Vətən uğrunda can fəda edənlər xalqın qəlbində əbədi yaşayırlar

 

 

Bu gün Azərbaycanın bütün dünyaya səs salan tarixi Zəfərinin başlanğıc günüdür. Düz bir il əvvəl, 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı başlanan növbəti hərbi təcavüzünə Azərbaycan birdəfəlik və qəti cavab verdi, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə ötən ilin sentyabrından yeni və tariximizdə əbədi qalacaq bir mərhələ başlandı. Bu mərhələdə Azərbaycan xalqı, onun rəşadətli ordusu Lideri, Müzəffər Ali Baş Komandanı İlham Əliyev ətrafında sıx birləşərək, düşməni tarixi boyu unutmayacaq bir dərs verdi, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

 

44 gün davam edən müharibədə canını Vətənə fəda edən qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı, canı bahasına illərdir düşmən tapdağı olan torpaqlarımz nəhayət, azad edildi. Azərbaycanın qəhrəman oğul və qızları bir an fikirlışmədən belə həyatlarını, sağlamlıqlarını bu möhtəşəm Zəfərin əldə edilməsi üçün fəda etdilər. Onların şücaəti, göstərdikləri rəşadət daim Azərbaycan xalqının yaddaşında əbədi var olacaq, xatirələri ehtiramla anılacaq. Bu mənada təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Bu, şəhidlərimizin ruhuna yüksək hörmət olmaqla yanaşı, həm də onların xalqın qəlbində əbədi yaşamalarının təzahürüdür. İndiki və gələcək nəsillər bundan sonra yüzilliklər, minilliklər boyu bu Qələbəni xalqımız bəxş edənlərin, qazanılan Zəfərin əzəmətini daim xüsusi qürur və fəxarətlə anacaqlar.

 

Məhz bu Qələbə sayəsində ölkəmiz təkcə ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi kimi ağır bir mirasın gələcək nəsillərə ötürülməsinin qarşısı alındı. Azərbaycan son 200 ildə torpaq itirən dövlətdən, itirdiyi əraziləri geri alan ölkəyə çevrildi. Həm də bunu olduqca mürəkkəb geosiyasi vəziyyətdə, dünyada ikili standartların hökm sürdüyü, düşmən səmtində yer alanların çox olduğu bir şəraitdə bacardı. Bütün bunlar tarixi Qələbənin nə dərəcədə möhtəşəm olduğunu bir daha göz önündə canlandırır, hər bir soydaşımızın “Mən azərbaycanlıyam” sözlərini daha böyük fəxrlə səsləndirməsinə səbəb olur.

 

Barəsində hələ çox danışılacaq Zəfərimizin qayəsində, kökündə duran başlıca səbəb, həlledici amil xalqımızın vahid amal uğrunda dəmir yumruq kimi birləşməsi, öz Liderinə sonsuz güvəni, onun qərarlarını bir an belə tərəddüd etmədən dəstəkləməsidir. Bu mənada Azərbaycan xalqına sonsuz sevinc bəxş edən Qələbəmizin əsas memarı heç şübhəsiz ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Beynəlxalq münasibətləri nəzəri və emprik səviyyədə dərindən bilən Prezident İlham Əliyev ölkəmizin müstəqil dövlət kimi mövcudluğu, sabit, davamlı və inamlı inkişafının təmin edilməsi istiqamətində mühüm addımlar ataraq, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını uğurla reallaşdırararaq tarixin ən güclü Azərbaycanını yaratdı. Dövlət başçısı tərəfindən Ulu öndərin müəllifi olduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi Azərbaycanı dünyanın ən dinamik inkişaf edən ölkələri sırasına daxil etdi, onu bugünkü yüksəliş və tərəqqi zirvəsinə çatdırdı. Beləliklə, Azərbaycan dünyanın əmin güclü ölkələrindən biri kimi ərazi bütövlüyünün bərpası istiqamətində müqəddəs savaşa qatıldı.

 

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu savaşın gedişində çoxsaylı uğurlu hərbi əməliyyatları ilə bütün dünyaya səs saldı, yeni əsrin yeni müharibə modelini yaratdı. Buna paralel olaraq Azərbaycan Prezidenti diplomatik, siyasi və informasiya cəbhəsində nə qədər mahir strateq, yenilməz sərkərdə olduğunu da konkret fəaliyyəti ilə isbata yetirdi. Azərbaycan dövlət başçısının müdrikliyi, təmkini, nəyi, necə, nə vaxt etmək lazım olduğunu dəqiq bilməsi, böyük uğurla xalq-Prezident-ordu vəhdətini formalaşdırması, Silahlı Qüvvələrimizdə böyük ruh yüksəkliyi yaratması böyük Qələbənin qazanılmasında müstəsna rol oynadı.

 

Daha bir mühüm fakt odur ki, Prezident İlham Əliyev məqsədyönlü siyasəti ilə ötən dövr ərzində xalqın milli, mənəvi birliyini daha da gücləndirdi, cəmiyyətdə dəyərlər sisteminin milli maraqlar üzərində formalaşmasına daha dinamik təsir göstərdi. Bu səbəbdən təsadüfi deyil ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövr ərzində olduqca vətənpərvər gənc nəsil yetişdi, məhz onlar Müzəffər Ali Baş Komandanın əmrinə müntəzir müsəlləh əsgərlər olaraq Vətən torpağını düşmən tapdağından azad etdilər. Xalqımız haqlı olaraq bu gəncləri ilə fəxr edib, edir və edəcək. Prezident İlham Əliyev cari ilin yanvarın 14-də Şuşada olarkən Azərbaycan gəncləri ilə bağlı qeyd edib: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.

 

Qeyd edilənlər bir daha olduqca aydın şəkildə nümayiş etdirir ki, Prezident İlham Əliyevin fəaliyyəti boyu gənclərə daim diqqət və qayğı göstərməsi mühüm əhəmiyyət daşıyıb, konkret nəticələrə, daha güclü Azərbaycan qurmağa hesablanıb. Dövlət başçısının xüsusi diqqəti Azərbaycan gəncliyinin cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış etməsini, sabitliyin, təhlükəsizliyin təmin olunmasında, möhkəmlənməsində xüsusi rol oynamasını şərtləndirib. Bu siyasətin ən yüksək nəticəsi isə özünü Vətən müharibəsində, tarixi Qələbənin qazanılmasında bariz şəkildə göstərdi.

 

Hələ ötən ilin iyul ayında Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar fonunda on minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbələrində qeydiyyatdan keçmişdi. Vətən müharibəsinin ilk günlərində həmin gənclərin böyük əksəriyyəti artıq əldə silah düşmənə qarşı döyüşürdü. Həmin vaxt Ermənistan ordusunda fərarilik görünməmiş bir həddə çatdığı halda Azərbaycan gəncləri israrla yerli səfərbərlik idarələrindən dərhal ordu sıralarına, döyüş bölgəsinə aparılmalarını tələb edirdilər. Bu gənclərın sırasında yer aldığı rəşadətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-dən noyabrın 10-dək Ermənistanın işğalı altında olan 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.

 

Dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar gənc nəsil canı-qanı bahasına üçrəngli Azərbaycan bayrağını azad etdiyi ərazilərdə əbədiyyən ucaltdı. Onların timsalında bütün dünya Azərbaycan gəncinin qəhrəmanlığından, nəyə qadir olmasından xəbər tutdu, ermənilərin bu vətənpərvər igidlərin qarşısında tab gətirə bilmədiyini gördü. Öz cəsurluğu seçilən, rəşadət dolu döyüş yolu keçən gənclər dillərə dastan olacaq qəhrəmanlıq yolu keçdilər. Təsadüfi deyil ki, müharibə zamanı Vətən uğrunda canından keçərək şəhidlik mərtəbəsinə ucalanların böyük əksəriyyəti gənclər oldu. Anım günü də elə şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir

 

Amma Azərbaycan gənci, onun ordusu, yenilməz sərkərdəsi 2020-ci il 10 noyabr tarixində düşməni tam diz çökdürdü, onu hərbi kapitulyasiyasını qəbul etməyə vadar etdi. Bununla işğal altında qalan digər ərazilər də azad olunaraq əsl sahibinə qaytarıldı. Vətən müharibəsində şücaət göstərmiş Azərbaycan gənclərinin qəhrəmanlığı xalqımız, o cümlədən Müzəffər Ali Baş Komandan tərəfindən layiqincə qiymətləndirildi. On minlərlə gəncin savaşda göstərdikləri xidmətlərə görə müxtəlif orden və medallarla təltif edilməsi, onların xüsusi diqqət və qayğı ilə əhatə olunması da bunun təsdiqidir.

 

Amma Azərbaycan gənci təkcə əldə siahla düşmənə qarşı mübarizə aparmırdı. Onlar Ermənistana, onun dünyanın müxtəlif ölkələrinə səpələnmiş diasporuna, lobbisinə qarşı informasiya savaşında, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında da önəmli missiya yerinə yetirdilər, bunun üçün müasir texnologiyaların və digər vasitələrin yaratdığı imkanlardan məharətlə faydalanmaq bacarığını nümayiş etdirdilər. Özü də bu istiqamətdə aparılan savaş cəbhədə gedən müharibədən az əhəmiyyət kəsb etmirdi. Savaş müddəti boyu faşist Ermənistanı həm öz cəmiyyətinə, həm də dünya ictimaiyyətinə feyk məlumatlar verərərək həqiqətləri təhrif etməyə çalışırdı. Amma bu yalanlar gənclərimizin də fəal iştirakı ilə Azərbaycan tərəfindən vaxtında ifşa edilirdi və elə bu səbəbdən terrorçu ölkə informasiya savaşında da Azərbaycana məğlub oldu.

 

Şübhəsiz ki, informasiya savaşında Ermənistana, onun diaspor və lobbisinə ən böyük zərbəni dərin analitik təfəkkürə, xarici dillərdə sərbəst nitq mədəniyyətinə, böyük natiqlik istedadına malik olan Prezident İlham Əliyev vurdu. Onun istər Vətən müharibəsi dövründə, istərsə də tarixi Zəfərdən sonra xalqımıza etdiyi çoxsaylı müraciətlər, həmçinin beynəlxalq auditoriyaya təsir imkanı baxımından seçilən dünyanın müxtəlif ölkələrinin otuza yaxın aparıcı media orqanına Azərbaycan, türk, rus və ingilis dillərində verdiyi müsahibələr bu məsələdə həlledici rol oynadı. Məhz Prezident İlham Əliyev Azərbaycana qarşı informasiya blokadasını uğurla yardı, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici media orqanına müsahibələrində dünyanı əsl həqiqətlərdən xəbərdar etdi. Beləliklə, hərbi əməliyyatlarla yanaşı, siyasi-ideoloji informasiya müharibəsinə də rəhbərlik edən Prezident İlham Əliyevin bu müstəvidə yanında yer alanlar sırasında gənclər də xüsusi ilə seçilirdi. Yüksək hazırlıq səviyyəsi, intellektual qabiliyyətləri ilə seçilən bu gənclər erməni yalanlarının ifşası, düşmənin mülki əhaliyə qarşı törətdiyi qətliam, yol verdiyi digər müharibə cinayətləri haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına müstəsna töhfələr verdilər. Sosial şəbəkələrdə, yerli və xarici media orqanlarında erməni yalanları həmin gənclər tərəfindən biri-birinin ardınca ifşa edilir, bunlara paralel olaraq müxtəlif aksiyalar vasitəsilə əsl həqiqətlər, reallıqlar beynəlxalq ictimayyətin diqqət mərkəzinə çatdırılırdı. Məhz onların da sayəsində Ermənistan, erməni diasporu və lobbisi informasiya savaşında Azərbaycana yenildi, bununla gənclərimiz informasiya müharibəsində fəal iştirak edərək böyük Qələbəyə öz töhfələrini verdilər. Elə bu səbəbdən tam qətiyyətlə demək olar ki, qazanılan Qələbə həm də Azərbaycan gəncliyinin qüdrəti kimi əbədiləşdi.

 

Düşməni diz çökdürən, torpaqlarını işğalçılardan təmizləyən, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin həyata keçirilməsini özü təmin edən, regionu və dünyanı erməni faşizmindən xilas edən Azərbaycan qarşısında artıq yeni mühüm vəzifələr durur. Bu, azad edilmiş ərazilərin etibarlı müdafiəsinin təşkili, o yerlərdə abadlıq-quruculuq işlərinin həyata keçirilməsi, müasir infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin Böyük Qayıdışı üçün digər müvafiq işlərin görülməsidir. Postmüharibə dövründə bu istiqamətdə Azərbaycan dövləti tərəfindən artıq genişmiqyaslı işlər görülüb və görülməkdədir. Prezident İlham Əliyevin bu ilin 7 iyul tarixində imzaladığı Fərmanla Azərbaycanın tərkibində uydurma şəkildə ermənilərin xeyrinə yaradılmış Dağlıq Qarabağ inzibati ərazisi və onun muxtariyyət statusunun artıq tarixin arxivinə getməsi ilə yaradılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hazırda intensiv bərpa, quruculuq işləri həyata keçirilir. Yenə bu prosesdə ön sırada gənclərimizi də görmək mümkündür. Azad edilən ərazilərin dirçəldilməsi istiqamətində gənclər Prezidentin çağırışlarına və quruculuq prosesində fəal iştirak etməyə hazırdırlar.

 

Qarabağ və Şərqi Zəngəzurda dövlət tərəfindən həyata keçirilən işlər və qarşıdakı müddət ərzində reallaşdırılması nəzərdə tutulan layihələr əsas etibarı ilə sosial xarakterlidir. Burada qurulan sosial infrastruktur və dövlət tərəfindən görülən digər işlər doğma yurd-yuvalarna qayıdacaq insanların rahatlığına, təhlükəsiz şəraitdə yaşamalarına xidmət edir. Elə gənclər də bu prosesə öz töhfələrini verməyə çalışırlar. Aparılan bərpa-quruculuq prosesləri fonunda Azərbaycan eyni zamanda işğal müddətində bu yerlərdə törədilən erməni vandalizmini də bütün dünyaya nümayiş etdirir. Bu prosesdə də gənclərin yüksək fəallığı özünü qabarıq büruzə verir.

 

Bu abadlıq-quruculuq işləri bu gün xatirələrini ehtiramla andğımız şəhidlərimizin, Vətən müharibəsi iştirakçılarının fədakarlığı nəticəsində baş tutur. Elə quruculuq, bərpa işlərinə həm də şəhidlərimizin bir anım abidəsi kimi yanaşmaq mümkündür. Bu qəbildən olan qəhrəmanlarımzın bizə əmanət etdikləri Vətən, onların doğmaları dövlətin və cəmiyyətin xüsusi diqqət və qayğısı ilə əhatə olunublar. O da təqdirəlayiq haldır ki, müxtəlif qurumları təmsil edən gənclər şəhid ailələrinə, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə, Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinə də yardımçı olur, bu istiqamətdə genişmiqyaslı fəaliyyət göstərirlər. Prezident İlham Əliyevin sosial siyasətində sözügedən kateqoriyadan olan insanlara xüsusi qayğı mühüm yer tutur. Bunlar fonunda şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına, müharibə qəhrəmanlarının və onların ailə üzvlərinə dövlət tərəfindən göstərilən hərtərəfli qayğı nümunəvi xarakterə malikdir. Amma təbii ki, belə insanlara təkcə dövlət yox, bütün cəmiyyət yüksək diqqət və qayğı göstərməlidir. Bu mənada gənclərin sözügedən kateqoriyadan olan insanlarla fəal təması, onlara göstərdikləri yardımlar və köməkliklər təbii xarakter daşıyır.

 

Bu gün gənclərin qarşısında duran ən vacib missiyalardan biri Prezident İlham Əliyevin yaratdığı tarixin ən güclü Azərbaycanını layiqincə qorumaq, gələcək nəsillərə daha güclü, daha qüdrətli və daha firavan bir dövləti təhvil verməkdir. Bu, müqəddəs vəzifənin öhdəsindən layiqincə gəlmək Azərbaycan gəncləri üçün həyat kredosudur.

 

Bəxtiyar İslamov YAP Gənclər Birliyinin sədri

 

 Səs.- 2021.- 28 sentyabr.- S.12.