Mədəniyyətimizin
böyük hamisi - dahi Şəxsiyyət
Azərbaycanın otuz ildən artıq bir dövrü
Ulu Öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Ümummilli Lider Heydər Əliyev Azərbaycan
dövlətini və xalqını zamanın ən çətin
sınaqlarından çıxararaq, ölkənin
ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə
nail olmuşdur. Belə ki, Azərbaycanın dövlət
müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində
titanik fəaliyyət göstərmiş və fundamental
uğurlara nail olmuşdur. Ümummilli Lider Azərbaycanın rəhbəri
olduğu bütün dövrlərdə iqtisadiyyatın,
elmin, təhsilin, mədəniyyətin, səhiyyənin
inkişafına diqqət göstərmiş və heç
bir zaman qayğısını əsirgəməmişdir.
Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətinin
ayrı-ayrı istiqamətlərini təhlil etdikdə Ulu
Öndərin ömrünü həqiqətən də
xalqına həsr etdiyinin şahidi oluruq. Heydər Əliyevin
1969-cu ildə hakimiyyətə gəlişi ilə Azərbaycan
gerilikdən, tənəzzüldən
çıxmışdır. Kənd təsərrüfatının,
sənayenin, iqtisadiyyatın digər sahələrinin
inkişafında, sosial məsələlərin həllində,
əhalinin rifah halının
yaxşılaşdırılmasında böyük irəliləyiş
əldə edilmişdir. Təhsil sistemi genişləndirilmiş,
yeni ali məktəblər, onlarla fakültə və kafedra
yaradılmışdır. Moskvada, Leninqradda, keçmiş
ittifaqın digər şəhərlərində Azərbaycan
üçün yüksək ixtisaslı kadrların
hazırlanması təmin edilmişdir. Ölkəmizin
hüdudlarından kənarda yaşayan
soydaşlarımızın problemlərinin həllində, Azərbaycan
diasporunun təşkilatlanmasında və inkişafında da
mühüm rol oynamışdır. Azərbaycanın
ictimai-siyasi, mədəni həyatında əsrin tarixinə
yazdığı uğurları ilə əbədiləşən
Ulu Öndər Heydər Əliyev xalqın düşüncə
tərzində, oyanışında müstəsna rol
oynamış siyasi liderdir. Azərbaycan mədəniyyətinin
və incəsətinin inkişafına Heydər Əliyev
böyük töhfələr vermişdir. Ulu Öndər Azərbaycanın
bütün sahələri üzrə dinamik inkişafa qədəm
qoymaqla yanaşı, milli mədəniyyətimizin daha yüksək
zirvələr fəth etməsi üçün də
möhkəm zəmin yaratmışdır. Xalqın milli ruhu,
milli kökü zəminində formalaşan ideoloji xəttin əsasında
Azərbaycançılıq ənənələri
dayanırdı. Heydər Əliyev şəxsiyyət, siyasi
xadim, xalqın dayağı, onun hərəkətverici
qüvvəsi olaraq Azərbaycan tarixində əsrin lideri
olduğunu təsdiqlədi. Ulu Öndər Heydər
Əliyevin xidmətləri nəticəsində Azərbaycan mədəniyyəti
sözün həqiqi mənasında yüksəliş
dövrü keçdi. 1969-1982-ci illərdə memarlıq və
şəhərsalma, monumental incəsənət, təsviri sənət,
musiqi, teatr, kino sahəsində misli-bərabəri
görünməyən tərəqqi baş verdi. O dövrdə
Azərbaycanın bütün sahələrində mədəniyyət
evləri, memarlıq ansamblları yaradıldı. 1949-cu ildən
fəaliyyəti dayandırılmış bir sıra rayon
teatrları yenidən həyata qaytarıldı. Azərbaycanın
müxtəlif bölgələrində mədəniyyət və
incəsənət xadimlərinin xatirəsini əbədiləşdirmək
üçün abidələr ucaldıldı. İmadəddin
Nəsimi, Cəfər Cabbarlı, Səməd Vurğun, Nəriman
Nərimanov, Mehdi Hüseyn və başqa ədiblərin şərəfinə
ucaldılmış heykəllərin təşəbbüskarı
məhz Ümummili Lider Heydər Əliyev oldu. Azərbaycan incəsənətinin
inkişafına nail olmaq üçün Heydər Əliyev
görkəmli bəstəkarların, rəssamların, kino və
teatr xadimlərinin yubileylərinin dövlət səviyyəsində
keçirilməsinə böyük əhəmiyyət
verirdi.
Ümummilli Liderimizin sözün əsl mənasında
musiqi sənətinə verdiyi yüksək qiymət bu sahədə
çalışanları yaradıcılığa
ruhlandırıb. Keçmiş sovetlər dönəmində
dörd yazıçı və şairimiz - Süleyman Rəhimov,
Mirzə İbrahimov, Rəsul Rza, Süleyman Rüstəm,
üç bəstəkarımız – Qara Qarayev, Fikrət
Əmirov, Maestro Niyazi, böyük müğənnimiz Rəşid
Behbudov, memar Mikayıl Abdullayev, rəssam Tahir Salahov Sosialist
Əməyi Qəhrəmanı adını alıblar.
"MÜXTƏLİF XALQLAR ARASINDA MƏDƏNİ
KÖRPÜLƏR SALMAQ ÇOX VACİBDİR"
1993-cü ildə xalqın təkidli tələbilə
yenidən Azərbaycanda rəhbərliyə gələn Ulu
Öndər Heydər Əliyev bu sahəyə olan diqqət və
qayğısını əsirgəmədi. 1995-2003-cü illər
ərzində Heydər Əliyevin fərmanı ilə
görkəmli bəstəkarlarımız Tofiq Quliyev, Arif Məlikov,
Müslüm Maqomayev ən yüksək mükafata -
"İstiqlal" ordeninə, Azərbaycan
Respublikasının xalq artistləri Cövdət Hacıyev,
Süleyman Ələsgərov, Hacı Xanməmmədov, Vasif
Adıgözəlov, Xəyyam Mirzəzadə, Musa Mirzəyev,
Ramiz Mirişli – "Şöhrət" ordeni ilə təltif
olunub. Bu müddətdə Şəfiqə Axundova, Oqtay
Zülfüqarov, Emin Sabitoğlu Azərbaycan
Respublikasının xalq artisti adına layiq görülüblər.
Azərbaycan musiqi sənətinin inkişafında xidmətləri
olan bəstəkarlardan C.Hacıyevin, A.Əlizadənin, xalq
artistlərindən S.Qədimovanın, Z.Xanlarovanın
"Şöhrət" ordeni ilə təltif olunması
Ümummilli Liderin musiqi sənətinə göstərdiyi diqqətin
bəhrələrindəndir.
"Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət
qədər insanları bir-birinə heç nə
bağlamır. İncəsənətin, mədəniyyətin,
xüsusən də, mahnının, musiqinin
oynadığı rolu heç bir vasitə oynaya bilməz.
Musiqi ayrı-ayrı xalqlara məxsus olsa da, insanları birləşdirən
ən yaxşı vasitədir. Bu səbəbdən də
müxtəlif xalqlar arasında mədəni körpülər
salmaq çox vacibdir" - deyən Ulu Öndər Heydər
Əliyevin dəstəyilə xarici ölkələrdə Azərbaycan
Mədəniyyət günlərinin keçirilməsinə
start verildi. Heydər Əliyev tərəfindən təməli
qoyulmuş mədəni əlaqələr bu gün də
Prezident İlham Əliyevin və Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın xüsusi diqqəti əsasında davam etdirilməkdədir.
MÜSTƏQİL DÖVLƏTİN
TƏMƏLİNİN SÜTUNLARI MÖHKƏMLƏNDİ
Xalqın tarixinə iz salan 15 iyun Azərbaycanın
ictimai-siyasi, mədəni həyatında hadisəyə
çevrildi. Həmin tarixi gün - ümummilli lider Heydər
Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda
çevriliş baş verdi. Həmin tarixə qədər son
illərdə baş verən hadisələr, xalqı
bütövlükdə, uçuruma sürükləyən məqamlar
istər ölkə daxilində, istərsə də xaricində
onun sütunlarını zəiflətməyə
başlamışdı. Belə bir zamanda xalqın təkidi və
istəyi ilə hakimiyyətə gələn və
qayıdışı ilə böyük nailiyyətləri
Azərbaycan salnaməsinə daxil etdi. Heydər Əliyev Ona
etimad göstərənlərin ümidini tez bir zamanda
doğrultdu. Zaman ən böyük hakim olduğundan qısa
bir məsafədən Azərbaycanın şanlı və
silinməz tarixi yazıldı. Ölkə daxilində
aparılan məqsədyönlü işlər, eləcə
də, sərhədlərdən kənarda Azərbaycanın
yürütdüyü siyasət müstəqil dövlətin
təməlinin sütunlarını möhkəmlətdi və
əbədiləşdirdi. 15 iyun 1993-cü il tarixində
baş verən hadisə - Heydər Əliyevin hakimiyyətə
qayıdışı Azərbaycanın müstəqil həyatının
yeni səhifələrini yazdı. Sonrakı illərdə, eləcə
də Ulu Öndərin sovet hakimiyyəti illərində Azərbaycana
rəhbərliyi dövründə yazılan hər bir tarixi
an Heydər Əliyevin müdrik siyasətinin nəticəsində
reallaşdı. Azərbaycanın inkişafında yeni bir mərhələ
başladı. Yaradılmış baza üzərində Azərbaycanın
daha sürətli inkişafı, dünya iqtisadiyyatına
inteqrasiyası təmin olundu və Azərbaycan tamamilə yeni
bir müstəviyə keçdi. 1993-cü il 15 İyun Azərbaycan
xalqının Qurtuluş Günü Azərbaycanın
dirçəldilməsinə və intibahına səbəb
oldu. Azərbaycan xalqı parçalanmaq təhlükəsindən
qurtuldu. Azərbaycan xalqı öz dövlətçiliyini
itirməkdən qurtuldu. Azərbaycan xalqı səriştəsiz
siyasətçilərin əlindən xilas oldu. Azərbaycan
xalqının torpaqları əldən gedirdi ki, bu proses
dayandırıldı. Azərbaycan bütünlükdə
dağılmaqdan, yerlə-yeksan olmaqdan qurtuldu. Bu qurtuluşun
nəticəsi olaraq Azərbaycan xalqı gələcək
inkişafının təməlini qoydu.Ölkədə
sabitlik hökm sürməyə başladı. İnsanlar
rahat nəfəs almağa, istirahətlərini təşkil
etməyə lazımi şəraiti əldə etməyə
nail oldular. Heydər Əliyevin hakimiyyətə
qayıdışı Azərbaycanı hadisələrin
buxovundan xilas etdi, onun müstəqil dövlət kimi
inkişafına təkan verdi. Azərbaycanın stabil dövlət
kimi yaşamasında həmin gün bir nümunə idi. Onun
ölkəyə rəhbərlik etdiyi dövr xalqın milli
özünüdərki, özünəqayıdışı
kimi səciyyələndirilir. Sovet dövründə, eləcə
də müstəqillik illərində elmi-mədəni
potensialdan istifadə dövlətin siyasətinin
başlıca amilləridir. Dövrün tələblərini
nəzərə alaraq, zəngin dəyərlərə malik
olan xalqın intellekt potensialının üzə
çıxarılması istiqamətində ardıcıl, məqsədyönlü
fəaliyyət qısa bir zamanda öz nəticələrini
vermiş oldu. Ölkə daxilində XX əsrin 80-90-cı illərdə
baş verən daxili çəkişmələr, xarici
müdaxilələr Onun uzaqgörən, müdrik siyasəti
nəticəsində aradan qaldırıldı. 1994-1995-ci illərdə
dövlət çevrilişi cəhdinin
qarşısının alınması ümummilli liderimizin
dahi bir şəxsiyyət olduğunu bir daha təsdiqlədi.
Uzaqgörən siyasəti, dünyada baş verən prosesləri
dərk etmək bacarığı Azərbaycan xalqını
yaranmış xaosdan, mənəvi-psixoloji sarsıntıdan,
maddi çətinlikdən uzaqlaşdırdı.
YARADICI MÜHİT FORMALAŞDI
1993-cü il tarixinə qədər Azərbaycan
çox böyük problemlərlə
qarşılaşdığından, mədəniyyət
müəssisələri artıq dağıdılmağa
başlamışdır. Bir çox sahələrin mütəxəssisləri
kimi mədəniyyət işçilərinin də vəziyyəti
kəskin hal almışdı. Acınacaqlı vəziyyətə
düşmüş mədəniyyət müəssisələri
yenidən qurulmağa, bərpa və təmir edilməyə
başladı. Bu sahədə Ümummilli Liderin
imzaladığı çoxsaylı sərəncamlar əsaslı
dəyişikliklərlə nəticələndi.
Respublikamızda kitabxanalar yaradıldı, muzeylər
açıldı, teatr və musiqi ocaqları təmir edildi,
eləcə də, ali təhsil ocaqlarına xüsusi diqqət
yetirildi. Bütün bunların hər biri Azərbaycanın
inkişafına, eləcə də gənc nəslin
intellektual səviyyəsinin yüksəlməsinə təkan
verdi. Mövcud mədəniyyət müəssisələri təmir
edildi, əhaliyə göstərilən mədəni xidmət
yüksəldildi. Tarixi muzeyşünaslıq,
diyarşünaslıq müəssisələri
yaradıldı.
Heydər Əliyevin müvafiq fərmanlarına əsasən,
Məhəmməd Füzulinin 500 illik yubileyinin İraq,
İran, Türkiyə, Fransa və Rusiyada, dünya
şöhrətli müğənnimiz Bülbülün 100
illik yubileyinin Moskvada, Tiflisdə və Ankarada, unudulmaz bəstəkarımız
Qara Qarayevin 80 illik yubileyinin Moskvada və Parisdə, Rəşid
Behbudovun 80 illik yubileyinin Moskvada, Azərbaycan xalqının
milli eposu "Kitabi-Dədə Qorqud" dastanının 1300
illik yubileyinin Fransada yüksək səviyyədə qeyd
olunması Azərbaycan mədəniyyətinə Heydər
Əliyevin diqqət və qayğısının təcəssümüdür.
Bakıda qeyd olunan tanınmış sənət
adamlarının, xalq artistlərinin tarixi yubileyləri -
Şövkət Ələkbərovanın, Qəmər
Almaszadənin, Leyla Vəkilovanın, Nəsibə
Zeynalovanın, Tofiq Quliyevin və başqalarının
yaradıcılığına həsr olunmuş təntənəli
gecələr də milli mədəniyyətimizin tarixinə
yazılan uğurlu hadisələr sırasına daxil
olmuşdur. Bu tədbirlərin hər birində Ümummilli
Liderimiz Heydər Əliyevin şəxsən iştirak etməsi
dövlət rəhbəri tərəfindən sənətə,
sənətkara verilən yüksək qiymətdir.
Dünyanın ən müxtəlif ölkələrində
Azərbaycan mədəniyyəti və incəsənəti
günləri keçirilmişdir. Buna misal olaraq Avropanın və
Asiyanın bir çox ölkələrini, eynilə Rusiya,
Moldova, Ukrayna, Özbəkistan, Gürcüstan və s. ölkələri
göstərmək olar. Tanrının xalqımıza bəxş
etdiyi Heydər Əliyev hakimiyyətə
qayıdışı ilə Yeni Azərbaycanı yaratdı.
Bugünkü Azərbaycan Onun şah əsəridir. Heydər
Əliyevin hakimiyyətə qayıdışı ilk olaraq
ölkədə stabitliyi təmin etdi. Yaradıcı mühit
formalaşdı. Lazımsız senzura ləvğ olundu. Bu
gün Azərbaycan mədəniyyəti ənənələri
üzərində inkişaf mərhələsini
yaşayır. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin mədəniyyət sahəsinə dair
imzaladığı fərman və sərəncamlar milli mədəniyyətimizin
dünyada tanıdılması, ölkəmizin dünyanın
mədəniyyət məkanına uğurla inteqrasiya
olunması, milli mədəni irsimizin, dəyər və sərvətlərimizin
qorunub saxlanılması, inkişaf etdirilməsi istiqamətində
müəyyən nəticələrə nail olunur. Dövlət
başçısının mədəniyyət siyasəti nəticəsində
əldə olunan uğurların miqyası geniş və əhatəlidir.
Mədəniyyət cəmiyyətin müasir inkişaf səviyyəsi,
insanın yaratdığı, nəsildən-nəslə
ötürdüyü maddi və mənəvi dəyərlərin
məcmusu olduğundan, bu sahədə görülən
işlərin mahiyyəti də bəllidir. Təməli Heydər
Əliyev tərəfindən qoyulan bu siyasət milli mədəni
irsimizin, dəyər və sərvətlərimizin qorunub
saxlanılmasına töhfələrini verir. Məlumdur ki, mədəniyyət
hər bir xalqın mənəvi dünyasının, milli
mövcudluğunun əsas atributlarından biridir. Sovet
dövründə bütün beynəlxalq mədəni əlaqələrin
Moskva tərəfindən müəyyən edilməsinə və
tənzimlənməsinə baxmayaraq, özünəməxsusluğu
ilə seçilən Azərbaycan incəsənəti beynəlxalq
arenaya çıxa bilmiş və bu çıxış
öz təcəssümünü Hollandiya, İtaliya,
Portuqaliya kimi ölkələrdə Azərbaycan Mədəniyyət
Günlərinin keçirilməsində, Azərbaycan Dövlət
Opera və Balet Teatrının Fransa və digər ölkələrdə
qastrollarında tapmışdır. Azərbaycan müstəqillik
əldə etdikdən sonra beynəlxalq mədəni əlaqələr
yeni xarici siyasətin başlıca alətlərindən birinə
çevrildi. Heydər Əliyev tərəfindən həyata
keçirilən mədəniyyət siyasəti beynəlxalq
münasibətlərdə də öz əksini
tapmışdır. Bir çox xarici ölkələrlə
regional və şəhərlər səviyyəsində əlaqələr
nəzərə çarpacaq dərəcədə güclənmişdir.
AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN ƏSL
HİMAYƏDARI
Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf
etdirilməsində, onun geniş təbliğində, dünya
miqyasında şöhrət tapmasında böyük şəxsiyyət
Heydər Əliyevin əvəzsiz xidmətlərinin nəticəsi
olaraq Azərbaycan mədəniyyəti dünya məkanında
birmənalı olaraq tanınır.
Qədim zəngin maddi və mənəvi mədəniyyətə
malik xalqımız, məhz Ümummilli Liderimiz Heydər
Əliyevin mədəniyyət siyasəti nəticəsində
öz varlığı, mənəvi irsi, keçmişi ilə
fəxr edir. Ulu Öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin
və mənəviyyatının himayədarı kimi tarixə
iz saldı. Görülən işlərin məntiqi oaraq belə
nəticəyə gəlmək mümkündür ki, Azərbaycan
mədəniyyətinin Heydər Əliyev qədər əsl
himayədarı, böyük qayğıkeşi olmayıb.
Heydər Əliyevin xidmətləri nəticəsində Azərbaycan
mədəniyyəti, sözün həqiqi mənasında,
yüksəliş dövrü keçib. Bu yüksəliş
dövründə mədəniyyət və incəsənətimizin
aparıcı simalarına göstərilən qayğı da
diqqəti çəkən məqamlardandır. Ölkəmizin
ictimai-mədəni həyatında daim fəal rol oynamış
Azərbaycan teatr sənətinə dövlətimiz tərəfindən
daha bir diqqətdir.
Ulu Öndərin siyasətini davam etdirən Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən mədəniyyət
və incəsənətimizə böyük önəm
verilir.
Azərbaycan Prezidenti İlham Əliyevin
apardığı məqsədyönlü siyasət və mədəniyyətə
göstərdiyi qayğı xalqımızın milli-mənəvi
dəyərlərinin qorunması və beynəlxalq səviyyədə
təbliğinə istiqamətlənib. Belə ki, mədəniyyətin
elə bir sahəsi yoxdur ki, onun inkişafı ilə
bağlı Dövlət Proqramı qəbul edilməsin.
Teatr, kino, musiqi, milli-mənəvi dəyərlərimizin digər
sahələrini əhatə edən uzunmüddətli
proqramlar bu sahələrin yenidən qurulmasına imkan
yaradır, ayrılan dövlət vəsaitləri hesabına
mədəniyyətin maddi-texniki bazası möhkəmləndirilir.
Təkcə paytaxtda deyil, regionlarda da mədəniyyət
müəssisələrinin təmirinə diqqət
artırılıb. Paytaxtımızda, region mərkəzlərində
teatrlarımızın binası təmir olunur, müasir
üslubda yenidənqurma işləri aparılır. Gənc
Tamaşaçılar Teatrı, Rus Dram Teatrı, Milli Akademik
Dram Teatrı əsaslı təmirdən sonra
qapılarını tamaşaçıların üzünə
açıb. Kino yaradıcılığı sahəsində
yeni proqram reallaşdırılıb. Filmlərimizin qorunub
saxlanıldığı Dövlət Film Fondu
üçün yeni binanın tikilməsi və onun müasir
avadanlıqlarla təmin olunması mənəvi sərvətimiz
olan filmlərimizin qorunması, bərpası və gələcək
nəsillərə ötürülməsində əhəmiyyətli
rol oynayır. Bu gün ölkəmizin ən iri
kinoteatrından olan Bakıdakı Nizami adına kinoteatr Avropa
standartları səviyyəsindədir. Muzeylərimiz,
kitabxanalarımız yenidən qurulur. M.F.Axundov adına Milli
Kitabxananın fəaliyyətində informasiya texnologiyalarının
tətbiqi, elektron kataloqların yaradılması, mərkəzləşmiş
kitabxana sistemlərinin müasir tələblərə
uyğunlaşdırılması işi sürətləndirilib.
Digər kitabxanalarda da bu proseslər həyata keçirilməkdədir.
Bu gün regionlarımızda yaradılan Heydər
Əliyev muzeylərinə əhali xüsusi maraq göstərir.
Bu muzeylərdə Ulu Öndərin həyat və fəaliyyətini
əks etdirən eksponatlar gənc nəslin tərbiyəsində
əhəmiyyətli rol oynayır. Muzeylərimiz yenidən təmir
olunur. Dövlət İncəsənət Muzeyi, Nizami
adına Azərbaycan Ədəbiyyatı Muzeyi, Tarix Muzeyi
tamamilə yeni üslubda təmir olunub
tamaşaçıların istifadəsinə verilib. Azərbaycanda
yeni üslubda olan orijinal Xalça Muzeyi üçün yeni
bina inşa edilib. Özünəməxsus üslubda inşa
edilən bu muzey orijinal memarlıq üslubuna görə diqqəti
cəlb edir.
Mədəniyyət və incəsənətin
inkişafını stimullaşdırmaq dövlət siyasətində
xüsusi əhəmiyyət kəsb edir. Belə ki, mədəni
və tarixi irsin mühafizə olunması,
yaradıcılığın dəstəklənməsi, kadr
hazırlığı və gənc istedadların dəstəklənməsi,
milli sənətin inkişafı və s. diqqətdə
dayanır. Göründüyü kimi, Azərbaycan milli mədəniyyətinin
inkişafı dövlət mədəniyyət siyasətinin əsasında
dayanan prioritet məsələlərdəndir.
Zümrüd BAYRAMOVA
Səs .- 2025.- 10 iyul (№119).- S.3.