İkiqat qohumluq, mərtəbəli
evlilik: BİTDİ!
Azərbaycanda gələcək nəsillərin
sağlamlığının qorunması və anadangəlmə
xəstəliklərin qarşısının alınması
məqsədilə iyulun 1-dən etibarən aralarında nikah
bağlanmasına yol verilməyən qohumların dairəsi
genişləndirildi. Ailə Məcəlləsinin 12-ci maddəsinə
edilən dəyişikliyə əsasən, ümumi bioloji
babası və ya nənəsi olan əmioğlu ilə əmiqızı,
xalaoğlu ilə xalaqızı, bibioğlu ilə
dayıqızı, bibiqızı ilə dayıoğlu, həmçinin
əmi ilə onun qardaşı qızı, dayı ilə
onun bacısı qızı, bibi ilə onun qardaşı
oğlu və xala ilə onun bacısı oğlu arasında
nikahın bağlanmasına icazə verilməyəcək.
Nikaha daxil olmaq istəyən şəxslər
arasında qohumluq münasibətlərinin olub-olmaması
Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə
qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyəti
nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən
yoxlanılacaq. Əgər bu məlumatların sistem vasitəsilə
əldə edilməsi mümkün olmazsa, nikaha daxil olmaq istəyən
şəxslər və onların valideynlərinin doğum
haqqında şəhadətnamələrinin surəti nikah ərizəsinə
əlavə edilməlidir. Həmin sənədlərin əldə
edilməsi mümkün olmadıqda qohumluq əlaqələrinin
olub-olmadığının müəyyənləşdirilməsi
üçün əlavə sənədlər tələb
oluna bilər. Yoxlama nəticəsində yuxarıda qeyd olunan
qohumluq əlaqəsi müəyyən edilərsə, qeydiyyat
orqanı tərəfindən həmin şəxslərin
nikahı qeydə alınmayacaq.
Ona görə olmaz ki...
Qohum nikahlarla bağlı olduqca çox yazıb,
olduqca çox danışmışıq. Genetik, tibbi, insani
tərəflərini araşdırıb səhifələrlə
yazı yazmışıq. Qohumla evlənməmək
üçün bir neçə ciddi səbəb var ki, bunlar
əsasən genetik, tibbi, psixoloji və sosial risklərin
çoxluğu ilə bağlıdır. Ən birinci səbəb
genetik risklərdir. Yaxın qohumlar genetik olaraq bir-birinə bənzərdir,
bir-birinin eynidir. Əgər hər iki tərəf hər
hansı bir irsi xəstəliyin daşıyıcısıdırsa
bu zaman körpədə anadangəlmə qüsurların,
fiziki və əqli qüsurların olma ehtimalı çoxdur.
İrsi xəstəliklərdən olan talassemiya, hemofiliya,
fenilketonuriya və s. kimi xəstəliklərin övladlara
ötürülmə ehtimalı yüksək qohum nikahlarda
yüksək olur.
Çünki, biz ana bətnində yaranarkən
genimizi hər iki valideynimiz formalaşdırır. Yəni
genimizin yarısını atadan, digər yarısını isə
anadan alırıq. Bəzi genlərimiz tərəfindən
kodlaşdırılan fiziki, fizioloji və ya davranış
xüsusiyyətlərimizin düzgün işləməsi
üçün hər iki valideynimizdən
aldığımız genin normal işləməsi şərtdir.
Yəni, əlimizin olması, ayağımızın yeriməsi,
beynimizin düşünməsi üçün
ata-anamızın geni sağlam olmalıdır. Amma hətta
bizi kodlayan genlərdən yalnız biri işləsə belə,
ona tabe göstəricilərimiz normal inkişaf edə və və
orqanizmimiz işləyə bilər. Yəni əgər
anamızın geni ilə ayağımız yeriyirsə o zaman
anamizdan aldığımız gen sağlam olmalıdır,
onda sağlam deyilsə o zaman atamızdan sağlam geni
tapıb alırıq.
Lakin mayalanma prosesində aldığımız genlərin
hər ikisi qüsurlu gen olduqda genetik xəstəliklər
baş verir. Yəni, əgər tərəflər qohum olmasa
idi, əgər ikisindən birinin genində problem olsa, digəri
sağlam olsa idi belə, dünyaya gələcək
uşaqların orqanizmi çox zərər görməzdi.
Lakin tərəflər qohumdur və eyni xəstə geni
daşıyırlar və dünyaya gələcək
övladlarına eyni geni ötürürlər, bu zaman
mutasiya problemləri yaranır. “Autosomal resessiv” genetik xəstəliyi
olan bir şəxsin bu xəstəliyi
daşımasının səbəbi hər iki valideynindən
zərərli mutasiyaya malik eyni geni miras alması deməkdir.
Qohum nikah zamanı hər iki valideynimizdə olan irsi xəstəlik
beləcə bizə də ötürülür.
Daha təhlükəlisi: mərtəbəli evlilik
Bəzən valideynləri yaxın qohum olan gənclər
evlilik qərarı alır, evlənirlər. Tutaq ki, əmizadələrin
nikahı baş tutur. Növbəti mərhələrə
onların dünyaya gələcək övladları da qohum
nikaha girmək istədikdə mərtəbəli evlilik prosesi
baş tutur. Baba-nənə qohum evliliyi edib, ata-ana əmizadədir
və qohum nikahındadırlar, uşaqlar da qohum nikaha meyllənir
və bu daha böyük təhlükədir. Tibb buna “təkrarlanan
qohum nikahları” deyir və genetik baxımdan ən riskli
hallardan biri hesab olunur.
Bu halda qohumluq genləri bir neçə dəfə
üst-üstə düşür. Yəni həm nənə-baba,
həm ata-ana eyni genetik kökdən gəlir və əgər
onların övladları da evlənmək istəyirsə bu
zaman genetik müxtəliflik yüksək dərəcədə
azalır. Əgər həm valideynlər, həm də
onların valideynləri qohum nikahındadırsa, bu zaman irsi xəstəliklərin
ehtimalı kəskin artır, əqli gerilik, autizm spektr
pozuntuları, fiziki anomaliyalar riski daha yüksək olur.
Qohum nikahlarla mübarizə aparın, evliliklərin
qohumluq əlaqələri üzərindən
yarandığını bildiyiniz hallarla
qarşılaşdıqda lazımı orqanlara məlumat
verin. İnsanlar qohum nikahlarla mübarizə üçün
hər şey etməlidirlər. Bu vətəndaşlıq
borcudur, öz genefonduna sahib çıxmaqdır. Hamı qohum
nikahlara qarşı mübarizə aparsa, el bir olsa dövlət
də öhdəsindən daha yaxşı gələr.
Qadağanın tətbiq olunmasında iki tərəfin
əməyi var - həkimlərin və jurnalistlərin. Bu barədə
mütəmadi çıxış edən, yazan həkimlər
insanlara qohum nikahların zərərlərini, təhlükələrini
anladaraq genefondumuzu sağlamlaşdırmağa
çalışdılar. Eyni zamanda, bu qadağada medianın,
jurnalistlərin böyük əməyi var.
Lalə Mehralı
Səs .- 2025.- 2 iyul (¹113).- S.15.