Sağlam gənclik,
sağlam gələcək deməkdir
Tükənməz gücə və böyük istedada malik olan Azərbaycan gəncliyi Vətənimizin işıqlı sabahıdır. Əlbəttə ki, müasir gəncliyin yüksək dünyagörüşlü, vətənpərvər ruhlu, savadlı olması vacib məsələlərdəndir. Cəmiyyətin aparıcı təbəqəsi olan gənclər fiziki və mənəvi cəhətdən sağlam, dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran, milli-mənəvi dəyərlərə malik gənclikdir. Ölkəmizdə gənclərin potensialının düzgün istiqamətlənməsinə yönələn tədbirlər dövlətin uzaqgörən siyasətinin göstəricisidir ki, dövlət gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına geniş imkanlar açıb. Bu gün Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, həmçinin sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir. Vətənimizi uğurlu gələcəyə aparmaq üçün böyük qüvvəyə çevrilən gənclik bütün dünya gəncləri kimi, 12 avqust - Beynəlxalq Gənclər Gününü qeyd edirlər. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır. Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi ilə qeyd olunur.
"HƏR BİR XALQIN, HƏR BİR MİLLƏTİN, HƏR BİR ÖLKƏNİN GƏNCLƏRİ ONUN HƏM BU GÜNÜDÜR, HƏM DƏ SABAHIDIR, ÜMİDİDİR"
Bizim gənclik xoşbəxt gənclikdir ki, bu günü Zəfər çalmış xalqın gənc nümayəndəsi kimi qeyd edir. 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan olan torpaqlarımızın azad olunmasında Müzəffər Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və komandanlığı altında əldə olunan tarixi qələbəmizdə Azərbaycan gəncliyi öz rəşadətini, birliyini, vətənpərvərliyini göstərmiş oldu. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, rəşadətli və şanlı Azərbaycan Ordusunun Tarixi Zəfəri gənclərimizin bitib-tükənməz vətənpərvərliyini, müasir dövrdə vətənimizə, dövlətimizə və xalqımıza layiq olan gözəl, dəyərli bir nəslin formalaşdığını bütün dünyaya nümayiş etdirdi. Ömrünün əsas hissəsini xalqa xidmətdə keçirən Ulu Öndər Heydər Əliyev kimi bir Şəxsiyyət Azərbaycanın sabahını gənclərin fəaliyyətində, inkişafında görürdü və ölkəni inkişaf etmiş dünya dövlətləri sırasına çıxması üçün mütləq gəncliyin enerjisindən, yaradıcılıq əzmindən istifadə etməyi böyük uzaqgörənliklə tövsiyə edirdi. Hələ Ümummilli Lider Heydər Əliyev ötən əsrin 70-80-ci illərdə Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək istiqamətində məqsədyönlü gənclər siyasətini həyata keçirirdi. Minlərlə gənc o illərdə güzəştli şərtlərlə Sovet İttifaqının ən mötəbər təhsil ocaqlarına göndərilirdi. Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi sovet dövründə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açıldı, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alaraq, müasir ixtisaslara yiyələndi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradıldı. Ulu Öndər çıxışlarının birində bildirmişdi ki, bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır: "Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm".
Qeyd etdiyimiz kimi, hələ sovet hakimiyyəti illərində Ümummilli Lider yüzlərlə Azərbaycan gəncini ittifaqın bir çox böyük və mərkəzi şəhərlərində təhsil almalarına şərait yaratmış və həmin şəxslərin böyük bir qismi müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edirlər. Onu da qeyd edək ki, Azərbaycanda ötən əsrin 70-ci illərində hərbi məktəb yaradıldı. Naxçıvanski adına hərbi məktəbin yaranması bu gün Azərbaycanın nizami ordusunun güclənməsinə xidmət edir. Ümummilli Lider Heydər Əliyev tərəfindən ötən yüzilliyin 70-80-ci illərində qoyulmuş gənclər siyasətinin məntiqi davamı müstəqillik dövründə daha yüksək səviyyədə özünü göstərdi. Belə ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi-demokratik dövlət quruculuğu prosesində gənclərin rolunun müstəsnalığı nəzərə alınaraq, vahid gənclər siyasəti hazırlanıb həyata keçirildi. Ulu Öndər Heydər Əliyevin "Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir" fikri gəncləri Azərbaycanın uğurlu gələcəyi naminə səfərbər edir.
Ölkədə demokratik prosesin sürətlənməsi ərəfəsində gənclərin təşkilatlanması məqsədi ilə dövlət başçısı tərəfindən 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə Fərman imzalandı. Bununla da dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başladı. Ulu Öndərin gənclərlə çoxsaylı görüşü, onlara etdiyi dəyərli tövsiyələr gənclərin ümummilli maraqlar və dövlət mənafeyi ətrafında birləşmələrinə xidmət edirdi. Hələ 1995-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. 2 fevral - Azərbaycan Gəncləri Günü elan edildi. 1999-cu ildə Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan "Dövlət Gənclər Siyasəti haqqında" Fərman gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə etmiş oldu. 1996-2002-ci illərdə qəbul olunmuş "Bədən tərbiyəsi və idman haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Dövlət gənclər siyasəti haqqında" qərarların, habelə, "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu" kimi dövlət sənədləri bu baxımdan təqdirəlayiqdir. Əlbəttə ki, gəncliyə göstərilən dövlət qayğısı, onlarla bağlı qəbul edilən qərarlar gənc nəslin xoşbəxt gələcəyinə hesablanan addımlar idi. Fərəh hissi ilə deyə bilərik ki, bu gün də dövlətimiz gənclərə xüsusi diqqət və qayğı göstərir. Ümummilli Lider Heydər Əliyevin gənclər siyasəti dövlət başçısı Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
"HƏR BİR İNSANIN GÜCÜ, ƏLBƏTTƏ Kİ, ONUN BİLİYİNDƏN ASILIDIR"
Gənclərin cəmiyyət həyatında fəal iştirakını təmin etmək məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər öz nəticəsini verir. Belə ki, cəmiyyətdə yüksək intellektə malik olan, geniş dünyagörüşlü və innovasiyalara maraq göstərən gənclər nəsli formalaşıb. İstedadlı gənclər aşkar edilir, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün respublikada mövcud şərait yaradılıb.
Dövlət başçısının gənclərin xaricdə təhsil almalarına dəstək verən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar açmış oldu. Dövlət Proqramı çərçivəsində gənclərə dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq imkanı verildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarının birində Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə böyük inam ifadə edərək bildirib ki, hər bir insanın gücü, əlbəttə ki, onun biliyindən asılıdır: "Ona görə Mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır".
İctimai-siyasi proseslərdə fəal iştirak edən Azərbaycan gəncliyi müstəqil dövlətçilik ənənələrini yüksək tutur. Dövlət başçısı İlham Əliyevin 2011-ci il 6 aprel tarixli "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı haqqında" Sərəncamı gənclər siyasətinin davamıdır. Sərəncamın əsasında gənclər siyasəti daha da inkişaf etdirilərək, gənclərin müxtəlif sahələrdə fəal iştirakına şərait yaratmış oldu.
Gənclərə olan diqqət və gənclər siyasətinin, davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etməkdə növbəti bir addım oldu. Ölkə başçısının "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı haqqında Sərəncamı isə Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq kimi məqsədi daşıyır. Gənclərə ayrılan bu diqqətin və qayğının nəticəsidir ki, Azərbaycan gəncləri bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər.
MİLLİ VƏTƏNPƏRVƏRLİK AZƏRBAYCANIN HƏR BİR VƏTƏNDAŞININ, HƏR BİR GƏNCİNİN HƏYAT PRİNSİPİDİR
Azərbaycan gənclərinin xarici ölkələrdə təşkilatlanmaları da uğurla gedir. Bu gün gənclərimiz Avropa və dünyanın otuzdan çox nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunur və bununla da, beynəlxalq gənclər hərəkatının fəal tərkib hissəsinə çevrilib. Bu təşkilatların istər Azərbaycanda, istər ölkədən kənarda keçirdiyi tədbirlər Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır. Azərbaycan reallıqlarını dünyaya çatdıran, onun həqiqətlərinə göz yuman insanlara reallıqları təqdim edən, məhz elə gənclərdir. Gənc idmançılarımızın qələbələrini, gənc siyasətçilərimizin uğurlarını, gənc əsgərlərimizin qəhrəmancasına Vətən qarşısında xidmətlərini və digər sahələri də vurğulamaq yerinə düşər. Bir sıra müsabiqələrdə, yarışlarda Azərbaycan gənclərinin Avropa məkanını fəth etməsi, birincilik qazanaraq, Azərbaycan bayrağını dalğalandırması Azərbaycan gəncliyinin sağlam düşüncəsinin məntiqidir. Azərbaycan gəncliyi sürətli inkişafa meyllidir. Bu reallıqların əsasında dayanan dövlətin gənclər siyasəti, onlara maddi və mənəvi cəhətdən göstərdiyi qayğıdır. Azərbaycanın durmadan inkişafı, dünya dövlətlərinə inteqrasiya prosesinin sürətlənməsi, iqtisadi yüksəliş kimi nailiyyətlər gəncliyin qarşısında prespektivlər açmaqla yanaşı, onları stimullaşdırır. Bu gün milli vətənpərvərlik Azərbaycanın hər bir vətəndaşının, hər bir gəncinin həyatının əsas prinsipidir. Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücü məhz gənclərdir. Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili" elan edilməsi haqqında Sərəncam imzaladı. Ölkəmizdə təxminən 20 min gənc könüllü olaraq çalışmış və indi onlar ayrı-ayrı təşkilatlarda müxtəlif vəzifələrdə işləyirlər. Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir. Könüllülər hərəkatı "ASAN xidmət"dən başladı və bu gün "ASAN xidmət"də işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya diasporumuzun gəncləri toplaşdı və Diaspor Gənclərinin III Yay Düşərgəsi keçirildi. Qarabağın incisi olan bu torpaqda bir-birinin ardınca əlamətdar hadisələrin təşkili Şuşanın tarixi yaddaşına həkk edilir. Dünyanın əlli ölkəsindən 115 gəncin qatıldığı Diaspor Gənclərinin III Yay Düşərgəsi dünyanın müxtəlif qitələrinə səpələnmiş gənclərin qədim torpağımızda bir araya gələrək Şuşa ilə tanışlığında böyük əhəmiyyət kəsb edir. Bütün bu uğur və nailiyyətlərin əsasında Azərbaycan gənclərinə yaradılan şərait dayanır. Bu gün həyata keçirilən siyasət, uğurlu iqtisadi islahatlar və iqtisadiyyatın inkişaf tempi müasir gənclərin düşüncələrinin formalaşmasına birbaşa təsirini göstərir. Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə, Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Bu uğurların təməlində isə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti dayanır. Qürurlu haldır ki, xalqımızın qəhrəmanlıq tarixini yazanlar da onlardır. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edir. 44 günlük Vətən müharibəsində gənclərimiz vətənpərvərlik nümayiş etdirdilər. Yüksək milli ruhlu gənclərimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etdi. 30 illik həsrətə son qoyuldu. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib". Cənab Prezident bildirib ki, Onun Azərbaycana rəhbərliyi dövründə yetişən insanlar bu torpaqları azad etdilər: "Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi". Azərbaycanın mərd oğulları şəhidlik zirvəsinə yüksəldilər. Bu torpağın qazisi oldular. Bu gün Azərbaycan belə oğulları ilə qürürlanır, fəxr edir. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycanın dövlət müstəqilliyinin əbədi və əzəli olmasını qorumaq və saxlamaq üçün gənclər yaxşı təhsil almalı, çox çalışmalı, peşələrinə yaxşı yiyələnməli, vətənpərvər olmalıdırlar. Bu günün gənci bu məsuliyyəti dərk edir və sabaha doğru inamla addımlayır. Cənab Prezident İlham Əliyev tərəfindən uğurla aparılan gənclər siyasəti, Azərbaycan əsgərinin qələbəsi əminliklə deməyə əsas verir ki, gənclər mütəşəkkil, vətənpərvər, geniş dünyagörüşlü və mübariz gənclərdir.
ZÜMRÜD BAYRAMOVA
Səs.- 2022.- 16 avqust.- S.6.