Dini turizm məkanı: "Diri Baba" türbəsi  

 

   

 

Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva "Diri Baba" türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış olublar

Dini ocaqlarımıza, məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyinin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Söz yox ki, Azərbaycan dünyəvi, müasir, dünyaya açıq olan dövlət olmaqla yanaşı, milli dəyərlərə, adət-ənənələrinə də böyük hörmətlə yanaşan bir ölkədir. Dövlət başçısının mütəmadi olaraq din xadimləri ilə görüşməsi, dini konfessiyalara maddi yardımlar edilməsi, dini ibadət yerlərinin təmir-bərpa olunması fikirlərimizə əsas verir. Təbii ki, bu Azərbaycanın iqtisadi gücü olması ilə yanaşı, əmin-amanlığın hökm sürməsi kimi mühüm faktorlarla irəli gəlir. Onu da qeyd edək ki, ölkəmizə səfər edən turistlər tariximiz, mədəniyyətimizlə yaxından tanış olmaqla yanaşı, Azərbaycanda hökm sürən dini tolerantlığı, multikultural dəyərləri görürürdini mənsubiyyəti əks etdirən maddi-mədəniyyət nümunələrinə də böyük maraq göstərirlər. Ərazisində qədim tarixi yerlərin, dini abidə və məkanların olduğu Azərbaycanda turizmin bütün növlərinin inkişafına xüsusi önəm verildiyi zamanda dini turizmbu sırada özünəlayiq yer tutur. Ölkəmizdə kifayət qədər ziyarətgah yerlərimiz var ki, bu da hər bir kəsdə maraq oyatmış olur. Naxçıvan ərazisindəki Əshabi-Kəhf, Bakıda Bibiheybət məscidi, Nardaran piri, Mirmöhsün ağanın məqbərəsi, Gəncədə İmamzadə piri geniş tanınan ziyarət yerləridir ki, turistlər də bu yerləri ziyarət etməkdə maraqlıdırlar. Ölkəmizdə olan yüzlərlə belə yerlərin adını çəkmək olar. Bu sırada "Diri baba" piri də əhəmiyyət kəsb edir. "Diri baba" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il qərarı ilə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur.

 

TÜRBƏ ŞİMAL-QƏRB TURİZM DƏHLİZİNDƏ VACİB DAYANACAQ KİMİ TURİSTLƏRİ QƏBUL EDİR

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci Xanım Mehriban Əliyevanın avqustun 12-də Qobustan rayonuna səfəri zamanı burada yerləşən "Diri Baba" türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış olmaları bir daha dini abidələrimizə dövlətimiz tərəfindən göstərilən qayğının və dini turizmin inkişafına ayrılan diqqətin bariz nümunəsidir. 1402-ci ildə Şirvanşah hökmdarı I İbrahimin əmri ilə tikilən "Diri Baba" türbəsi dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli memarlıq abidəsidir. Sufi şeyxlərindən birinin şərəfinə tikilən türbənin bir hissəsi qaya içərisində yerləşdiyindən Qafqazın ən nadir abidələrindən hesab olunur. İkimərtəbəli türbə, yaxınlığında yerləşən süni şəkildə yaradılmış bir neçə mağarakaha, həmçinin üzbəüz orta əsrlərə aid qəbiristanlıq və qədim türbə qalıqları birlikdə vahid bir kompleks əmələ gətirir. "Diri Baba" türbəsi Orta əsr Şirvan-Abşeron memarlığına aiddir. Bu binanın memarlıq üslubu onu XV əsrdə Bakıda inşa edilmiş görkəmli abidələr, xüsusilə Şirvanşahlar saray kompleksi ilə bağlayır. Türbə müqəddəs məkan sayılır və insanlar bu türbəyə tapınıb və tapınır. Bu nadir maddi-mədəniyyət incisi haqqında el-oba camaatı arasında müxtəlif rəvayətlər hələ də dolaşmaqdadır. "Diri baba" müqəddəs bir məkandır və bütün Şirvan eli əsrlər uzunu bu ocağa tapınıb. "Diri baba" bu gün də əzəmətlidir. Ətrafında əsaslı abadlaşdırma işləri aparılıb. Türbə Azərbaycanın şimal-qərb turizm dəhlizində birinci vacib dayanacaq kimi, il ərzində xeyli sayda turist qəbul edir. Ərazidə turizm imkanlarının yaradılması yerli kiçik sahibkarlığın və icma əsaslı turizm dəyər zəncirinin formalaşmasına, bölgənin digər turizm əhəmiyyətli abidələrinin turizm potensialından istifadəyə və regional turizm klastrının yaranmasına töhfə verəcək. Abidənin tarixi-mədəni əhəmiyyəti ilə yanaşı, turizm potensialı qiymətləndirilərək, həmçinin antropogen və təbii amillərin təsiri ilə deqradasiyaya uğramasının qarşısını almaq məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən burada bir sıra infrastruktur və bərpa işləri aparılıb. Ərazidə bulaq, qurbangah və söhbətgah tikilib, meydan döşəməsi yenilənib, türbəyə qalxan pilləkənlər yenidən üzlənib, ərazi abadlaşdırılaraq oturacaqlar quraşdırılıb. XV əsrə aid və abidənin ayrılmaz tərkib hissəsi olan tarixi qəbiristanlığın ərazisində 40 qəbir tədqiq edilib və annotasiyası hazırlanıb. Qəbiristanlığın ərazisi abadlaşdırılıb, burada şeyxlərdən birinin türbəsi aşkar edilərək arxeoloji işlər aparılıb. Abidənin ətrafındakı 8 mağara tədqiq olunub, onlardan bir neçəsi turistlərin ziyarət edə bilməsi üçün təmizlənərək hazır vəziyyətə gətirilib. Bu abidənin daş kitabəsi tədqiq edilərək rəqəmsal surəti çıxarılıb.

 

DİNİ ZİYARƏTGAHLARIMIZA, MADDİ-MƏDƏNİYYƏT ABİDƏLƏRİMİZƏ YENİ HƏYAT VERİLİR

 

Bu gün ölkəmizdə bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir, eləcə də bir çoxları yenidən tikilir. Dövlətimiz tərəfindən tarixi-mədəni irsin, eləcə də dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır və bu siyasət işğaldan azad olunmuş torpaqlarımızda da uğurla davam etdirilir. Çoxəsrlik tarixə malik olan abidələrimizə, dini ziyarətgahlarımıza, maddi-mədəniyyət abidələrimizə yeni həyat verilir. Bu gün ölkəmizdə 2200-dən artıq məscid mövcuddur, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bununla yanaşı, ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyətdədir. Azərbaycanda dini abidələrin dövlət tərəfindən qorunması, bərpası və tikintisi milli dəyərlərimizə olan münasibətin təzahürüdür. Müstəqillik dövründə yüzlərlə dini abidələrin bərpası və tikintisi fikrimizi əsaslandırır. Azərbaycan xalqının milli-mənəvi və dini dəyərlərinə böyük ehtiramla yanaşan Ümummilli Lider Heydər Əliyev müstəqilliyin ilk illərində sovet dövründə fəaliyyəti dayandırılmış və yararsız vəziyyətə düşmüş məscidlərin bərpası və yenidən qurulmasına xüsusi önəm verib. Belə ki, Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, dağıdılmış tarixi Bibiheybət məscid-ziyarətgah kompleksi yenidən tikilərək 1998-ci ildə istifadəyə verildi. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dini məbədlərin bərpası və təmiri, eləcə də yenidən tikilməsi Prezident İlham Əliyev tərəfindən daha genişmiqyaslı şəkildə davam etdirildi. Tariximiz, xalqımız üçün çox böyük əhəmiyyət daşıyan Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı cümə məscidləri və digər məscidlər yenidən qurulmuş və əsaslı təmir edilmişdir. Bakıdakı Heydər Məscidi, Gəncədə "İmamzadə" kompleksi kimi binalar da Azərbaycan milli memarlığının və incəsənətinin nailiyyətlərinin parlaq nümunələri olmaqla yanaşı, insanların ibadət və dua etmələrinə imkan yaradır. Azərbaycanda paytaxt Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində "Xanım Fatimeyi Zəhra" məscidinin müasir kompleksinin istifadəyə verilməsi müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpasına dövlətimiz tərəfindən ayrılan diqqətin daha bir göstəricisi oldu. Məscidin qəzalı vəziyyətdə olan əvvəlki ikimərtəbəli binasında dindarların ibadəti üçün heç bir şərait yox idi. Məsciddə eyni vaxtda maksimum 500-550 nəfər ibadət edə bilirdisə. indi daha müasirgeniş məscid kompleksində eyni zamanda, 1800 nəfərin ibadət etməsinə şərait yaradılıb. Əminliklə deyə bilərik ki, dini abidələrimizin təmir və bərpası Azərbaycanda bu sahədə dövlət siyasətinin real mənzərəsinin ifadəsidir. Dini ocaqlara olan münasibət Azərbaycanın bugünki həqiqətlərinin təzahürüdür. Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına böyük töhfələr verən Heydər Əliyev Fondunun layihələri sırasında "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində həm müsəlman məscidləri, həm də xristian kilsəsi bərpa edilib. Cənab İlham Əliyevin bildirdiyi kimi, bu gün müstəqil Azərbaycan istənilən məsələ ilə bağlı fəxr edə bilər: "Həm siyasi, həm beynəlxalq nüfuzumuz artır, həm də iqtisadi inkişaf göz qabağındadır və dinlərarası, millətlərarası münasibətlər ən yüksək səviyyədə təmin olunur". Dünya xalqları arasında özünəməxsus yeri olan Azərbaycan bəşəri ideyaları, adət-ənənələri, maddi və mənəvi xəzinəsi ilə zəngin irsə sahibdir. Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi dünyaya töhfəsini verir. Bu sahəyə dövlət qayğısının artması dəyərlərimizi dünyada tanıtmaq sahəsində əhəmiyyətli rol oynayır. Təbii ki, görülən bu işlərdə əsas məqsəd vətəndaşların rahat ibadət etmələrini təmin etməkdir.

 

TOLERANTLIĞIN KİÇİK MODELİ OLAN NİC QƏSƏBƏSİ

 

Tolerantlıq mühitinin hökm sürdüyü Azərbaycanda Avropa ölkələrindən gələn turistlər xristianlıqla bağlı abidələrə də üz tuturlar. Şəkinin Kiş kəndindəki alban məbədi, Qəbələnin Nic kəndindəki alban kilsəsi bu qəbildəndir. Azərbaycanda yaşayan qədim yəhudi, xristian, udin və digər milli azlıqların yaşayış məskənləri olan Krasnaya Sloboda, İvanovkabaşqa kəndlər dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub. Qəbələ də müxtəlif xalqların bir məkanda yaşadığı yerdir. Bura gələn hər kəs multikulturalizmin Azərbaycanda yaşadığını və bu yaşam tərzinin sülhdostluq üçün unikal model olduğunu görürlər. Fərqli dinin, fərqli etnosun yaşadığı Nicin timsalında Azərbaycanda mövcud olan multikulturalizmi görməmək mümkün deyildi. Nic kəndi udilərin ən iri yaşayış məskənidir. Tolerantlığın kiçik modeli olan Nic qəsəbəsində hazırda 3 kilsə, 2 məscid var. Ölkəmizdə tarixən mövcud olmuş multikultural dəyərlər sistemininXristian, İudaizmİslam kimi üç səmavi dinin, bu dinlərə etiqad edən etnosların dini icmalarının və kilsə, sinaqoq və məscidlərin mövcud olduğu, eləcə də müxtəlif azsaylı xalqetnik qrupların birgə yaşadığı regionlarımızdan biri də Qəbələ rayonudur. Dünyadakı 10 minə yaxın udinin 4 minə yaxını Qəbələnin Nic qəsəbəsində yaşayır. Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsi 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmağa başlanmış və 2020-ci ilin noyabr ayında 44 günlük müharibə zamanı bərpa işləri başa çatdırılmışdır. Bu tarixi irsin yenidən bərpası Azərbaycanda multikultural dəyərlərə verilən önəmin bir göstəricisidir. Udilər bu gün alban kilsəsinin varisləridir, xristianlığı qoruyub saxlayıblar. Müqəddəs Məryəm Ana kilsəsi Azərbaycanda ən böyük kafedral kilsədir. Tarixi özündə əks etdirən Müqəddəs Məryəm Ana kilsəsinin bərpası Afina memarlığına uyğun olaraq aparılmışdır. Əlbəttə ki, ölkəmizə səfər edən turistlər üçün bu məkanlar böyük marağa səbəb olur.

Bütün xalqların nümayəndələrinin ölkəmizdə azad və əmin-amanlıq şəraitində dini bayramlarını qeyd etmələri onu göstərir ki, ölkəmiz bütün xalqların, bütün səmavi dinlərə tapınanların azad yaşadığı bir dövlətdir.

 

Zümrüd BAYRAMOVA

 

Səs.- 2022.- 13 avqust.- S.5.