Heyif...
FELYETON
Bu günlərdə uzaq bir yolçuluğa çıxmışdıq. Qarşıda beş saatlıq yolumuz vardı. Yol boyu nə edəsən axı. Bir az sola baxırsan, şütüyən maşınlara, ha bax ki, baxasan. Bir az sağa baxırsan, bir-birinə pərçimlənmiş, qarşılarında antisanitariyanın son həddi yaşanan mağazalara tamaşa edirsən. Bir az qarşı tərəfə baxırsan, yol hərəkəti qaydalarını pozaraq hərəkət edən, işıq sürətli avtomobilləri görürsən, qorxudan başını aşağı salırsan ki, İlahi, bu dəqiqə üstümüzə gələcəklər.
Yaxşı ki, çox keçmir şəhərdən kənarlaşırsan, qarşıda rayonlara gedən yolların kənarlarında sıralanan ağaclar, göz baxdıqca uzanan yaşıllıqlar ruhuna rahatlıq gətirir. Elə bu an sürücü də şəhərin səs-küyündən uzaqlaşdığımız üçün sərnişinlərə musiqi töhfə etmək istəyir və radionu açır. Yəqin düşünür ki, yolkənarı gözəlliklərlə musiqi harmoniya yaratsın və xoş təəssüratlar bəxş etsin.
Yollar uzanır uzandıqca, radio da oxuyur oxuduqca. Biz də dinləyirik dinlədikcə. Bir-birinin ardınca mahnılar başlayır, bitir. Biri bitəndə düşünürsən ki, görəsən indi hansı başlayacaq? Başlayır, nə edəsən, qulaq asmalısan. Qulaq asırsan və eşidirsən. Eşidirsən ki, müğənni oxuyur ki, dünya gözəli, vallah, billah, bu, dünya gözəli, etdi məni dəli, türkün məsəli ondan ötəri bir sümüyəm, bir dəri. Gup, gup, gup, bitir...
Hə, görək bundan sonra hansı başlayır? Bu dəfə elə bir guppultu başladı ki, iraq candan, dedim bəs, maşınımız qəzaya uğradı, bir xeyli sonra anladım ki, yox, qəza deyil, ritmdir. Gup, gup, gup, ardınca da müğənni oxuyur ki, mən yaman darıxmışam səninçün, sən də tez ol, darıxginən mənimçün...
Yaxşı, bu da bitir. Ardınca “Ləhləlülə” adlı bir mahnı dinləyirik. Vallah sözlərindən yadımda qalan bu oldu ki, “ləhləlülə şəhərdəyəm, ləhləlülə, kefimdəyəm...”.
Mahnı bitir, həsrətlə gözləyirəm ki, görək bu dəfə nə eşidəcəyik. Bu dəfə həzin bir musiqi başlayır. Böyük ümidlə bayırdakı gözəl təbiətlə üst-üstə düşəcək bir mahnı gözləyirəm ki, bir qədər xəyallara dalam. Müğənni oxuyur: unut məni, unutmağı, mənsizliyi ağlından sil, bu yalanlar ordusuna qoşulmağa gücüm yoxdur...
Növbəti mahnı... Müğənni deyir ki, sənə görə həyatımdan hər kəsi sildim getdi, qəlbim səni edam etdi. Qulaq asdıq bu mahnıya da. Yol uzun, mahnı çox. Yeni-yeni o qədər mahnılar yazılıb oxunur ki... Hər gün yeni bir mahnı. Dinləyək də, nə etməli?..
Bu mahnı bitir, o biri başlayır. Müğənni oxuyur ki, küsmərəm gəldin, gəlmədin, sən getdin, mən gülmədim, heyif gətirə bilmədim, sevgi adlı dinə səni....
Bayaqdan bəri bir az yuxulamaq istəyirdim, mahnılar səslənəndən sonra yuxum qalxdı ərşə. Dedim yatmaq nədir axı, onsuz da ölüb gedib o dünyada əbədi yatacağıq. Qulaq as bu mahnılara. Hər gün “nə yazım, nə bişirim” dərdindən baş açmırsan, fürsətdir qulaq as... Asıram, müğənni oxuyur: eşq elə bir qüvvədi ki, eşq elə həngamədi ki, eşqə düşənlər dedi ki, bu sən düşən eşq nədir ki, eşq...
Yaxşı nə deyirəm ki, növbəti mahnı gəlsin. Bu dəfə həqiqətən ritmik bir mahnı səsləndi. Çox xoş gəldi ritmi. Müğənni də oxuyurdu ki, nə sətirlər yazdım, nə misralar çizdim, sənə bu şeiri yazdım, gülüm, gülüm, gülüm....
Xeyli xəyala
dalmışam sən
demə. Birdən növbəti mahnı məni neçə diksindirdisə, az
qalsın başın
maşının tavanına
dəyəcəkdi. Şükür ki, qəzasız, filansız ötüşdük.
Melodiya: gup, gup, gup. Müğənni
isə oxuyurdu: şir həmişə şirdi, mənim qərdeşim, gecə saat on birdi, mənim qərdeşim...
Ta bu dəfə sürücüdən acizanə
şəkildə radionu
bağlamasını xahiş
etdim. Ürəyim necə vururdusa, dedim bəs, indicə dayanacaq. Bilirsiniz niyə vururdu? Həm gup-gupun qorxusu hələ canımdan çıxmamışdı, həm
də ürəyimə
dolan nisgildən.
Gözlərim yaşardı,
inanın... Bütün yuxum-zadım ərşin
7-ci qatına qalxdı.
Dedim bir analiz eləyim, görüm bu mahnıları, başa düşmədim axı.
Sabah bir yerdə
söhbət düşəcək,
deyəcəklər geridə
qalmısan, sən anlamazsan bu musiqilərdən.
Vallah anladığım
budur ki, bu mahnıları bir az da artıq dinləsəydim,
birinci mahnıda deyildiyi kimi, bir dəri, bir sümük qalacaqdım.
Niyə mənə geridə qalmış desinlər ki? “Mən darıxmışam səninçün, sən də tez ol darıxginən mənimçün”, yoxsa “sənə görə həyatımdan hər kəsi sildim” misralarına görə... Nə deyirsiniz deyin, ancaq kimisə özündən yana zorla darıxdıra bilməzsən. Bir də ki, kimə görəsə həyatından hər kəsi silə bilməzsən...
Geridə qalmışam, olsun. Ay irəlidə gedənlər, açdım Azərbaycan dilinin izahlı lüğətini, bu ləhləlülə sözünün mənasını bilmək üçün, axı bu sözü tapmadım. Gəlin siz tapın görək bunun mənası nədir? Mən bilmək istəyirəm ki, ləhləlülə nə deməkdir. Və yaxud da “çizdim” sözünü lüğətdə tapın, mənə də göstərin.
Yaxşı, siz gəlincə gözləyək, növbəti mahnıdakı “yalanlar ordu”sundan, “sevgi adlı din”dən danışaq. Maraqlıdır, yalanlar ordusu.... sevgi adlı din... Söz var ey, aşığın sözü bitən an, deyilmi?
Nə isə, yenə deyəsən çox uzun danışdım, bir söz də deyim, bitirim. Sonuncu mahnı: “şir həmişə şirdi mənim qərdeşim, gecə saat on birdi, mənim qərdeşim...”. Ay müasirlər, deyin görək şirlə saatın nə əlaqəsi var? Günlərdi bu barədə düşünürəm. Nə olar, biriniz gəlin izah edin də...
Nə isə... Yolboyu iki məsələ üçün çox böyük təəssüf hissi yaşadım. Biri bu qədər mahnıdansa kaş ki, xalq, bəstəkar mahnılarımızdan çox yox, bircəsini dinləmiş olardım. Yüz ilin başı bir yol idi də, çıxmışdım... Bir də ona təəssüf etdim ki, pambıq nədir ki, onu götürüb çantama atmamışam. “Heyif, pambıq, heyif ki, burada yoxsan” dedim. Hirsimi də özümə tökdüm, dedim ki, indi canın çıxsın, qulaq as...
Mətanət MƏMMƏDOVA
Səs.- 2022.- 6 avqust.- S.14.