UKRAYNA VƏ AZƏRBAYCAN
PREZİDENTLƏRİ ŞURASININ İLK İCLASI OLUB
Aprelin 9-da Azərbaycan
Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor
Yuşşenkonun təkbətək görüşü
başa çatandan sonra iki ölkənin Prezidentləri
Şurasının ilk iclası olub. İclasda Azərbaycan və
Ukrayna nümayəndə heyətlərinin üzvləri də
iştirak edirdilər. Azərbaycan Prezidenti İLHAM ƏLİYEV
iclası açaraq bildirdi ki, iki ölkənin münasibətləri
çox səmərəli və dinamik şəkildə
inkişaf edir:
-Hörmətli cənab
Prezident! Hörmətli qonaqlar! Sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Hörmətli cənab Prezident, əminəm ki, Sizin rəsmi
səfəriniz ölkələrimiz
arasında dostluq münasibətlərinin daha
da inkişafına və möhkəmlənməsinə
kömək edəcəkdir.
Bu gün biz qarşılıqlı
maraq doğuran məsələlər, ikitərəfli
əməkdaşlığımızla bağlı məsələlər
barəsində geniş
fikir mübadiləsi aparmışıq və ölkələrimiz arasında
münasibətlərdə böyük dinamika olmasını vurğulamışıq.
Münasibətlərimiz çox səmərəli,
dinamik inkişaf edir, yaxşı nəticələr əldə
olunmuşdur və ümid edirik ki, bu müsbət
meyillər gələcəkdə
də inkişaf edəcək və möhkəmlənəcəkdir. Biz regional əhəmiyyətli məsələləri də
müzakirə etdik.
Fikrimcə, biz regionda vəziyyət
barədə ümumi
fikrimizi və regional əməkdaşlıq üçün
perspektivləri ifadə
etmişik. Bu gün Ukrayna və Azərbaycan Prezidentləri Şurasının
birinci iclası keçirilir. Bu, əvvəl əldə edilmiş razılaşmaların
nəticəsidir. Şura çərçivəsində
biz öz həllini tələb edən məsələləri müzakirə
edəcəyik. Bunlar iqtisadi
əməkdaşlıq, energetika
sahəsində və
hərbi-texniki sahədə
əməkdaşlıq məsələləridir.
Bunlar Prezidentlər Şurasının
bugünkü iclasının
əsas mövzularıdır,
lakin təbii ki, biz bununla kifayətlənməyəcəyik, çünki münasibətlərin
formatı və iclasın gündəliyi kifayət qədər genişdir.
Mən bir daha dərin məmnunluğumu
bildirmək istəyirəm ki, bu gün Siz Azərbaycana rəsmi
səfər edirsiniz. Əminəm ki, bu səfərin nəticələri
əməli cəhətdən də uğurlu olacaq və biz
ölkələrimiz arasında münasibətlərin
möhkəmlənməsi baxımından bundan sonra da irəliyə
doğru gedəcəyik. Bir daha xoş gəlmisiniz.
Sonra
çıxış edən Ukrayna Prezidenti VİKTOR
YUŞŞENKO çıxış etdi: -Hörmətli
İlham Heydər oğlu! Hörmətli azərbaycanlı
dostlar! Hörmətli Şura üzvləri! İlham Heydər
oğlu ilə biz bir məsələdə həmrəyik ki, əgər
ikitərəfli münasibətlərimizə qiymət verməli
olsaq, bu münasibətlər ən yüksək statusa
malikdir, bunlar siyasi əlaqələrin, nazirliklər və
idarələr səviyyəsində əlaqələrin
çox yüksək dinamikasına malik olan strateji tərəfdaşlıq
münasibətləridir. Açıq demək istərdim ki,
bu illər ərzində biz insani münasibətləri də
çox fəallaşdırmışıq. Başqa sözlə
desək, biz ikitərəfli münasibətlərin
inkişafından tam razıyıq. Bu münasibətlərin
çox yaxşı dinamikası var. Bu münasibətlər
yaxşı nəticələr verir. İqtisadi
böhranın həm ticarətə, həm də iqtisadi əməkdaşlığa
təsir göstərdiyi indiki vaxtda rəqəmlər bəlkə
də bir qədər azalmış, ola bilsin, ciddi şəkildə
azalmışdır. Biz başa düşürük ki, bu,
bizim münasibətlərin problemlərinin təsiri deyildir. Çox
güman ki, burada bizim iradəmizdən, Ukrayna və Azərbaycan
tərəflərindən asılı olmayan amillər təsir
göstərir. Buna görə də mən Prezidentlər
Şurasının iclasının əvvəlində həm
siyasi, həm iqtisadi, həm də işgüzar münasibətlərimizi
yüksək qiymətləndirmək istərdim.
İkincisi. Əvvəlki
görüşlərimizdə də dediyimiz kimi, münasibətlərimizin
aydın inkişaf planının olması çox vacibdir. Ona
görə də bu gün imzalanacaq Tədbirlər planı
2009-2010-cu illərdə münasibətlərimizin perspektivini,
özü də təkcə Prezidentlər Şurası
çərçivəsində deyil, həm də nazirliklərin,
idarələrin və biznes dairələrinin
qarşılıqlı münasibətləri çərçivəsində
bu perspektivləri necə təsəvvür etməyimiz barədə
suala ən aydın və dəqiq cavab olacaqdır.
Mətləb
Səs.- 2009.- 10 aprel.- S. 3.