Xarıbülbül"
oteli istifadəyə verildi, artıq may-iyun aylarında ilk
qonaqlarını qəbul etdi və digər addımlar
atıldı".
Bayramova Zümrüd
Səs.- 2021.- 23 sentyabr.- S.2-3