Müasir uşaq tərbiyəsi:
nədə doğru, nədə yanlışıq?..
Müasir dövrdə ailələrimizdə
böyüdüb tərbiyə verdiyimiz uşaqlarımız
barədə danışmaq istəyirəm O uşaqlar ki,
onlar zaman-zaman ailələrinin güzgüsünə
çevrilirlər, o güzgüdən isə cəmiyyətin
hər bir üzvü həmin ailəni çox gözəl
şəkildə görə bilir. O uşaqlar ki,
bugünkü tərbiyələri sabahkı bəhrədir. O
bəhrənin necə olacağı isə bizlərdən-valideynlərdən,
nənə-babalardan, xala-bibilərdən, dayı-əmilərdən
xüsusilə asılıdır. Bu gün ailələrimizdə
tərbiyə verdiyimiz, sabah cəmiyyətin bir üzvünə
çevriləcək övladlarımız həm
yaxşı, həm də pis mənada bizim əsərlərimizdir.
Yazıb, tamamlayıb, cəmiyyətə oxumaq
üçün təqdim etdiyimiz əsər. Cəmiyyət
bunu necə qiymətləndirəcək, necə
qarşılayacaq, bax, elə bu barədə danışaq ki,
təqdim etdiyimiz əsərlərin aqibəti bizləri bu
gün düşündürsün ki, sonra gec olmasın...
Təqdim edənlər, təqlid edənlər
Bu gün ailələrimizdə uşaqların tərbiyəsində
iki şəxs dayanır: uşaqlar və böyüklər.
Böyüklər tərbiyəni təqdim, uşaqlar təqlid
edəndir. Düşünəndə ki, uşaq
gözünü açır, valideynini görür, onun
danışdıqlarını, ona yanaşmalarını
eşidir, hiss edir, bəli, bir uşağın ilkin təməli
də elə həmin ailədə-valideyni və ya nənə-babası,
digər yaxın qohumları ilə qoyulur. Başqa cür ola
da bilməz, təbii ki. Belə isə uşaqların tərbiyə
prosesindən çətin, məsuliyyətli bir iş yoxdur,
desəm, yanılmaram. Bu məsələyə, dərindən
düşünəndə, o qədər həssaslıqla
yanaşılmalıdır ki, sonu gözəl nəticə
versin.
Nə üçün yuxarıda uşaqlar təqlid
edəndir, dedim. Çünki, sözün həqiqi mənasında,
uşaqlar valideyni, onlarla birlikdə yaşayan digər
böyükləri təqlid edirlər. Başqa cür ola da
bilməz, ona görə ki, uşağı bir ağ vərəq
olaraq düşünürüksə, o vərəqə
yazılanlar ancaq ətrafdakıların dəsti-xətti ilə
mümkündür. O mənada ki, həmin vərəqdə
böyüklərin tərbiyəsi əsasında mürəkkəb
görünür və haqqında
danışdığımız əsər də beləliklə,
yazılmağa başlayır.
Bəzən düşünürük ki, uşaq
dünyaya gəldi, vəssalam, istəyi nədirsə, onu da
etməliyik. İlk aylarından onun tərbiyəsinin əsasının
qoyulması kimi dəyərləri unuduruq. Məsələn,
ağladı-ağlamadı, onu saatlarla qucağımızda
saxlayır, atır-tutur, necə deyərlər, sanki uşaqlığımıza
qayıdır, onunla oyuncağımız kimi oynayırıq.
Beləliklə, uşağın ilk ərköyünlüyünün
təməlini qoymuş oluruq. Artıq biz onu yerə qoymaq, bir
işin ardınca getmək istəyəndə, o, buna imkan
vermir, başlayır ağlamağa. Çünki biz onu belə
alışdırmışıq. Hələ üstəlik
öz qoxumuza da öyrətmişik. Lakin bütün bunlar əksinə
olmalıdır. Uşaq yalnız müəyyən saatlarda
qucaqda saxlanılmalıdır ki, bunu bütün analar daha
yaxşı bilirlər.
Bir neçə ay sonra isə uşaq artıq dərk
etməyə başlayır, nələrsə istəyir. Biz nə
edirik? Onun bütün istəklərini yerinə yetirməyə
çalışırıq. Bu da iki səbəbdən
baş verir. Ya onu sakitləşdirib səsinin
çıxmamasına çalışırıq, ya da əzizləyərək
bunları edirik. Hər iki nəticədə isə ərköyün
uşağın təməlini qoyuruq.
Uşağın tərbiyə olunmasında
çoxüzvlü ailələr daha diqqətli
olmalıdır. Düşünəndə ki, nənə
uşağa bir cür, baba bir cür, əmi, bibi bir cür
yanaşır, onda bəli, diqqətli olmaq lazımdır.
Çünki belə ailələrdə uşaq müxtəlif
yanaşmalar arasında qalır, hamı alır, gətirir,
onu əzizləyir, qucağına alır və uşaqsa
bütün bunların əhatəsində sadəcə ərköyünləşir.
Bu ərköyünlük isə onunla birlikdə
böyüyür, amma heç də yaxşı nəticə
vermir.
Ailənin kiçik və ya böyük olmasından
asılı olmayaraq uşaq normal yanaşma şəraitində
böyüyərsə, sonrakı nəticələr də
ürəkaçan olar. Hər bir ailənin üzvləri
uşağı ifrat dərəcədə əzizləmək
əvəzinə, onların gələcəyini
düşünərsə, cəmiyyətə daha gözəl-həm
sağlam, həm də tərbiyəli övlad bəxş
etmiş olarlar.
Uşaqla birlikdə böyüyən ərköyünlük
Bəli, uşağın ilk ayları ona bəlkə
də ağlımıza gəlməyən yanaşmalar-əzizləmələr,
bilsək ki, necə nəticələnək, bunu əvvəldən
etmərik. Məsələn, ifrat dərəcədə
qucaqda saxlamalar, əzizləmələr ərköyünlüyün
təməlini qoyursa, bir az sonra alınan ifrat dərəcədə
oyuncaqlar bu xüsusiyyətin inkişafına təkan verir. Bir
də baxırsan ki, bir uşağın bir oyuncaqdan bəlkə
3-4-ü var. Həm israfçılığa, həm də
uşağın ərköyünlüyünə səbəb
olan bu oyuncaqların hər birini bir yaxını alıb gətirib.
Uşaq da onu o tərəfə atır, bunu bu tərəfə
atır. Baxdıqca düşünürsən ki, əgər
bunlardan bir ədəd olsaydı, uşaq heç də belə
hərəkət etməzdi. Onunla başını qatar,
oynayardı. Deməli, biz özümüz düşünmədən
uşaqlarımızın ərköyünlüyünə
şərait yaradır, sonra isə onların xarakterlərinə
çevrilmiş bu xüsusiyyətlərinə görə əziyyət
çəkirik.
İllər ötür, biz isə yenə də fərqində
olmadan uşağımızı ərköyün
böyütməkdə davam edirik. Bir də baxırıq ki,
onunla birlikdə mağazaya gedəndə nələrisə
almağı bizdən tələb edir. Biz də sevə-sevə
alırıq, yenə də düşünmürük ki, səhv
edirik. Beləliklə, ərköyün bir uşaq
böyüdürük evimizdə. Bir az sonra artıq həmin
uşaq 3-4 yaşda olmasına baxmayaraq geyindirdiyimiz paltarlarla
razılaşmır, öz seçdiyi paltarları geyindirməyi
tələb edir. Bunu da ailədə deyib-gülməklə
qarşılayırıq. Nənə bir tərəfdən,
baba bir tərəfdən, əmi-bibi bir tərəfdən
sevinir ki, uşağa bax, öz istəyini həyata
keçirir. Onlardan biri bunu böyük xəta olaraq qəbul
etmək istəmir ki, uşağın bu qədər ərköyünlüyü
yolverilməzdir. Və onu düşünmək istəmirlər
ki, bu gün güldürən uşaq sabah onları
ağladacaq. Bu ərköyünlüklə böyüyərək
sabah onlardan daha böyük nələrsə tələb edəcək
və ya hansısa bir məsələdə öz qərarını
verəcək, o qərarla hərəkət edəcək. Onda
isə bu gün gülənlərin hər biri böyük
narahatlıq hissi yaşayacaq. Uşağı, necə deyərlər,
qoyub qarşılarına danlayacaqlar. Düz yol göstərməyə
çalışacaqlar. Doğru hərəkət etmədiyini
anladacaqlar. Yeri gələndə cəzalandıracaqlar. Belə
olanda ailədəki hər bir üzv tərbiyəçiyə
çevriləcək. Lakin tərbiyə üçün nə
qədər gec başladıqlarının necə, görəsən
fərqində ola biləcəklərmi?
Bəli, biz böyüklərin səhv addımı
uşağımızın səhv tərbiyəsinin təməlidir.
Onun bu təməllər üzərində böyüməsinin
əsasıdır. Uşaq böyüdükcə, həmin tərbiyə
də, ərköyünlük də böyüyür,
yeniyetmələşir, gəncləşir. Bax, bu zaman
övladımıza verdiyimiz tərbiyənin bəhrəsini
görürük. Lakin artıq gecdir. Çünki biz bu tərbiyəni
onun canına-qanına hopdurmuşuq.
Sosiallaşmaqda çətinlik çəkən
uşaqlar
Verdiyimiz tərbiyə əsasında “bəhrəsini”
gördüyümüz və çox narahatlıq
keçirdiyimiz məsələlərdən biri də
övladımızın bağça, məktəb
yaşlarında, xüsusilə də yeniyetməlik, gənclik
çağlarında sosiallaşma problemidir.
Uşağımızın gələcək həyatında
rast gəldiyimiz bu xüsusiyyəti bizim bütün həyatımızı
alt-üst edir. Hansı ki, belə olacağını bir
vaxtlar əsla düşünməmişdik.
Necə olur ki, uşaq sosial həyatda problemlərlə
qarşılaşır, yaşıdları ilə bir araya gələ
bilmir, təklik axtarır, özünə qapanır? Heç
onun nə üçün bu vəziyyətə
düşdüyünü
düşünmüşükmü? Bunun da səbəbkarı
biz valideynlərik.
Uşaq körpə olanda onun başını
oyuncaqlarla qatırıq. Bir qədər böyüdükdən
sonra televizoru açıb, onu da qoyuruq qarşısına ki,
səsi çıxmasın. Gedirik öz işimizin
ardınca. Saatlarla telefonlarda-sosial şəbəkələrdə
gəzirik, seriallar izləyirik, mətbəxdə işlərimizi
görürük. Uşaqsa saatlarla danışmadan-dinmədən
öz aləmində olur. Bu cür
davranışımızı isə davam etdiririk. O, bir qədər
böyüdükdən sonra telefonumuzu veririk əlinə. Daha
sonra kompüter qarşısında saatlarla əyləşməsinə,
oyunlarla başımı qatmasına göz yumuruq. Beləliklə,
uşaqlarımız ünsiyyətsiz böyüyür. Biz
valideynlər vaxt ayırıb onunla oynamırıq, yanında
olmuruq, müxtəlif toxunmalarla, söhbətlərlə
yanında olmuruq. Uşaq da təkliyə öyrəşir.
Bağça yaşı çatanda baxırıq ki,
o, uşaqlarla heç cür bir arada ola bilmir. Özünə
qapılır, bir kənara çəkilir. Məktəbdə
də belə olur. Düşünürük ki, keçib gedəcək,
düzələcək. Lakin baxırıq ki, artıq o,
universitetdə təhsil almağa başlayıb, lakin yenə
də sosiallaşa bilmir, özünə qapanır, təkliyə
çəkilir, sıxılır.
Əksər valideyn övladlarının bu proseslərdən
keçməsinin səbəbini də anlamır.
Düşünürlər ki, onlar utancaq xarakterlidir. Heç
kimə qaynayıb-qovuşa bilmir. Onun bu xüsusiyyətini
özləri üçün əsla problem hesab etmirlər və
ümid edirlər ki, bu hal zamanla keçib gedəcəkdir.
Lakin bu hal heç də asanlıqla keçmir. Və bu
cür uşaq, yeniyetmə, gənclər olduqca böyük əziyyət
çəkirlər. Yaşıdları tərəfindən
qınanırlar. Onlarla birlikdə ola bilmədikləri
üçün müxtəlif problemlərlə
qarşılaşırlar. Bütün bunlar isə zaman-zaman
onların özlərinə qapanması prosesini
artırır, cəmiyyətdən kənarlaşdırır.
Bu cür insanlar nə qədər savadlı olsalar da, cəmiyyətdə
öz yerlərini tapa bilmirlər. Kollektivdə seçilir,
heç də xoş olmayan xüsusiyyətləri ilə
çoxları tərəfindən sevilmirlər.
Biz valideynlər isə onu bu utancaqlığı
üçün danlayırıq. Bir az
qaynayıb-qarışmasını tövsiyə edirik. Lakin əsla
özümüzü günahkar sanmırıq ki, bax budur, bu,
bizim əsərimizdir...
Uşaqlarımıza öyrətdiyimiz söyüşlər
çox halda özümüzə qaytarılır
Səhv tərbiyə metodlarından biri, həm də
ən dəhşətlisi uşaqlara söyüş öyrətməkdir.
Öyrədirik, həm də bununla o qədər fəxr
edirik ki, kənardan necə gülünc doğurduğunu
görə bilmirik. Bu tərbiyə metodunda deyərdim ki,
valideynlərdən çox baba, əmi-dayıların rolu
olur. Guya ki, uşağı çox istəyirlər,
dil-açar-açmaz başlayırlar ona söyüş
öyrətməyə. Həm də çox ağır
söyüşlər. Evdə qonaq olanda və yaxud uşaqla
birlikdə dost-tanışla görüşməyə gedəndə
onu vadar edirlər ki, həmin söyüşlərdən
söyləsin. Uşaq da utananda və yaxud çəkinəndə
müxtəlif hədiyyələr alacaqlarını vəd
etməklə onun ağzından həmin söyüşlərin
çıxmasına nail olurlar. Hədiyyəsini alan uşaqda
isə artıq ikinci bir xüsusiyyət də
formalaşmağa başlayır: hədiyyə, rüşvət
almaqla öz iradəsi əleyhinə iş görmək.
Düşünəndə ki, bunlar
övladlarımızın gələcəyi
üçün nə qədər təhlükəlidir,
vallah, bu gündən dəsmal götürüb ağlamaq
lazımdır. Lakin biz bəzən düşünmədən,
bəzən qayın-qardaşımıza hörmətsizlik
olar deyə, bəzən qayınana-qayınata
qınağından uzaqda qalmaq üçün susuruq. Bilə-bilə
ki, bunun gələcəyi heç də yaxşı olmayacaq,
susuruq. Lakin ətrafdakı çoxsaylı
yaxınlarımızın heç biri bu barədə
düşünmür. Düşünmür ki, biz bu
uşağı cəmiyyət üçün şəxsiyyət
kimi böyütmürük, öz istəklərimizin təqlidçisi
olaraq böyüdürük. Ona oyuncaq, şirniyyat almaqla, pul
verməklə öz iradəmizdən asılı edirik.
Ağzını söyüşə öyrədirik.
İllər ötür, övladımız
bağçaya, məktəbə gedəndə artıq
dünən söydürüb güldüyümüz,
uğunduğumuz uşaqlar bizim üçün problemə
çevrilir. Hər gün onların söyüşlərinə
görə müəllimlərdən giley gəlir. Biz də,
filankəs, söyüş söymək olmaz ha, səni
bağçadan, məktəbdən qovarlar, deyib onu qorxuduruq.
Uşaqda yeni bir səhv tərbiyə növünü-qorxu
hissini formalaşdırmağa başlayırıq. Beləliklə,
uşağımız olur söyüşkən, hədiyyələrə
boyun əyən və qorxaq.
Budur, bizim səhvlərimizin qurbanı olan uşaqlar.
Sonra da böyüyüb biri ilə sözü olarkən onu
söyüb biabır edəndə, hətta bu
söyüşləri bacı-qardaşına, ata-anasına
qaytaranda onu günahkar sanırıq. Başlayırıq tərbiyəsinə
görə ona nifrət etməyə. “Sən niyə belə
oldun, niyə bizim başımızı aşağı edirsən,
adam da valideynə söyüş söyər?”,- deyir, onu
qınayırıq ki, qınayırıq.
Ötən günləri xatırlamırıq ki,
axı bu uşağı biz bu günə qoymuşuq. Onun
söyüş söyməsində də, hədiyyə, pul
qarşılığında düşdüyü
çıxılmaz yollarda da, qorxaqlıq edib yalan
danışmasında da özümüz günahkarıq. Bir
zamanlar söydürüb gülüb-şənləndiyimiz
uşaqlarımız indi bir tikə çörəyimizi zəhərə
çevirən, düzgün tərbiyə verə bilmədiyimiz
övladlarımız narahat həyatımızın səbəbkarı
olublar.
Bugünkü tərbiyə, sabahkı bəhrə...
Bəli, bayaqdan bəri sadaladıqlarımın fonunda
yekdil bir qənaətə gəlmək olur ki, bugünkü tərbiyə
sabah öz bəhrəsini verəcəkdir. Nə əkərsən,
onu da biçərsən, nə tökərsən
aşına, o da çıxar qaşığına
misalları kimi. Odur ki, uşaqları bir toxum, bir ting, bir
gül fidanı kimi təsəvvür edək.
Düşünək ki, o toxumu münbit torpağa əkməklə,
yaxşı məhsul əldə edə bilərik.
Uşağımızı bir ting bilək. O tingi əlverişli
bir mühitdə böyüdə, bar üstündə olan
ağaca çevirə bilərik. Uşağımızı
bir gül fidanı zənn edək, düşünək ki, o
fidana necə baxsan, eləcə də görüntü ilə
qarşılaşacaqsan. Ya həmin gül kolu gündən-günə
gözəlləşəcək, ətrafa gözəl rayihə
saçacaq, ya da ki, quruyub məhv olacaq, varlığından əsər-əlamət
qalmayacaq.
Tərbiyə də bir zəhmət
növüdür. Sonda nəticəsi olan zəhmət
növü. Zəhmətimizin hədər getməməsi
üçün illərlə çalışırıq.
Yuxarıda da vurğuladığım kimi, bir ağac tingini,
gül fidanını torpağa əkməklə, toxumu
torpağa səpməklə onun nəticələrini səbirsizliklə
gözləyirik. Lakin gəlin görək, o ting, o toxum su
içməzsə, müxtəlif aqrar qayğılarla əhatə
olunmazsa, bizim gözlədiyimiz nəticəni verə bilərmi?
Əsla yox. İnsan da təbiətin bir
parçasıdır. Bu canlılar oxşar xüsusiyyətlərə
malikdirlər. Sən onunla necə davranırsansa, o da səninlə
elə davranır. Əllərimizin boş qalmaması, zəhmətimizin
hədər getməməsi, illərimizin boş yerə xərclənməməsi
naminə, gəlin doğrunu, düzgünü səhvlərimizə
qurban verməyək. Yoxsa, çox əziyyət çəkməli
olacağıq. Rahatlığımız, övladlarımızın
xoşbəxt gələcəyi naminə onlara düzgün tərbiyə
verək ki, bəhrəsini dadanda zəhər tamında
olmasın...
Mətanət Məmmədova
Səs .- 2025.- 2 iyul (¹113).- S.6.