Laşa Breqvadze: Azərbaycan öz gücünü 44 günlük
müharibə zamanı
praktikada göstərdi
Analitik:
“Azərbaycan tərəfinin qələbəsi ölkənin
məsələyə düzgün
yanaşdığını, bu məsələdə irəliləyişdən
geri qalmadığını göstərir”
Gürcüstan Strateji Araşdırmalar
Mərkəzinin (GSAC) təhlükəsizlik
üzrə baş elmi işçisi Laşa Breqvadze “Caliber” analitik mərkəzinə müsahibəsində
müharibədən sonrakı
Azərbaycan-Ermənistan münasibətləri
və regionda yaranmış vəziyyətlə
bağlı maraqlı
məqamlara toxunub.
-Sizcə, Azərbaycanın
qələbəsi ilə
başa çatan 44 günlük müharibə
Ermənistan-Azərbaycan münaqişəsinə
son qoydumu?
-Düşünürəm
ki, 44 günlük müharibə bir müddət Ermənistan-Azərbaycan
münaqişəsinə son
qoydu. Rusiya Sülhməramlı kontingenti
Azərbaycan ordusunun daha da irəliləməsinə
imkan verməyəcək.
Erməni tərəfi
isə hələ də həm avadanlıqlarda, həm də şəxsi heyətdəki itkiləri
bərpa etməlidir.
- Keçən ilin sentyabrında Qarabağda hərbi əməliyyatların şiddətlənməsi
başlayanda, bunun genişmiqyaslı bir müharibəyə çevriləcəyini
və nəticədə
Azərbaycanın öz
ərazilərini qaytaracağını
gözləyirdinizmi?
- Bundan əvvəl tərəflər
arasında baş verən yerli atışmaların daha şiddətli hərbi əməliyyatlara çevriləcəyi
çılpaq gözlə
aydın idi. Çünki Azərbaycan
uzun müddətdir silah alışı və qoşunların təliminə böyük
məbləğdə pul
xərcləmişdi. Və Azərbaycan tərəfinin qələbəsi
ölkənin məsələyə
düzgün yanaşdığını,
bu məsələdə
irəliləyişdən geri
qalmadığını göstərir.
Bu, müharibənin
44 günü ərzində
praktikada göstərildi.
- 44 günlük müharibədən sonra Cənubi Qafqazdakı qüvvələrin geosiyasi
uyğunlaşmasını necə görürsünüz?
- Əlbəttə, keçənilki müharibədən
sonra Cənubi Qafqazda vəziyyət dəyişdi, amma o qədər də dramatik deyil. Bölgədə yeni əhəmiyyətli oyunçu-
Türkiyə meydana çıxdı, amma qalan hər şey dəyişməz olaraq qalır. Əlavə olaraq, daha ağır çəkili bir oyunçunun da olduğunu unutmamalıyıq
- bölgədəki mövqeyini
qorumağı bacaran Rusiya. Həm Türkiyə, həm
də Rusiya bölgəyə hakim olmağa çalışacaq,
amma nəticədə
liderliyi kim qazanacaq, bunu zaman göstərəcək.
Çox şey bu iki gücün
bir-biri ilə nə dərəcədə
barışa biləcəyindən
asılı olacaq, onlar necə barışmağı bilirlər,
bunu bir neçə dəfə çox göstərmişlər.
İran faktorunu
da xatırlamaq lazımdır. İran həm Azərbaycan, həm də Ermənistan üçün
çox vacib rol oynaya bilər.
Gürcüstanla əlaqədar olaraq
isə deyə bilərəm ki, Türkiyənin strateji tərəfdaşı olmasına
və Azərbaycanla Ermənistanın yaxın
qonşusu olmasına baxmayaraq, Tbilisinin öz mövqeyini nə qədər dəyişəcəyi hələ
ki, məlum deyil. Ancaq düşünürəm ki,
hər halda dəyişikliklər gələcək
və zaman keçdikcə daha da aydın görünəcək.
Qərb, çoxbilmiş
bir qoca kimi, prosesi seyr
edərkən vəziyyəti
qiymətləndirir və
hələlik, müdaxilə
etmir, amma bu, həmişə belə davranacağı mənasına gəlmir. Başqa sözlə, indiki zamanda hər şey çox qeyri-müəyyən
və dumanlı görünür, necə
deyərlər, gözləmək
və görmək lazımdır. Geosiyasi vəziyyəti qiymətləndirmək
üçün hələ
də gözləmək
lazımdır. Hər
şey ilk baxışdan göründüyü
qədər aydın deyil.
- Azərbaycan ictimaiyyətini maraqlandıran
digər məsələ
Rusiya sülhməramlıları
mövzusudur. Sizcə,
beş illik müddət bitdikdən sonra Qarabağda qalacaqlarmı?
- Fikrimcə, sülhməramlılar 2025-ci ildə
ilk 5 illik müddəti bitdikdən sonra da qalacaqlar.
Rusiya bunun üçün çalışacaq.
Başqa sözlə,
Moskva bütün mümkün vasitələrlə
bölgədə qalmağa
çalışacaq, çünki
Kremlin, xüsusən də Rusiyanın imperialist siyasətinin bölgədəki təsirini
azaltması və hətta daha da çox itirməsi
qəbuledilməzdir. Burada
onun rəqibi Türkiyə də var. Rusiya Türkiyənin
Cənubi Qafqazda olduğundan daha güclü mövqe tutmasına icazə verməyəcək.
- Hadisələrin sonrakı inkişafını
necə görürsünüz?
- Hadisələrin daha da inkişafı
ilə bağlı deyə bilərik ki, İranla Azərbaycan arasında vəziyyətin gərginləşməsi
olduqca mümkündür
və bu vəziyyət Rusiya tərəfi üçün
qənaətbəxşdir. Daha çox deyə bilərəm ki, Moskva buna
qeyri-rəsmi şəkildə
kömək edə bilər ki, sonradan vəziyyətə
üçüncü tərəf
kimi "müdaxilə
etsin" və problemi "böyük qardaş" rolunda həll etsin. Beləliklə, beynəlxalq
aləmin gözü qarşısında Azərbaycanın
qalib ölkə kimi nüfuzunu düzəltməyə və
Bakıya İrəvanla
bərabər səviyyədə
yanaşmağa çalışacaqlar,
eyni zamanda, Azərbaycan da Rusiyaya borclu qalacaq.
Tərcümə: Elçin Bayramlı
Səs.- 2021.- 24 sentyabr.- S.15.