İctimai-siyasi xadim, işıqlı
ideyalar müəllifi
İnsan həyatı bir hekayədir. Bu hekayənin
əsas xəttində dayanan insanın inkişaf, yüksələn
dövrü, uğurları yazılır və onun mücadiləli,
mənalı, işıqlı həyatı özündən
ixtiyarsız obrazlaşdırılır, portret cizgiləri
çoxsaylı insanların marağında olur. Zamanın ixtiyarına buraxılan ömrün müəllifi
olduğumuz illərdə istedad və zəhmət həyat
yolumuza naxış salır. Bərpa
olunmayan zamanın hökmündə yaşanılan
ömrün axtarışlarla ötən yolu salnamələrə
köçür və illər ötdükcə zaman-zaman vərəqlənir.
Bu gün çoxşaxəli fəaliyyəti ilə zəngin
ömür yaşamış insanın - filologiya elmləri
doktoru, professor, əməkdar elm xadimi, ictimi-siyasi xadim
"Qızıl qələm" mükafatı laureatı,
Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər
İttifaqının üzvü, Lütfizadə adına Beynəlxalq
Müasir Elmlər Akademiyasının və Nyu-York Elmlər
Akademiyasının həqiqi üzvü Nizami Manaf oğlu
Xudiyevin həyat yolundan bəzi məqamları vərəqləyirik.
1949-cu il aprelin 1-də Naxçıvan
Muxtar Respublikasının Şahbuz rayonunda ziyalı ailəsində
dünyaya göz açan N.Xudiyevin maraqlı bir
dünyası olmuşdur. Özünün qeyd
etdiyi kimi uşaqlıq illəri görkəmli şairimiz Məhəmmədhüseyn
Şəhriyarın keçirdiyi uşaqlıq illərinə
bənzəyib. Məhəmmədhüseyn
Şəhriyarın duyduqlarını, gördüklərini,
yaşadıqlarını o da duymuş, görmüş və
yaşamışdır.
ELM VƏ
YARADICILIQ DÜNYASINA APARAN İŞIQLI YOL
Onun qədim Naxçıvan torpağında anadan
olması mənəvi aləminin zənginləşməsində
müstəsna rol oynamışdır. Bu torpağın yetirmələri
olan Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Cəlil Məmmədquluzadə,
Məmməd Arazd kimi böyük simalardan güc
almışdır. Əlbəttə ki, Azərbaycan əbədi
mühitində, ictimai-fikir tarixində yeri olan
ziyalıları yetirmiş bu torpaqda boy atmaq, onların cəmiyyətə
aşıladığı fikirləri mənəvi
dünyasına çəkib, düşünmək və
yaradıcı təxəyyülün məhsulu olan nümunələri
ortaya qoymaq, böyük insanların məslək və əqidə
yolunun yolçusuna çevrilmək bir xoşbəxtlik,
gözəl dünyaya qovuşmaq deməkdir. Zaman
ötdükcə N.Xudiyev böyük insani dəyərləri
əxz edərək, pilə-pilə yüksələn
uğur yolunda ömrünə yazılacaq ağ
səhifələri silinməyəcək sətirlərlə
zəhmət və istedadı müqabilində qələmə
aldı. Uşaqlıqdan yaradıcı
mühitdə olmuş və ən görkəmli alimlərin,
şairlərin, yazıçıların, dövlət xadimlərinin
maraqlı söhbətlərinə qulaq asmış,
tövsiyələrini dinləmiş və beləcə həyata
vəsiqə almışdır. Tez-tez ocaqlarının
qonağı olan dövrünün saylıb-seçilən
simalarından Rəsul Rzanın, Cəfər Xəndanın,
Süleyman Rəhimovun, Əli Vəliyevin, Mehdi Hüseynin,
Osman Sarıvəllinin və digərlərinin söhbətlərinə
qulaq asmış, bir-birindən mənalı xatirələr
uşaqlıq yaddaşına elə həkk olunmuşdur ki,
illər ötdükdən sonra belə, onların bir qismi yazıya
köçürülmüşdür. Özü bu haqda belə
yazırdı: "Tale elə gətirib ki, gözümü
açandan həmişə elmi-yaradıcı mühitdə
olmuşam. İnsana mənəvi cəhətdən çox
şey verən bu mühitə doğru açılan
cığırı, atılan ilk addımları adam heç vaxt yaddaşından
çıxara bilmir. Tələbə elmi cəmiyyətindəki
ilk araşdırma, geniş toplantıda ilk məruzə, qəzetdə
çıxan ilk məqalə, nəhəng
yazıçılarla keçirilən görüşdə
ilk həyəcanlı çıxış məhz insanı
elm və yaradıcılıq dünyasına aparan
addımlardandır".
Vurğulamaq yerinə düşər ki, onun Azərbaycan
dili və ədəbiyyat fənninə marağı, həvəsi,
məhəbbəti atası aşılamışdır. Təsadüfi deyil ki,
çox-çox sonralar N.Xudiyev borclu olduğu atası və
orta məktəb müəllimləri barədə belə
demişdir: "Bütün bunlara görə, mən ilk
növbədə atama borcluyam, sonra böyük
qayğılarını bizdən əsirgəməmiş
orta məktəb müəllimlərimə". Həm ailədəki, həm də orta məktəbdə
istedadlı müəllimlərdən dərs alaraq vətənə,
el-obaya bağlı mükəmməl bir gənc kimi
yetişir.
1966-cı
ildə Cəlil Məmmədquluzadə adına
Şahbuz qəsəbə orta məktəbini bitirdikdən
sonra sənədlərini Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsinə təqdim
edir və tələbə adını qazanır. Həm dərs əlaçısı, həm də
ictimai fəaliyyəti ilə hörmət qazanır. Qrup komsomol təşkilatının katibi, 1968-ci ildə
fakültə komsomol təşkilatının katibi olur.
Əla qiymətlərlə oxuduğu üçün 1969-cu
ildə "Nizami" adına təqaüdə
layiq görülür. Onun gələcəyinə
böyük nikbiklə baxan görkəmli elm xadimi professor
Ə.Dəmirçizadənin hər zaman diqqətində
olmuşdur. Tələbəlik illərində
görkəmli alim-müəllimlərdən dərs alır,
onların gərəkli həyat təcrübələrini, məsləhətlərini
əxz etməkdən çəkinmir. Aldığı
mükəmməl bilik, təcrübə həmişə
onun yolunda yaşıl işıq yandırıb. Ömrün içindən ömrə paylanan illərində
sözünü əməyi və istedadı, bilik və
bacarığı ilə deməyi bacarıb. 1970-ci ildə filologiya fakültəsinin fərqlənmə
diplomu ilə başa vuran N.Xudiyev elmi şuranın qərarı
ilə universitetdə saxlanılmış və Azərbaycan
dilçiliyi kafedrasına müəllim təyin edilmişdir.
Çox gənc ikən - 22 yaşından dərs
deməyə başlamış, orada müəllim, baş
müəllim dosent, professor kimi
çalışmışdır.
Həqiqətən də, əql və elm ilə insan
bütün dünyanı fəth edə bilər. İti
ağıl və aydın dərrakə sahibi N.Xudiyev 1978-ci
ildə "Abdulla Şaiqin nəsr dili" mövzusunda namizədlik
dissertasiyasını uğurla müdafiə edir. "Azərbaycan ədəbi dili lüğət tərkibinin
inkişaf qanunauyğunluqları (Sovet dövrü)"
mövzusunda doktorluq dissertasiyası Koordinasiya Şurasında
təsdiq olunur.
1979-cu ildə yekdilliklə dərs dediyi təhsil
ocağının Həmkarlar İttifaqı Komitəsinin sədri
seçilir və 1991-ci ilə kimi fəaliyyət göstərir. 1990-cı ildə
doktorluq dissertasiyasını müdafiə edir və bir
müddətdən sonra professor vəzifəsinə layiq
görülür.Tələbələrinin elmi biliklərə
yiyələnməsində böyük rolu olmuş və bir
çox doktorant və dissertantları yetişdirmişdir.
Özünün də etiraf etdiyi kimi, Azərbaycan
Dövlət Pedaqoji Universiteti onun üçün ziyarət
etdiyi Məkkə, Mədinə və Kərbəladan sonra
ikinci qibləgahı olmuşdur.
"HEYDƏR
ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİ"
MONOQRAFİYASI DİLÇİLİYİMİZDƏ VƏ
MƏDƏNİYYƏTİMİZDƏ MÜHÜM
TARİXİ HADİSƏYƏ ÇEVRİLDİ
İşıqlı
ideyalar müəllifi, görkəmli elm adamı
dilçiliyin az işlənmiş sahələrini,
problemlərini tədqiq etmiş, ana dilimizin saflığı
keşiyində duran dilçi alimlərin yolunun
davamçısına çevrilmişdir. Millətin
varlığını qoruyan və onun ruhunu yaşadan dil hər
zaman mühüm əhəmiyyət kəsb edib. Dilçi alimlər xüsusilə bu yolda mübarizə
aparıb, dilin təmizliyinin qoruyucusuna çevriliblər.
N.Xudiyev yazırdı ki, ilk qələm təcrübələrim
– ədəbi dil tarixi, türkologiya, yazıçı dili, bədii
dil problemləri və s. mövzularda olub. Odur ki, müntəzəm
olaraq bir-birinin ardınca "Azərbaycan ədəbi dili
lüğət tərkibinin inkişafı", "Azərbaycan
ədəbi dilinin zənginləşmə yolları",
"Yazıçı dili və üslubu", "Azərbaycan
ədəbi dilinin sovet dövrü", "Tərcümə
ədəbiyyatı və ədəbi dilimiz", "Azərbaycan
ədəbi dilinin təşəkkülü",
"XIII-XVI əsrlər Azərbaycan ədəbi dili",
"XV-XVI əsrlər Azərbaycan ədəbi dili",
"Azərbaycan milli ədəbi dilinin yaranması və
inkişafı", "XX əsr Azərbaycan ədəbi
dili" və s. kitablarını çap etdirir. Moskva,
Nalçik, Bişkek, Ufa, Aşqabad, Daşkənd, Alma-Ata,
Ankara, İstanbul, İzmir, Adana, Konya və başqa şəhərlərdə
keçirilən qurultay və simpoziumlarda nümayəndə
kimi iştirak edir, məruzələrlə
çıxış edir. Azərbaycan
dilçilik elminə, türkologiyaya dəyərini itirməyəcək
sanballı töhfələr verib. Əlbəttə
ki, bu böyük elmi fədakarlıq və məsuliyyət,
eyni zamanda vətənə sevgi idi. Onun qənaətinə
görə, xalqın bugünədək keçdiyi
bütün həyat yolunu yazılı nitqdə gerçəkləşdirən,
onun keşiyində dayanan, uzaq tarixi keçmişlərlə
çağdaş dövrümüzün arasında
körpü funksiyasını yerinə yetirən çox qədim
zamanlarda yaşamış nəsillərlə indiki nəsilləri
bir-biri ilə bağlayan dildir. Dili
xalqın dünyaya baxışlarını,
psixologiyasını təşəkkür və
etiqadlarını özündə saxlayan, qoruyan ən
böyük, ən dəyərli zəngin bir xəzinə
adlandırır.
"Heydər Əliyev və Azərbaycan dili"
monoqrafiyasını qələmə alır. Bu əsər
mədəniyyətimiz, dövlətçiliyimiz və
dünya siyasəti tarixində fenomen şəxsiyyət olaraq
əbədi yaşayan Ulu Öndər Heydər Əliyevin
dilçilik görüşlərinin
araşdırılması sahəsində ilk təcrübə,
ilk təşəbbüs olmuş və ilk dəfə 1997-ci
ildə kitab şəklində nəşr edilmişdir. "Heydər Əliyev və Azərbaycan dili"
kitabında alim dövrümüzün ictimai-siyasi natiqlik məktəbi
sayılan Ümummilli Liderin mükəmməl natiq
obrazını təbii və canlı boyalarla
yaratmışdır. Əsər tək
dilçiliyimizdə deyil, mədəniyyətimizin tarixində
mühüm hadisədir.Filologiyanın, dilçiliyin
inkişafına töhfələrini verən və hər
zaman elmi fəaliyyəti ilə diqqətdə olan N.Xudiyev
yüksək vəzifələrə təyin olunmuş və
ona göstərilən etimadı layiqincə
doğrultmuşur. N.Xudiyev 1994-1996-cı
illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin
rektoru vəzifəsində çalışmışdır.
ULU ÖNDƏR
HEYDƏR ƏLİYEVİN LİDERLİK
MƏKTƏBİNDƏN DƏRS ALAN
İCTİMAİ-SİYASİ XADİM
N.Xudiyev ictimai-siyasi mövqeyi və fəallığı
ilə seçilmişdir. 1993-cü ildə Ulu Öndər
Heydər Əliyevin hakimiyyətə qayıdışı
N.Xudiyevin ömür yoluna yeni səhifələr əlavə
edir. N..Xudiyev Ulu Öndər haqqında belə yazır:
"Xalqın Böyük Lideri, nəhəng Siyasətçi
Heydər Əliyevin müasiri olmaq mənə də nəsib
olub. Onun müasiri olub ondan öyrənmək özü bir
xoşbəxtlikdir. Mən bu gün fəxrlə deyirəm ki,
Heydər Əliyev dövrünün yetirməsiyəm, Onun zəmanəsinin
övladıyam, Onun Liderlik məktəbində dərs
almışam". O, ölkəmizin əsas və
aparıcı partiyası olan Yeni Azərbaycan Partiyası
Siyasi Şurasının və İdarə Heyətinin
üzvü olub. 1995-ci ildən 2010-cu ilədək,
üç çağırış millət vəkili kimi
fəaliyyət göstərib. O, uzun müddətlik
deputatlıq fəaliyyəti dövründə üzərinə
düşən çətin, ancaq son dərəcə şərəfli
vəzifənin öhdəsindən layiqincə gəlib. Milli
Məclisin Elm və Təhsil Komitəsinin üzvü olarkən
"Təhsil haqqında qanun"un hazırlanmasında, onun
müzakirəsində, komitənin səlahiyyətinə aid
olan məsələlərin həllində fəal iştirak
edibdir. O, millət vəkili kimi, Azərbaycanın müxtəlif
dövlətlərlə münasibətlərinin
inkişafında, əlaqələrin möhkəmlənməsində
və genişlənməsində fəal iştirak etmiş,
tez-tez xarici səfərlərdə olmuşdur. Azərbaycan-Amerika
Birləşmiş Ştatları, Azərbaycan-Belarus, Azərbaycan-Böyük
Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Pakistan, Azərbaycan-Türkiyə
Parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun üzvü kimi ölkəmizin həmin
dövlətlərlə əlaqələrinin möhkəmlənməsində
və inkişafında fəal rol oynamışdır.
O, 1996-cı ildə Ulu Öndər Heydər
Əliyevin fərmanı ilə məsul bir dövlət vəzifəsinə
- Dövlət Teleradio Verilişləri Şirkətinin sədri
vəzifəsinə təyin olunur. Düz on il o, ölkəmizin
bir nömrəli ideoloji mərkəzinə rəhbərlik
etdi. Onun rəhbərliyi dövründə "Turan",
"Azərbaycan dili", "Vətəndaş",
"Türk elləri", "Yallı", "Qala",
"Karvan", "Buta", "Qobustan", "Səhər"
proqramları ən populyar proqramlar olmaqla geniş ictimaiyyətin
maraq dairəsinə çevrildi. Televiziyadakı iş təcrübəsi
və müşahidələr alimə televiziya dili
haqqında ümumiləşdirici əsər yazmaq
üçün xeyli material vermişdir. Müəllif bu
materiallar üzərində uzun illər araşdırma
işi apararaq dilçiliyimiz üçün çox
maraqlı bir monoqrafik tədqiqat əsəri "Radio, televiziya
və ədəbi dil" ərsəyə gətirmişdir.
Bu əsər müəllifin 650 səhifədən ibarət
olan "Seçilmiş əsərləri"nin III cildində
verilmişdir. Bu cildin təxminən 300 səhifəsində
sırf radio və televiziyada dil probleminin nəzəri və təcrübi
məsələlərindən bəhs edilir.
Tədqiqat dairəsi çox geniş olan
N.Xudiyevin elmi axtarışlarının nəticəsi olaraq
60-dan çox monoqrafiyanın, dərslik və dərs vəsaitinin,
400-dən çox elmi məqalənin, 50-dən çox sənədli
televiziya filminin ssenari müəllifidir. Onun elmi-pedaqoji fəaliyyəti
ən yüksək mükafatlarla qiymətləndirilib. "Akademik Yusif Məmmədəliyev adına medal və
mükafat", Respublika "Vektor" Beynəlxalq Elm Mərkəzinin
"İlin ziyalısı" Beynəlxalq diplomu, "Azərbaycan
Respublikası qabaqcıl təhsil işçisi"
döş nişanı, "Türk dilinə xidmət"
ödülü və sair mükafatlara layiq
görülübdür.
Bacarıqlı, işgüzar və sədaqətli
dövlət xadimi N.Xudiyevin vəfatından bir il ötür.
İctimai xadim və ləyaqətli ziyalının şərəfli
həyatı hər kəsə örkək ola biləcək
bir ömür yoludur.
Allah rəhmət eləsin!
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.- 2022.- 20 may.- S.10.