Dünya elminə töhfələr
verən böyük alim
Dövlət başçısının Sərəncamına
əsasən, Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Azərbaycan Prezidenti İlham Əliyevin "Akademik
Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi
haqqında" Sərəncamı dövlətimizin tarixinə,
Azərbaycan elminə hörmətinin daha bir göstəricisidir.
Sərəncama əsasən, Azərbaycan elminin
inkişafına verdiyi misilsiz töhfələrini nəzərə
alaraq, akademik Yusif Məmmədəliyevin anadan olmasının
120 illiyinin keçirilməsini təmin etmək məqsədilə
Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan
Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə
akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr
olunmuş tədbirlər planı hazırlayıb həyata
keçirəcəkdir.
Azərbaycan xalqının zəkasını, elmini, mədəniyyətini,
daxili mənəviyyatını bütün dünyaya
nümayiş etdirən belə simalar əsərləri,
ixtiraları ilə Azərbaycan elminin inkişafına, o
cümlədən dünya elminə böyük töhfələr
veriblər. Onun təkcə Azərbaycanın yox, Sovetlər
İttifaqı adlanan böyük ölkənin neft kimyası
sənayesində misilsiz xidmətləri olmuş və bunlar
da neftdən yeni, yüksək keyfiyyətli məhsulların
istehsal olunub ölkənin istifadəsinə verilməsinə
gətirib çıxarmışdır. Yusif Məmmədəliyev
xalqımızın tarixinə böyük alim, maarifçi,
təşkilatçı, ictimai-siyasi xadim kimi daxil
olmuşdur.
2025-ci ilin dekabr ayında görkəmli alim və
ictimai xadim, Azərbaycan Respublikası Elmlər
Akademiyasının təşkilatçılarından biri,
SSRİ Elmlər Akademiyasının müxbir üzvü,
SSRİ Dövlət mükafatı laureatı, Əməkdar
elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Heydər oğlu Məmmədəliyevin
anadan olmasının 120 ili tamam olur. Sərəncamda qeyd
olunduğu kimi, Akademik Yusif Məmmədəliyev Azərbaycan
elminin yetirdiyi parlaq simalardandır. Azərbaycanda neft
kimyasının bünövrəsini yaratmış alimin qiymətli
sənaye məhsullarının alınması
üçün böyük tətbiqi əhəmiyyətə
malik texnoloji proseslərin işlənib hazırlanmasında
müstəsna xidmətləri vardır. Neft-kimya elmində
mühüm hadisəyə çevrilən yüksək oktanlı
aviasiya yanacaqları istehsalının yeni üsulunu kəşf
etməsi Yusif Məmmədəliyevə şöhrət
qazandırmışdır. Respublikada bir sıra elmi müəssisə
və qurumların təşkili onun adı ilə
bağlıdır. Geniş spektrli fundamental tədqiqat işlərini
səmərəli pedaqoji fəaliyyətlə paralel surətdə
davam etdirən Yusif Məmmədəliyevin
formalaşdırdığı Azərbaycan neft-kimya məktəbi
ölkənin hüdudlarından çox-çox uzaqlarda
tanınmışdır.
Tərcümeyi-halına nəzər salarkən
görürük ki, Azərbaycanın böyük
kimyaçı alimi, kimya elmləri doktoru, professor, Azərbaycan
SSR EA-nın həqiqi üzvü və prezidenti, SSRİ
EA-nın müxbir üzvü, SSRİ Dövlət
mükafatı laureatı, SSRİ Ali Sovetinin (5-ci
çağırış, 1958-1961) və Azərbaycan SSR Ali
Sovetinin (4-cü çağırış, 1955-1959)
deputatı, 1954-1958-ci illərdə ADU-nun (indiki BDU-nun) rektoru,
akademik Yusif Məmmədəliyev 1905-ci ildə
Naxçıvan MR-in Ordubad şəhərində anadan
olmuşdur. Yusif Məmmədəliyev 1926-cı ildə
V.İ.Lenin adına Azərbaycan Ali Pedaqoji İnstitutunu
bitirdikdən sonra - 1928-1929-cu illərdə İrəvan Azərbaycan
Pedaqoji Texnikumunda və fəhlə fakültəsində
müəllim işləmişdir. O, İrəvan azərbaycanlılarının
ictimai həyatında da fəal iştirak etmişdir. Y.Məmmədəliyev
həmin dövrdə Ermənistanda azlıqda qalan millətlərlə
iş komissiyasının üzvü olmuş, kütlənin
hüquqi vəziyyəti, gənclərin, xüsusən də
qızların təhsilə cəlb edilməsi ilə əlaqədar
mətbuat səhifələrində çıxış
etmişdir.
DÜNYADA İLK DƏFƏ AZƏRBAYCAN NEFTİ
VƏ TƏBİİ QAZLARININ TƏDQİQİ
1932-ci ildə vətənə qayıdan alim
keçmiş Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunda Üzvi kimya kafedrasına müdir təyin
olunub. Bir tədris ili orada işlədikdən sonra
Bakıdakı V.Kuybışev adına Azərbaycan Neft Elmi-Tədqiqat
İnstitutunda (indiki AMEA Neft-Kimya Prosesləri İnstitutu)
işə başlayıb. Onun əsas elmi fəaliyyəti bu
institutla bağlı olub və böyük alim burada gənc tədqiqatçıdan
akademikliyədək şərəfli yol keçib. Y.Məmmədəliyev
bu elm müəssisəsində kimyaya aid intensiv
axtarışlar aparmağa və ilk məqalələrini
çap etdirməyə başlayıb.
Akademik Y.Məmmədəliyev dünyada ilk dəfə
Azərbaycan nefti və təbii qazlarının tədqiqinə
başlayıb, onların kimyəvi tərkibinin müəyyənləşdirilməsində
uğurlu nailiyyətlər qazanıb. Bu təbii sərvətlərin
yeni neft-kimya və neft emalı prosesləri üçün əvəzsiz
təbii mənbə olduğunu elmi cəhətdən əsaslandıraraq
sübut edib. Tədqiqatlarında hər zaman bu zəngin mənbədən
istifadə etməyə üstünlük verib, bundan əhəmiyyətli
məhsulların alınması üçün geniş
işlər aparıb. Neft və təbii qazların hidrogenləşməsi,
dehidrogenləşməsi, hidratlaşması sahəsində
ilk dəfə yüksək nəticələr əldə edərək
bir sıra gərəkli maddələrin, o cümlədən
etil spirtinin, süni kauçukun, süni liflərin və sair
yeni alınma üsullarını işləyib
hazırlayıb. Bu metod ilə Azərbaycanda ilk dəfə
süni kauçukun istehsalına başlanılıb.
Yusif Məmmədəliyev ilk dəfə neft
qazlarının müxtəlif üsullarla ayrılması,
xlorlaşması, etilen və asetilenə çevrilməsi,
doymamış qazların bromlaşması, onların
hidratlaşması, hidrogen sulfidlə qarşılıqlı
təsiri və alınan halogenli birləşmələrin
xalq təsərrüfatında və tibbdə istifadə olunmasına
dair müvəffəqiyyətli tədqiqat işləri
aparıb. Dünya alimlərinin öhdəsindən gələ
bilmədiyi, əsrlərboyu müəmmalı qalan problemləri
bu böyük alim həll edib - “qaynar lay” katalizator təbəqəsini
tətbiq etməklə halogenləşmə proseslərində
inqilabi dönüş yarada bilib. Y.Məmmədəliyevin
üsulu ilə Azərbaycanda halogenli karbohidrogenlərin
istehsalı üçün böyük halogenləşmə
sənaye və yarımsənaye pilot qurğuları və
zavodlar tikilib. Bu metod müxtəlif ölkələrdə də
tətbiq edilib. Bu üsul ilə sənaye miqyasında müxtəlif
sahələrdə strateji əhəmiyyətə malik, həmçinin
dərman preparatları, həlledicilər, pestisidlər və
digər məhsullar alınıb. Həmin dərman
preparatları minlərlə insanı yoluxucu xəstəliklərdən
qoruyub. Digər birləşmələr isə xüsusilə
aviasiya sənayesində yüksək səmərəliliyə
malik həlledicilər, yanğınsöndürmə əleyhinə
maddələr kimi geniş istifadəsini tapıb. 1938-ci ildə
Moskva Dövlət Universitetinin elmi şurası azərbaycanlı
alimin əsasən neft qazlarının tədqiqi sahəsindəki
yüksək əhəmiyyətli işlərini, dərin nəzəri
ümumiləşdirmələrini nəzərə alaraq, ona
dissertasiya müdafiə etmədən kimya elmləri namizədi
alimlik dərəcəsi verib.
AZƏRBAYCANDA NEFT KİMYASININ ƏSASINI QOYMUŞ
ALİM
Yusif Məmmədəliyev 1945-ci ildə Azərbaycan
SSR EA-nı yaradanlardan biridir. Respublikada elmin
inkişafının bütöv bir dövrü bu dahi
insanın adı ilə bağlıdır. 1945-ci ildə o, Azərbaycan
EA-nın akademiki, rəyasət heyətinin üzvü və
EA Neft İnstitutunun direktoru seçilmişdir. Yusif Məmmədəliyevin
əsas elmi işləri neftin və neft qazlarının
katalitik emalı sahəsi ilə bağlıdır. Azərbaycanda
neft kimyasının əsasını qoymuş, müxtəlif
karbohidrogenlərin katalizator iştirakı ilə
xlorlaşdırılma və
bromlaşdırılmasının yeni üsullarını təklif
etmiş, neft qazlarını, xüsusilə də metanı əvvəllər
stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə
xlorlaşdırmaqla karbontetra-xlorid, metilxlorid, metilen-xlorid və
s. qiymətli məhsullar alınması yollarını
göstərmişdir.
İKİNCİ DÜNYA MÜHARİBƏSİ
İLLƏRİNDƏ AVİASİYAMIZIN YÜKSƏK OKTANLI
YANACAQLA TƏMİNİ
Onunla bağlı mənbələrdə qeyd olunur ki,
Yusif Məmmədəliyevin 1941-1945-ci illər müharibəsi
dövründə müstəsna xidmətləri olub. Qələbənin
yaxınlaşmasında əvəzsiz xidmətləri olan Y.Məmmədəliyev
bu dövrdə neft kimyası və neft emalının vacib
proseslərindən olan alkilləşmə sahəsində
misilsiz nailiyyətlər əldə edib və yeni kəşflərə
imza atıb. Nəticədə onun üsulu ilə yüksək
çıxımla alınan və strateji əhəmiyyətli
məhsullar olan alkilaromatik birləşmələr cəbhənin
məqsədləri üçün geniş istifadə
olunub, həmçinin "Molotov kokteyli" yeni tərkibdə
işlənib hazırlanıb. Top mərmilərinin və
minaların hazırlanmasında ən çox istifadə
olunan trinitrotoluol (trotil) partlayıcı maddəsinin əsas
komponenti olan toluolun yüksək çıxımla
alınması, təyyarələrin yüksək
uçuşunu təmin edə bilən yüksək
oktanlı və çox aşağı donma temperaturuna malik
yanacaqların hazırlanması onun adı ilə birbaşa
bağlıdır. Alimin elmi ixtiralarına əsasən
1941-1944-cü illərdə Bakı neftayıranları cəbhəyə
milyon tonlarla yüksək keyfiyyətli benzin veriblər.
Görkəmli akademikin Azərbaycan nefti əsasında
aldığı yüksək keyfiyyətli, oktan ədədi
120-yə bərabər olan, aşağı donma temperaturuna
malik bu qiymətli yanacaq İkinci Dünya müharibəsində
aviasiya yanacağı kimi də istifadə olunaraq qələbəyə
birbaşa yol açıb. Y.Məmmədəliyev bu rəşadətlərinə
görə bir çox təltiflərə, o cümlədən
Dövlət mükafatına layiq görülüb. O,
1943-cü ildə doktorluq işini müdafiə edərək
kimya elmləri doktoru alimlik dərəcəsi və professor
elmi adını alıb. Akademik Y.Məmmədəliyevin bu sahədə
kəşfləri nəinki səmaları, hətta kosmosu fəth
etməyə imkan verib. Bu metod ilə alınan yüksək
keyfiyyətli raket yanacaqlarından Yerin ilk süni peykinin
buraxılması və insanın kosmosa uçuşunda istifadə
edilib. Dahi alim haqlı olaraq Qələbə Paradına və
Yuri Qaqarinin kosmosa ilk uçuşu münasibətilə təşkil
olunan ali tədbirə dəvət olunub və orada ölkəmizi
layiqincə təmsil edib.
200-dən artıq elmi əsərin, o cümlədən
6 monoqrafiyanın müəllifidir. ABŞ, İtaliya, Fransa,
İngiltərə, Polşa Xalq Respublikası, Macarıstan
Xalq Respublikası və başqa ölkələrdə
keçirilən qurultay, konqres və simpoziumlarda Azərbaycan
elmini yüksək səviyyədə təmsil etmişdir.
Akademik Y.Məmmədəliyev benzolu propilenlə alkilləşdirmək
yolu ilə izopropilbenzolun sintezi üsulunu işləyib
hazırlamış, bu da İkinci Dünya müharibəsi
illərində aviasiyamızın yüksək oktanlı
yanacaqla təmin edilməsinə kömək etmişdir.
Azərbaycan Astrofizika Rəsədxanası,
Əlyazmaları Fondu, Sumqayıt Kimya Elmi Mərkəzi və
digər müəssisələrin təşkili Y.Məmmədəliyevin
adı ilə bağlıdır. Onun yaratdığı Azərbaycan
neft-kimya məktəbi respublikadan çox-çox uzaqlarda
tanınır.
NOBEL MÜKAFATÇISI…
Nobel mükafatına namizədlik məsələsi
ortaya çıxanda SSRİ alimlərinin çoxunun
Bakıdan olan alimin namizədliyi üzərində
dayanması tamamilə qanunauyğun idi. Y.Məmədəliyevə
qırıcı təyyarələr üçün keyfiyyətli
benzinin kəşfinə görə Nobel mükafatı verəcəkdilər.
Y.Məmmədəliyevin Nobel mükafatına namizədliyi
1957-ci il dekabrın 29-da Sov.İKP MK-nın Siyasi Bürosunun
iclasında müzakirəyə çıxarıldı.
Baş katib N.S.Xruşşov, büro üzvləri və
üzvlüyə namizədlər fikirlərini bildirdikdən
sonra sənədlərin Nobel Komitəsinə təqdim
olunması haqqında razılığa gəldilər. Bu
zaman qəfildən iclasa ünvanlanan bir məktub üzə
çıxır. MK katibliyinin təqdim etdiyi məktubda Sovet
Ordusu Arxa Təchizat İdarəsinin rəisi marşal
Baqramyan, Tank Qoşunları komandanı general Babacanyan dövlət
sirri və hərbi sirr olduğu üçün bu ixtiraya
dair məlumatın Stokholma göndərilməsini məsləhət
görmədilər. SSRİ DTK-nın sədri A.Şepilovun məktubda
yazılanlara qəti etirazına baxmayaraq, SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini Anastas Mikoyan
çıxış edərək məktub müəlliflərinə
haqq qazandırdı və onları dəstəklədi. Beləliklə,
üç yüksək vəzifəli erməninin fitvası
ilə Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyinin
irəli sürülməsi baş tutmadı.
Yusif Məmmədəliyev həm də böyük
maarifçi idi. Əmək fəaliyyətinə müəllimliklə
başlamışdı. Ordubadda, Gəncədə, Bakıda,
İrəvanda və başqa yerlərdə müəllim
işləmişdi. Azərbaycan Dövlət Universitetində
(indi BDU), Dövlət Neft və Kimya İnstitutunda (indi ADSNU),
başqa institutlarda da, Moskvanın ali məktəblərində
oxuduğu mühazirələr, tələbələrə
verdiyi biliklər, göstərdiyi qayğı haqqında indi
də danışılır.
200-dən çox elmi əsərin müəllifi
olan, 45-dən çox elmlər doktoru və elmlər namizədi
yetişdirmiş Yusif Məmmədəliyev Azərbaycanda
kimyaçılar elmi məktəbinin
yaradıcısıdır. O, 1961-ci il dekabrın 15-də
Bakıda vəfat etmişdir.
Nəzakət ƏLƏDDİNQIZI
Səs .- 2025.- 8 iyul (¹117).- S.10.