“Azərbaycanda ədəbiyyat adına müstəqil portal yoxdur”

 

“Ədəbi adam” layihəsində oxucular gənc yazıçıların, şairlərin yaradıcılıq, ədəbiyyat, poeziya, sənət haqda düşüncələri ilə tanış olacaq. Layihənin bu dəfəki qonağı yazar Orxan Həsənidir.

 

"Səs" qəzeti yazar Orxan Həsəni ilə müsahibəni təqdim edir:

 

– Bir müddətdir ki, Bakıdan, şəhər həyatından uzaqlaşmısan. Necə düşünürsən, yaradıcılıq taleyinin hansı yerindədir?

–Yaradıcılıq taleyimin mərkəzindədir. Ədəbiyyat bu sarıdan çox qısqancdır. Daim həyatının, taleyinin, seçimlərinin mərkəzində olmaq istəyir. Heç kimlə, heç nəylə yanaşı durmağa razı olmur. O, yeganə olmalıdır. Bu mənada həyatını ədəbiyyata həsr eləmək üçün nələrdənsə imtina eləməyi bacarmalısan. Peşəkar münasibət bunu tələb edir.İndi işimlə bağlı Bakıdan, ədəbi mühitin ürəyindən uzaq düşmüşəm. Lakin uzaqda olmağın mənim üçün faydalı olduğunu düşünürəm. Əyalətdə sakit, arxayın bir həyatım olsa da, dostlarımla ədəbiyyat, sənət haqqında mütəmadi danışır, baş verən mədəni prosesləri müzakirə edirik.Burada yazdıqlarım və yazacaqlarım haqqında dərindən düşünürəm. Daim qeydlər edirəm, oxuyuram, beynimdə durmadan dolaşan süjetləri, obrazları ədəbiyyata gətirməyə çalışıram. Mənə görə yazıçı üçün bundan böyük xoşbəxtlik yoxdur. Ürəyimdə gücünü haradan aldığını bilmədiyim müdhiş bir ümid var.

 

– Ədəbiyyat yaratmaq üçün kənd yoxsa, şəhər önəmli rol oynayır?

– Ədəbiyyatı yaratmaq üçün güclü iradə, sakit həyat, maddi və məişət probelmlərinə yönəlməyən fikir, banalı duymaq bacarığı, intellektual yanaşma və saf istedadəhəmiyyətli rol oynayır. Şəhər, kənd fərqləri isə müəllifdən müəllifə dəyişir. Məkan sadəcə qabıqdır. Açığı mənim üçün harada olmağın heç bir əhəmiyyəti yoxdur. Sakit otaqdakomputerimlə təkbətək qalmaq kifayət edir.

 

– Məncə, sən ədəbiyyata kitablardan gəlmisən. Səncə, ədəbiyyata kitablardan gələn yazıçı daha uğurlu olur, yoxsa həyatdan?

– Öz yaradıcılığımda kitabların və həyatın qovuşub çulğaşmasını istərdim. Bunu reallaşdırmağa çalışıram və uğur haqqında qətiyyən düşünmürəm. Açığı uğur vecimə deyil. İçimdəki nəğməni oxumaq istəyirəm və məni həyata bağlayan yalnız bu nəğməni oxumaqdır.Ümumən yazmaqdan çox oxuyuram, daim araşdırıram, ensiklopedik düşünməyə çalışıram. Yazı prosesində bu çox köməyimə çatır. Xüsusən sevdiyim əsərləri yenidən-yenidən oxuyur, onların sehrli dünyasında gəzişirəm.Özüm üçün mövzular müəyyən etmişəm. Həyatım boyu bu mövzuların ətrafında dolaşacağımı düşünürəm. Məncə, hər yazıçı öz fərdi mifologiyası haqqında dərindən fikirləşməli, götür-qoy eləməlidir. Fərdi mifologiya əhəmiyyətli məsələdir. Fərdi mifologiya getdiyin yolu cızmaqdır.Kitabları və həyatı bu qədər sərt şəkildə ayırmağın isə tərəfdarı deyiləm. Bəzən kitablar həyatdan, bəzən də həyat kitablardan təsirlənir.

 

– Yaxın günlərdə ilk romanın işıq üzü görəcək. Səncə, roman üçün tələsmədin?

– Romanı yazmağa başlamağım həyatımda ciddi dəyişikliklərə getməklə başladı. Yalqızlığı, həyatımı ədəbiyyata həsr etməyi seçdim. Artıq yalnız roman yazmaq və bu janrın incəlikləri haqqında düşünmək, istedadımı və intellektimi bu janrın parlaq nümunələrini yaratmağa xərcləmək istəyirəm. Sən deyirsən tələsmək, lakin unutmaq olmaz ki, hər çiçək öz vaxtında açır. İlk romanım “Və dalğalandı yaddaş tarlası” belə başa gəldi.Xüsusən roman janrı müəllifdən təcrübə istəyir. Təcrübəni isə gözləyərək qazana bilməzsən, daim yazmalı, alternativ həyatı kərpic-kərpic inşa eləməlisən, bunun müxtəlif yolları haqqında düşünməlisən. Əgər tərcübəni erkən yaşda qazana bilməyəcəksənsə, gələcəkdə çox çətin olacaq.

 

– “Və dalğalandı yaddaş tarlası” romanın mövzusu nədir?

– Adından da göründüyü kimi romanın mövzusu yaddaşdır. Unutmaq və xatırlamaq haqqındadır. Bu iki aktı səkkiz nəfər tələb yoldaşın bir-biri ilə olduqca mürəkkəb münasibətləri vasitəsilə açmağa çalışmışam.Roman iki hissədən ibarətdir. Birinci hissə 2017-ci ilin yanında cərəyan edir. İkinci hissə 2019-cu ildə. Oğlanlı-qızlıKörpükənd adlı xəyali məkana səyahətə yollanan tələbə yoldaşları burada yaşadıqlarını tələbəliyin gələcək illərində daim yenidən-yenidən xatırlayır, xatirələrin dəyişən mənalarının – sevincini və kədərini duyurlar. Eyni zamanda romanda müxtəlif yazı stillərindən və modern nəsr elementlərindən istifadə eləmişəm. Bu da romanı əyləncəli hala salır.

 

– Romanı yazmağın neçə il çəkdi?

– İki il çəkdi.2020-ci ilin sonlarına yaxın başlamışdım və 2023-cü ilin baharında sonuncu cümləni yazıb qollarımı başımın arxasında arxayınca birləşdirdim.

 

– Yazmadığın günlərin hayıfını necə çıxırsan? Və ya sənətkar həmişə müntəzəm yazmalıdırmı?

– Həftə sonlarını çıxmaq şərti ilə, demək olar, hər gün 500 söz yazıram. Ya səhər əyalətdəki işimə hamıdan erkən gəlib yazmağa başlayır, ya da işdən sonra qalıb gecəyə qədər çalışıram. Həftə sonları isə rayondakı dostlarımla görüşür, ədəbiyyatdan kənar məsələlər barəsində söhbətləşir, ədəbiyyatla bağlı hər şey müvəqqəti unutmaq istəyirəm, bəzənbanal filmlərə baxıram, balıq tutmağa, yaxın rayonlara gəzintiyə çıxıram.Həftə içi günə 500 söz yazmasam, özümü olduqca mənasız və əhəmiyyətsiz hiss edirəm. İnsanlarla ünsiyyətim pisləşir, qanım qaralır. Hər sözdən inciyirəm, heç kimi eşitmək istəmirəm, daha çox içimə yönəlirəm. Belə olanda halda yazmaq üçün daha çox motivasiya qazanıram və özümü daha güclü hesab edirəm.

Məncə, yazıçı müntəzəm yazmalıdır. Onun yeganə missiyası yazmaqdır.

 

– Müasir zaman bu gün çox sürətlidir. İnternet, sosial şəbəkələr, informasiyaların axını insan ruhuna, qəlbinə təsir göstərir, onu yükləyir. Belə bir şəraitdə kitabın qüdrəti və imkanları insanın mənəvi aləmini qorumağa, xilas etməyə çatırmı?

– Kitabın qüdrəti haqqında düşünmək məni qətiyyən qayğılandırmır. Elektron kitablara və səsli kitablara qarşı münasibətim loyaldır. Mənim işim onun haqqında düşünmək yox, yazmaq və yazdığına inanmaqdır.

 

– Əvvəl ədəbi dərnəklər var idi, hər yazının hansı dərnəyə aid olduğunu, yaxud olmadığını bilmək mümkün idi. Necə düşünürsən, indi bəzi ədəbi portallar həmin portalların rolunu oynayırmı?

 

– Hansı ədəbi portallar? Azərbaycanda ədəbiyyat adına müstəqil portal yoxdur.

 

– Yaradıcı adamların içkiyə daha çox qapılmasının səbəbi necə izah edərsən? Azərbaycanda Sovetdən qalma klişe var ki, yazıçılar, şairlər içən olur. İçməsələr yaza bilmirlər. Sən necə içki içəndə yazmaq hissin oyanırmı?

 

– Mən ümumiyyətlə içib yazmağı qəbul etmirəm. Sərxoşkən yazı yazmaq fiziki olaraq mümkün deyil. Özüm də içə bilmirəm. İçəndə əlim ayağıma dolaşır, yaradıcı əhvalım düşür, səhər baş ağrısı ilə oyanıramsa, demək olar, həmin gün heç nə yaza bilmirəm və özümü çox bədbəxt hiss edirəm. Yaradıcı beyin ayıq olmalıdır.

 

    SÖHBƏTLƏŞDİ: OĞUZ AYVAZ

    Səs.- 2023.- 1 iyun. - S.12.