Milli təhlükəsizlik nazirliyində görüş keçirilib

 

Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 90 illik yubiley tədbirlərində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Litva Respublikasının Dövlət Təhlükəsizlik Departamentinin direktoru Povilas Malakauskasla görüşüb.

Qonağı səmimi salamlayan nazir Eldar Mahmudov regionda gedən proseslər, meydana çıxan müxtəlif növ təhdidlər, habelə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi və ondan irəli gələn fəsadlar barədə danışmışdır. General-leytenant Eldar Mahmudov beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli təzahürlərinin artmasının bütün dünyada ciddi narahatlıq doğurduğunu qeyd etmiş, bununla əlaqədar Milli Təhlükəsizlik Nazirliyi tərəfindən yeni təhdidlərə qarşı həyata keçirilən adekvat tədbirlərin, yaradılmış aidiyyatı qurumların fəaliyyətinin konkret nəticələri barədə qonağa məlumat verib.

Povilas Malakauskas 90 illik yubiley münasibətilə Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətini bir daha təbrik etmiş, göstərilən yüksək qonaqpərvərliyə, geniş və dolğun məlumata görə təşəkkürünü bildirmişdir. Qonaq respublikamıza ilk gəlişindən xoş təəssüratlar aldığını, Azərbaycan Respublikasının və Litva Respublikasının təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələrin nəticələrindən razı qaldığını qeyd etmiş və səfərinin ölkələrimizin, eləcə də, müvafiq strukturlar arasındakı əlaqələrinin daha da möhkəmlənməsi üçün faydalı olacağına əminliyini bildirib.

Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran bir sıra digər məsələlərə də dair fikir mübadiləsi aparılmışdır.

 

 

Səs.- 2009.- 10 aprel.- S.5.