"Vətən uğrunda ölənlər ölümündən doğular"  

 

    

Hardan sənin oldu bizim Qarabağ?

Adı sahibini demirmi aşkar?

Xoşluqla verməzlər torpağı, ancaq

Qanla möhürləyib, zorla alarlar.

 

Əzəli və tarixi torpağımızı qanla möhürləyib, hərb gücünə aldıq. 44 günlük Vətən müharibəsində Zəfər qazandıq. Erməni təcavüzkarlarının 30 ilə yaxın işğalında olan torpaqlarımız azad olundu. Azərbaycan Zəfər qazanmış dövlət olaraq gücünü dünyaya nümayiş etdirdi. Xalqımız Zəfər sevincini yaşadı, bütün narahat ruhlara bu sevincdən pay düşdü. Torpaq həsrəti ilə dünyasını dəyişən böyük şair Bəxtiyar Vahabzadə ruhu da bu gün şaddır. Ruhu Azad Qarabağımızda, Şuşamızda pərvazlanır.

Yatır bu torpaqda əcdadım mənim.

Şərəfim,

Şöhrətim,

Öz adım mənim...

Cəddimin yatdığı ulu torpağı,

Sinəsi sərvətlə torpağı,

Mən sənə pay verim?

- deyən şair özgə torpağı hesabına "Böyük Ermənistan" yaradan ermənilərin vəhşi simasını obrazlı bir şəkildə təqdim edir. Vartazar yaşayan bütün ölkələri özlərinə vətən bilən ermənilərin bəlkə, bütün dünya elə vətənləri imiş.

Günahım nədir ki, qanqal kimi sən

Bütün yer üzünə səpələnmisən?..

Şair digər bir şeirində isə belə yazır:

Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,

Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.

Sənin öz dövlətin, öz millətin, öz cəddin var

Vətən uğrunda ölənlər ölümündən doğular.

Bu müdrik misralar insana Vətənin böyüklüyünü, onun müqəddəsliyini bir daha aşılayır. Vətən bu müqəddəs məkanda doğulan, onun üstündə gəzən varlıqların diyarıdır. "Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik. Biz Vətən naminə ölsək, dirilərdən diriyik". Əlbəttə ki, Vətən uğrunda ölənlər ən müqəddəs insanlardır və tarix boyu belə insanların ismi nə yaddaşlardan, nə də yazılı salnamələrdən silinmir. Əlbəttə ki, belə ruhda yazıb-yaradan, Vətən müqəddəsliyini, sevgisini belə möhtəşəm sözlərlə, rənglərlə ifadə etmək yaradıcı insanın içindən boy verən ali sevginin təzahürüdür. Bu sevgi müdrik qələmdən yazıya köçə bilən, dünya görmüş bir insanın düşüncələrinin əksidir. Bu hikmət Bəxtiyar Vahabzadə dünyasından qopan bir təşnədir. Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr verən xalq şairi Bəxtiyar Vahabzadə Azərbaycan şeirinin son yarıməsrlik təkamül prosesində səsi, qələmi olan şairdir."Vaxtın dəyirmanında daş əridi, qum oldu, Tarixə atdığımız qayıtdı, lüzum oldu". Böyük bir fəlsəfə var, bu misralarda. Zamanın gərdişi, çərxi-fələyin gərdişi. "Çərxi-fələk istəyir lap dolana tərsinə, əqidəmi heç nəyə dəyişmərəm mən yenə". Əqidə şairi idi, ruh şairi idi Bəxtiyar Vahabzadə. Zaman onu həyatın hər üzü ilə üz-üzə qoydu. İctimai-siyasi proseslərdə öz düşüncəsini ortaya qoydu. Böyük şair xalqın çətin günündə onunla ağladı, onun sevincinə şərik oldu.

"ŞAM ƏGƏR YANMIRSA, YAŞAMIR DEMƏK"

Keçdiyi ömür yolu böyük bir salnamədir. Yaradıcılıq salnaməsi. Hər sətrindən Azərbaycan səsi eşidilir. Hər misrası solmayan, üstünə kölgə düşməyən qiymətli bir xəzinədir. Paylandıqca insanların iç dünyasından bir işıq boylanacaqdır. Tərcümeyi-halı ədəbiyyatımızın silinməz səhifəsidir ki, vərəqləyərkən oxuyuruq: Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ailəsilə birlikdə Bakıya köçən Bəxtiyar Vahabzadə burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. O, universitetin aspiranturasında saxlanılmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Sənətkar keçdiyi ömür yolunun hər mərhələsində böyük amalların, məsləklərin gerçəkləşməsində ömrünü şam kimi əritdi. "Şam əgər yanmırsa, yaşamır demək"- deyən şair, bir ömrün keşməkeşli, əzablı yollarında yaşayarkən yanmağın kökünü həyat eşqində, vətənə bağlılıqda dərk edirdi.

Bəxtiyar Vahabzadə elə bir şairdir ki, onun nəfəsindən duyulanlar vətənə sevgidən qaynaqlanır. Zamanın diqtəsini qəlbində çözürdü. Fikir dünyasında saf-çürük etdiklərini geniş bir aləmə bəxş edirdi. Azad düşüncədən yoğrulan fikirləri oxucuların ruhi dünyasına o qədər yaxındır ki, sanki cəmiyyətin verdiyi bir mesajı o, obrazlaşdıraraq misralara köçürüb. Fikir yükü dərin olan şair yazır:

Qocaldır insanı, qocaldır zaman;

Ürəyin atəşi, közü qocalmır.

Dağları, daşları qocaldan zaman,

Bilmirəm, bəs niyə özü qocalmır?

- yazaraq, hikmət xəzinəsindən oxucu dünyasına bir yol salır, onun arzu və istəklərini poetikləşdirir. Xalqın milli-mənəvi dəyərlərinin çərçivəsində vətəninə xidmət göstərən şair yaradıcılıq yolunda ana dilinin saflığı, vətəninin bütövlüyü uğrunda mübarizə aparmışdır. İctimai fəaliyyəti, onun ədəbi fəaliyyətinə heç də təsir göstərməmiş, hər iki cəhətdən, məhz Bəxtiyar Vahabzadə olduğunu sübut edə bilmiş, dövrün hadisələri və tələbləri çərçivəsində yaradıcılığında özünə qarşı münasibət oyada bilmişdir. Onun ikiyə bölünmüş vətən torpağının harayından, Qarabağ faciəsindən bəhs edən şeirləri zəngin və təqdirəlayiqdir. Azərbaycan Ali Sovetinin və Milli Məclisinin deputatı seçilmiş Bəxtiyar Vahabzadə xalqımızın həyatının ən çətin və mürəkkəb anlarında baş verən taleyüklü hadisələrə münasibətdə əsl vətənpərvər ziyalı mövqeyini nümayiş etdirmişdir. 20 Yanvar faciəsi törədilən zaman Bəxtiyar Vahabzadə faciənin törənməsini aydınlaşdırmaq, onun siyasi qiymətini vermək üçün əqidə dostlarını bir araya toplayıb çıxış edərək, postsovet məkanında, yaşadığımız dövr ərzində, sovet imperiyasına xidmət etmiş insanlara qarşı yürüdülən amansız siyasətin məğzini açmağa, onun hökmünün dərinliklərini xalqa təqdim etməyə cəhd etmişdir. Bəxtiyar Vahabzadə dövrünün şairi olsa da, zamanı qabaqlayan şəxsiyyətlər sırasındadır. Əqli düşüncəsini fəlsəfi görüşlərində əks etdirən şair 20 Yanvar faciəsinin, Qarabağ şəhidlərinin ağır və mübarizəli həyat yolunu, qaçqın-köçkün həyatı yaşayan insanların nisgil və kədərini poeziyasında əks etdirmişdir.

DAŞ ÜRƏKLƏRDƏ YANIB DAŞLARI SINDIRDI MUĞAM

Bəxtiyar Vahabzadə tədqiqatçı-alim kimi Azərbaycan elmi qarşısında xidmətlər göstərmişdir. Şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərlərini elmi ictimaiyyət həmişə dərin maraqla qarşılamışdır. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə Bəxtiyar Vahabzadə yaradıcılığının mühüm istiqamətlərindən birini təşkil edir. Xalqının gücü ilə yazıb-yaratmış Bəxtiyar Vahabzadə Azərbaycan dilinə qarşı soyuq münasibət gördüyü zaman qələmini bu istiqamətdə kökləyib, "Mənim ana dilim" şeirini yazaraq, bu şeirin arxasında bir şəxsiyyət kimi çıxış edib, ana dilinin qorunması, onun saflığının saxlanılması üçün bütün insanları - azərbaycanlıları anasına hörmət etdiyi tək, ana dilinə də belə məhəbbət və ehtiramla yanaşmağa səsləyirdi. Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynamışdır. Böyük söz ustası xalqımızın yüzillər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb-yaratmışdır.

Daş ürəklərdə yanıb daşları sındırdı muğam.

Haqqa düşmən olanı haqqa tapındırdı muğam

- deyən şair ondakı tilsimlərin "Kürü ahıyla qurutdu"ğunu, "Salı yandırdı"ğını bildirib:

Onun hər guşəsi bir xatirə, bir canlı kitab,

Keçilən yolları hərdən bizə andırdı muğam.

Böyük söz ustadının hər misrası bir fəlsəfədir və həyatı öyrənmək üçün bəlkə də bir sirli qapıdır.O, azərbaycançılıq məfkurəsi ilə dərindən bağlı olan və milli özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına dəyərli töhfələr vermişdir. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş hadisələr və böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində dayanırdı. Ötən əsrin 60-cı illərinin əvvəllərində qələmə aldığı "Gülüstan" poemasının həyat və fəaliyyətinə çox böyük maneələr yaradacağını bildiyi halda, bu əsəri qələmə almışdır. Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə daim can atan, ömrü boyu müstəmləkə əleyhinə çıxış edən şair tarixi materiallara söykənib, milli qəhrəmanlıq ənənələrini yaşadan əsərlərlə mütəmadi çıxış etmişdir. Babəkin ölümü, ona qarşı olan xəyanət tarixi materiallar əsasında Bəxtiyar Vahabzadəyə tam dəqiqliyi ilə məlum olduğundan, o, Səhl Sumbat kimilərin vətən eşqi ilə yaşayan insanlara qarşı olan münasibətini, birmənalı qarşılayaraq, onlara qəti şəkildə etiraz və nifrətini bildirirdi.

Şairin əsərləri - şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən, ingilis, fransız, alman, fars, polyak, ispan, macar, keçmiş sovetlər birliyi xalqlarının dillərinə tərcümə edilib. Bəxtiyar Vahabzadə respublikamızın hüdudlarından uzaqlarda ölkəmizi layiqincə təmsil edərək, milli mədəniyyətimizin təbliği və ədəbi irsimizin dünyada tanıdılması naminə qüvvə və bacarığını əsirgəməmişdir. O, 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Bəxtiyar Vahabzadənin tariximizin bir çox hadisələrini canlandıran dram əsərlərinin gənc nəslin tərbiyəsində böyük rolu olmuşdur. Onun pyesləri Azərbaycan və eləcə də, xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulmuş və müəllifinə geniş şöhrət gətirmişdir. Azərbaycan Akademik Dövlət Dram Teatrının səhnəsində onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya?", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri tamaşaya qoyulub. O, tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. Azərbaycan poeziyasında vətəndaşlıq ruhunun qüvvətlənməsində və sənətkarlıq imkanlarının genişlənməsində Bəxtiyar Vahabzadənin müstəsna xidmətləri vardır. Bəxtiyar Vahabzadənin ədəbi-elmi və ictimai fəaliyyəti dövlətiiz tərəfindən yüksək qiymətləndirilmişdir. 1974-cü ildə əməkdar incəsənət xadimi adına, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRİ Dövlət Mükafatlarına layiq görülüb. 1985-ci ildə ona Azərbaycanın xalq şairi fəxri adı verilib, 1995-ci ildə Azərbaycan xalqının milli azadlıq mübarizəsində xüsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilib. O, bir sıra orden və medallara, o cümlədən, Azərbaycan Respublikasının ali dövlət təltifi olan "İstiqlal" ordeninə layiq görülmüşdür. Görkəmli şair, dramaturq və ədəbiyyatşünas, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, xalq şairi, əməkdar incəsənət xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, Prezidentin fərdi təqaüdçüsü Bəxtiyar Vahabzadə ömrünün 84-cü ilində dünyasını dəyişib.

 

Zümrüd BAYRAMOVA

 

Səs.- 2022.- 16 avqust.- S.10.