UKRAYNA PREZİDENTİNİN XANIMI HEYDƏR ƏLİYEV FONDUNDA OLUB

 

Ukrayna Prezidentinin xanımı Katerina Yuşşenko aprelin 9-da Heydər Əliyev Fondunda olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xanım Katerina Yuşşenkonu qarşıladı. Birinci xanımlar əvvəlcə Heydər Əliyev Fondunun fəaliyyəti haqqında filmə baxdılar.

Mehriban xanım hörmətli qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar barədə ətraflı məlumat verdi.

Xanım Katerina Yuşşenko fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdı. Ukraynanın birinci xanımı Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı. Xanım Katerina Yuşşenko Heydər Əliyev Fonduna xatirə hədiyyəsi təqdim etdi. Ukrayna Prezidentinin xanımına Heydər Əliyev Fondunun layihəsi olan Qarabağ xanəndələri musiqi albomu hədiyyə olundu.

Xanım Katerina Yuşşenko Fonddan zəngin təəssüratla ayrıldı.

 

 

MƏTLƏB

 

Səs.- 2009.- 10 aprel.- S. 3.