"Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun"
Azərbaycan publisisti, pedaqoq, maarifçi-demokrat, təbiətşünas
alim Nəsən bəy Zərdabi bütün həyatını
xalqının maariflənməsinə,
onun elmi biliklərə yiyələnməsinə
həsr etmişdir. O,
Xeyriyyə Cəmiyyəti,
teatr və müəllimlik yolu ilə xidmət etdiyi xalqa daha
çox xidmət etmənin yollarını axtarır və bunu qəzetin nəşrində görürdü.
"Bizim Cəmiyyəti
Xeyriyyə bina tutmadığından teatr
təşkil etdiyimiz salonun boş qaldığı zaman anladım ki, müsəlman qardaşlarımızı
bir yerə toplayıb məktəblər
açdıraraq küçədəki
uşaqları oxutmaq mümkün deyildir. Elmsiz bu dövrdə
yaşamaq mümkün
deyildir. Nə etməli? Hər kəsi çağırıram
gəlmirlər, göstərirəm
görmürlər, deyirəm
anlamırlar. Sonunda başa düşdüm ki, səs-küy salaraq, məcburi başa salmaqdan başqa çarəm yoxdur. Mütləq bu izah etdiklərimi
bir gün başa düşən olacaqdır. Axan bir suyun altına
nə qədər sərt daş qoyursan qoy, zamanla
o daş əriyib yox olacaqdır. Əgər elədirsə,
doğru söz də bir gün
başa düşüləcəkdir.
Onun üçün mütləq qəzet nəşr etdirmək gərəkdir. Hər il qəzet oxuyanlardan
10 nəfər anlasa, onların sayı hər il artacaqdır.
Suyun önünü kəsən o bənd sonunda dayana bilməyib yıxılacaqdır !". Beləliklə, o bu məqsədinə çatmaq üçün
isararlı olaraq mücadilə edirdi. Təbii ki, Həsən bəy Zərdabinin gördüyü
işlərin hamısı
millətin tərəqqisi
naminə idi. Hər addımında vətənpərvərlik özünün
biruzə verirdi. Əlbəttə ki, mətbuatın olması o
dövr üçün
zəruri idi. O ana dilində qəzet nəşr etmək fikrinə hələ Qubada, mahal məhkəməsinin
katibi işlədiyi dövrdə gəlmişdi.
Böyük Azərbaycan
maarifiçisi Abbasqulu
bəy Bakıxanovun qardaşı tələb
olunan maliyyə xərclərini öz üzərinə götürürdü.
Məlumat üçün
bildirək ki, XIX əsrin ikinci yarısında dünyanın
bir sıra ölkələri üçün
dövri mətbuat anlayışı çoxdan
mövcud olsa da, Azərbaycanda bu sahədə hələ bir yenilik yox idi.
Baş verən dövrün ictimai-siyasi hadisələri milli mətbuatımızın yaranmasını
zəruri edirdi. Azərbaycanda milli burjuaziyasının və
dövrün görkəmli
şəxsiyyətlərinin səyi ilə XIX əsrin ikinci yarısında maarif inkişaf etməyə başladı. O dövrün
yazılı mənbələrinə
istinadən deyə bilərik ki, təhsil sahəsində bəzi dəyişikliklər
həyata keçirildi.
Məktəblərdə ana
dilinin tədrisinin həyata keçirilməsində
M.F.Axundovun, Səid Ünsizadənin, S.Ə.Şirvaninin
xidmətləri danılmazdır.
S.Ünsizadənin Şamaxıda
açdığı məktəbdə
şəriətlə yanaşı,
fəlsəfə, məntiq,
psixologiya, islam dininin tarixi, həmçinin rus və ana dili
tədris olunurdu. Maarifçiliyin geniş intişar tapmasında bu şəxsiyyətlərlə
yanaşı, görkəmli
maarif xadimləri Məhəmməd Tağı
Sidqi, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, S.M.Qənizadənin
xidmətləri böyükdür.
Azərbaycan maarifçilər
nəslinin nümayəndələri
olan bu şəxsiyyətlər
xalqın savadlanması,
dövrün mütərəqqi
ideyaları ilə tanış olmaları üçün mətbu orqanın imkanlarını
yaxşı anlayırdılar.
Məhz buna görə də onlar anadilli mətbu orqan yaratmaq üçün fəaliyyətə keçdilər.
"XALQIN HƏR BİR DƏRDİ VƏ
XAHİŞİ O QƏZETDƏ ÇAP OLUNSUN Kİ, O
QƏZETƏ BAXAN XALQI AYNADA GÖRƏN KİMİ
GÖRSÜN"
1875-ci ildə nəşrə başlayan
və 1877-ci ildə dayandırılan "Əkinçi"
qəzetinin ilk sayının buraxıldığı
22 iyul Azərbaycanda
"Milli Mətbuat Günü" kimi qeyd olunur. Əlbəttə
ki, çar Rusiyasında 1865-ci ildə
qəbul olunmuş
"Senzura haqqında
qəti qanun"dan sonra mətbuatda nəşrin qeydə alınması və çapı olduqca çətin iş idi. Həsən bəy Zərdabi qəzet çıxarmaq fikrinə 1868-ci ildə düşmüşdü. Lakin
çar idarələrindəki
süründürməçilik, hərc-mərclik Zərdabinin
qəzet nəşr etmək arzusunu uzun müddət çin olmağa qoymadı. Qəzetin nəşrinə icazə
alma 7 il çəkdi. Zərdabinin
rəsmi orqanlara ilk müraciəti isə 1873-cü ilin aprel ayında oldu. Qəzetin belə adlandırılması
isə çar rejiminin fikrini qəzetin daşıyacağı
əsas ideya istiqamətindən yayındırmaq
məqsədi güdürdü.
Qəzetin nəşrinə
1875-ci ildə icazə
verildi və iyul ayının 22-də
"Əkinçi"nin ilk
sayı işıq üzü gördü. Bu tarixdən etibarən Azərbaycanda milli dövri mətbuatın əsası
qoyuldu. Cəhalətə
və mövhumata ağır zərbə vurmaq, xalqa maarifçilik
aşılamaq, ana dilində qəzet oxumaq missiyasını üzərinə götürən
Zərdabinin məsləkdaşları
qarşılarına olduqca
məsuliyyətli vəzifə
qoydular. "Əkinçi"nin
ilk nömrəsində
Zərdabi "Daxiliyyə",
"Əkin və ziraət", "Elmi xəbərlər", "Tazə
xəbərlər" bölmələrini
olacağının yazırdı.
Həsən bəy Zərdabi yazırdı:
"Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun" və ya "Xalqın hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə
baxan xalqı aynada görən kimi görsün".
AZƏRBAYCAN DİLİNDƏ YAZAN BÜTÜN
ADAMLAR ÜÇÜN NÜMUNƏ
Azərbaycanın ictimai həyatının ən mühüm hadisələrindən biri
olan milli mətbuatın təməlinin
qoyulması Azərbaycan
və eləcə də, bütün Şərq aləmi üçün tamamilə
yeni siyasi, mədəni və elmi ünsiyyətin yaranmasına səbəb oldu. 1875-ci il iyulun 22-də milli mətbuatımızın bünövrəsi
"Əkinçi" qəzetinin
ilk nömrəsinin nəşri ilə qoyuldu. Bu qəzetin
naşiri də, redaktoru da, korrektoru
da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən
biri, təbiətşünas
alim Həsən bəy Zərdabi idi. "Əkinçi"
Azərbaycan dilində
yayımlanan ilk qəzet olaraq ayda iki dəfə
300-400 tirajla yayımlanmışdır.
Ümumilikdə 56 sayı
buraxılmışdır. Bu böyük zəhmət hesabına baş gəlmişdir. Dövrünün təqiblərinə
baxmayaraq, dözüm
gətirdi "Əkinçi"
qəzeti. Dövrünün
görkəmli maarifçiləri
olan bu şəxsiyyətlər
"Əkinçi" qəzetinin
səhifələrində maarifçi
və demokratik ideyalarını təbliğ
edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük
təsir göstərmişlər.
Mütərəqqi ideyaların carçısı
və tribunası olan "Əkinçi"
elm, maarif və mədəniyyətin,
ədəbiyyat və
incəsənətin inkişafına,
yeni tipli məktəblərin yaradılmasının
zəruriliyinə aid materiallar dərc edirdi. Qəzetin qazandığı ən böyük uğurlar ilk növbədə onun dilinin xalq
dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni
cəhətdən tərəqqi
etməsi uğrunda çalışan "Əkinçi"
xalqı cəhalətdən,
fanatizmdən uzaqlaşdırmaq,
onlara hüquqlarını
anlatmaq, xalqın savadlanmasına kömək
məqsədi ilə misilsiz iş görür.
Mənbələrə diqqət yetirsək görərik ki, "Əkinçi"nin 6-cı nömrəsindən
sonra qəzetdə məktublar şöbəsi
də açıldı.
Bu 5 şöbə qəzetin sonuncu nömrəsinə qədər
davam etmişdir. "Əkinçi" Bakıda
çap olunsa da, tezliklə ümumrusiya müsəlmanlarının
qəzetinə çevrilir.
Həsən bəy Zərdabi qəzet oxuyanların sayını
artırmaq məqsədi
ilə onları pulsuz olaraq yayırdı.
M.F.Axundzadə geniş
oxucu kütləsi üçün buraxılan
mətbuat orqanının
şriftlərinin gözəl,
dilinin, üslubunun, orfoqrafiyasının tam düzgün olmalıdır,
deyə Həsən bəyə yazırdı:
"Sizin qəzetinizin
əsas məziyyətlərindən
biri ifadənin gözəlliyi, ibarələrin
zərifliyi və aydınlığı, orfoqrafiyanın
düzgünlüyü olmalıdır.
Çünki sizin qəzetiniz başqa məsələlərlə yanaşı,
Azərbaycan yazısını
düzgün olmayan ifadələrdən təmizləməyə
çalışmalı, bu
dildə yazan bütün adamlar üçün nümunə
olmalıdır".
"Əkinçi" qəzeti Azərbaycan tarixinə yazılan şərəfli səhifələrdən
biridir. Bu qəzet cəmi 2 il fəaliyyət göstərsə də, xalqımızın mədəniyyət
tarixində böyük
ad qoyub. 1877-ci ildə "Əkinçi"
qəzeti bağlandıqdan
sonra müxtəlif səylər göstərilməsinə
baxmayaraq, ölkəmizdə
bir müddət azərbaycanca mətbu orqan çıxmamışdır.
Ölkədə cərəyan
edən ictimai proseslər və cari məsələlər
bir müddət yerli rusdilli mətbuatda öz əksini tapırdı. Bakıda rus dilində çıxan ilk qəzet isə birinci nömrəsi 1871-ci ilin mart ayında işıq üzü görən "Bakinski listok" olmuşdur.
1876-cı ildə ikinci
rusdilli qəzet "Bakinskiye izvestiya" nəşrə başlamışdır.
1879-cu ildə Hacı
Səid Əfəndi Ünsizadə Tiflisdə
"Ziyayi-Qafqaziyyə" qəzetini çıxarmağa
nail olmuşdur. Qəzetin cəmi 104 nömrəsi çıxdıqdan
sonra 1880-ci ildə o, çapını dayandırmışdır.
1883-1891-ci illərdə Tiflisdə
"Əkinçi" üslubunu
davam etdirən "Kəşkül" qəzeti
və jurnalı çıxırdı. XX əsrdə
isə Azərbaycan dilində çıxan ilk qəzet Məmmədağa Şaxtaxtinskinin
1903-cü ildə Tiflisdə
buraxdığı ictimai-siyasi,
iqtisadi, elmi, ədəbi "Şərqi-rus"
qəzeti olmuşdur. Qəzetin Azərbaycanda ictimai fikir tarixinin
inkişafında xüsusi
yeri olmuşdur. Qəzetdə dünyəvi
elmlər, ana dili, qadın azadlığı ilə bağlı mütərəqqi
fikirlər öz əksini tapırdı.
Azərbaycanın 1918-ci il mayın 28-də öz müstəqilliyini qazanmasında milli mətbuatın da mühüm rolunu qeyd etməliyik. Azərbaycan Xalq Cümhuriyyətinin bütün
xadimlərinin həm bir lider kimi
formalaşmasında, həm
də onların siyasi fəaliyyətinin gerçəkləşdirilməsində mətbuatın misilsiz xidmətləri vardır.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə
ümummilli platformadan
çıxış edən
"Azərbaycan" qəzetinin
nəşr edilməsi
ictimai-siyasi proseslərin
milli mədəniyyətin
inkişafı ilə
nə qədər bağlı olduğunun ən bariz nümunəsidir.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1921-ci ildə nəşrə başlayan
"Maarif" və
"Qırmızı günəş",
1923-cü ildən çıxan
"Gənc pioner",
1927-ci ildən çıxan
"Pioner" jurnalları,
"Azərbaycan pioneri"
qəzeti və s. mətbuat orqanlarını
qeyd etməliyik.
1923-cü il ildə Bakıda "Şərq qadını"
nəşr olunub.
1938-ci ildən "Şərq
qadını", "Azərbaycan
qadını" adı
ilə nəşr olunmağa başlayıb.
1934-cü il sentyabrın 2-də "Kommunist
maarifi" qəzeti nəşrə başladı.
1938-ci ildə adı dəyişdirilərək "Müəllim qəzeti"
adlandırıldı. Sonrakı
illərdə "Ədəbiyyat",
"Azərbaycan pioneri",
"Kirpi" jurnalı,
"Bakı" və
s. qəzetləri meydana
gəlmişdir.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra həyatın bir çox sahələrində olduğu
kimi mətbuatın inkişafında da dönüş yarandı,
siyasi plüralizm və söz azadlığını təmin
etmək üçün
mühüm işlər
həyata keçirildi.
Azərbaycan mətbuatının
sürətli inkişafı
respublikamızda dünya
standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələrinin yaranmasına
gətirib çıxardı.
Bu gün
artıq mətbuatımızın
150-ci ildönümünü qeyd edirik. Mətbuat
Günü təkcə
jurnalistlərin yox, bütövlükdə, cəmiyyətimizin
bayramıdır. Çünki
azad söz azad cəmiyyətin təməl daşıdır.
Böyük bir tarixi yol keçən
milli mətbuatımızın
xalqımızın həyatında
rolu danılmazdır.
Nəzakət
ƏLƏDDİNQIZI
Səs 2025.- 18 iyul (¹125).-S.11.