Qadınlar cəmiyyətdə aparıcı qüvvədir

 

YAP Gədəbəy rayon təşkilatı qadınlar şurasının konfransı keçirildi

 

Dünən YAP Gədəbəy rayon təşkilatı qadınlar şurasının II konfransı keçirildi. Konfransa 1487 nəfər partiya üzvü olan qadınlardan 117 nəfər nümayəndə qatılmışdı.  Konfrans iştirakçıları, ilk öncə, ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoydular və əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. 

Rayonun mədəniyyət evində ön işinə başlayan konfransı YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov açdı. R.Məmmədov qadınları bu əziz tədbir münasibətilə təbrik etdi və bildirdi ki, ulu öndər Heydər Əliyev qadınlarımıza həmişə diqqət və qayğı ilə yanaşırdı. Bu siyasət hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməkdədir.

Tədbirdə YAP Gədəbəy rayon qadınlar şurasının sədri Məryəm Həsənova hesabat məruzəsi ilə çıxış edərək bildirdi ki, YAP Gədəbəy rayon təşkilatı qadınlar şurası bütün siyasi, ictimai tədbirlərdə həmişə fəal iştirak etmiş, 15 oktyabr 2008-ci il prezident seçkilərində və 18 mart 2009-cu ildə keçirilən referendumda partiyamızın mənafeyi naminə aparılan təbliğat-təşviqat işlərində daima fəallıq göstərmişlər.

M.Həsənova tarix boyu Azərbaycan qadının keşməkeşli və şərəfli bir yol keçdiyini bildirdi: “Azərbaycan qadını öz iradəsi, cəsarəti və cəmiyyətdə tutduğu mövqeyə görə həmişə ön cərgədə getmişdir. Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin qorunmasında və gənclərimizə çatdırılmasında əməyini əsirgəməmişdir.”

Tariximizə nəzər salan M.Həsənova hər bir mərhələdə Azərbaycan qadınlarının iradə və şücaət nümayiş etdirdiklərini bildirdi: “1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana ikinci siyasi hakimiyyətə qayıdışından sonra qadınlara diqqət və qayğısı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması buna bariz nümunədir.”

M.Həsənova qadınların ictimai-siyasi həyatda fəal rolundan danışaraq ölkə əhalisinin 51 faizini qadınlar təşkil etdiyini bildirdi. YAP Gədəbəy rayon təşkilatı üzvlərinin 49,4 faizini qadınların təşkil etməsi  bir çox məqamlara aydınlıq gətirir.

Tədbirdə YAP Gədəbəy rayon təşkilatının sədr müavini Mirvari Alıyeva, ərazi ilk partiya təşkilatının sədri Esmira Şirinova, Zəhmət kənd musiqi məktəbinin direktoru Təranə Şərifova, Novosaratovka kənd orta məktəbinin müəllimi Qalina Əliyeva, Düzyurd kənd orta məktəbinin müəllimi Əntiqə Quliyeva çıxış edərək, ölkə Prezidenti İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirdiyini bildirdilər. Qeyd etdilər ki, bu gün Azərbaycan qadınına dövlət dəstəyi yüksək səviyyədədir. Məhz bu diqqət və qayğının nəticəsində qadınların  təhsil, səhiyyə, mədəniyyət, icra sturukturları və bütün orqanlarda işlə təmin olunmasında yüksək  şərait yaradılıb.

Sonra isə  təşkilati məsələ səsə qoyuldu, 7 nəfərdən ibarət qadınlar şurası idarə heyətinin üzvləri seçildi.

Nəzakət Hüseynova böyük səs çoxluğu ilə YAP Gədəbəy rayon təşilatının qadınlar şurasının yeni sədri seçildi.

 Konfransın qətnaməsi qəbul edildi, qarşıda duran vəzifələr müəyyənləşdirildi və Yeni Azərbaycan Partiyasının respublika Qadınlar Şurasının konfransına nümayəndələr seçildi.

Sonda konfrans iştirakçıları adından ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarına müraciət qəbul edildi.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2009.- 10 aprel.- S. 6.