27 Sentyabr - ZƏFƏRƏ aparan yol

 

 

 

Prezident İlham Əliyev: "Biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq!"

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən, zəfər yürüşünə başlaması tariximizə yazılan səhifədir. Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edərək, bu gün səhər Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutduğunu bildirmişdir: "Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır". Bu, belə də oldu. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. Əlbəttə ki, bu 44 gün qısa bir zaman olsa da, Azərbaycanın şanlı tarixini yazdı. XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı. 44 günlük müharibə zamanında Azərbaycan uğurlu əməliyyat keçirərək 30 ilə yaxın zamanda işğal altında qalmış torpaqlarını erməni təcavüzkarlarından azad etdi. 44 günün hər bir dəqiqəsini, saatını Qələbə sorağı ilə böyük həyəcan, səbirsizliklə gözləyirdik. 44 gündə hər dəfə yeni xəbərlər eşidir və ordumuzun düşmənə endirdiyi zərbələr qısa bir tarixdə bizə qələbə sevincini qazandırdı.

 

"AZƏRBAYCANLA HƏDƏ-QORXU DİLİ İLƏ DANIŞAN BUNDAN PEŞMAN OLACAQDIR"

 

"Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdır", - deyə Azərbaycan Prezidenti bildirmişdir. Ötən ilin iyulun 12-si günorta saatlarından başlayaraq, Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərimizi artilleriya qurğularından atəşə tutması növbəti təxribat idi. Bu, Ermənistan tərəfinin Azərbaycana qarşı artilleriya hücumunun əvvəlcədən planlaşdırılmasını bir daha göstərmiş oldu. Düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu şəhid oldu və Ermənistanın artilleriya atəşləri nəticəsində Ağdam kəndinin 76 yaşlı sakini həlak oldu. Həmin günlərdə Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Əlibəyli və Hacallı kəndlərini ağır artilleriya silahlarından atəşə tutmağa başlayıblar. "İyul ayında Azərbaycan düşmənə layiqli cavabını verdi, öz ərazi bütövlüyünü qorudu və bir daha göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaqdır", - deyən Azərbaycan Prezidenti qeyd edib ki, əfsuslar ki, bu, onlar üçün dərs olmadı: "Halbuki mən iyul təxribatından sonra demişdim ki, Ermənistanın bu acı məğlubiyyəti onlar üçün dərs olmalıdır. Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı".

 

"BÜTÜN BEYNƏLXALQ TƏŞKİLATLAR AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ TANIYIR"

 

Xatırlatmaq yerinə düşərdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dövlət başçımız yorulmadan səylər göstərmiş, danışıqlar aparmışdır. Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olması istiqamətində, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində ardıcıl addımlar atmışdı. Münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanırdı. BMT Təhlükəsizlik Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilmədi. "Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır", - deyən Azərbaycan Prezidenti bildirib ki, beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir: "BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır".

 

"BİZİM MÖVQEYİMİZ BEYNƏLXALQ HÜQUQA VƏ ƏDALƏTƏ ƏSASLANIR"

 

Dövlət başçısı onu da bildirib ki, BMT-dən başqa bütün digər aparıcı beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi müdafiə edir: "Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azərbaycan bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli qətnamə qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul etmişdir. ATƏT-in qərarları, Avropa Parlamentinin qətnamələri bizim mövqeyimizi dəstəkləyir. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq". Bütün dünya gördü ki, Azərbaycan ordusu öz torpaqlarında ədalətli müharibə aparır. 44 günün hər günü dünyanın diqqəti ölkəmizdə oldu. "Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?!", - deyən Prezident "Dağlıq Qarabağ ordusu"nun tərkibində olan şəxsi heyətinin 90 faizinin Ermənistan vətəndaşlarından ibarət olduğunu bildirmişdi: "Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır". Bu fikirləri bütün dünya eşitdi və haqq Azərbaycanın yanında oldu: "Qarabağ Azərbaycandır və nida işarəsi".

 

Əlbəttə ki, Azərbaycan heç bir təxribata yox, öz torpaqlarını işğaldan azad olunması istiqamətində ayağa qalxdı. Ermənistan öz işğalçı siyasətini davam etdirsə də, Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. Əlbəttə ki, ölkənin hərbi qüdrəti və üstünlüyü 2016-cı ilin aprel döyüşlərində nümayiş etdirildi. Həmin döyüşlərdə ən müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələrinin gücü öz sözünü demiş oldu. Azərbaycan Ordusunun Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərinə sancdığı Azərbaycan bayrağı ordumuzun hansı gücə sahib olduğunu bir daha göstərdi.Əlbəttə ki, Tovuz döyüşləri böyük qələbənin başlanğıcı oldu. Yaşından, tutduğu vəzifəsindən asılı olmayaraq, hər bir azərbaycanlı Vətən keşiyində dayanan, düşmənlə vuruşan əsgərə mənəvi, fiziki cəhətdən dayaq, arxa, ona silahdaş oldu. Yaranan hər bir çətin şəraiti gözə alaraq, vətənimiz Azərbaycanın ərazi bütövlüyünü canları və qanları bahasına olsa da belə qorumağa hazır olduqlarını göstərdilər.

 

"ERMƏNİSTAN İSƏ MƏĞLUB EDİLMİŞ ÖLKƏDİR, BİZİM QARŞIMIZDA DİZ ÇÖKMÜŞ ÖLKƏDİR, BAŞINI, BOYNUNU BÜKMÜŞ ÖLKƏDİR VƏ HƏMİŞƏ BELƏ OLACAQ"

 

Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan qalib ölkədir. "Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq", - deyə Prezident bildirib. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. "Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq!, - deyən Prezident İlham Əliyev onu da bildirib ki, "Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!". Bəli, bu gün Azərbaycanın güclü ordusu, yenilməz ordusu var. O ordu ki, döyüş meydanınıda öz gücünü göstərə bildi. "Bu 17 il ərzində mənim işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz edək", - deyən dövlət başçısı bunun asan məsələ olmadığını qeyd edib.

 

44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu müharibədə sözünü dedi. Xalq-iqtidar birliyi qələbəmizi şərtləndirən ən əsas amillərdən biri oldu. Qarabağ Azərbaycandır!!!

 

Nəzakət ƏLƏDDİNQIZ

 

 Səs.- 2021.- 24 sentyabr.- S.8-9