Qadınlar cəmiyyətin ön sırasındadır

 

Bu fikirlər Yeni Azərbaycan Partiyası Qaradağ rayonu qadınlar şurasının konfransında vurğulandı

 

Dünən, Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının qərargahında rayon qadınlar şurasının konfransı keçirilib. Qadınların konfransında çıxış edən YAP Siyasi Şuranın üzvü, rayon təşkilatını sədri Aydın Hüseynov ölkəmizin ictimai-siyasi və sosial sferasında qadınların rolunun yüksək olduğunu dedi. A.Hüseynov onu da vurğulayaraq, bildirdi ki, hər bir cəmiyyətin formalaşmasında və sağlam mühitin yaranmasında qadınların müstəsna xidmətləri vardır.

Bu baxımdan da, Azərbaycan qadınının yerinə yetirdiyi vəzifələrin mahiyyətinə vardıqda, böyük funksiyaların daşıyıcısı olduğuna açıq-aydın görməyin mümkünlüyünü vurğulayan YAP Qaradağ rayon təşkilatının sədri qadınların heç də kişilərdən fəaliyyət baxımında geridə qalmadığını bildirdi.

A.Hüseynov ölkəmizin həyatında mühüm və taleyüklü məsələlərdə həmişə böyük aktivlik nümayiş etdirən rayon qadınlarının yüksək qiymətə layiq olduqlarını qeyd etdi. O, vurğuladı ki, hər bir Azərbaycan qadını öz ailəsi ilə yanaşı dövlətinin gələcəyini də düşünür. Bu baxımdan da, xanımlarımızın həmişə ölkədə aparılan işlərdə öncül olmasının yeganə sübut olduğunu bildirən A.Hüseynov qadınlarımızın mətin və qeyrətli olmaları ilə də nümunə olduqlarını qeyd etdi.

Bildirdi ki, ölkəmizin ictimai-siyasi həyatında son zamanlar qadınların rolunun daha da yüksəlməsi, möhkəmlənməsi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın Azərbaycan qadınına nümunə olacaq formada gördüyü işlər və həyata keçirdiyi prinsiplərin də təsiri böyükdür.

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatı idarə heyətinin üzvü Zemfira Şıxəliyeva qeyd edərək bildirdi ki, tarixə nəzər saldıqda, Azərbaycan qadınının bir çox məqamlarda böyük şücaətlər göstərdiyinin şahidi oluruq: “Bu gün də xanımlarımız hər bir sahədə mühüm vəzifələri yerinə yetirir. Bu, bir həqiqətdir ki, inkişafda olan cəmiyyətimizdə qadınların rolu danılmazdır. Bu baxımdan da, onların kişilərlə bərabər hüquqlara malik olması başlıca prinsiplərdən biri kimi qiymətləndirmək olar. Bütün bu uğurların səbəbi isə, dövlətin  qadın siyasətinə daha yüksək qiymət verməsidir. Elə bu səbəbdən də, cəmiyyətin və dövlətin inkişafında qadınların rolunun yüksək olmasını qeyd etməmək qeyri-mümkündür”.

Qadınlarımızın daima möhkəm ailə və dövlət naminə çalışdıqlarını bildirən YAP Qaradağ rayon qadınlar şurasının üzvlərindən Roza Fərzəliyeva, Xatirə Xalıqova, Pakizə Abbasova, Nazilə Xudaverdiyeva və başqaları Azərbaycan xanımının heç bir qeyri-dövlətin xanımı ilə müqayisə olunmayacaq dərəcədə yüksək statusa malik olduğunu söylədilər.

Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Sədaqət Qəhrəmanova çıxış edərək bildirdi ki, cəmiyyətimiz inkişaf etdikcə və dövlətimiz daha sivil, demokratik dəyərlərlə idarə olunduqca qadınların da rolu durmadan artır. Çünki Azərbaycan qadınının öz əcdadları Tomrisi, Sara Xatunu, Burla Xatunu, Həcəri, Nigarı ilə bugünün yetişməkdə olan xanımı üçün böyük örnək olduğunu bildirən S.Qəhrəmanova sağlam ailənin formalaşmasında qadının böyük qüvvə olduğunu vurğuladı.

Bu baxımdan, bu il martın 18-də keçirilən referendumun və bundan öncə ölkəmizdə keçirilmiş prezident və parlament seçkilərində kişilərimizlə yanaşı qadınlarımızın da layiqincə iştirak etdiyini söyləyən S.Qəhrəmanova Azərbaycan xanımının ən yüksək diqqət və qayğı ilə əhatə olunduğunu bildirdi. Ölkəmizin ictimai-siyasi həyatında, sosial sferalarda qadınların rolunun son zamanlar daha qabarıq formada üzə çıxmasında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın proqram xarakterli gördüyü işlərin böyük töhfə olduğunu söylədi.

Konfransda, Təranə İsmayılova YAP Qaradağ rayon qadınlar şurasının sədri seçildi. Həmçinin, YAP Respublika Qadınlar konfransına 10 nəfər nümayəndə seçildi.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2009.- 10 aprel.- S. 7.