Hər bir cəmiyyətdə qadın
aparıcı qüvvədir
Yeni Azərbaycan Partiyası Səbail
rayon təşkilatı Qadınlar Məclisinin keçirdiyi
konfransda bu fikir dönə-dönə vurğulandı
Dünən Yeni Azərbaycan
Partiyası Səbail rayon təşkilatı qadınlar Məclisinin
konfransı keçirildi. Öncə YAP İdarə heyətinin
üzvü, Səbail rayon təşkilatının sədri
Zahid Qaralov konfrans iştirakçılarını
salamlayaraq, onlara bu siyasi yolda uğurlar arzuladı.
Z.Qaralov YAP rayon təşkilatının
və qadınlar şurasının rayonda gedən
ictimai-siyasi proseslərdə yaxından iştirak etdiklərini,
bu işdə xanımlarımızın daha aktiv və fəal
olduğunu diqqətə çatdırdı:
“Qadınlarımız istər 15 oktyabr prezident seçkilərində,
istərsə də Konstitusiyamıza əlavə və dəyişikliklərlə
bağlı martın 18-də keçirilən referendumda
çox fəallıq nümayiş etdirdilər. Ulu öndər
Heydər Əliyevin layiqli davamçısı Prezident
İlham Əliyevin siyasi fəaliyyətində Ona dəstək
olduğunuz üçün fürsətdən istifadə
edib rayon təşkilatının sədri kimi hər birinizə
dərin təşəkkürümü bildirirəm və
respublikamızın, o cümlədən də, rayonumuzun
ictimai-siyasi həyatında bundan sonrakı işlərinizdə
də uğurlar arzulayıram”.
Z.Qaralov onu da qeyd etdi ki,
Səbail rayonu geniş, güclü potensiala malikdir və
burada çox işgüzar, qabiliyyətli
qadınlarımız yaşayır: “Hər bir cəmiyyətdə
qadının rolu önəmlidir. Bu baxımdan, Yeni Azərbaycan
Partiyasında qadınların kifayət qədər təmsil
olunması təqdirəlayiqdir.”
YAP Səbail rayon təşkilatını
sədrinin müavini Afət Xanbabayeva konfransın gündəliyində
duran iki məsələ - Qadınlar Məclisinin hesabatı və
YAP Respublika Qadınlar Şurasının Konfransına
nümayəndələrin seçilməsi barədə tədbir
iştirakçılarına məlumat verdi.
YAP Səbail rayon təşkilatı
Qadınlar Məclisinin sədri, professor Nübar Muxtarova
hesabat məruzəsi ilə çıxış etdi. O,
dövlətimiz tərəfindən qadınlara göstərilən
diqqət və qayğıdan danışdı, dövlətin
idarə olunmasında, ictimai-siyasi proseslərin həyata
keçirilməsində onların böyük rolu olduğunu
vurğuladı: “Qadınlarımız rayonumuzda keçirilən
bütün mədəni, kütləvi, ictimai tədbirlərdə
yaxından iştirak etmiş, öz bilik və
bacarıqlarını, əsirgəməmişlər. Keçirilən
seçkilərdə rayon qadınlarının dairə, məntəqə
seçki komissiyalarında fəal iştirakı təmin
olunmuş, bu işdə də onlar öz vəzifələrinin
öhdəsindən layiqincə gəlmişlər. Bundan sonra
da YAP Səbail rayon təşkilatının 13 min 800
üzvü, o cümlədən, Qadınlar Məclisinin 113 nəfər
üzvləri bu kimi mühüm aksiyalarda iştirak edib və
edəcək. Qadınlarımız müstəqil ölkəmizin
işıqlı gələcəyi uğrunda əllərindən
gələni əsirgəməyəcəklər”.
Məruzə ətrafında
çıxış edən partiya fəalları
qadınlarımızın ictimai-siyasi fəallığından,
cəmiyyətimizdə onların artan rolundan geniş bəhs
etdilər. Bildirdilər ki, həm dövlət siyasətinin
müəyyən edilməsində, həm də idarəçilikdə
onların təmsilçiliyi gündən-günə artır.
Bu da dövlətimizin və onun başçısının
qadınlara olan qayğısının təzahürüdür.
N.Muxtarova yenidən YAP Səbail
rayon təşkilatı Qadınlar Məclisinin sədri
seçildi.
Həmçinin, tədbirdə
YAP Qadınlar Şurasının konfransında iştirak etmək
üçün 21 nəfrdən ibarət nümayəndələr
seçildi.
Sonda konfrans
iştirakçıları adından ölkə Prezidenti,
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarına
müraciət qəbul olundu.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2009.- 10 aprel.- S. 10.