İnkişaf və tərəqqi ünvanı: Naxçıvan

 

 

Naxçıvan Muxtar Respublikasının yaranmasının 98-ci ildönümündə

 

Fevralın 9-u Naxçıvan Muxtar Respublikasınını yaranmısının 98-ci ildönümüdür. Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: “Naxçıvanın muxtariyyəti tarixi hadisədir. Bu, çətin bir dövrdə böyük mübarizənin nəticəsi olubdur”.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov respublikanın yaranmasının 98-ci ildönümündə çıxışında bildirib ki, Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki Naxçıvanın muxtariyyətinin 2 mərhələsi xüsusilə çətin və mürəkkəb dövr olmuşdur. Bunlardan biri 1920-1924-cü illəri əhatə edən muxtariyyətin yaranması, digəri isə 1990-1993-cü illərdə muxtariyyətin qorunub saxlandığı dövrdür. Naxçıvan 1990-1993-cü illərdə Ümummilli Liderimizin də dediyi kimi “Taleyin ümidinə buraxılmış tənha ada”nı xatırladırdı. Doğrudan da, əgər 1920-1924-cü illərdə böyük mübarizənin nəticəsində muxtariyyət statusu qazanılmışdısa, 1990-1993-cü illərdə isə Naxçıvan taleyin ümidinə buraxılmış tənha bir adanı xatırladırdı. Ölkə Prezidentinin də dediyi kimi, “Heydər Əliyev öz vətəninə, doğulduğu yerə - Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.

 

Ali Məclisin Sədri Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində əhəmiyyətini vurğulayaraq Ümummilli Liderimizin “Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən ən böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq”, - fikirlərini diqqətə çatdırıb.

 

NAXÇIVAN VƏ HEYDƏR ƏLİYEV AMİLİ AYRILMAZ FAKTDIR

 

Zəfər dolu tarix yazan, Ulu Öndərimizin ideyalarının işığında sürətlə inkişaf edən və yüksələn əlverişli təbii-coğrafi mövqeyi, Şərqlə Qərbi birləşdirən qədim İpək yolunun üstündə yerləşməsi bu diyarı fatehlərin, böyük dövlətlərin geosiyasi maraqlarının kəsişdiyi regiona çevirib. Ərazisi dəfələrlə işğal olunsa da, əldən-ələ keçsə də, qədim yurdumuz heç vaxt məğlubiyyətlə barışmayıb, sonda zəfər qazanıb, xalqımıza məxsus mədəniyyəti, adət-ənənələri, ən vacibi isə, tarixi ərazisinin böyük bir hissəsini qoruyub saxlaya bilib, müasir dövrümüzədək gətirib çıxarıb.Müasir Müstəqil Azərbaycan Respublikası kimi, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının mövcudluğu və bugünkü inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1991-ci il sentyabrın 3-də Muxtar Respublika Ali Məclisinin fövqəladə sessiyasında qədim diyarın sakinlərinin təkidli tələbi və arzusu ilə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsini öhdəsinə götürdü.

 

1992-ci ilin noyabrında Naxçıvan şəhərində Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. Həmin dövrdə Naxçıvan bütün ölkədə milli-demokratik hərəkatın mərkəzi, möhkəm dövlətçiliyin, siyasi sabitliyin mövcud olduğu bir bölgə idi. XX əsrin 90-cı illərinin əvvəlində, SSRİ-nin süqutu ərəfəsində yaranmış şəraitdən istifadə edən Ermənistan Azərbaycana qarşı açıq silahlı təcavüzə başlayanda Naxçıvan Muxtar Respublikası da çətin sınaq qarşısında qaldı. Diyarı Azərbaycanın əsas ərazisi ilə birləşdirən yollar bağlandı, Naxçıvan blokada şəraitində yaşamağa başladı. Azərbaycan o vaxtkı rəhbərliyinin muxtar respublikanın taleyinə laqeyd münasibəti vəziyyəti daha da çətinləşdirdi.1993-2003-cü illərdə də Ulu Öndər Heydər Əliyev bu diyardan qayğısını əsirgəmədi. Onun Azərbaycana ikinci dəfə rəhbərliyi dövründə muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı dövlət səviyyəsində qərarlar qəbul olundu, Naxçıvanı gözləyən təhlükələrdən və bəlalardan xilas etdi. Heydər Əliyev müdrikliyi, xalqa inamı, Heydər Əliyev-xalq birliyi Naxçıvanı xilas etdi.

 

Ulu öndər Heydər Əliyevin bütün fəaliyyəti muxtar respublikanın düşdüyü ağır vəziyyətdən çıxarılmasına, sərhəd kəndlərinin və muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsinə, sosial vəziyyətlərinin yaxşılaşdırılmasına, iqtisadi islahatların həyata keçirilməsinə, Naxçıvandan rus qoşunlarının çıxarılması və Milli Ordunun formalaşdırılmasına, Naxçıvanın blokadadan çıxarılmasına və beynəlxalq əlaqələrin yaradılmasına, qanunsuz silahlı dəstələrin ləğv edilməsinə və digər vacib məsələlərin həll edilməsinə yönəlmişdir. Qarşıya qoyulan bütün məsələlər Heydər Əliyev uzaqgörənliyi, cəsarət və qətiyyəti sayəsində həll edildi, Naxçıvan qorundu, onun düşmən əlinə keçməsinə imkan verilmədi. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı xilas etdi.1995-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici iqtisadi əlaqələr üzrə birinci müavini Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi ilə Naxçıvanda yeni siyasi şərait yarandı, gələcək uğurlu inkişafın əsası qoyuldu və qısa zamanda bu, öz nəticələrini göstərməyə başladı. Çünki Ali Məclisin Sədri muxtar respublikanın qarşılaşdığı problemlərə bələd idi və ondan çıxış yollarını da bilirdi. Qısa müddət ərzində muxtar respublikanın həyatının bütün sahələrində əsl canlanma müşahidə olunmağa başlandı. Quruculuq və abadlıq işləri geniş vüsət aldı. Həm paytaxtın, həm də bütövlükdə, muxtar respublikanın bütün yaşayış məntəqələrinin yeni inkişaf konsepsiyasına uyğun qurulmasının zəruri əsasları təsis edildi.

 

Müstəqillik illərində, xüsusilə 1995-2019-cu illər, yəni təqribən 25 il müddəti sosial-iqtisadi inkişaf baxımından Naxçıvan Muxtar Respublikasının tarixində mühüm mərhələ təşkil edir. Blokadanın yaratdığı çətinliklərə baxmayaraq, muxtar respublikanın daxili imkanlarından və ehtiyat mənbələrindən səmərəli istifadə olunmuş, həyata keçirilən sabitləşmə, dönüş və inkişaf konsepsiyası iqtisadi və sosial müstəvidə yüksələn xətlə davam etdirilmiş, iqtisadiyyatda müsbət meyllər daha da möhkəmləndirilmişdir. İqtisadi və sosial sahədə bütün makroiqtisadi göstəricilərin yüksəlişi təmin edilmiş, ümumi daxili məhsulun (ÜDM) həcmi 1994-cü ildə 37.288 min manat olduğu halda, 2019-cuu ildə 140 dəfə artaraq 2.839 milyon manat olmuşdur. Onun bir nəfərə düşən həcmi 6202 manat təşkil edir. Muxtar respublika sənayesinin əsas hissəsini emal sənayesi təşkil etsə də, əvvəllər muxtar respublika üçün o qədər də xarakterik olmayan maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, mebel, eləcə də yüngül və yeyinti sənayesi, kənd təsərrüfatı təyinatlı 900-ə yaxın istehsal və xidmət sahələri də yaradılmışdır.

 

Muxtar respublikada 90-cı illərin ortalarında 56 sənaye müəssisəsi olduğu halda, 2015-ci ildə 438-ə çatmışdı. 2013-cü ildə sənaye 29 faizlik payla ÜDM-in tərkibində ilk yerə çıxmışdır. 2019-cu ildə 1 milyard 15 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, 442 sənaye müəssisələrində 16.634 nəfər işçi çalışmış, 2010-cu ildə muxtar respublikada ilk dəfə olaraq minik avtomobillərinin istehsalını həyata keçirən “Naxçıvan Avtomobil Zavodu” MMC fəaliyyətə başlamışdır.

 

PREZİDENT İLHAM ƏLİYEV DÖVRÜ: 2003-2021-Cİ İLLƏRDƏ NAXÇIVANIN YÜKSLİŞİ

 

Ümummilli Lider tərəfindən əsası qoyulan bu işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Naxçıvan diyarını yeni inkişaf mərhələsinə çıxarmışdır. İndi Naxçıvan Muxtar Respublikası milli dövlət quruculuğu prosesinin fəal iştirakçısıdır, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir. Bir sıra göstəricilərə görə muxtar respublika ölkənin başqa regionlarından öndə gedir. Prezident İlham Əliyev qədim diyara səfərlərinin birində vurğulamışdır: "Mən hər dəfə Naxçıvana gələndə, yeni obyektlərin açılışında iştirak edəndə çox sevinir, qürur hissi keçirirəm ki, Azərbaycanın qədim torpağı olan Naxçıvanda belə gözəl işlər görülür".

 

Bu gün Ulu Öndərimizin siyasi xəttinin layiqli davamçısı dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır. Ulu Öndərin yoluna sədaqətin nəticəsi olaraq Azərbaycanın Naxçıvan Muxtar Respublikası da kompleks inkişaf mərhələsinə qədəm qoyub.

 

Azərbaycan Respublikası Prezidentinin 2003-2021-ci illərdə muxtar respublikaya səfərləri zamanı iştirak etdiyi tədbirlərin materialları və fotoşəkilləri, dövlət başçısının çıxış və müsahibələri əsasında hazırlanmış ensiklopedik nəşrdə Naxçıvanın ötən 18 ildə keçdiyi inkişaf yolu dolğun əks olunub. Dövlət başçısı kimi fəaliyyəti dövründə cənab İlham Əliyev 15 dəfə Naxçıvan Muxtar Respublikasına səfər edib, onun iştirakı ilə 100-ə yaxın təhsil, səhiyyə, idman və mədəniyyət müəssisələri, istehsal sahələri və hərbi təyinatlı obyektlər istifadəyə verilib.

 

2004-cü il mayın 12-də Prezident kimi muxtar respublikaya ilk səfəri zamanı Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş Naxçıvan Beynəlxalq Hava Limanının açılışında iştirak edən dövlət başçısı deyib: “Naxçıvan hər bir azərbaycanlı üçün əziz, doğma torpaqdır. Azərbaycanın qədim torpağıdır. Naxçıvanda son illər ərzində aparılan abadlıq, quruculuq işləri bizim hamımızı çox sevindirir. Çətin şəraitdə, blokada şəraitində yaşayan naxçıvanlılar böyük işlər görüblər. Bu hava limanının tikilməsi, şəhərdə digər obyektlərin inşa olunması, yüksək səviyyədə tikilməsi onu göstərir ki, Naxçıvan çox sürətlə inkişaf edir”.

 

Bu illər ərzində muxtar respublika iqtisadiyyatının inkişafı diqqətdə saxlanılıb. Həyata keçirilən tədbirlər kənd təsərrüfatının və sənayenin inkişafına səbəb olub, sahibkarlığa dövlət dəstəyi hesabına iri sənaye kompleksləri və yeni istehsal sahələri yaranıb. Ölkə Prezidentinin xüsusi diqqət göstərdiyi sənaye sahələrinin yaradılması prosesində muxtar respublikanın da iştirak etməsi, ilk növbədə, əhalinin məşğulluğunun təmin olunmasına geniş imkanlar açıb.

 

Muxtar respublikanın 80, 85 və 90 illik yubileylərində dövlət başçısının iştirak etməsi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana göstərilən diqqətin əyani ifadəsidir. Kitabda yubileylərlə bağlı materiallara geniş yer verilib. Xüsusilə muxtar respublikanın 90 illik yubiley tədbirində Naxçıvanın muxtariyyət statusunun əhəmiyyətinə toxunan dövlət başçısının “Naxçıvanın qədim dövlətçilik tarixi vardır... Naxçıvana 90 il bundan əvvəl Azərbaycanın tərkibində muxtariyyət statusu verilmişdir. Bu, gözəl hadisə idi, tarixi hadisə idi” fikirləri mühüm tarixi və siyasi əhəmiyyətə malikdir.

 

“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, sağlamlığı dayanır” deyən Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar sosial siyasətin başlıca istiqamətlərindən biridir. Dövlət başçısının iştirakı ilə muxtar respublikada Diaqnostika Müalicə Mərkəzinin, Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Doğum Mərkəzinin, Duzdağ Fizioterapiya Mərkəzinin, rayon mərkəzi xəstəxanalarının, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının və digər səhiyyə obyektlərinin istifadəyə verilməsi, tibb müəssisələrinin ən müasir avadanlıqlarla təmin olunması insan amilinə verilən qiymətin bariz nümunəsi kimi geniş oxucu kütləsinə təqdim edilir.Ötən 18 ildə muxtar respublikada elektroenergetika infrastrukturunun müasirləşdirilməsi, təbii qaz təchizatı, alternativ və bərpaolunan enerji mənbələri ilə bağlı mühüm layihələrin reallaşdırılması enerji təhlükəsizliyini təmin edib. Əgər 2003-cü ilin sonuna muxtar respublikada 1 elektrik stansiyası fəaliyyət göstərirdisə, 2020-ci ildə bu göstərici 9-a çatdırılıb. Bir zamanlar enerji idxal edən Naxçıvan artıq enerji ixrac edən bir diyara çevrilib. 2005-ci ildə Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi isə yaşayış məntəqələrini tam qazlaşdırıb.

 

NAXÇIVANIN HƏRBİ POTENSİALI BÖYÜK DƏRƏCƏDƏ MÖHKƏMLƏNİB

 

Prezident İlham Əliyevin Naxçıvanın müdafiə təhlükəsizliyi ilə bağlı gördüyü işlərin, istifadəyə verdiyi hərbi obyektlər Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu strategiyasını uğurla davam etdiriliməsini təsdiqləyir. Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə muxtar respublikadakı ordu, birləşmə və hissələr böyük təşkilatlanma və inkişaf yolu keçib. Torpaqlarımızın işğaldan azad olunmasında Əlahiddə Ümumqoşun Ordunun uğurlarına toxunan ölkə Prezidentinin dediyi kimi: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər”.

 

Naxçıvan Ordusu bu gün güclü Ordudur. Naxçıvan Ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji əhəmiyyətə malik bir yerdə yerləşir. Dünyanın görkəmli dövlət xadimlərindən olan Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətində də, bu amil həmişə üstün yer tutub. Bəlkə də elə bu mənada müdrik insan, dahi rəhbər siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində bu diyarın möhkəmlənməsinə və inkişafına xüsusi qayğı və diqqət göstərib. Bu amil də torpaqlarımıza zaman-zaman göz dikən bədxah və işğalçı erməni millətçilərinin məkrli planlarının və niyyətlərinin puç olmalarında önəmli rol oynayıb. Vətən müharibəsində Naxçıvan ordusunun qəhərmanlığı bir daha təsdiq etdi ki, qədim diyarda yaradılan hərbi lisey, müntəzəm keçirilən hərbi-döyüş təlimləri, alınan ən müasir silah və texnikalar yalnız bir hədəfə hesablanmışdı: Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə, Naxçıvanın möhkəm müdafiəsinə. Prezident, Ali Baş Konmandan İlham Əliyevin qətiyyəti ilə şanlı ordumuzun işğal altındakı torpaqları azad etməsindən sonra imzalanan birgə bəyanatda Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru və dəmir yol əlaqəsinin bərpasına başlanılacaq. Münaqişəyə birbaşa aid olmasa da, müzəffər Ali Baş komandanın təkidi ilə qəbul edilən müvafiq bənd həm Naxçıvanın, həm də bütövlükdə ölkəmizin və regionun iqtisadi inkişafı baxımından çox əhəmiyyətlidir.

 

Naxçıvanın sənaye və kənd təsərrüfatı məhsullarının, sement, üzlük daşlar, kərpic kimi tikinti materiallarının xarici bazarlara rahat çıxışı üçün yaxşı imkanlar açılır. Naxçıvan həm də öz iqtisadi və insani imkanları, yüksək tikinti və iqtisadi təcrübəsi ilə Qarabağın yenidən qurulmasına da öz töhfəsini verə biləcək. O da vurğulanmalıdır ki, Naxçıvan Azərbaycanın tarixi abidələr və təbiət muzeyidir. Qədim diyarda 1200-dən artıq tarixi abidə var və onların əkəsriyyəti bərpa olunub. Yeni reallıqlar Naxçıvanda beynəlxalq və daxili turuzmin yüksək sürətlə inkafı ilə də şərtlənəcək.

 

KAMAL ATATÜRK 100 İL ƏVVƏL NAXÇIVANI “TÜRK QAPISI” ADLANDIRIB

 

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk 100 il əvvəl Naxçıvanı “Türk qapısı” adlandıraraq, Türkiyənin bu bölgəyə verdiyi strateji önəmi ifadə edib. Bu qapı Türkiyənin Azərbaycana və Orta Asiyaya, Rusiyaya açılan qapısıdır. Noyabrın 10-da Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən sənəd isə iki qardaş ölkənin əlaqələri və bölgənin inkişafı baxımından Muxtar Respublikanın tarixində yeni bir səhifə açır. Artıq Muxtar Respublikanı Azərbaycanın əsas hissəsinə birləşdirəcək dəmir yolunun bərpası ilə bağlı ölkə Prezidenti tərəfindən müvafiq göstərişlər verilib. Yeni avtomobil yolunun çəkilməsi planlaşdırılıb. Türkiyədə isə Bakı-Tbilisi-Qars dəmir yolunu Naxçıvana bağlayacaq Qars-İğdır-Naxçıvan xətti ilə bağlı real addımlar atmaqdadır. Bütün bunlar isə indiyə qədər beynəlxalq nəqliyyat magistrallarından kənarda qalan Naxçıvanı onların mühüm halqasına çevirəcək, tranzit imkanlarını xeyli artıracaq.

 

Ekspertlərin fikrincə, Naxçıvanla nəqliyyat əlaqələrinin bərpa edilməsi Azərbaycan-Türkiyə starateji əməkdaşlığında yeni istiqamət yaradacaq. Bu kommunikasiya xüsusilə, iki ölkənin kiçik və orta biznesinin inkişafında mühüm rol oynayacaq. Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyaların bərpası Azərbaycanla Türkiyə arasında Gürcüstandan keçən yolla müqayisədə 343 kilometr daha qısa alternativ dəmir yolu və avtomobil yolu imkanı yaradacaq. Bu isə təkcə iki ölkə arasında yox, həm də Türkiyə ilə Mərkəzi Asiya dövlətləri, hətta Avropa ilə Asiya arasındakı yükdaşımaları sərfəli edəcək. Beləliklə, Mustafa Kamal Atatürkün böyük önəm verdiyi, ümummilli lider Heydər Əliyevin daima qayğı və diqqət göstərdiyi Naxçıvanın tarixində yeni inkişaf mərhələsi başlayır. Düz 100 ildir ki, qədim Azərbaycan torpağı Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvanın Azərbaycanın digər əraziləri ilə quru əlaqəsi kəsilmişdi. İkinci Qarabağ savaşının – Vətən Müharibəsinin Qələbə ilə başa çatması Naxçıvanla quru sərhədini artıq bərpa etməkdədir.

 

Azərbaycan Prezidentinin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən dövlət proqramlarının uğurlu icrası Naxçıvan Muxtar Respublikasında da bütün sahələrin inkişafına geniş imkanlar açıb. Belə ki, 2003-cü ildən ötən dövrdə muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi 16 dəfə, sənaye məhsulunun həcmi 56 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 7,5 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 13 dəfə artıb. Muxtar respublikada 183 elm və təhsil ocağı, 304 mədəniyyət obyekti, 217 səhiyyə obyekti, 23 idman obyekti, 327 inzibati bina, 1089 istehsal və xidmət sahəsi tikilərək, 155 elm və təhsil ocağı, 178 mədəniyyət obyekti, 59 səhiyyə obyekti, 23 idman obyekti, 254 inzibati bina, 2218 kilometr yol yenidən qurularaq sakinlərin istifadəsinə verilib, 78 mindən artıq yeni iş yerləri açılıb.

 

Bir sözlə Naxçıvanın inkişaf və tərəqqisində müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu muxtar respublikanın həqiqətən də nəqşi cahan olması onun 98 yaşında da görünməkdədir.

 

RƏFİQƏ HÜSEYNOVA

 

 Səs.- 2022.- 22.fevral.- S.8-9.