Mətbuatımızın 30 illik “Səs”i

 

Yanvarın 11-də Azərbaycan mətbuatının tarixində xüsusi yeri olan “Səs” qəzetinin 30 yaşı tamam oldu. Hələ Sovet dövründən fəaliyyətə başlayan “Səs” qəzetinin yaranma zərurəti və keçdiyi yola necə xarakterizə etmək olar? Ötən 30 ildə qəzet öz fəaliyyətini necə qurub, cəmiyyətdə hansı imici qazanıb? Yazıda bu məsələlərə aydınlıq gətirməyə çalışacağıq.

 

"Səs" qəzeti xalqımız üçün çətin sınaqların başladığı bir dövrdə ərsəyə gəldi. O dövrdə respublikada ictimai-siyasi vəziyyət olduqca gərgin idi, ölkəmiz Ermənistanın işğal və soyqırım təcavüzünə məruz qalmışdı, yüz minlərlə qaçqın-köçkün öz doğma torpaqlarından didərgin düşmüşdü. Ölkədə ağır sosial-iqtisadi problemlər hökm sürürdü. Mətbuata güclü senzura var idi. Belə bir ağır dövrdə müstəqil qəzetin fəaliyyətə başlaması çox çətin və cəsarət tələb edən bir iş idi. Lakin qəzetin yaradıcıları bu işin altına girdilər.

 

Beləliklə, “Səs” ictimai-siyasi qəzeti 1990-ci ilin noyabrında “Əlincə” Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçdi, 1991-ci yanvarın 11-dən dərc olunmağa başladı. Qəzetin ilk redaksiyası AMEA-nın Fizika İnstitunun 6-cı mərtəbəsində yerləşirdi.

 

Həmin dövrdə hakimiyyətdə olan qaragüruh qüvvələrin siyasi sifarişi əsasında respublikanın bir sıra mətbu orqanlarında Heydər Əliyevə qarşı iftira və qarayaxma kampaniyası aparılırdı.

 

Qəzetimiz həmin dövrdə mövcud olan hakimiyyətə qarşı müxalif mövqedə idi və həmin dövrdə xalqımız və dövlətçiliyimiz qarşısında öz tarixi məsuliyyətini dərk edən qəzetimizin qurucuları belə bir məsuliyyətli və həlledici mərhələdə Heydər Əliyev ideyalarını ictimai rəyə çatdırmaq kimi şərəfli bir missiyanı öz üzərinə götürdülər. Bu dövrdə “Səs” qəzeti Heydər Əliyevin səsi idi.

 

Qəzet 1991-93-cü illərdə ulu öndər Heydər Əliyevin müsahibələrini və onun haqqında məqalələri, həmçinin ölkə parlamentindəki çıxışlarını, həmçinin, xarici mətbuata verdiyi müsahibələri tərcümə edərək ölkə ictimaiyyətinə çatdırırdı.

 

“Səs” qəzeti, əslində, Yeni Azərbaycan Partiyasının ideoloji bazası rolunu oynayıb və partiya yarandıqdan sonra onun əsas mətbu ruporu kimi fəaliyyətini davam etdirib. Partiyanın bəyanatlarını, yığıncaqlarını və sair tədbirlərini öz səhifələrində geniş işıqlandırıb.

 

Təsadüfü deyildi ki, 1992-ci ilin oktyabrında ölkə ziyalıları xalqın iradəsini ifadə edərək ümummilli lider Heydər Əliyevə "Səs" qəzeti vasitəsilə müraciət etdilər. Ulu öndərimiz əslində, xalqın çağırışı olan bu müraciətə biganə qalmadı, öz cavab məktubunda Azərbaycan dövlətinin xilas yolunu, müstəqilliyin qorunub-saxlanılması strategiyasını açıqladı. Bu cavab da məhz "Səs" qəzetində dərc olundu.

 

Ulu öndər hakimiyyətə gəldikdən sonra bütün kütləvi informasiya vasitələri kimi "Səs" qəzeti də öz fəaliyyətini normal şəkildə davam etdirir və həm ulu öndərin, həm də YAP-ın fəaliyyəti haqda cəmiyyəti məlumatlandırmaq missiyasını davam etdirdi. Məhz buna görə ulu öndər YAP-ın 10 illik yubileyindəkı çıxışında "Səs"-i Azərbaycanın tarixinə düşmüş bir qəzet kimi xarakterizə etmiş və demişdi: "Səs" qəzeti mənim üçün çox əziz qəzetdir. Mən bu qəzetin xidmətlərini xüsusi qiymətləndirirəm. O zaman ki, mən Naxçıvanda işləyirdim və Bakıda bəzi dairələrdə Naxçıvana qarşı ədalətsiz hərəkətlər olurdu. "Səs" qəzeti cəsarətlə çox ağıllı şəkildə məqalələr yazır, öz fikirlərini deyirdi. İctimaiyyətdə düzgün fikir formalaşmasına səy göstərirdi. Bu qəzetə qarşı təzyiqlər olurdu, lakin qəzet öz ideyaları uğrunda mübarizə aparmağı bacarırdı. “Səs” qəzetinin YAP-ın yaranmasında, cəmiyyətin maarifləndirilməsində məlumatlandırılmasında çox böyük rolu olub. "Səs" qəzeti tarixə düşmüş bir qəzetdir".

 

“Səs” qəzeti haqda danışarkən bu qəzetin yaranmasında və yaşamasında böyük zəhməti olan fədakar insanların adını çəkməmək doğru olmazdı. Bunlar Baş redaktor Ağabəy Əsgərov, baş redaktor müavini Səyyad Arandır.

 

1991-ci ildən etibarən qəzetin səhifələrində tanınmış şəxslərin məqalələri dərc olunurdu. Onlardan bəzilərinin adlarını qeyd etmək istəyirik - Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, Əli Əhmədov, Fərəməz Maqsudov, Xəlil Rza, Kərim Kərimov, Əli Nağıyev, Murtuz Ələsgərov, Siyavuş Novruzov, Məlik Dadaşov, Səyyad Aran və başqaları. Bu günkü əməkdaşlarımız onların yaratdığı məktəbin layiqli davamçılarıdır.

 

Keçən 30 ildə “Səs” qəzetinin, həmçinin bütün mətbuatımızın keçdiyi yola qısaca nəzər salsaq bu tarixi dövrün necə mühüm bir nəticəyə gətirib çıxardığını görə bilərik.

 

90-cı illərin əvvəllərində mətbuat sahəsində problemlər yaratmışdı. Ulu öndər hakimiyyətə gəldikdən sonra Azərbaycan mətbuatının inkişafına dövlət dəstəyi gücləndi.

 

Ümummilli lider Heydər Əliyev mətbuatın inkişafı üçün münbit şərait yaratdı. Neçə-neçə yaşlı jurnalist Prezident təqaüdünə təqdim olundu, həmkarlarımız müxtəlif mükafatlarla təltif olundular. Məhz bunun nəticəsidir ki, hər ilin yekununda ulu öndər Heydər Əliyev KİV tərəfindən "Mətbuatın dostu" adına layiq görüldü.

 

Ulu öndər Heydər Əliyevin siyasi kursu bu gün onun varisi tərəfindən layiqincə davam etdirilir. Prezident İlham Əliyev mətbuatın inkişafı üçün lazımi addımlar atır, tapşırıqlar və sərəncamlar verir.

 

Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılandan sonra ölkə mətbuatında bir canlanma yaranıb. Fondun KİV-lərə verdiyi maliyyə yardımları, qrantlar mətbuatımızın inkişafına təkan verib. Jurnalistlər arasında keçirilən müsabiqələrdə hər il onlarla həmkarımız yaxşı maliyyə mükafatı qazanır. Bütün bunlar jurnalistlərin həyat və iş şəraitinin yaxşılaşmasına səbəb olur.

 

Mətbuat Şurasının fəaliyyəti də son vaxtlar xeyli təkmilləşib və ölkə mətbuatına öz töhfəsini verib. Şura jurnalistlərin peşəkarlığının artırılması və mətbuatımızın inkişafına dəstək üçün müxtəlif layihələr həyata keçirir.

 

Xatırladaq ki, cənab Prezident ulu öndərin yolunu davam etdirərək, mətbuatın inkişafı naminə qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcunu birdəfəlik ləğv edib və layiqli jurnalistlərə mükafatlar verib. Milli mətbuatımızın ildönümlərində Prezidentin sərəncamı ilə mətbuatımızın inkişafında xidmətləri olan bir qrup jurnalistə fəxri adlar və sair mükafatlar verilir.

 

Bundan başqa, Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlə jurnalistlər üçün yeni şəhərcik salınıb və ümumilikdə 667 mənzil olmaqla 3 bina tikilib. Jurnalistlərə belə dövlət qayğısı dünyanın çox az ölkəsində rast gəlinir.

 

Nəticə ortadadır, Azərbaycan mətbuatında nə senzura, nə də kiminsə yazdığına müdaxilə var. Bu gün ölkədə minlərlə media orqanı- qəzet, jurnal, televiziya, radio, informasiya agentliyi, xəbər saytı var və onlar istədiklərini yazırlar.

 

“Səs” qəzetinin bu günkü fəaliyyəti ilə də ümummilli lider Heydər Əliyevin siyasi kursunu, ideyalarını yaşadan və həyata keçirən müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasətinə, Yeni Azərbaycan Partiyasının fəaliyyətinə sadiqdir və daim bu amal uğrunda çalışır. Qəzet ölkədə və dünyada baş verən hadisələri, insanların fikirlərini, əldə olunan uğurları, mövcud problemləri öz səhifələrində işıqlandırır.

 

Torpaqlarımızın işğal azad olunması ilə nəticələnən 2-ci Qarabağ müharibəsi dövründə (ondan əvvəl də, sonra da) “Səs” Media Qrupu informasiya müharibəsində öz sözünü dedi, Azərbaycan həqiqətlərini, Ali Baş Komandanımızın fəaliyyətini ölkə ictimayyətinə və müxtəlif beynəlxalq dillərdə dünya ictimaiyyətinə çatdırmaq üçün əzmlə çalışdı.

 

Hazırda qəzet gündəlik 5 min tirajla nəşr olunur. Qəzetin internet saytı (sesqazeti.az) fəaliyyət göstərir və xarici ölkələrdə yaşayan azərbaycanlıların qəzeti oxuması imkanı var.

 

2008-ci ildə qəzetin bazasında yaranan və və keçən 13 ildə ictimaiyyətin rəğbətini qazanan “Səs” İnformasiya Agentliyi (SİA) və bu il 10 illik yubileyini qeyd edəcək “Səs” TV ilə birlikdə, ümumilikdə “Səs” Media Qrupunun redaksiya heyəti 50 nəfərə yaxındır. Ölkənin bir sıra bölgələrində müxbir postları var.

 

Dövrün tələblərinə uyğun olaraq, “Səs” qəzeti də daim yenilənir, müasir texnologiyalara yiyələnir. Azərbaycanda ilk dəfə olaraq qəzet səhifələrində dərc olunan materialların elektron olaraq videoformatda izlənə bilməsi üçün xüsusi sistem yaradılıb.

 

Şübhə yoxdur ki, "Səs" qəzeti başda olmaqla “Səs” Media Qrupunun kollektivi yeni informasiya texnologiyalarını mənimsəmək və beynəlxalq media məkanında tanınmış bir media platformaya çevrilmək sahəsində qarşıya çıxan həlli vacib çoxsaylı vəzifələrin öhdəsindən bacarıqla gələcək.

 

Bu gün “Səs” qəzeti ölkə mətbuatında özünün xüsusi yeri ilə seçilir. Qəzet dövlət və xalq arasında münasibətlərin daha da yaxınlaşması, cəmiyyətin maarifləndirilməsi üçün mütamadi olaraq media layihələr həyata keçirir. Əlamətdar tarixi günlərdə qəzetin xüsusi buraxılışları, multimedia diskləri və digər əlavələri buraxılır. 30 illik yubileyimiz münasibətilə də xüsusi buraxılışlarımız var. "Səs" qəzeti mütamadi olaraq jurnalistlər arasında ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları, turnirlər təşkil edir.

 

Bir daha qəzetimizin bütün sadiq oxucularına, əməkdaşlıq etdiyimiz şəxslərə bu 30 ildə bizimlə birgə olduqları üçün təşəkkür edirik. Bu təkcə bizim yox, həm də sizin bayramınızdır.

 

Elçin Bayramlı

 

Səs.- 2021.- 12 yanvar.- S.8,9.