Yaşamaq istəyirəm...Müalicədə
olan narkotik aludəçisinin dilindən
Narkomaniya nədir? Narkomaniya yaşadığımız bu real, gözəl, mənalı həyatın tam əksi olan bir həyatdır. Gerçəklərdən çox uzaq, başdan-başa yalanlar, çirkablar içərisində olan bir dünyadır. Bu dünyanın sakinləri bir-birilərindən istifadə etməyə çalışan, oğurluğa sövq edən, ailəsindən uzaqlaşdıran, mənəviyyatını alçaldan və nəhayət, bütün arzularının üstündən xətt çəkənlərdir. Səfil həyat tərzi bu dünyanın insanlarının bütün vücuduna elə bir “naxış” vurur ki, onlar hamısı bir-birinə bənzəməyə başlayırlar. Bu dünyaya qonaq olan nə gözəl qızlar, oğlanlar gördüm, bir-iki aydan sonra tanınmaz oldular: eybəcərləşdilər, alçaldılar, rəzilləşdilər, qürursuzlaşdılar... O dünyanın dağılmasını istəyirəm, altının üstünə çevrilməsini istəyirəm. Çünki orada həyat yoxdur. Orada ancaq tüstülü-dümanlı bir çevrə var. O dünya yalnız bundan ibarətdir. Bu dünyamızın rənglərinin heç biri orada yoxdur. Mən bu rəngləri sevirəm, mən yaşamaq istəyirəm...
Əziz valideynlər, sözüm sizədir...
Uşaqlarınızı qoruyun, əziz atalar, əziz analar. Qoruyun onları. O nəfəsləri gül ətirli, vücudu bu gözəl dünyamızın saf, təmiz havası ilə sağlamlıq saçan, cəmiyyətimizin gələcəyi olan uşaqlarınızı qoruyun. Onların hər saatına diqqət edin, vaxt ayırın. Bütün məşğuliyyətlərinə nəzarət edin.
Düşünməyin ki, kiçikdirlər, onları elə kiçik yaşlarından qoruyun. Məktəbdə təhsilə başlayanda ki, nəzarətinizdən müəyyən qədər uzaqlaşırlar, bax, o vaxtdan qoruyun onları. Məktəbdə nə yediklərindən, nə içdiklərindən, kimin onlarla nə mövzuda söhbət etdiklərindən tutmuş kiminlə oturub-durmalarına, dostluq etmələrinə qədər hər gün sorğu-sual edin. Şübhələndiyiniz an izləyin övladınızı. Çünki ətrafı onun həyatını məhv etmək istəyənlərlə doludur.
Vaxt ayırın onlara, söhbət edin. Övladlarınızla dost
olun. Onları özünüzə o qədər
bağlayın ki, sizinlə dostluğu başqa bir dostluqla əvəz
edə bilməsinlər. Mən valideynlərimin mənimlə
dost olmaması səbəbindən o çirkab dünyanın
sakini oldum. Mənə vaxt ayırmamaları özünü
dost adlandıran o murdar insanlarla əlaqəmə səbəb
oldu.
Əvvəllər
çox sevinirdim, onunla dost olduğum üçün
özünü xoşbəxt hiss edirdim. Bir yerdə
çay içirdik, parkda əylənirdik, gəzirdik,
oynayırdıq. Elə bir münasibət
yarandı ki, aramızda, ta ona “yox” sözünü deyə
bilməzdim. Sonra onun çirkin təklifləri
ilə də razılaşmalı oldum. Açığı
əvvəl-əvvəl bu təkliflərin nə məna
daşıdığını anlamırdım. Dostluq münasibətlərindən biri kimi
qarşıladım. Lakin illər sonra həmin
illərə bu gündən baxanda “o dostlara” ən qatı
düşmən deyirəm. Çünki yalnız
düşmən adamı belə yaşaya-yaşaya məhv edə
bilər...
Uşaqlarınıza
çox xərclik verməyin
Bu gün üzümü atama tutub demək istəyirəm
ki, ata, mənim bu yola düşməyimin səbəbkarı
sənsən.
Sən günahkarsan. Hər
gün məktəbə gedəndə mənə lazım
olduğundan artıq xərclik verirdin. Anam
dəfələrlə sənə “Ona bu qədər xərclik
lazım deyil. Məktəbdə nə edəcək
o qədər pulu. Çox olsa, su alıb
içər, bir də nə isə yeyər. Onun üçün bu qədər pula ehtiyac yoxdur
axı”,-deyirdi. Sənsə “Sənin işin olmasın,
kişinin cibində pul olar”,- deyirdin.
Nə qədər səhv düşüncədə
imişsən ata. Mən uşaq idim, hələ kişiləşməyimə,
özümü dərk etməyimə, pulu necə xərcləməyimə
sən demə illər varmış. Anam
dediyi kimi, əvvəllər o pulla məktəbdə tənəffüslərdə
ehtiyaclarımı ödəyirdim. Lakin
verdiyin pulun cüzi bir hissəsi xərclənirdi. O bitməmiş
sən yenə mənə pul verirdin. Mən nə
etmişdim? Evdə özümə
kartondan yaxşı bir daxıl düzəltmişdim. Hər gün artıq qalan pulları həmin
daxıla atırdım. Fikirləşirdim
ki, dərs ilinin sonunda daxılımı açacağam,
atama göstərib, nə qədər pul
yığdığımı göstərəcəyəm.
Hər gün verdiyin pullar narkomaniyaya
qurşandığım ilk günlərdə, aylarda
ehtiyacımı ödəyirdi. Hələ
dostlarım da sənin mənə verdiyin xərclikdən
istifadə edirdilər. Lakin aylar sonra hər
gün verdiyin pul heç mənim özümün
ehtiyacımı ödəmirdi, nəinki dostların. Belə olanda onlar məndən uzaqlaşmağa
başladılar. Bu, əvvəllər mənə
çox pis təsir edirdi. Sanki ən
yaxınlarımı, doğmalarımı itiribmişəm
kimi. Ancaq onları anlamağım çox
sürmədi. Anladım ki, onlar nəyə görə
mənimlə dost imişlər.
Aylar ötdükcə artıq sənin verdiyin xərcliklə
məktəbdə heç nə alıb yeyə bilmirdim. Qıymırdım
o pula. Dəfələrlə susuz
qalırdım, lakin yenə o puldan xərcləyə bilmirdim.
Bilirsən niyə? Çünki
onu daha vacib ehtiyacım üçün saxlayırdım.
O elə bir ehtiyac idi ki, artıq həyatımda ondan öndə
olan heç nə yox idi.
Dərslərimdə gündən-günə geriləyirdim. Məktəbə
gecikir, heç getmək istəmirdim. Dəfələrlə
səni vəziyyətimlə əlaqədar
çağırdılar, xəbərdar etdilər. Sən də məni yüngülcə tənbeh
etdin, bununla da hər şey bitdi. Yenə də
həmin xərcliklər, yenə də həmin münasibət.
Mənsə artıq əvvəlki mən
deyildim. Bəzən özümə nifrət edirdim, “mən
gör hansı yoldayam, İlahi, qayıt, qayıt, nə qədər
ki, gec deyil qayıt”, - deyirdim. Çünki məktəbdə,
evdə, nəqliyyatda, hər yerdə düşdüyüm
yolun dəhşətindən, ziyanından
danışırdılar. Lakin qayıda
bildimmi? Xeyr, qayıda bilmədim,
çünki mən aldanmışdım. Bu barədə məlumatlı ola-ola
aldadılmışdım. Demək ki, məlumatlı
olmaq yetərli deyil, həm də gərək
ağıllı, iradəli, güclü olub aldanmayasan.
Əziz ata, gün o gün oldu ki, daxılım da
açıldı. Oradakı pulları götürdükcə
yerinə gəncliyimi, arzularımı, xəyallarımı
qoyurdum. Bu geniş dünya mənim xəyallarım,
arzularım üçün deyilmiş sanki, onların yeri
daxılmış, orada yaşanmamış qalması
üçün... Artıq mənə hər
gün verdiyin puldan dəfələrlə artıq pul istəməyə
başlamışdım səndən. Sənsə
“nə üçün istəyirsən” soruşmadan verirdin.
Kaş ki soruşardın...
Səni qınamıram, bəlkə də mənə
inamından, güvənindən edirdin bunu, özünə
sığışdırıb hara xərclədiyimi
soruşmurdun.
Amma mən sənin güvəndiyin oğlun
deyildim. Bunu haqq belə etmirdim. Mən iradəsi zəif, nankor biri idim,
aldanmışdım, şirin dillərə, “dostunam” deyənlərə
aldanmışdım.
Nə yaxşı ki, anam vardı. Onun
gözündən yayınmadı düşdüyüm vəziyyət.
Bir gün anladı mənim hansı yolda
olduğumu. O həmin günlər idi ki, artıq mən
öz doğma evimdən oğurluq etməyə
başlayırdım. Hər dəfə
özümə nifrət edə-edə əl uzadırdım,
özümdən özümü oğurlayırdım.
Lakin elə bir bəlaya düçar olmuşdum
ki, o, ləyaqət, mənlik məfhumlarını
almışdı məndən.
Ağ yol
- səfil həyat
İsti,
rahat, hüzurlu evlərimizlə küçə dalanları,
zirzəmilər, xoşbəxt günlərimizlə bədbəxtliyimiz
arasında bir yol var. Bu yol aldanmışların, yolundan
çıxarılmışların, mənliyindən qoparılmışların,
uşaqlığına, gəncliyinə qocaman bir
yaşlılıq çökmüşlərin, özünə
nifrət etdiyini hiss edə-edə yalan danışanların,
oğurluq edənlərin, küçələrdə
şpris, məişət tullantıları arasında yemək
qalıqları axtaranların yoludur. Bu yol səfil
bir həyatda bitir. Sən burada yeni bir həyata
başlayırsan. Burada real həyatdakı
rənglər yoxdur. Ağ-qara və boz rənglərdən
ibarət bir həyat var. Ağa da ağ
demək olmaz, o, əlindəki qara kabusdur. Tüstüləndirib
ətrafa yaydıqca hər tərəfdən ölümə
doğru qaranlıq yollar açılır. Bu yol sənin yolundur. Sənsə
o yollarla irəliləyə bilmirsən. Çünki
hələlik ölüm üçün hazır deyilsən.
Çünki qarşıda daha da rəzilləşəcəksən,
alçalacaqsan, aclıq-susuzluqdan bayılacaqsan, əl
açıb dilənəcəksən. Hələ
çox real həyatdan qaçacaqsan, oradakı insanlardan gizlənəcəksən.
Hələ çox hansısa binanın
rütubətli zirzəmisində torpağın üzərində
günlərlə ağzından köpük daşlanacaq,
barmaqlarınla torpağı cırmaqlayıb həyatla
mücadilə edəcəksən. Bütün bunlardan
sonra ağ yol səni ölümə
götürəcək. Uşaqlığınla,
gəncliyinlə vidalaşıb zirzəmilərdə kimlərsə
duyanadək qoxuyub qalacaqsan.
Dostunuzu,
rəfiqənizi düzgün seçin
Tanımadığınız insanların sizinlə
uzun-uzadı dialoq qurmasına imkan verməyin. Küçədə kimlərinsə
satdığı sizə tanış
olmayan konfetləri, saqqızları almayın. Əziz
uşaqlar, yeniyetmələr, gənclər, hər “dostam” deyənə
inanmayın. Bu cür dostlar “xüsusi”
dostlardır. Sizi ailənizdən, cəmiyyətinizdən,
məktəbinizdən, universitetinizdən, sevdiklərinizdən,
arzu və xəyallarınızdan qoparmaq üçün sizə
yaxınlaşırlar. Onlar
yollarını azmışlardır. Yeni
ov məqsədilə sizə yaxınlaşırlar. Kimlərinsə
tapşırığını yerinə yetirmək, əvəzində
nə isə almaq məqsədilə sizinlə dost olmağa,
sizi real həyatınızdan o qaranlıq dünyaya aparmaq
üçün əldən-ayaqdan gedirlər. Onlardan
kənar olun. Dostunuzu ən yaxşı
tanıdığınız ailələrdən seçin.
Bu söhbətə qızlarımızı da daxil etmək
istəyirəm. Çünki bu gün narkomaniyanın
ağuşuna aldığı yüzlərlə qız var.
Onlar da rəfiqə seçimində yanılıblar. O
rəfiqələr həmin qızlardan yetərincə istifadə
edəndən sonra həyatlarını da məhvə
sürükləyiblər.
Hər dəfə
həmin qızları görəndə gözlərim
qarşısında onları ağ gəlinlikdə,
qucaqlarında körpələri ilə
canlandırmışam. Onlar bu miskin
görünüşə layiq deyillər. Əyinlərindəki nimdaş, miskin pal-paltar, səliqəsiz,
çirkli görünüş heç onlara yaraşmır.
Mən onların deşik-deşik olan
qollarında gözəl bir oğlan və ya qız
övladı görmək istəyirəm. Səfil həyata atdıqları addımlarından
vaz keçib gözəl bir evə doğru
addımlamalarını görmək istəyirəm. Bihuş olub hara gəldi qoyduqları
başlarını ağıllı-kamallı bir
oğlanın çiynində görmək istəyirəm.
Qızlarımız qadındır, xanımdır,
anadır. Onların
yeri küçələr, zirzəmilər, dalanlar,
xarabalıqlar ola bilməz. Onlar
ən yaxşı evlərdə gəlin olmalıdırlar.
Dünyaya övlad gətirməli, onun tərbiyəsi,
təhsili ilə məşğul olmalı, firavan həyat
yaşamalıdırlar.
Elə oğlanlarımız da qızlarımızın
yanında olmalıdırlar. Onlar səfil həyatı
haqq etmirlər. Onlar ən yaxşı ailə
başçıları olmağa layiqdirlər. Ata, baba olmağa, evlərinin yükünü
çiyinlərində daşımağa, cəmiyyətimiz
üçün layiqli vətəndaşlar yetişdirməyə
layiqdirlər.
Övladınıza
vaxt ayırın ki, sabah onu küçələrdə
axtarmayasınız
Bütün bunlara görə, əziz valideynlər,
övladlarınıza nəzarət edin. Onlara vaxt ayırın,
yanlış dost, rəfiqə seçmələrinin
qarşısını alın. Qoyun əlinizdən
telefonları bir kənara, çəkilin televizorların
qarşısından. Gün boyu işdə,
öz əyləncələrinizin, problemlərinizin
arxasında olursunuz. Evə gələndə
isə telefonlarınızı əlinizə
götürüb başınızı saatlarla yuxarı
qaldırmırsınız. Televizorun
qarşısında əyləşib bir-birinin ardınca
seriallar izləyirsiniz. Ta bilmirsiniz ki, lap
yaxınlığınızdakı övladınızın
taleyi ilə bağlı yeni həyat hekayələri
yazılmaqdadır. O hekayələr ki, sabah
bir film kimi tamaşa edəcəksiniz. Gözlərinizdən
dayanmadan yaş axacaq bu acı həyat hekayəsinə.
Uşaqlarınıza vaxt ayırın. Çünki bu gün
ayırmadığınız vaxt üçün sabah aylarla küçələrdə
onları axtaracaqsınız, müalicə olmaları
üçün xəstəxanalara ayaq döyəcəksiniz...
Öz-özünüzə “nə
üçün belə oldu?” sualını verəcəksiniz.
O sualların cavabı bu gün sizdə, onlara
ayırmadığınız vaxtdadır. Nəzarət
edin onlara. Yeri gələndə
qadağalar qoyun. Lakin
övladınızı qurban verməyin. Onları
qurbanlara çevirməyin. Kimlərəsə
yem etməyin.
Buraxmayın onları həyatın axarına. Bu axar sel olub
onları qarşısına alıb aparar. Bu axar külək olub onları sizdən birdəfəlik
qoparar. Xətt çəkməyin taleləri
üzərindən. Qoyun onlar cəmiyyət
üçün layiqli insan olsunlar. Ali təhsil
alsınlar, ən yaxşı vəzifələrdə
çalışsınlar. İdmançı
olsunlar. İdman zallarında
vaxtlarını keçirsinlər. Əsgər
olsunlar, sərhədlərimizdə Vətənimizi qorusunlar.
Vaxt ayırın övladlarınıza. Ayırmasanız, sabah bu gün ayırmalı
olacağınız vaxtdan çox vaxt ayıracaqsınız
onlara. Hər dəqiqəniz onları
düşünməklə ötəcək. Bu dəqiqələrə kədər, əzab
qarışacaq, sizin yuxularınızı ərşə
qaldıracaq. Onları evə qaytarmaq istəyəcəksiniz,
lakin gücünüz çatmayacaq. Çünki
artıq onlar getmişlər, əldən də, evdən də,
həyatdan da getmişlər.
Övladınız gözünüzün
qarşısında həyatla mücadilə edəcək. Dözə
biləcəksinizmi buna? Nə yaşaya, nə
ölə biləcəkdir. Canınızın
bir parçası əzab çəkdikcə siz əriyəcək,
məhv olacaqsınız. Özünüzə
Allahdan ölüm arzulayacaqsınız ki, göz bəbəyinizin
zülmlərini görməyəsiniz. Hansı
ki, vaxtında ayırdığınız vaxt bütün
bunların yaşanmasına izn verməzdi.
Saatlarınızı,
günlərinizi sərf edin, onları məhv olmağa
qoymayın... Onları məhv edənlərlə
mübarizə aparın. Yığışın,
əlbir olun, həmrəy olun, toplaşın bir yerə,
dağıdın, parçalayın, cilikləyin
narkomaniyanı. Qoy məhv olsun, insanlardan əl
çəksin. Onların ruhları kimi, zəifləmiş
bədənlərinə bir də QİÇS-i, vərəmi,
hepatiti qonaq etməsin.
Qəti
şəkildə “yox” deyin narkomaniyaya. Dünyaya
səs salın, hər kəsi bu bəlanı ölümə
sürükləməyə çağırın. Siz bunu bacararsınız. Çünki
siz insanlar onun bu qədər yayılmasına səbəbkarsınız.
Siz də qarşısını almağa səbəbkar ola bilərsiniz...
Yaşamaq
istəyirəm...
Bu, tək mənim deyil, narkomaniyaya aludə olan hər
bir insanın arzusu, son qərarıdır. O yolla getdikdən sonra bu
dünya ilə o dünyanın fərqini görüb gəldiyi
qənaətidir. Çünki bu həyatın,
yaşamağın nə qədər mənalı olduğunu
dərk edirlər. Lakin təəssüf
ki, kimi bu həyata qayıda bilir, kimi isə getdiyi o yoldan geri
dönə bilmir, bu dünyanın gözəlliklərini o
dünyanın çirkinliyinə qurban verir.
O qorxunc
yoldan geri çağırın gedənləri. Çağırırsınız, bilirəm. Daha artıq çağırın. Məni də çağırdılar. Döndüm baxdım. Sanki bu
çağırışı illərdi ki, gözləyirdim.
Bir çağırışa bənd idim ki,
qayıdam öz ləyaqətli həyatıma. Darıxmışdım bu həyat
üçün. Alçalmaqdan, miskinləşməkdən,
ləyaqətimi hər gün bir az itirməkdən
bezmişdim. İnanın, mənim kimi
çoxları bu fikirdədir. Qaytarın
onları, geri çağırın. Onlar
səhvlərini çox gözəl anlayırlar. Lakin qayıtmağa cəsarətləri
çatmır. Bir də ətrafdakı
mühit onlara mane olur.
O
qaranlıq həyat elə bir həyatdır ki, hər kəs
oradan qaçıb canını qurtarmağa
çalışır. Şükürlər
olsun ki, qaça bildim. İndi müalicə
alıram. Düşünəndə ki, məni
qarşıda əvvəlki-o yola düşmədən
öncəki həyat gözləyir, sevincimdən
ağlayıram. Mən evə
qayıdacağam, doğmalarım, əzizlərim olan evə.
Mən ailə quracağam, ata olacağam. Bu nə gözəl bir hissdir, İlahi. Mən övladımı necə qoruyacağam,
bilirsinizmi? Göz bəbəyim kimi
qoruyacağam. O, heç vaxt mənim kimi ola
bilməz, heç vaxt. O, ölkəmizin ən layiqli vətəndaşı
olacaq. Mən onun əlindən tutub parkları,
muzeyləri, kitabxanaları, abidələri gəzdirəcəyəm.
Bu həyatın bütün gözəllikləri
ilə içini dolduracağam. Ona elə
gözəlliklər bəxş edəcəyəm ki,
heç bir qüvvə bunun yerini ala bilməyəcək.
Mən işləyəcəyəm, halal zəhmətimlə övladımı böyüdəcəyəm. Səhər işə, axşam evə tələsəcəyəm. Bütün qalan ömrümü yaxşı ailə başçısı olmağa sərf edəcəyəm. Bütün bunlara görə yaşamaq istəyirəm. Bunları görmək üçün yaşamaq istəyirəm.
Sən demə həyatda olmaq yaşamaq demək deyilmiş. Narkomaniya aləmində həyat yoxdur. Oradakılar ölülərdir, ruhlardır, dolanırlar: düşüncəsizcəsinə, heysiyyətsizcəsinə, ləyaqətsizcəsinə... Mənəviyyatları məhv olub onların. Qaytarın onlara mənəviyyatlarını. Çıxarın əyinlərindən çirki paltarlarını, qaytarın onları bu gözəl həyata.
Mən yaşamaq istəyirəm, səhvlərimi düzəltmək üçün, insanları aldadanlarla mübarizə aparmaq üçün yaşamaq istəyirəm. Bir gün bütün dünyanın narkomaniya əleyhinə ayağa qalxmasını, kimlərəsə sərf edən bu biznesi od vurub yandırmasını istəyirəm. Bütün bunları o alovlarda yanan biri kimi gözlərimlə görmək üçün yaşamaq istəyirəm...
Mətanət MƏMMƏDOVA
Səs.- 2022.- 3 avqust.- S.12-13.