AĞDAM: düşmən gözünə daman ağ

    

Bu gün azadlığı ilə qürur duyduğumuz, azad siması ilə düşmən gözünə ağ olan Ağdamın inkişafına, yenidən qurulmasına hər dəfə baxanda ürəyimizi sızladan xatirələr canlanır gözlərimiz önündə: 27 il düşmən tapdağı altında qalan və 2020-ci ilin 27 sentyabrından başlanan yolla azadlığına doğru yolçuluğa çıxan Ağdam bir qərinəyə yaxın qara günlər yaşadı. Gözəl hüsnündən əsər-əlamət qalmadı Ağdamın. Vəhşi düşmən bu ağ saraylı, ağ binalı şəhəri yerlə yeksan etdi. Dağıdıldı, yandırıldı, köksü qara tüstü burulğanına büründü. Ağ şəhər qara şəhərə çevrildi. Həm də qara günlü şəhərə...

27 il idi ki, adından “ağ” sözünü çıxarıb Qarabağın qara bəxti, qara taleyi adlandırmışdıq Ağdamı. Çünki ağ günündən, ağappaq şölə saçan növrağından əsər-əlamət qalmamışdı bu yurdun. Ona yad əllər uzanmışdı. Bədxah addımlar köksündə yaralar açmışdı. Tanış olmayan nəfəslər bu yerlərin ağ gününə qara tüstü püskürmüşdü. İllərdi yanırdı çinarlıqları. Sökülürdü abidələri, mədəniyyət ocaqları. Dağıdılırdı zəhmət əllərinin ucaltdığı evlər - bir ailənin ümidi sökülürdü. Evindən-eşiyindən köçmək məcburiyyətində qalanların yuxularının tez-tez qonağı olurdu Ağdam. Bu yuxular dünyada məşhur olan Qarabağ atlarının məskəni olan Ağdamın ağ atlı oğullarından, ağ duvaqlı qızlarından “danışırdı”. 27 il əvvəl Qarabağın qoynundakı ən çox şəhid verən bu bəyaz şəhərin qara günlərini nağıl edirdi o yuxular. Lakin nə bu yuxular, nə də real həyat belə davam edəcəkdi. Çünki azərbaycanlıların belə bir deyimi var:

 

Qara günün ömrü az olar

 

Qara gününün ömrü 27 il olsa da, 27 sentyabrdan başlanan Vətən müharibəsi Ağdamın bu ömrünün sonu oldu. Müzəffər ordumuzun sürətlə irəliyə doğru irəliləməsi, o yuxulardakı ağ atlı oğulların düşmənin qara kabusuna çevrilməsi son qoydu Ağdamın qara günlərinə. Ali Baş Komandanımızın da söylədiyi kimi: “Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün oldu. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş və böyük vəsait xərclənmiş istehkamlar. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etmişdilər. Bizim gücümüzü düzgün hesablaya bilməmişdilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bizi o Qələbəyə aparan həm gücümüz, texniki təchizatımız, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi”.

27 sentyabrdan başlanan hərbi yol 10 noyabrda siyasi yolla birləşərək Ağdamın qələbəsini yaxınlaşdırdı. Tarix yenə 27 il əvvələ geri döndü. Lakin bu dönüş azərbaycanlıların başına açılan o müsibətli günləri qələbə sevinci ilə əvəzlədi. Bu dəfə əzilən, başqasının torpaqlarında ağ gün axtararkən qara günlərin sahibinə çevrilənlər oldu. Tarix öz siyasi lideri və səhifələrinə minilliklərin hünər səhifəsini yazan azəri övladlarının şücaəti ilə Ağdamı ağdamlılara qaytardı. Həmin gün Ağdamın “çöhrəsini” gülümsəyən gördük. Sevinc göz yaşları axıtdıq. Qəlbimiz qürur hissi ilə doldu...

 

20 noyabr 2020-ci il: Ağdam günü

 

20 noyabr 2020-ci il. Nə gözəl, yaddaqalan tarixə təsadüf edir Ağdamın ağ gününə qovuşması. Üzünə həsrət qaldığı, dalğası hicranı olan bayrağına qovuşması. Deyirlər, bütün rənglərin təməlində ağ rəng dayanır. Öz bəyazlığı fonunda üç rəngdən yaratdığı üçrəngli bayrağını sinəsinə sancdı, başını dik tutub: “Mən azad oldum, mən doğma Vətənimə qovuşdum”,- dedi Ağdam.

44 günlük Vətən müharibəsində olduğu kimi, 10 noyabrda imzalanan üçtərəfli Bəyanatın ilk qələbə müjdəsini də Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən aldıq: “Mən bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə çatdırıram, bu müjdəni verirəm. Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqlarına qaytaraq”.

Bilirdik ki, düşmən Ağdamda daşı daş üzərində qoymayıb, eşitmişdik. Lakin azadlığından sonra yolumuzu Ağdamdan salanda bunu canlı olaraq gördük. Gördük ki, İlahi, bura vəhşi bir qəbilə hücum edib, sağ qoyduğu bir şey olmayıb ki... Qədim tarixə malik çoxlu sayda memarlıq və incəsənət abidələri ötən 27 ildə yerlə-yeksan olunub Ağdamımızın. XIX əsrdə tikilmiş türbə, Xanoğlu türbəsi, Pənah xanın türbəsi, Pənah xanın imarəti, iki sandığabənzər abidə, XV əsrə aid Sərdabə və Hatəm Məlik qalası, onlarla muzey, məscid, kitabxana, teatr, məktəb düşmənin vəhşiliyi ilə üzləşib. Meşələr yandırılıb, məhv edilib. Məscidlərdən başqa çirkin məqsədlər üçün istifadə olunub. Lakin vətən oğulları əllərinə silah alıb düşməni torpaqlarımızdan qovduqları kimi, məscidlərimizə də həmin əllərlə təmizlənmək, paklanmaq nəsib oldu. Qeyrətli oğulların sayəsində Ağdamın azan səsi təşnəsinə də son qoyuldu.

Ağdamda Azərbaycan bayrağı ucaldıldı. Ağdam bu doğma nəfəsləri, tanış əllərin hərarətini duyduqca gülümsəyirdi. 27 il çöhrəsinə qara rəng çökən Ağdam gülümsəyirdi. Dağıdılmış, viran edilmiş abidələri, tarixi yerləri, incəsənət, mədəniyyət nümunələri, bərəkətli, altı da, üstü də zəngin torpaqları ilə birlikdə gülümsəyirdi. Çünki o əllər bu yurd yerinə yeni həyat vermək üçün gəlmişdi. Minlərlə evinin daşı daş üstündə qalmayan bir yurdu yurddaşlarına vermək, buraya yeni növraq bəxş etmək üçün gəlmişdi. Bu səbəbdən də Ağdam gülümsəyirdi. Qələbəsini, azadlığını bayram edirdi. Bütün işğaldan azad olunmuş torpaqlarımız kimi, Ağdamın da üzünə gülümsəmək necə də yaraşır...

 

Ağdamın bu günü ilə düşmən gözünə ağ damır

 

Bir vaxtlar işğal altında saxladıqları Ağdamı darmadağın edən ermənilər hərəkətləri ilə bu torpağın sahibləri olmadıqlarını nümayiş etdirməklə yanaşı, həm də vəhşiliklərini göstərdilər. Bütün dünyaya bəyan etdilər ki, ermənidən qəddar qəbilə yoxdur.

Yurd salmaq, ev tikmək nə qədər çətin olsa da, uzun illərə başa gəlsə də, çox insanlar üçün bir ömrə bərabər olsa da, belə imiş Qarabağ torpaqlarının sakinlərinin alın yazısı. Dağıdılacaqmış illərlə qurub-yaratdıqları. Yeməklərindən, geyimlərindən kəsib daşa, quma verib ucaltdıqları yurdları dağıdılacaqmış. İçərisində nə xəyallar qurduqları evlərə həsrət qalacaqmışlar. Nə arzularla əkdikləri ağaclar bar üstündə düşmənin xəyanətkar əllərinə veriləcəkdi.

27 il bu yurdun insanları köçkün həyatı yaşaya-yaşaya tək təsəlliləri Ağdamın ağ günlərini xəyallarında canladırmaq olacaqdı. Amma bir məsələ də var ki, gedənlərin, itirilənlərin hər birini qaytarmaq olar, tək torpaqdan savayı. Qoy yansın, sökülsün, dağılsın evlərimiz. Ta ki torpaqlarımız özümüzünkü olsun, yadlar ona sahib çıxmasın. Qoy evsiz-eşiksiz qalaq, torpağın üzərində süfrə açaq, çörək kəsək, evimiz torpağın üzəri olsun, lakin torpağımız özümüzün olsun. Torpaq varsa, onun üzərində hər zaman gözəl, yaraşıqlı evlər qurmaq mümkündür. Su gələn arxa bir də gələr, deyib atalarımız. O arxın varlığı ilə ona yenidən su gələ bilirsə, torpağın varlığı ilə də yeni yurdlar salına bilər.

Ağdamda da salınacaq o yurdlar. Sevinəcək, güləcək kəndləri, şəhərləri, insanları. Ölkəmizin Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “İndi isə Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb... Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur… Bu işlər planlı şəkildə öz həllini tapacaq. Biz artıq birinci böyük layihəyə start verdik. Eyni qayda ilə biz Ağdam şəhərini və onun bütün infrastrukturunu bərpa etmək üçün ardıcıl addımlar atacağıq. Ağdamlılar və işğaldan azad edilmiş bütün başqa rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır”.

 

Dövlətimiz Ağdamı dirçəldir

 

2021-ci il may ayının 28-də Ağdama səfəri zamanı Prezident İlham Əliyev demişdir: “Bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək. Bu Baş Plan mənə təqdim edilmişdir. Biz bir müddət bu plan üzərində işləyirdik və istərdim ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olsunlar, öz fikirlərini bildirsinlər və sizin iştirakınızla biz bu gün bu gözəl mərasimi keçirək. Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq”.

Bəli, həmin səfər çərçivəsində Ağdamın Baş Planı təsdiq edildi. Bu planla da Ağdam sürətlə günlərinə qovuşmağa başladı. Ötən il fevralın 13-də dövlətimizin başçısının və birinci xanımın “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirakları ilə Ağdam 27 ilin qara libasını əynindən çıxarıb öz tarixi bəyaz donunu geyindi. İşğaldan azad edilən Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərenerji” ASC tərəfindən “Xındırıstan” yarımstansiyasından 35 kilometr məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xəttinin, Ağcabədidən Xındırıstana, oradan da “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına qədər ümumilikdə 63 kilometr məsafədə 110 kilovoltluq xəttin üzərində ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi üçün 24 damarlı fiberoptik kabelin çəkilməsi, bununla da Ağdama təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürmə qabiliyyətli sürətli internet xəttinin gətirilməsi bu rayonun ağ günləri fonunda düşmənin qara günlərinə çevrildi. Onlara sadəcə kənardan bu hadisələri izləməklə yanıb-yaxılmaq qalır.

Daha sonra ölkə rəhbəri tərəfindən Ağdam Sənaye Parkının, “Park Forest Otel Ağdam” mehmanxanasının, ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin mərhələdə 209 mənzildən ibarət 6 yaşayış binasının, Ağdam Mərkəzi Xəstəxanasının təməlinin qoyulması, Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdamda Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində olmaları, Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olmaları dövlətimizin Ağdamın yenidən qurulması sahəsində həyata keçirdiyi tədbirlərin sürətinin göstəricisi idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mayın 2-də Ağdam rayonuna səfərləri çərçivəsində “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin, inzibati binanın təməlinin qoyulması və Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanışlıq isə Ağdamın növbəti mərhələdə inkişafını şərtləndirən amillərdir.

 

Ağdamı şən görmək nə qədər xoşdur...

 

Hər dəfə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza səfərləri ürəyimizi qürurla doldurur. Müzəffər Ali Baş Komandanın və 44 günlük Vətən müharibəsi dövründə xalqın təsəllivericisi olan Mehriban xanım Əliyevanın bu torpaqlara səfəri Zəfərimizin üzərinə yeni bir Zəfər əlavə edir. Azad torpaqlarımızda həyat bərpa olunduqca, onlara öz əvvəlki görkəmlərinin verilməsi ilə bağlı planlar həyata keçirildikcə düşmənin bağrının çatlamasını duyur və fəxr edirik ki, onlara bu narahatlığı yaşada bilirik. Çünki biz 30 il narahatlıqla, torpaqlarımızın həsrəti, hicranı, nisgili ilə yaşamışıq.

Dövlətimizin başçısının azad torpaqlarımıza hər səfəri onlara yeni həyatın bəxş olunması ilə nəticələnir. Elə Ağdamın da “üzünün” güldüyünü gördük növbəti səfərdə. Onun hüsnünə vurulan hər naxış bu gözəl şəhərin görüntüsünü dəyişir, 27 illik nisgilini sevincə çevirir. Ağdam həm də ona görə sevinir ki, sinəsində görülən hər bir iş onu sakinlərinə, doğmalarına yaxınlaşdırır. Çünki torpaq o vaxt bəxtəvərdir ki, sinəsi üzərində doğmalarının addım səslərini dinləyir. 27 illik sükutdan sonra Ağdam bu səsi duydu. Bu səsin daha kütləvi şəkildə duyulması isə Ağdama Böyük Qayıdışla olacaq. O gün isə çox yaxındadır. Səbr et, Ağdam, doğmalarınla birlikdə xoş, sevincli günlər səni gözləyir...

 

Mətanət Məmmədova

 

Səs.- 2023.- 12 may.- S.8-9.