Tarix yazan böyük şəxsiyyət

 

“Səs” qəzeti redaksiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş növbəti “dəyirmi masa” keçirilib

 

Bəşəriyyət dünyaya xeyli məşhur şəxsiyyətlər, əbədiyaşar simalar bəxş etmişdir. Onların arasında siyasətçilər, ictimai və dövlət xadimləri, sərkərdələr, diplomatlar vardır. Lakin özündə məşhur siyasətçi, təkrarsız ictimai və dövlət xadimi, mahir diplomat kimi keyfiyyətlərlə yanaşı, eyni zamanda böyük iqtisadi layihələrin memarı, mədəniyyətin və incəsənətin hamisi kimi məfhumları birlikdə ehtiva edən şəxsiyyət yox dərəcəsindədir. Bu baxımdan Azərbaycan xalqının öyünməyə haqqı vardır. XX əsrin ikinci yarısında yuxarıda qeyd etdiyimiz ən ümdə xüsusiyyətləri özündə əxz edən böyük insana-dahi rəhbərə sahib oldu. Bu, Azərbaycan xalqının Ümummilli Lideri səviyyəsinədək yüksəlmiş Heydər Əlirza oğlu Əliyevdir.

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan Heydər Əliyev epoxasının hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir. Onun hər bir səhifəsi Ümummilli Liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılmışdır. Azərbaycanı bəşər sivilizasiyasının beşiyi olan ölkələrdən biri, xalqımızı isə zəngin və unikal bir mədəniyyətin övladları adlandıran dahi şəxsiyyətin ən böyük xidmətlərindən biri də məhz xalqımızın şərəfli tarixi keçmişini bərpa etməsi, milli-mənəvi irsimizin dəyərlərini, milli adət-ənənələrimizi yaşatması, Azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin hər cür buxovlardan azad olunaraq, öz həqiqi təsdiqini tapması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularımızın reallaşmasına nail olmasıdır.

“Səs” qəzetinin redaksiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Tarix yazan Böyük Şəxsiyyət” mövzusunda “dəyirmi masa” təşkil olunub. “Dəyirmi masa”dakı müzakirələrdə Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, şöhrət ordenli, professor Şahlar Əsgərov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Yeni Azərbaycan Partiyası təftiş komissiyasının üzvü Musa Musayev, tarixçi alim Anar Əliyev və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Gənclər Birliyinin üzvü, hüquqşünas Zaur Quliyev iştirak ediblər.

Dəyirmi masa söhbətini giriş sözü ilə "Səs" qəzetinin siyasət şöbəsinin müdiri İlham Əliyev açdı. O qeyd etdi ki, “Səs” qəzeti cəmiyyətin maraq dairəsində olan ən aktual, əhəmiyyətli mövzular çərçivəsində hər zaman “dəyirmi masa”lar təşkil edib və bu masa ətrafındakı söhbətlər həmişə maraqla qarşılanıb. Budəfəki “dəyirmi masa” söhbətinin mövzusu isə adı Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılan Ümummilli Lider Heydər Əliyev və onun Azərbaycanın taleyindəki əhəmiyyətli xidmətləridir: “Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Ümummilli Lider Heydər Əliyevin istər sovet hakimiyyəti illərində - 1969-cu ildən başlayaraq Azərbaycanın birinci katibi vəzifəsində çalışdığı zamanda, istərsə də 1993-cü ildə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanın ictimai-siyasi və mədəni həyatında baş verən dönüş, inkişaf, eləcə də ölkəmizin dünya məkanında özünəməxsus yer tutması onun məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə ölkəmizdə siyasi böhran yaşandığı, vətəndaş müharibəsi təhlükəsi yarandığı, Ermənistanın təcavüzünün gücləndiyi bir vaxtda siyasi hakimiyyətə qayıdaraq Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atdı. Bu gün qonaqlarımızla Ulu Öndərin xatirəsini yad etməklə yanaşı, onun Azərbaycanın müstəqilliyi uğrunda həyata keçirdiyi işlərdən danışacağıq”.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, şöhrət ordenli, professor Şahlar Əsgərov çıxışında 1988-1992-ci illərdə Azərbaycanın keçdiyi ağır və böhranlı dövrü xatırladı:

- 91 nəfər ziyalı ilə birlikdə Ulu Öndər Heydər Əliyevə müraciət etdik. Bu ideya 1992-ci ildə meydana çıxdı. Bilirsiniz ki, o zaman ölkədə Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyası hakimiyyətdə idi. Ölkəmiz Qarabağda müharibəyə cəlb olunmuşdu. Üstəlik, dövlət daxilində də proseslər rəvan getmirdi. Yəni, Azərbaycan çox mürəkkəb dövrünü yaşayırdı. O zamanlar bir qrup insan AXC-Müsavatı müdafiə edirdi. Bir qrup insan onlardan qabaq hakimiyyətdə olmuş kommunistləri dəstəkləyirdi. Ancaq nə keçmişdə kommunist olan, nə də AXC-Müsavatı qəbul edən çoxlu sayda insanlar var idi ki, Azərbaycanın taleyi, apardığı müharibə onları da narahat edirdi. Onlar da istəyirdilər ki, hansısa bir yolla xalqa, dövlətə xidmət etsinlər. Beləliklə, bu adamlar bir ideya ətrafında birləşdilər. Bu, çox bəsit bir ideya idi, yəni hələ partiya deyildi, nizamnaməsi mövcud deyildi. İdeya şəxs ətrafında idi. Bu insanlar güman edirdilər ki, Heydər Əliyevin bu prosesə qoşulmasına çox böyük ehtiyac, zərurət var. Ona görə də bir qrup ziyalı öz arzularını müraciət şəklində yazıb imzaladılar və həmin müraciəti bax bu “Səs” qəzetində çap etdirdilər. Müraciət müəllifləri Heydər Əliyevdən xahiş edirdilər ki, Azərbaycanı bu çətin durumdan çıxarmağa yardımçı olsun. Beləliklə, bu bir hərəkata çevrildi və sonradan “91-lər hərəkatı” adını aldı.

1992-ci il noyabrın 20-də ölkədə yaranmış gərgin vəziyyəti o zaman Naxçıvan Ali Sovetinin sədri olan Heydər Əliyevlə müzakirə etmək və onu respublika rəhbərliyinə dəvət etmək məqsədilə Ziya Bünyadov, Fərəməz Maqsudov, Əli Nağıyev, Səfiyar Musayev və mən də daxil olmaqla, 40-dan çox adam Naxçıvana uçduq. Gecə saat 12-də onun qəbulunda olduq və saat 2-dək bizimlə söhbət etdi. Onu da qeyd edim ki, Heydər Əliyev gözəl danışdığı kimi, gözəl də dinləməyi bacarırdı. O, qarşımızda konkret suallar qoydu ki, bura gəlib məni Bakıya çağırmaqda, məni yaratdığınız Yeni Azərbaycan Partiyasının rəhbəri kimi görməkdə məqsədiniz nədir, bunun hansı perspektivlərini görürsüz. Bir-bir səbirlə hamını dinlədi.

Ziya Bünyadov, Fərəməz Maqsudov, Səfiyar Musayev, Sirus Təbrizli danışdılar. 5-ci, ya da 6-cı mən danışdım. Dedim ki, Heydər müəllim, icazə verin, sözümə Əbdürrəhman Caminin bir hekayəti ilə başlayım. Həmin hekayətdə deyilir ki, Hindistan şahı Bağdad xəlifəsinə çoxlu hədiyyələrlə yanaşı, bir həkim də göndərir. Xəlifə həkimdən soruşur ki, hansı xəstəliyin dərmanı var səndə. Həkim deyir ki, bir dərmanım var, onu qəbul etsən, başındakı ağ saçların qaralacaq. Bunu eşidən xəlifə cavab verir ki, mənə elə dərman lazım deyil. Çünki ağ saç işıq rəngindədir, o xalqın yolunu işıqlandırar, qara saç isə zülmət rəngindədir - xalqı zülmətə aparar. Mən öz ağ saçlarımı qara saçlara dəyişmərəm. Dedim, Heydər müəllim, mənim bura gəlməkdə məqsədim də sizin ağ saçlarınızdan Azərbaycanın gələcəyini işıqlandırmaq üçün istifadə etməkdir. Hiss etdim ki, bu söhbət onun çox xoşuna gəldi.

1993-cü ilin iyununda Heydər Əliyev Naxçıvandan Bakıya gələndə onu qarşılamaq üçün hava limanına mən də getmişdim. Azərbaycanda vəziyyət hədsiz gərgin idi. Heydər Əliyevin özü üçün də çox təhlükəli günlər idi. Buna rəğmən o, gəldi. Yadımdadır ki, aeroportdan birbaşa avtomobilə əyləşib Prezident Aparatına - Elçibəylə görüşə getdi. Bu, onun böyüklüyü, siyasi təcrübəsi idi.

Böyük Öndər qayıtdı və dövlətçiliyimizin, milli dəyərlərimizin qorunmasında müstəsna xidmətlər göstərdi. Qısa zamanda onun uğurlu daxili və xarici siyasəti, sosial, elm, təhsil, mədəniyyət sahələrində həyata keçirdiyi islahatlar ölkənin inkişafı, tərəqqisi ilə nəticələndi. Bütün bunlar onun unikal dəyərləri, bacarığı idi.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlərindən danışdı:

- Ulu Öndər Heydər Əliyevin siyasi nüfuzu və işgüzarlığı 1985-ci ildə Sov. İKP MK-nın Baş Katibi seçilmiş Mixail Qarbaçovu narahat etmiş və o, Heydər Əliyevi 1987-ci il MK-nın oktyabr plenumunda Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyündən, az sonra isə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırmışdır.

Heydər Əliyev 20 yanvar 1990-cı ildə sovet quruluşunun Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar qadağalara baxmayaraq ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək orada bəyanatla çıxış etmiş, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin əsas məsuliyyətinin SSRİ rəhbəri Mixail Qarbaçovun daşıdığını bildirmiş, təşkilatçı və icraçıların cəzalandırılmasını tələb etmişdir. O, Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

Görkəmli dövlət xadiminin 1990-cı ildə doğulub boya-başa çatdığı Naxçıvana qayıdışı tarixi zərurət idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlhàm Əliyev bununla bağlı demişdir: “Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq Ulu Öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu... O, məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda ovaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.

1993-cü ilin 15 iyununda Milli Məclisin Sədri, həmin ilin 3 oktyabrında xalqın böyük dəstəyi ilə ölkə Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi on il ərzində Azərbaycan üçün əsrə bərabər işlər görmüşdür. Məhz Heydər Əliyev şəxsiyyəti, əzmkarlığı, qətiyyəti Azərbaycan xalqını və dövlətçiliyini, o cümlədən iqtisadiyyatını dağılmaq, məhv olmaq təhlükəsindən xilas etmişdir. Görkəmli dövlət xadiminin apardığı uğurlu siyasət nəticəsində 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın gələcək iqtisadi imkanlarını, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiya isə ölkəmizin hüquqi, demokratik dövlət quruculuğu yolunu müəyyənləşdirmişdir. Görülən işlərin sayəsində Azərbaycan qısa müddətdə dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilmiş, ölkəyə xarici investisiyanın cəlb edilməsi yolu ilə iqtisadi tərəqqiyə, əhalinin rifah halının yüksəldilməsinə nail olunmuşdur.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın xilasında ən mühüm addımı Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı olmuşdur. O, ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

Nəticə etibarilə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Ozamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Çünki bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını anlayır və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər. Həmin tarixi hadisələri dəyərləndirən Ulu Öndər Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.

Beləliklə, 31 il əvvəl güclü sosial bazası, gerçəkliyə əsaslanan bitkin proqramı, ən əsası isə Ulu Öndər Heydər Əliyev kimi lideri olan Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan dövlətçilik tarixində mühüm hadisədir. Ümummilli liderin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı və Yeni Azərbaycan Partiyasının hakim partiyaya çevrilməsi ilə ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı və sabitliyin bərqərar olunması sahəsində kompleks tədbirlər görülmüşdür.

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü Musa Musayev Ulu Öndər haqqında saatlarla danışmağın mümkünlüyünü qeyd etdi:

- Dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən, düşünülmüş və məqsədyönlü siyasətinin Azərbaycanımızın qarşısında açdığı imkanlardan, üfüqlərdən bəhs etmədən öncə onun ən böyük xidməti olaraq 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasını qeyd etməliyik. Çünki uğurlarımızın başlanğıcı kimi partiyanın yaranması qeyd edilməlidir. 1992-ci il oktyabarın 16-da xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi dəyərləndirilən 91 nəfər ziyalının müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevə bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı "Azərbaycan Sizin sözünüzü gözləyir" müraciəti dövlətçilik tariximizdə dönüş nöqtəsi oldu. "91-lər"in, 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının “qızıl fondu” elan olunmuş 91 nəfər tanınmış ziyalının Ümummilli Liderə ünvanladıqları müraciətdə dövrün reallıqlarının doğurduğu fəsadlar - respublikanın iqtisadi potensialının sürətlə dağılması, təbii sərvətlərimizin talan edilməsi, vəziyyətin ağırlığından, çıxılmazlığından, həyatın qeyri-sabitliyindən, gələcəyə ümidsizlikdən respublikanı yüzlərlə ziyalı - yüksək ixtisaslı kadrların tərk etməsi barədə məlumat verilir. Müraciətdə, həmçinin xalqımıza qarşı törədilən ən dəhşətli cinayətləri - 20 Yanvar, Xocalı, Şuşa, Laçın və digər faciələri törədənlərin cəzasız qalması xüsusi olaraq qeyd olunur və baş verən problemin həllinin güclü bir liderin iradəsinə bağlı olduğu vurğulanırdı. "91-lər" ölkəyə rəhbərlik edəcək həqiqi bir lideri Heydər Əliyevin simasında görərək belə bəyan edirdilər ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz.91 nəfər ziyalı xalqımızın böyük əksəriyyətinin istəyini ifadə edərək dahi şəxsiyyətə müraciət etdi və Ümummilli Liderin "Yeni, müstəqil Azərbaycan uğrunda" cavabı həmin dövrün çətinliklərindən xilas yolunu açıqlamaqla yanaşı, bugünkü uğurlarımızın başlanğıcı oldu.

"Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair digər problemlər də məni narahat edir" söyləyən Ulu Öndər Heydər Əliyev "Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı bu problemlərin həllində biganə qalmağa heç kəsin haqqı yoxdur" bildirərək bu inamı da ifadə etmişdir ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində yaradılması obyektiv zərurətdən irəli gələn Yeni Azərbaycan siyasi partiyası ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.

Təsis konfrasını 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası bu gün milyonların partiyasına çevrilərək Ulu Öndər Heydər Əliyevin ideyalarının, həyata keçirilən siyasətin təbliğatçısı və iştirakçısı kimi davamlı uğurları ilə diqqət mərkəzindədir. Ən əsası bu günümüzün reallıqları Ulu Öndər Heydər Əliyevin ziyalıların müraciətinə cavabında əksini tapan arzu və istəklərinin təsdiqidir. Dünənin, bu günün partiyası kimi gələcəyə böyük inamla addımlayan Yeni Azərbaycan Partiyası sözlə əməl birliyini, monolitliyini daim qoruyur, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. Bu gün 760 mindən artıq üzvü sıralarında birləşdirən partiya dünya təcrübəsində analoqu olmayan bu mühüm uğura da imza atıb ki, yaranmasından 7 ay sonra iqtidar partiyası kimi fəaliyyətini davam etdirir, arxada qalan 31 illik tarixini qələbələr və uğurlar səhifəsi ilə zənginləşdirib.

Azərbaycanın müstəqillik tarixinin 31 ilinə bələdçilik edən Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Yeni Azərbaycan Partiyası Heydər Əliyevin ətrafında yaradılmış, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə nümayiş etdirdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.“Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı” söyləyən Prezident İlham Əliyev bu vəzifəni qarşıya qoyur ki, biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var. Həyat dəyişir, dövr dəyişir. Bütün bunları önə çəkən cənab İlham Əliyev partiyanın yeni proqramının hazırlanması, bu sənədin yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməsini qarşıya mühüm vəzifə kimi qoydu. Və bir daha bu çağırış edildi ki, o tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın: “Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox... Ona görə bizim əsl müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Azərbaycan müstəqil siyasət apara bilirdi? Yox! Öz hüdudlarını qoruya bilirdi? Yox! Beynəlxalq aləmdə öz sözünü deyə bilirdi? Yox! Bəs bu, nə müstəqillikdir?”.

Heydər Əliyev yeni Azərbaycan yaratdı, müstəqilliyimizi əbədi, dönməz etdi. Əlbəttə, müstəqillik tariximizin ilk illərini düzgün təhlil edərək bugünkü uğurlarımızın Heydər Əliyevin adı ilə bağlı olduğunu böyük inamla qeyd edirik. Möhtərəm Prezidentimiz İlham Əliyev daim bu çağırışı edir ki, müstəqillik tariximizi tarixi paralellər fonunda təhlil etməli, o günlər haqqında tam təsəvvürə malik olmayan gənc nəsil nəyin bahasına müstəqilliyimizi qoruyub saxlaya bildiyimizi bilməlidir.

Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər çətindir. Bugünkü uğurlarımız üçün kimə borclu olduğumuzu gənc nəsil bilməlidir. Bu, inkaredilməz həqiqətdir ki, əgər Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Heydər Əliyev Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Ulu Öndər hər bir ölkənin inkişafında sabitliyin əsas rol oynadığını önə çəkərək ölkəmizi xaosdan, anarxiyadan xilas etdi.

Bu tarixi paralel daim xalqımız tərəfindən aparılır ki, Ümummilli Lider Heydər Əliyev necə hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın geridə qalmış ölkəsindən ən qabaqcıl ölkəsinə çevirdi, eləcə də 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu. Azərbaycan qısa müddətdə sabitlik məkanına çevrildi, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin müstəqilliyimizin ilk illərinin tərəddüdlərinə son qoyuldu, Azərbaycan qısa müddətdə investisiyalar məkanına çevrildi. Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi olaraq iqtisadiyyatımızın inkişafında neft amilinə yüksək dəyər verildi.

Tarixçi alim Anar Əliyev bir tarixçi kimi ermənilər tərəfindən Azərbaycan xalqına qarşı yüz illər boyu həyata keçirilən soyqırımı və deportasiya siyasətinin mahiyyəti, tarixi kökləri və azərbaycanlıların soyqırımına ilk dəfə siyasi qiymət verilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğu haqqında danışdı: 1918-ci il martın 30-da gecə saatlarında Bakıda başlanan kütləvi qırğında 20 minə yaxın günahsız insan, o cümlədən qocalar, uşaqlar və qadınlar qətlə yetirilib. Aprelin 2-də davam edən kütləvi qətlləri Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri həyata keçirib. Müsəlman ziyarətgahları yandırılıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakı müsadirə olunub.

Soyqırımı təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı, o cümlədən 2560 qadın və 1277 uşaq qətlə yetirilib. Qubanın 162 kəndində öldürülən günahsız insanların sayı 16 mindən çox olub. Lənkəran, Muğan bölgəsi və Qarabağda minlərlə kənd yandırılıb, on minlərlə insan vəhşicəsinə qətlə yetirilib.

1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olan bu mühüm sənəddə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların - soyqırımlarının rəsmən adı çəkilib, Cənubi Qafqazda xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açıqlanıb.

Ulu Öndər gələcəyi görməyi bacarırdı. Onun torpaqlarımızın qorunması ilə bağlı həyata keçirdiyi siyasət həm də böyük bir tarixdir. Məlum olduğu kimi, ötən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərində Qarabağın Ermənistan SSR-in tərkibinə birləşdirilməsi məsələsi hətta Kremlin özündə və Siyasi Büroda müzakirə edilən məsələlərdən birinə çevrilmişdi. Öz himayədarlarının köməyi ilə ermənilər Azərbaycan ərazilərini Ermənistana birləşdirmək səylərini davam etdirirdilər. 1969-cu ilin mayında Qazax və bir neçə başqa rayonun ərazisində yerləşən bəzi kəndlərin Ermənistana birləşdirilməsi barəsində bu ölkənin Ali Soveti qərar qəbul etdi. Bu qərar SSRİ Ali Soveti tərəfindən də təsdiq olundu. Lakin Heydər Əliyevin Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi bu qərarın həyata keçməsinə imkan vermədi. SSRİ kimi nəhəng bir dövlətdə qanunverici orqanın qərarının yerinə yetirilməməsinin nə demək olduğunu başa düşmək çətin deyil. Lakin Heydər Əliyev öz xalqının milli maraqları naminə böyük riskə gedərək Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsinin qarşısını aldı.

Buna baxmayaraq, 1986-cı ildə Azərbaycan rəhbərliyinin etinasız münasibəti ucbatından həmin qərarda nəzərdə tutulan bəzi ərazilər Ermənistana birləşdirildi. 1977-ci ildə Sovetlər İttifaqının yeni Konstitusiyasını işləyib hazırlayan komissiya Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-ə birləşdirilməsini təklif etdi. Respublikanı komissiyada təmsil edən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin sərt reaksiyası və bu təklifi qəti şəkildə rədd etməsi onun həyata keçirilməsinin qarşısını aldı. Ümummilli liderimiz 2001-ci ildə Azərbaycan parlamentində aparılan müzakirələrdə bu məsələyə toxunaraq deyirdi: "1977-ci ildə SSRİ-nin Konstitusiyası qəbul olunarkən konstitusiyanı hazırlamaq üçün komissiya təşkil edilmişdi. Komissiyaya o vaxtkı Kommunist Partiyasının Baş katibi Brejnev rəhbərlik edirdi və respublikaların nümayəndələri də, o cümlədən mən də bu komissiyanın üzvü idim. Komissiya layihə hazırladığı dövrdə, təxminən bir il müddətində həddindən artıq təkliflər gəlmişdi ki, Dağlıq Qarabağ ayrılıb Ermənistana verilməlidir. Hətta bir-iki dəfə bu məsələnin komissiyada baxılmasına cəhd olmuşdu. Məni düzgün başa düşün, olan şeyi deyirəm. Mən o vaxt bunların qarşısını aldım. Amma qarşısını almaq da çətin idi. Amma aldım. İradəmlə və Azərbaycan xalqının milli mənafelərini canımla, qanımla müdafiə edərək qarşısını aldım".

Buna baxmayaraq, Ermənistanın tanınmış ziyalıları, siyasətçiləri, elm adamları əhalini psixoloji baxımdan "türklərlə savaşa" hazırlamaqda idilər. "Böyük Ermənistan"a gedən yol Qarabağ torpaqlarının işğalından keçirdi və elə buna görə də ermənilər müxtəlif vasitələrlə bu ərazini Azərbaycandan qoparmağa çalışırdılar. Lakin qarşıda kifayət qədər ciddi bir maneə var idi - Heydər Əliyev. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi yalnız siyasi və hüquqi baxımdan deyil, həm də iqtisadi və psixoloji anlamda Qarabağın Ermənistana ilhaqı arzusunun gerçəkləşdirilməsinə ciddi şəkildə maneələr yaratmağa başladı. Onun həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ermənilərin məskunlaşdığı ərazilərin Ermənistana birləşdirilməsi planları reallaşa bilmədi. Bu dövr ərzində respublika rəhbərliyi bölgənin iqtisadi inkişafını təmin edəcək bütün işləri görmüşdü. Vilayətin digər regionlarla kommunikasiya əlaqələri xeyli yaxşılaşdırılmışdı. Eyni zamanda Qarabağda azərbaycanlıların məskunlaşması istiqamətində tədbirlər planı həyat keçirilirdi. Bütün bu görülən işlərin başlıca məqsədi Qarabağ ermənilərinin Ermənistana meyillilik əmsalını mümkün qədər aşağı salmaq, onların Bakıdan asılılığını təmin etməkdən ibarət idi. Heydər Əliyev buna nail olmuşdu və bunun nəticəsi idi ki, ermənilər Qarabağın Ermənistana birləşdirilməsi "zərurətini" əsaslandırmaq üçün heç bir arqument tapa bilmirdilər.

1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra Heydər Əliyev bir prezident kimi müstəqil dövlətçiliyin qorunması, dövlətçiliyə qarşı təşkil edilən qəsdlərin, təxribatların qarşısının alınmasında siyasi və təşkilatçılıq bacarığını, səriştəsini nümayiş etdirmişdir.

1995-ci il 12 noyabr tarixində Ulu Öndərin birbaşa nəzarəti altında Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Bu Konstitusiya aktında Azərbaycançılıq ideologiyasının əsas komponentlərinin öz əksini tapması ölkəni milli-etnik zəminli münaqişələrdən və parçalanmaq təhlükəsindən xilas etdi. Məhz Ulu Öndərin birbaşa iştirakı və təkidi ilə dilimizin Azərbaycan dili olması ilə bağlı ayrıca bənd Konstitusiya aktında öz əksini tapdı. Bu yanaşmalar Azərbaycanda təmsil olunan milli-etnik qruplar arasında süni şəkildə formalaşdırılan narazılıqları aradan qaldırdı. Ümummilli liderin uzaqgörən düşüncəsi və dövlətçilik siyasəti nəticəsində hamımız Azərbaycançılıq məfkurəsi altında birləşdik. Hələ 1990-cı illərin ortalarından uğurla həyata keçirilməyə başlayan azərbaycançılıq ideologiyasının nəticəsi olaraq ölkədə milli və dini-irqi zəminli heç bir münaqişə formalaşa bilmədi. Artıq hər bir fərqli din daşıyıcısı özünü Azərbaycanda bərabərhüquqlu vətəndaş kimi hiss edir. Azərbaycançılıq ideologiyasının uğurla davam etdirilməsinin nəticəsidir ki, Vətən müharibəsində dinindən və millətindən asılı olmayaraq hər bir gənc Qarabağı özünün şərəf, namus və ləyaqət məsələsi bilərək, gözünü qırpmadan düşmən üzərinə yeridi. Qarabağ Zəfərində onların hər birinin əməyi oldu.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Gənclər Birliyinin üzvü, hüquqşünas Zaur Quliyev Ulu Öndər Heydər Əliyevin hər zaman gənclərin dostu olduğunu bildirdi:

- Ümummilli Lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir.

Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır. Azərbaycan gənclərinin I forumunda bu barədə danışan Ulu Öndər demişdir: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm”.

Bu, həmin illərin ən böyük nailiyyətlərindən idi. Dövlət gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuşdur. Qeyd etdiyimiz kimi, hələ Sovet hakimiyyəti illərində Ümummilli Liderimiz yüzlərlə Azərbaycan gəncinin ittifaqın bir çox böyük və mərkəzi şəhərlərində təhsil almalarına şərait yaratmışdır. Bu gənclər keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə ali təhsil almağa göndərilir və savadlı kadr kimi Vətənə qayıdaraq fəaliyyət göstərməyə başlayırdılar. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər.

Ulu Öndərimiz savadı, qabiliyyəti, istedadı ilə seçilən gənclərə qayğı və diqqət göstərməyi bacarırdı. Şübhəsiz ki, bu gənclərin bir çoxunu özü seçir, onların qabiliyyətini və biliyini sınaqdan çıxarandan sonra Moskvaya, Leninqrada oxumağa göndərirdi. Bu gənclər maddi cəhətdən təmin edilir, yüksək, mükəmməl təhsil almalarına hər cür şərait yaradılırdı. Buna görə də Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıdışını ən çox alqışlayan elə gənclərin özü idi. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclər də onu böyük bir Lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər.

Düzdür, 1988-ci ildən 1993-cü ilə qədər ölkə gəncliyi ictimai-siyasi proseslərdən kənarda qalmışdı, onun potensialı lazımınca qiymətləndirilmirdi. Ölkədə gənclər siyasəti demək olar ki, unudulmuşdu. Həmin dövrdə qeyri-sağlam ictimai-siyasi vəziyyət təhsil sisteminin iflic hala düşməsinə gətirib çıxarmış, gəncliyin başlı-başına buraxılması onlarda sabaha inam hissinin itirilməsinə səbəb olmuşdu. Müxtəlif qrupların hakimiyyət uğrunda çəkişmələrində yeniyetmələrin potensialından sui-istifadə halları gəncliyin mənəvi-psixoloji böhran vəziyyətinə düşməsi ilə nəticələnmişdi.

Belə bir məqamda hakimiyyətə qayıdan Ümummilli Liderimiz Heydər Əliyev ilk görüşünü məhz gənclərlə keçirdi. 22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündəki çıxışında onlara dərin inam bəslədiyini ifadə etdi. Onun “Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” -sözləri hər kəsin həyat devizinə çevrildi.

Dəyirmi masa söhbətinin davamı sabahkı sayımızda...

 

Mətanət Məmmədova

 

Səs.- 2023.- 20 aprel.- S.5-7.