Polietilen torbalarla
boğduğumuz dünya: xilas yolu nədir?
Dünya polietilen torbalarla təxminən yarım əsr
əvvəl tanış olub. Buna qədər ekoloji
baxımdan daha təmiz olan kağız və parça torbalardan
istifadə olunurdu. Lakin sonradan maya dəyəri daha ucuz olan,
hazırlanmasında saf xammaldan yox, məişət
tullantılarından istifadə edilən daha sərfəli
qiymətə başa gələn polietilen torbalarla
tanış olduq. Beləliklə dünya geriyə
asanlıqla qayıda bilməyəcəyi çirkli bir yola
girdi.
Dünyanın plastik terrorla mübarizəsi
Plastik torbalarla alış-verişə davam edən
obyektlər bir çox ölkədə vergiyə cəlb
edilib, bəzilərində də pulla təklif edilir. Danimarka,
Bolqarıstan, İspaniya kimi ölkələrdə sellofan torbalardan
istifadə vergiyə cəlb edilir, Hollandiya, İsveç
Xorvatiya, Sloveniya və Latviya kimi ölkələrdə isə
pulla təklif edilir. İtaliya, Rumıniya və Litvada
bütün ölkə ərazisində plastik torbalardan istifadə
qadağan edilib, Fransada isə ölkənin bəzi yerlərində
birdəfəlik plastik torbalardan istifadə qadağandır, bəzi
bölgələrdə isə ödənişlidir.
Yunanıstan polietilen torbalardan 75 faiz imtina edib, 2025-dək
bu hədəf 95 faizədək planlanıb. Hazırda
dünyanın 60-dan çox ölkəsində plastik
torbalardan istifadə qaydaları mövcuddur. Son illərdə
Tayvan, Kolumbiya, Mozambik və Cənubi Afrikada da plastik torbalar
ödənişli satılır.
Ümumiyyətlə, dünyada ilk dəfə 2002-ci
ildə Banqladeşdə tətbiq edilən bu qadağa ən
sərt Keniyada hökm sürür. Bu ölkədə 2017-ci
ildə qüvvəyə minən qanuna görə plastik
torbalardan istifadə edən, istehsal edən və ya
satanları 4 ilə qədər həbs və ya 38 min dollara qədər
cərimə gözləyir. Qeyd edim ki, plastik torbalardan istifadəni
qadağan edən ölkələrin təxminən
yarısı Afrikadadır.
Qadağa tətbiq edilən ölkələrdən
olan Danimarka və Finlandiyada adambaşına illik sellofan istifadəsi
4 ədəddir. Sözügedən qadağa İrlandiyada
2002-ci ildə bu rəqəm 328 ədəd olarkən tətbiq
edildi, amma hazırda adambaşına 18 ədədə qədər
azalıb.
Buna baxmayaraq, dünya üzrə bu məhsulların
istifadəsi azalmır, əksinə artr.
Sellofan torbalar bizə nələr edir?
Statistik məlumatlara görə, dünyada hər 1 dəqiqədə
1 milyon polietilen torba zibil qutusuna atılır. Polietilenin
çürüyərək yox olması üçün
torpaqda 800 il, dənizdə isə 400 il lazım gəlir. Rahat
alış-verişin etalonu hesab edilən bu torbaların dənizə
atılması bir çox dəniz canlısının mədəsində
plastik tullantıların yığılmasına səbəb
olur. Çünki okeanda səfərdə olan gəmilər
ildə 4 milyon kiloqrama qədər polietilen torbanı dənizə
atır. Ekoloqlar deyirlər ki, dünyanın quru səthinin
polietilen torba işğalından qurtulmasının səbəbi
okean dibinin sellofan torba və plastik qabların qəbiristanlığına
çevrilməsidir.
Banqladeşdə 1988 və 1998-ci illərdə baş
verən dağıdıcı leysanın nəticələrinin
ağır olmasının səbəbi məhz sellofan
torbalarda görülür. Çünki ölkədəki
bütün kanalizasiya xətlərinin qabağını bu
torbalar kəsərək suyun sürətli axınını
ləngidib. 1998-ci ildən bəri Banqladeşin paytaxtında,
daha sonra ölkə daxilində polietilen torbalar qadağan
edildi və alternativ variantlar istifadə edildi.
Sağlamlığı qətl edən paketlər
Təxminən 10-15 dəqiqə istifadə etdiyimiz,
sonra büküb tullantı qablarına
atdığımız, bir çoxumuzun bu “əziyyətə”
qatlaşmayaraq elə küçəyə atdığı
paketlərin təbiətdə 800 il çürümədiyini
bilirdinizmi? Bu torbaların qalıqlarının təbiətdə
tamamilə yox olması üçün ən az 1000 il
lazım gəlir. Bir çoxları düşünə bilər
ki, bu paketlər də istehlak edildikdən sonra geri qaytarıla
və yenidən istehsal edilə bilər.
Doğrudur, bu mümkündür, amma geri qaytarılan
torbalar istehlak edilənin 1%-ni təşkil edir, 99% sellofan torba
yenə də təbiətə atılır. Üstəlik, təkrar
emalı sağlamlıq baxımından təhlükəlidir.
Aparılan araşdırmalara görə, polietilen paketlərdə
və plastik qablarda saxlanan qida məhsullarının tərkibində
kimyəvi maddələr keçir və bu da ağır xəstəliklərə
səbəb olur. Hollandiyada aparılan araşdırmada son illərdə
insan orqanizmində plastik partikulların 4 dəfə
artdığı məlum oldu. Yəni, bədənimiz plastikləşir...
Polietilen paket istehsalı neft və təbii qaz kimi bərpa
olunmayan təbii enerjinin get-gedə azalmasına və
çirkliliyinə gətirib çıxarır. Ekoloqlar
bildirirlər ki, bir sellofan torbanın istehsalına xərclənən
enerji bir avtomobilin 115 metr irəliləməsinə kömək
edə bilər.
Əvvəl pullu olmalı, sonra qadağan edilməlidir
Bir neçə il əvvəl ölkəmizdəki
ticarət şəbəkələrində və marketlərdə
polietilen torbalar pullu edilib. Bu torbaların ətraf mühitə
mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər
Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına
əsasən mağaza kassalarında məhsulların
yığılması üçün nəzərdə
tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar,
ayrıca məhsul növü kimi pulla satılır.
Torbaların qiyməti ölçüsünə görə
3-5 qəpik arasında dəyişir.
Ekoloji təmiz xüsusi torbalar isə daha yüksək
qiymətə təklif edilir. Polietilen torbalar pulla təqdim
edilməli və ayrıca məhsul kimi kassa çekinə
vurulmalıdır. Bunu etməyən ticarət obyektlərini 6
min manata qədər cərimə gözləyir.
Hələlik, ərzaq mağazalarında bu qaydaya riayət
edilir, lakin təsərrüfat mağazalarında, geyim
dükanlarında və sair ticarət mərkəzlərində
yenə də bu paketlər kütləvi istifadə olunur.
Ümumi ölkə üzrə istifadə həcmi bir qədər
azalsa da, bu, problemi heç də əhəmiyyətli dərəcədə
azaltmayıb.
Sərfəli alternativlər olmasa...
Bir şeyin qadağan olunması üçün
alternativi təklif olunmalıdır. Təəssüf ki, əvvəlcədən
alt baza yaradılmayıb, yəni, təbii materialdan paketlərin
kütləvi istehsalı təşkil olunmayıb.
Düzdür, mağazalarda parça torbalar satılır,
lakin onların qiyməti astronomikdir və heç kim onları
alası deyil. Adi parça torbalar 5-6 manata təklif olunur ki,
bu da həddən artıq baha qiymətdir. Halbuki, parça
torbanın maya dəyəri ən uzağı 20-30 qəpik
ola bilər ki, bunun da satışı 50 qəpikdən
olmalıdır. Bundan başqa, 10-20 qəpiyə daha nazik və
kiçik parça torbalar təklif oluna bilər.
Əgər təbii torbalar alıcılar
üçün sərfəli olmasa, ondan istifadə etməyəcəklər,
hər dəfə 5 qəpik ödəyib sellofan torbalardan
istifadəyə davam edəcək. Çünki, heç də
hər kəs iri parça torbanı cibində gəzdirməyəcək,
deməli, azdəfəlik istifadə üçün 10 qəpiyə
kiçik parça torbaların təklifi vacibdir.
Özün düzəlt, dünyanı xilas et !
Sellofan torbalardan istifadə bizə nə
qazandırır, nə itirir? Qazanc birdir– rahatlıq.
İtirdiklərimiz nələrdir?
Sağlamlığımız, evimiz bildiyimiz təbiət,
dünyanın ciyəri olan meşələr, su
ehtiyatlarımız, məhsulunu yediyimiz torpaq. Parça
torbalardan istifadə etməklə həm təbiəti, həm
də sağlamlığımızı qoruya bilərik.
Şərt deyil yenisinə pul verib alaq, evdə
özümüz də bu torbalardan tikə bilərik. Bunun
üçün bir neçə alternativ də var.
Ekoloji təmiz alış-veriş çantası tikmək
üçün xüsusi parça almağa və əlavə
xərc çəkməyə də ehtiyac yoxdur. Hər
birimizin qarderobunda geymədiyimiz geyimlər var ki onlardan
alış veriş torbası tikmək olar. Ən sadə
üsulla parçanı kvadrat, düzbucaqlı və ya dairəvi
şəkildə kəsib 3 tərəfini tikib bir tərəfini
açıq qoya və iki tutacaq əlavə edə bilərik.
Daha praktik olsun deyə sizə ölçü ilə
kömək edək. Ağırlığa davamlı ekoloji təmiz
torba tikmək üçün istifadə etmədiyiniz cins
şalvarınız əla materialdır. Orta
ölçülü bir alış-veriş torbası tikmək
üçün iki ədəd 30x46 sm ölçüdə
parça götürün. Torbanın kənar hissələri
üçün 8x46 sm hissə hazırlayın,
parçaları tərs çevirərək astar hissədən
yanlarda kənar hissə üçün ayrılmış
parçalar olmaqla birləşdirin. 8x50 sm ölçüdə
iki parçanı çantaya tutacaq hazırlamaq
üçün tikin və torbaya birləşdirin. İstəyə
bağlı çantaya daxildən və ya xaricdən cib də
tikə bilərsiniz. Bünun üçün 20x20 sm
ölçüdə parçaya ehtiyacınız var.
Çətirlərin hazırlanmasında istifadə
edilən brezent materiallı parçalar torba tikmək
üçün çox yararlı materialdır. İstifadəyə
yararsız çətiriniz varsa parçasından bu məqsədlə
istifadə edə bilərsiniz. Bu parçalar həm
ağırlığa davamlı olur, həm su keçirmir.
Tikmək üçün cəmi yarım saat
vaxtınızı alacaq bu torba illərlə istifadə oluna
bilər və təbiətimizi sellofan torbaların zərərindən
maksimum qoruyacaq.
Lalə Mehralı
Səs .- 2025.- 2 iyul (№113).- S.13.