Zəlimxan Yaqub : “İlk dəfə
olaraq Azərbaycan sazı avropanı fəth etdi”
Xalq şairi, Azərbaycan
Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub Fransada
keçirilən konsertdən aldığı təəssüratları
SİA ilə bölüşüb:
- Zəlimxan müəllim, Fransada keçirilən
konsertdən hansı təəssuratlarla
qayıtmısınız?
- Əvvəlcə onu
bildirim ki, muğam sənətindən sonra ozan-aşıq
şənətinin dünya miqyasında tanınması və
YUNESKO-da yer alması üçün Fransada böyük tədbir
keçirildi. Bu tədbiri Frasadakı “Dünya Mədəniyyət
Evi” adlı böyuk bir təşkilat həyata keçirirdi. Tədbirin
keçirilməsində Mədəniyyət və Turizm
Nazirliyinin də xüsusi dəstəyi var idi. İlk dəfə
olaraq dünya miqyasında aşıq sənəti
bütün dünyaya təqdim olundu. Azərbaycan
aşıqları müxtəlif ölkələrdə
iştirak etsələr də, dövlət səviyyəsində
ilk dəfə olaraq belə böyük bir tədbir
keçirilirdi.
YUNESKO-ya hazırlıq ərəfəsində
Avropa Şurasının 60 illik yubileyi ilə bağlı bir
tədbirdə saz musiqisini Fransanın Luvr sarayında və
Strasburqda ən yüksək səviyyədə təqdim etmək
bizim qarşımıza qoyulmuşdu. Biz bu məqsədi
çox böyük şərəf və məsuliyyətlə
həyat keçirdik və gözlədiyimizdən də
artıq bir maraqla qarşılandıq. Azərbaycan ozan sənətinə
Fransada elə böyuk maraq göstərildi ki, mən göz
yaşlarımı saxlaya bilmirdim. Konsert elə yüksək
ruhda keçirdi ki, aşıqlarımız alqışlar
selində itirdilər. Sağ olsun bizim
aşıqlarımız ki, sazımıza, sözümüzə
sahib çıxıblar. Onlar bu konsertdə Azərbaycanın
neçə min illik özan sənətini çox yüksək
ləyaqətlə təqdim etdilər.
İstər Luvr
sarayında, istərsə də Strasburqda keçirilən
konsertlərdə çox böyük şəxsiyyətlər,
musiqi mütəxəssisləri, millət vəkilləri,
daimi nümayəndəliklərin əməkdaşları
iştirak edirdilər. Bu konsert böyük məhəbbətlə
qarşılandı. Hər çıxışın sonunda
aşıqlarımız gur alqış selinə tutulurdular. Hər
2 konsert məkanında Azərbaycan sazına, aşıq-ozan
musiqisinə çox böyük məhəbət və sevgi
gördük.
- Konserti nə qədər tamaşaçı dinləyirdi?
- Strasburqda keçirilən
tədbirdə 500 tamaşaçı var idi. Konsertin sonunda 500
nəfərlik salon ayağa qalxaraq,
aşıqlarımızı 15 dəqiqə
alqışladılar. Hətta konsertin sonunda
çaldığım Azərbaycan havasını
bütün solunun tamaşaçıları bizimlə birgə
oxudular. Maraqlısı budur ki, salonda bir nəfər də azərbaycanlı
yox idi. Bu görüntülərdən göz
yaşlarımı saxlaya bilmədim.
- Konsertdə hansı aşıq havaları ifa olundu?
- Biz tərtib
etdiyimiz proqramda nəzərdə tutmuşduq
ki, konsertdə Azərbaycanın həm klassik, həm də müasir saz üstə doğulan havaları səslənsin. Bu möhtəşəm
tədbirdə Aşıq
Abbasın, Aşıq
Şəmşirin, Xəstə
Qasımın, Osman Sarıvəllinin, Aşıq
Kamandarın, Növrəs
İmanın və mənim şerlərim konsert iştirakçılarına
çox yüksək
səviyədə təqdim
olundu.
- Təxminən neçə aşıq havası səsləndi?
- Təxminən 15
aşıq havası səsləndi. Mən
çalışdım ki, aşıq havalarının rəngarəngliyi
bu konsertdə də hiss olunsun. Burada “Sarı tel”, “Yanıq Kərəmi”,
“ Cəngi” , “Misri” kimi təntənəli aşıq
havaları ifa olundu. Biz aşıq havalarından sanki çələng
hazırlamışdıq. Konsert 75-80 qəqiqə davam etdi.
- Neçə aşıqımız təmsil olunurdu
konsertdə?
- Bu konsertdə
aşıq Altay, aşıq Nemət, aşıq Samirə,
aşıq Ramin, balabançı Qəzənfər
iştirak edirdi. Bizim aşıqlarımızın belə
yüksək səviyyədə hazırlaşmasında
YUNESKO-nun Qeyri-maddi irs üzrə Azərbaycandakı eksperti Sənubər
Bağırovanın böyük zəhməti olub. Xatırlatmaq
istəyirəm ki, biz bu səfərə yola düşməzdən
əvvəl, Azərbaycan aşıq sənətini əks
etdirən “Aşıq antologiyası” albomunu da
hazırlamışdıq. Bu albomda 18 aşıq havası yer
almışdı. Burada klassik və müasir aşıq sənətinin
mənzərəsi əks olunmuşdu. Bu konsertdə
sözü gedən antologiya Fransanın mötəbər
nümayəndələrinə də təqdim olundu.
- Belə səfərlərin
davamı gözlənilirmi?
- Keçirilən
konsert aşıq sənətinin Qərbə açılan
ilk yolu idi. Əminəm ki, bundan sonra da biz avropa ölkələrinin
hamısına ardıcıl olaraq səfər edəcəyik.
Ən istedadlı aşıqlar o aşıqlardır ki, onlar
ardıcıl olaraq bu səfərlərdə iştirak edəcəklər.
Bu səfərləri həyata keçirməkdə bir məsədimiz
var - Azərbaycanın neçə min illik tarixə malik olan
saz, aşıq sənətini dünyaya tanıtmaq. Hazırda
Azərbaycanın ruhunu tər-təmiz saxlayan aşıq sənəti
milli çərçivədən çıxıb,
dünyanın sərvətinə çevrilməkdədir. Düşünürəm
ki, saz sənəti daha da inkişaf edərək, bəşəriyyətin
sərvətinə çevrilməlidir. Bizim
apardığımız işlər bu məqsədə xidmət
edir. Zənnimcə, Avropa Şürasının 60 illik
yubileyinə həsr olunmuş tədbirlər planındakı
ən maraqlı və mötəbər tədbir bizim
keçirdiyimiz tədbir idi.
Konsertimiz 80 dəqiqə
deyil, 3-4 saat davam etsəydi belə, inanıram ki, tədbir
iştirakçıları bizi yenə də dinləyərdilər.
Konsertin sonunda onlar bizi dönə-dönə
alqışladılar və aşıqlarımız dəfələrlə
səhnəyə qayıtdılar. Bütün
uğurlarımıza görə, ölkə
başçısi İlham Əliyevə, onun xanımı
Mehriban Əliyevaya dərin təşəkkür edirik. Onların
xüsusi əməyi, səyi nəticəsində Azərbaycan
muğamları, aşıq musiqisi dünyaya
tanıdılır. Həmçinin, mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevə və bu işdə əməyi
olan hər kəsə aşıqlarımız və
ziyalılarımız adından təşəkkürümü
bildirirəm. İlk dəfə olaraq Azərbaycan sazı
avropanı fəth etdi.
Jalə
Səs.- 2009.- 3 aprel.- S. 16.