YAP Xızı rayon təşkilatı qadınlar şurasının konfransı keçirildi

 

Dünən YAP Xızı rayon təşkilatı qadınlar şurasının konfransından ilk öncə iştirakçılar, rayonun mərkəzində ucaldılan Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, onun ruhunu bir dəqiqəlik sükutla yad etdilər.

Rayon mədəniyyət sarayında öz işinə başlayan konfransı giriş sözü ilə YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev açdı. F.Haqverdiyev YAP Xızı rayon təşkilatı qadınlar şurasının 2 il ərzində gördüyü işlərdən, qadın zəhmətindən və onların cəmiyyətdəki rolundan danışdı. Natiq cəmiyyətimizi qadınsız təsəvvür etməyin mümkünsüzlüyünü qeyd edərək bildirdi ki, ölkədə qadınlarımız aparıcı qüvvələrdən biridir. Ölkənin bütün sahələrində qadınların böyük rolu olduğunu deyən təşkilat sədri, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın ölkəmiz və xalqımızın gələcəyi üçün var qüvvəsilə çalışdığını bildirdi: “Bu gün hər bir Azərbaycan vətəndaşı, o cümlədən, qadınlarımız böyük qürurla fəxr etməlidirlər ki, ölkəmizə ulu öndər Heydər Əliyevin uğurlu davamçısı cənab İlham Əliyev rəhbərlik edir. Bununla yanaşı, bu siyasətə sadiq olan millət vəkili Mehriban xanım Əliyevanın böyük siyasəti nəticəsində Azərbaycan uğurlu inkişaf yolunda irəlidə gedir”. 

Konfransda YAP Xızı rayon təşkilatı qadınlar şurasının sədri Svetlana Rüstəmova hesabat məruzəsi ilə çıxış etdi. S.Rüstəmova keçən dövrdə qadınlar şurasının gördüyü işlərdən danışaraq bildirdi ki, YAP Xızı rayon təşkilatı keçən 2 il müddətində bir sıra işlər görmüş, rayonun ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. 2 il ərzində qadınlardan YAP sıralarına 235 nəfər qəbul olunmasını bildirən S.Rüstəmova, rayon təşkilatının sıralarında 18-35 yaşadək olan qadınların sayının 270 nəfər, 36-45 yaşadək olanların sayı 175 nəfər, 46-50 yaşadək olanların sayı 71 nəfər,51-60 yaşadək olanların sayı 41 nəfər və 60 yaşdan yuxarı olanların sayının 31 nəfər olduğunu dedi. O, həmçinin, prezident və referendum seçkilərində Xızı qadınlarının xüsusi zəhmətini vurğuladı. Natiq çıxışında Mehriban xanım Əliyevanın Azərbaycan cəmiyyətindəki rolundan və xalqımıza verdiyi bir çox töhfələrdən danışdı.

S.Rüstəmova ulu öndər Heydər Əliyevin 2000-ci ilin 6 mart tarixində imzaladığı fərmanının qadınlara qayğının bariz nümunəsi olduğunu dedi: “Bu gün bu uğurlu siyasətin davamçısı ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev  qadınlara böyük qayğı və diqqət göstərir. Çünki tarix boyu qadınlarımız igidlik və qəhrəmanlıq, sədaqət və qeyrət rəmzi olublar. Azərbaycan qadının ailədə, eləcə də, cəmiyyətdəki fəaliyyəti çox böyükdür”.

Görüşdə YAP Xızı rayon təşkilatı qadınlar şurası sədrinin müavini Xatirə Həşimzadə əsrlər boyu qadınlarımızın zəhmətkeş olduğunu, ölkənin ictimai-siyasi həyatında fəallıq nümayiş etdirdiyini bildirdi. Natiq, həmçinin, bütün sahələrdə qadınlara dövlət qayğısından danışdı.

Tədbirdə YAP Siyasi Şurasının üzvü Xızı rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev dövlətin qadınlara olan qayğı və diqqətindən danışdı. V.Abdullayev dünya miqyasında Azərbaycan qadınının fədakar olmaqla yanaşı, həm də gözəl nəslin yetişməsində böyük zəhmət çəkdiyini bildirdi: “Qadınlarımız kişilərlə çiyin-çiyinə zəhmət çəkərək ölkəmizin uğurlu inkişafında böyük şücaət göstərirlər. Ona görə də, biz qadınlarımızla fəxr etməyə və onlara qiymət verməyə borcluyuq. Eyni zamanda, bugünkü firavanlıq üçün hamılıqla ölkə Prezidenti İlham Əliyev ətrafında  daha sıx birləşməli və Onun apardığı uğurlu siyasətə dəstək olmalıyıq”.
Sonra gündəlikdə duran təşkilati məsələyə baxıldı. YAP Xızı rayon təşkilatının qadınlar şurasının 15 nəfərdən ibarət yeni tərkibi Svetlana Rüstəmova isə yenidən YAP Xızı rayon təşkilatı qadınlar şurasının sədri seçildi.

Konfransda, həmçinin, partiya fəallarına və yubileyləri olan partiya üzvlərinə fəxri fərmanlar verildi.

Sonda ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul olundu.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2009.- 10 aprel.- S. 7.