Zəfərimiz yeni-yeni hədəflərə
yol açır
YAP İdarə Heyətinin
üzvü, Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədr müavini Aynur
Sofiyeva
- Aynur xanım, 27 sentyabr-Anım Günü ərəfəsindəyik.
Azərbaycanın haqqı, ədaləti bərpa etdiyi 44
günlük İkinci Qarabağ savaşının
başlandığı bu tarix 30 illik işğal
dövrünün reallıqlarının aydın mənzərəsini
yaradır. Zəfərimizə gedən yola birlikdə qısa
nəzər salsaq bu uğurlarımız sizdə hansı
hissləri yaradır?
- Azərbaycanın ərazi
bütövlüyü uğrunda canlarından keçən
şəhidlərimizin ruhu qarşısında baş əyir,
qazilərimizə Allahdan şəfa diləyirik. Onların həyat
yolu vətənpərvərlik məktəbidir. Hər bir gənc bu məktəbdən bəhrələnməli,
onların həyat yolunu dərindən öyrənməli, Zəfərimizin
qəhrəmanlarının keçdikləri hünər
yolunun növbəti nəsillərə çatdırılmasına öz
töhfəsini verməlidir. Bu gün ölkə
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin qətiyyəti, Vətən oğullarının qəhrəmanlığı,
şücaəti sayəsində
qürurla qeyd edirik ki, torpaqlarımız artıq tarixi
sahibinə qovuşub.
Tarixə nəzər salaq.
İşğalçı Ermənistanın əsassız
torpaq iddiası nəticəsində yaranan, artıq 44
günlük Vətən müharibəsi nəticəsində tarixə qovuşan Ermənistan -Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi 20 faiz
torpağımızın
işğalına və 30 il düşmən
tapdağı altında qalmasına səbəb oldu. Amma bir
gün də belə Qarabağımızı unutmadıq. Gec-tez haqqın, ədalətin öz yerini
tapacağına, tarixi torpaqlarımızın sahibinə
qovuşacağına əmin idik. Çünki 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdan ulu öndər Heydər Əliyev
düşünülmüş və məqsədyönlü
siyasəti ilə Azərbaycanı müstəqilliyimizin ilk
illərinin xaosundan, anarxiyasından,
özbaşınalıqlarından, hərc-mərcliyindən,
iqtisadi böhranından xilas etməklə yanaşı, yeganə
problemimiz olan torpaqlarımızın işğaldan azad
olunması üçün həm diplomatik müstəvidə,
həm də döyüş meydanında möhkəm baza
yaratdı. Azərbaycan inkişaf, tərəqqi yoluna
çıxaraq bütün sahələrdə
davamlı uğurlara imza atdı. Ölkəmiz həqiqətlərini
dünyaya çatdırdı. Ordumuz Qələbəyə
hazırlandı. Dövlət büdcəsinə
ayrılmalara diqqət yetirdikdə görürük ki, ilk
yerdə müdafiə xərcləri dayanır. Azərbaycanın hərbi büdcəsi
artırıldı, ordumuzun döyüş qabiliyyəti gücləndirildi,
maddi-texniki bazası möhkəmləndi, hər an
torpaqlarını işğaldan azad etməyə qadir ordusu
formalaşdı. Ümummilli lider Heydər Əliyev bildirirdi
ki, biz hərb istəmirik, amma hərbə
hazırıq. Sülh danışıqlarını cəsarətlə
aparmaq üçün güclü, qüdrətli ordunun olması əsasdır.
Azərbaycan ulu öndər Heydər
Əliyevin gələcəyə hesablanmış siyasəti
nəticəsində iqtisadi inkişafı ilə dünyada
möcüzələr ölkəsi kimi tanındı.
İqtisadi tərəqqi bütün sahələrdə
uğurlu addımların atılmasını şərtləndirdi.
Uğurlarımızın davamlılığı fonunda
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə
inam daha da artdı, tezliklə bu ədalətsizliyə son
qoyulacağına əminlik
yarandı.
Son 18 ildə Heydər Əliyev
siyasətini bütün istiqamətlərdə uğurla davam
etdirən, 8 noyabr 2020-ci il tarixində Qarabağın tacı,
Azərbaycanın döyünən ürəyi olan
Şuşamızın işğaldan azad edilməsi müjdəsini
xalqa çatdırarkən ata vəsiyyətini yerinə
yetirdiyi üçün xoşbəxtliyini
böyük qürurla vurğulayan dövlət
başçısı, Müzəffər Ali Baş Komandan cənab
İlham Əliyev bu illərdə ərazi
bütövlüyümüzün bərpasına
hazırlıq gördü. Şuşanın, eyni zamanda, digər işğal altında olan
torpaqlarımızın illərdir gəlişimizi
gözlədiyini və gələcəyimizə əmin
olduğunu hər zaman vurğulayan Ali Baş Komandan bu
inamı əsaslandıran məqamları da açıqlayırdı.
Otuz il zaman
keçdi. Sentyabrın 27-dən etibarən Ermənistan
silahlı qüvvələrinin atəşkəs rejimini
pozması, Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən
mövqelərini iriçaplı silahlardan, artilleriya
qurğularından, minaatanlardan intensiv atəşə tutması
nəticəsində başlanan Vətən müharibəsi
xalqımızın qəhrəmanlıq salnaməsinə
yeni səhifələr yazdı. 44 günün hər
günü Azərbaycanın tarixinə Qələbə
günü kimi yazıldı. Xalqımız hər gün
dövlət başçısı, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevdən Qələbə
xəbərlərini gözlədi. Ölkə
Prezidentinin xalqa hər müraciəti Zəfərimizlə
bağlı sabaha ümidləri daha da artırdı,
küçə və meydanları Azərbaycanla
yanaşı, bizə mənəvi və siyasi dəstək
olan qardaş, dost ölkələr- Türkiyə və
Pakistanın bayraqları bəzədi. Harada
yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı
bu gün də o anların təəssüratlarını
bölüşür, illərdir çəkilən torpaq həsrətinə
44 gündə son qoyulmasının sevincini yaşayır. 44
gündə Füzulinin,
Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Laçının, Qubadlının, Zəngilanın,
Şuşanın, Hadrutun və digər işğal
altında olan rayonlarımızın
ümumilikdə 300-ə
yaxın kəndinin, strateji yüksəkliklərin
işğaldan azad olunması ölkə Prezidenti, Ali Baş
Komandan İlham Əliyevin 17 illik gərgin siyasi-diplomatik səylərinin,
dövlətçilik təcrübəsinin,
torpağına bağlılığının, əsgər
və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi
nəticəsidir. “Dəmir yumruq” Vətən müharibəsinin
devizinə çevrildi. «Biz
tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin
yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir»
söyləyən, bu tarixin müəllifi olan Prezident, Ali
Baş Komandan İlham Əliyevin vurğuladığı
kimi, müzəffər Azərbaycan xalqı, qalib Milli Ordumuz
düşmənə heç vaxt unutmayacağı zərbəni
vurdu və təsdiqlədi ki,
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! 44
günlük İkinci Qarabağ savaşı Azərbaycan
xalqının nə qədər məğrur, yenilməz xalq
olduğunu bir daha dünyaya nümayiş etdirdi. Cənab
İlham Əliyevin daim bəyan etdiyi kimi, Qarabağın
tacı Şuşa 28 il əsarətdə olsa da əyilmədi,
milli qürurumuzu, kimliyimizi qorudu. Biz bu torpaqlara qayıtdıq
və doğma Qarabağımızda əbədi
yaşayacağıq.
- Bu gün dünyanın diqqəti
Şuşamızda, işğaldan azad edilmiş ərazilərimizdə
həyata keçirilən bərpa və quruculuq işlərinə
yönəlib. Bu
torpaqlarımızda dərhal başlanan quruculuq işləri
özündə hansı çağırışları və
mesajları ehtiva edir?
- Dövlət
başçısı, Müzəffər Ali Baş Komandan
İlham Əliyev torpaqlarımızı işğaldan azad edəcəyimizə
tam əmin idi. Ölkə Prezidentinin 44 gündə xarici mətbuata
çoxsaylı müsahibələrinin hər birinə diqqət
yetirsək görərik ki, həmin müsahibələrdə
postmüharibə dövrü üçün
reallaşdırılacaq bərpa və quruculuq işlərindən
bəhs olunur. Azərbaycanın hərbi-siyasi qələbəsinin,
Ermənistanın kapitulyasiyasının təsdiqi olan Azərbaycan
və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin
imzaladıqları 10 noyabr Bəyanatından sonra dövlət
başçısı, Ali Baş Komandan İlham Əliyevin və
birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərimizə
başlanan davamlı səfərlərinin
hər biri bərpa və quruculuq işlərinin miqyası barədə
aydın təsəvvür yaratdı. Cənab İlham
Əliyev və birinci xanım Mehriban Əliyevanın bu
müddətdə təkcə mədəniyyət
paytaxtımız Şuşaya 5 dəfə səfər ediblər.
Tarixi günlərdə reallaşan bu səfərlərin
hər biri Ermənistana və ona havadarlıq edən dövlətlərə,
ümumilikdə dünyaya bir sıra mesajları
ünvanlayıb. 44 günlük İkinci Qarabağ müharibəsindən
ötən 10 ayda Azərbaycanın işğaldan azad
edilmiş əraziləri tikinti, quruculuq meydanına
çevrilib. Füzuli
Beynəlxalq Hava Limanı, uzunluğu 100 kilometrdən çox
olan Zəfər yolu, dünyaya səs salan
“ağıllı şəhər” və “ağıllı kənd”
layihələri çərçivəsində 2022-ci ilin əvvəlində sakinlərini
qarşılayacaq ilk “ağıllı kənd” – Zəngilanın
Ağalı kəndləri, baş planı təqdim edilən
Ağdam və Şuşa şəhərləri bu işlərin
əsas ünvanlarıdır. Bu yenilikləri, quruculuq və bərpa
işlərini xeyli sayda sadalamaq olar. Görülən bu
işlər fonunda dünya erməni faşizmi ilə
sülhsevər Azərbaycan xalqının fərqini
görür. Azərbaycan dövləti həm müharibə
davam etdiyi, həm də Zəfərimizdən sonra işğalçı Ermənistana
sülh razılaşmasını imzalamağı təklif
etməklə humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirir. Ermənistan
yenə də xislətinə uyğun olaraq sülh
razılaşmasını imzalamaqdan yayınır. Amma Azərbaycanın tələbi
də ortadadır-Sülh təklifi masa üzərində
daimi saxlanıla bilməz. Azərbaycan bu gün
işğaldan azad edilmiş topaqlarımızda
gördüyü işlərlə bir daha təsdiqləyir
ki, qurucu, yaradıcı xalqıq.
Ermənilər isə müharibələrin və
barbarlığın sadiq qullarıdır. 44 günlük Vətən
müharibəsində yalnız torpaqlarımızı
işğaldan azad etmədik, eyni zamanda, mədəniyyət beşiyimiz Şuşamıza
qayıtdıq, “Xarıbülbül” musiqi festivalı, Vaqif
Poeziya Günləri - ənənələr bərpa
edildi, Şuşanın Cıdır düzündən
tolerant, multikultural dəyərlərə böyük töhfələr
verən ölkə olduğumuzu bir daha dünyaya
çatdırdıq. “Xarıbülbül” musiqi
festivalının açılış günündə
ölkəmizdə yaşayan xalqların, millətlərin musiqi yaradıcılığı
təqdim edildi. Muğamlarımız yenidən
Qarabağın səmalarında qanadlandı. Müzəffər
Ali Baş Komandan İlham
Əliyev Vaqif Poeziya Günlərinin açılış mərasimində
erməni faşizminin mahiyyətini açıqlamaqla
yanaşı, Şuşanın
Azərbaycan üçün önəmini diqqətə
çatdırdı: “Əfsuslar olsun ki, Şuşa
işğala məruz qalandan sonra
bütün tarixi abidələr, mədəni abidələr,
o cümlədən Vaqifin məqbərəsi vandallar tərəfindən
dağıdılmışdı. Şuşanın
işğalı xalqımızın böyük faciəsi
idi. Çünki Şuşa Azərbaycan mədəniyyətinin
ocağıdır. Şuşanın Azərbaycan tarixində
çox böyük rəmzi mənası var. Şuşa
Qarabağın tacıdır”. Bu tədbirlər ölkə
Prezidenti İlham Əliyevin təşəbbüsü, Heydər
Əliyev Fondunun təşkilatçılığı ilə
keçirildi. Bunlar Heydər Əliyev Fondunun işğaldan
azad edilmiş ərazilərimizdə icrasına
başladığı layihələrin tərkib hissələridir.
Qarabağın tacı Milli
Qurtuluş Günündə Azərbaycan və Türkiyə
birliyinin, həmrəyliyinin zirvəsi olan Müttəfiqlik Bəyannaməsinin
imzalanmasına şahidlik etdi. Şuşa Bəyannaməsi
dünyaya bir sıra mesajlarını çatdırdı. Azərbaycan
dost, qardaş ölkənin Prezidentini Şuşada
qarşıladı. 28 il Şuşanı erməniləşdirməyə çalışanlar
atılan bu addımların fonunda bir daha bu
reallığın şahidi oldular ki, tarixi inkar etmək
qeyri-mümkündür, eyni zamanda, torpağın sahibi qurub
yaradan, hər daşının, qayasının qoruyucusu olur.
Ən əsası qonaqlarını böyük ruh yüksəkliyi,
qürurla qarşılayır, uca səslə “Xoş gəldiniz!”
deyir.
Füzuli Beynəlxalq Hava Limanına
“Qarabağ” təyyarəsinin ilk eniş etməsi də tarixi
Zəfərimizi bir daha
dünyaya nümayiş etdirdi. Avqustun 29-da
ölkə Prezidenti, Ali Baş
Komandan İlham Əliyev
işğaldan azad olunmuş ərazilərə növbəti
səfəri zamanı Füzuli Beynəlxalq Hava Limanından bəhs
edərkən söylədiyi “Mən demişdim ki, bu il
Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək.
Bəlkə də dünyada bu sürətli templərlə
heç bir hava limanı tikilməmişdir. Artıq
uçuş-enmə zolağı da hazırdır. Burada son
tamamlama işləri aparılır. Bir daha qeyd etmək istəyirəm,
bu il mən hava limanının təməlini qoydum, indi isə
gəlirik inşaat işləri ilə tanış olmağa.
Bu aeroport Qarabağın hava qapısıdır” fikirləri bir neçə gündən sonra,
sentyabrın 5-də reallığa çevrildi. Rəmzi məna
daşıyan “Qarabağ”
adlı təyyarə
“Qarabağın hava qapısı”na - Füzuli Beynəlxalq
Hava Limanına eniş etdi. Bu mühüm hadisə tarixə Zəfərimizin
davamı kimi yazıldı. Hələ belə Zəfərlərimiz
çox olacaq. Böyük Qayıdışa açılan
bu yollar tezliklə soydaşlarımızı doğma
yurd-yuvalarına qovuşduracaq. Sentyabrın sonunda Zəfər
yolu kimi dəyərləndirilən Füzuli-Şuşa
yolunun tikintisi başa çatdırılır.
Göründüyü kimi, Qarabağın bütün
qapıları üzümüzə
açıqdır.
- Aynur xanım, dövlət
başçısı İlham Əliyevin bütün müsahibələrində,
müraciətlərində,
çağırışlarında bu məqam öz əksini
tapır ki, Zəfərimizi şərtləndirən əsas
amillərdən biri torpaq, Vətən sevgisi, gənclərimizdə
vətənpərvərlik hissinin böyüklüyüdür…
- Möhtərəm Prezidentimiz İlham
Əliyevin qeyd etdiyi kimi, indi Cıdır düzü də,
Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri əllərində silah, bayraq,
ürəklərində Vətən sevgisi ilə
qayıdıblar. Vətən sevgisi bizi Qələbəyə
gətirdi. Vətən sevgisi, vətənpərvərlik qələbəmizin
əsas amilinə çevrildi. Dövlət
başçısı İlham Əliyev daim bu məqamı
da xüsusi qeyd edir ki, son illərdə
Azərbaycanda vətənpərvər, güclü, milli ruhda
tərbiyə almış gənc nəslin yetişməsindən
çox şadam. On səkkiz ildir Azərbaycana rəhbərlik etdiyini önə
çəkən dövlət başçısı
bildirmişdir ki, bu illər ərzində yetişən
insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən
olan vətəndaşlarımızın bu Qələbədə
böyük zəhməti var, payı var. Ancaq əsas yükü, vəzifəni
gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10
yaşı, 15 yaşı olanların bu gün 27-32
yaşları var. Onların məhz vətənpərvərlik
ruhunda tərbiyə alması, düşmənə nifrət
hissi bizi Qələbəyə apardı və Azərbaycan
tarixi ədaləti bərpa etdi.
Təbii ki, Qələbəmizin
rəmzinin yumruq seçilməsi
də təsadüfi deyil. Bu
yumruq, həm güc, həm də
birliyimiz, həmrəyliyimizdir.
Azərbaycan xalqı Vətən müharibəsində öz birliyini, həmrəyliyini nümayiş etdirdi. Müasir müstəqil
Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər
Əliyevin «Hamımızın bir vətəni var-Azərbaycan»
çağırışı harada yaşamasından
asılı olmayaraq bütün soydaşlarımızı
bir araya gətirdi, ərazi bütövlüyümüzün
təmin olunması istiqamətində hər
kəsi üzərinə düşdüyü vəzifəni
yerinə yetirməyə çağırdı. Heydər
Əliyev siyasətini bütün istiqamətlərdə
uğurla davam etdirən Prezident İlham Əliyevin gənclərə
diqqət və qayğısı hər addımda
özünü qabarıq şəkildə büruzə
verir. Cənab Prezident daim onlara bu
çağırışı edir ki, dövlət
maraqları hər şeydən
üstün tutulmalıdır. Bu fikir istər
Vətən müharibəsi, istərsə də
postmünaqişə dövründə fəxrlə qeyd
edilir ki, Qarabağ torpaqlarını, Şuşanı azad edən
gənclər ulu öndər Heydər Əliyev məktəbinin,
Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir.
Ümummilli Lider Azərbaycan gəncliyini daim sağlam
ruhda, vətənpərvər görmək istəyib. Dahi rəhbər
bu istəyini belə ifadə edirdi ki, Azərbaycanın gələcəyi
indiki gənclərə nəyi və necə öyrətməyimizdən
asılıdır. Məhz möhkəm təməl üzərində
formalaşan, Heydər Əliyev məktəbindən bəhrələnən
o dövrün gəncləri bu gün yeni nəslin
düzgün yetişməsində öz təcrübələrini
paylaşırlar. Dövlət
başçısı İlham Əliyev yaşlı nəslin
təcrübəsi ilə gənclərin dinamizmi arasında vəhdətin
yaradılmasını günümüzün əsas tələbi
kimi qarşıya qoyub. Ölkənin ictimai-siyasi həyatında
aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının
dövrün yeni reallıqlarına uyğun olaraq bu ilin
mart ayının 5-də keçirilən VII qurultayında da
bu məsələlər diqqət mərkəzində oldu.
Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının
yaradılmasında da bu kimi məqsədlər
özünün aydın ifadəsini tapıb.
- Dövlət
başçısı İlham Əliyev sentyabrın 7-də Fərid Qayıbovu gənclər və
idman naziri təyin olunması ilə əlaqədar videoformatda
qəbul edərkən bu vəzifəni qarşıya qoydu
ki, bütövlükdə gənclərimizin
tərbiyə edilməsi prosesi diqqət mərkəzində
olmalıdır. Azərbaycan dəyərləri, milli dəyərlərimiz
bizim üçün əsas prinsipdir və gənc nəsil də
bu ruhda, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə
almalıdır…
- Milli-mənəvi dəyərləri qorumaq hər
bir vətəndaşın borcudur. Bu dəyərlər milli kimliyimizin ifadəsidir. Dövlət
başçısı İlham Əliyevin gənclərin
milli ruhda tərbiyə olunmasına
çağırışları və bu istiqamətdə
atdığı addımlar hazırkı dövrün
reallıqları ilə şərtlənir. Belə ki, qloballaşma
dövründə elmi-texniki tərəqqinin sürətli
inkişafı mütərəqqi dəyişikliklərə
yol açır. Lakin təəssüf hissi ilə qeyd etmək
lazımdır ki, bu proseslərin mədəni irsə
təsiri, gənclərin yad ünsürlərin təsiri
altına düşmələri də baş verir. Bu isə
öz növbəsində milli-mənəvi dəyərlərin assimilyasiyaya uğramasına səbəb
olur. Belə halların qarşısı
alınmalıdır. Gələcək uğurlarımıza yeganə təminat
sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq,
köklü mənəvi dəyərləri yeni nəslə
daha dərindən aşılamaqdır. Bütün
bunlar göstərir ki, ulu öndər Heydər Əliyevin
ideyalarını bütün sahələrdə gerçəkləşdirən
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə
xalqın milli-mənəvi, mədəni və elmi intellektual
potensialının gücləndirilməsi ön plandadır.
Gənclərimizin milli-mənəvi ruhda tərbiyəsində
ailələr mühüm rol oynayır. Ailə dəyərlərini
qorumaqla gənclərimizi düzgün istiqamətləndirə
bilərik. Azərbaycan xalqına xas olan təkmil
ailə modelini qorumaq ümumi işimizdir. Milli-mənəvi
dəyərlərimizə, ənənələrimizə mənfi təsir göstərən
hadisələrə qarşı barışmaz olmalı,
onların ictimailəşdirilərək mənfi halların
miqyasının genişlənməsinə yol verməməliyik. Ailə sağlam cəmiyyətin
və güclü dövlətin təməlidir. Ailə ənənələrin, keçmişlə
müasirliyin vəhdətinin qoruyucusu və
ötürücüsüdür. Hər
bir fərd ailədə böyüyür, cəmiyyətə,
dövlətə layiq vətəndaş kimi yetişir. Dövrün, zamanın tələblərinə
uyğun yeniləşmə, təkmilləşmə
qaçılmaz prosesdir. Bu proses bütün dünya
dövlətlərində yaşanır. Təbii ki, bu təkmilləşmələr
dəyərlərin aşınmasına deyil, inkişafa yol
açmalıdır. Azərbaycanın
uğurlarını həzm edə bilməyən qüvvələr
öz çirkin məqsədlərini həyata
keçirmək üçün gənclərdən bir vasitə
kimi istifadə etməyə çalışırlar. Gənclərimizi
bu təsirlərdən qorumaq əsas
tələblərdəndir.
Ümumiyyətlə, ailə dəyərlərinin
qorunmasında cəmiyyətin və dövlətin
bütün institutları fəal olmalıdır. Cəmiyyətin
hər bir üzvü əməli
ilə ailələri narahat edən problemlərin həlli
istiqamətində dövlətə yaxından köməklik
etməlidir. Kiçik dövlət kimi dəyərləndirilən
ailələrin möhkəm və sağlam olması, aztəminatlı
ailələrin sosial problemlərinin həlli daim dövlətin
diqqətindədir. Dövlət hər bir vətəndaşının
yanında olmaqla onun yüksək rifah şəraitində
yaşamasını təmin edir. İnsan amili Azərbaycan
dövlət siyasətinin əsasını təşkil edir.
Bu, dövlətin vətəndaşına olan diqqətinin
bariz nümunəsidir.
Səs.-
2021.- 23 sentyabr.- S.5-6.