PREZİDENT İLHAM ƏLİYEV
DÖVLƏT FİLM FONDUNİN YENİ BİNASI İLƏ
TANIŞ OLUB
Aprelin 13-də Prezident
İlham Əliyev Dövlət Film Fondunun yeni binası ilə
tanış olub. Prezident İlham Əliyev və xanımı
Mehriban Əliyeva əvvəlcə binanın foyesində ulu
öndər Heydər Əliyevin Azərbaycanda mədəniyyətin,
o cümlədən kino sənətinin inkişafındakı
xidmətlərini əks etdirən fotoguşəyə, habelə
Dövlət Film Fondunun tikintisi ilə bağlı şəkillərə
baxdılar.
Dövlətimizin
başçısına məlumat verildi ki, ümumi sahəsi
təxminən 6,6 min kvadratmetr olan binanın birinci mərtəbəsində
texniki avadanlıqla təchiz edilmiş inzibati otaqlar,
laboratoriya, 120 yerlik salon və yardımçı otaqlar yerləşir.
Bu mərtəbədə dünya kinosunun tarixini özündə
əks etdirən kinokameralar, o cümlədən 1902-ci ilin istehsalı
olan “Edisson” kinoproyektoru, 1910-cu ildə istehsal olunan “Debri”
kinokamerası, habelə “Kaspi” qəzetinin Azərbaycan kinosunun
tarixi baxımından qiymətli yazının dərc
olunduğu nadir nüsxəsi və sair nümayiş etdirilir.
Dövlət Film
Fondunda, ümumilikdə, 64 min 373 ədəd saxlanma vahidi, 10
mindən çox müxtəlif arxiv sənədləri, Azərbaycanda
istehsal edilmiş filmlər saxlanılır. Burada xüsusi
temperatur rejimi tətbiq olunur. Mənfi 5 dərəcədə
qorunub saxlanan filmlərin təhlükəsizliyi də diqqətdə
saxlanılır. Fondda siqnalizasiya və videomüşahidə
sistemi qurulmuşdur. Ən qədim tarixi olan filmlərin
qorunması məqsədi ilə xüsusi boks
yaradılmışdır. Onların sayı təxminən
1000 ədəddir. Bundan əlavə, indiyə qədər
Rusiya arxivlərində saxlanılan 30-a qədər Azərbaycan
filminin nüsxələri Bakıya gətirilmiş və
onlar fondun arxivinə daxil edilib.
Fondda kino tarixi ilə
bağlı 12 mindən çox foto da qorunur. Fotoarxivə
dünyanın müxtəlif yerlərində istehsal edilən
filmlərin fotoşəkilləri də daxil edilmişdir. Fondun
əməkdaşları bu şəkilləri iki ilə
yaxın müddətdə şəxsi arxivlərdən
yığmışlar. Ötən əsrin 60-cı illərindən
90-cı illərin ortalarınadək istehsal edilən 3500 ekran
əsərindən çıxarılan fotolar üzərində
bərpa işləri aparılıb. Bu arxivə Avropa və
Amerikada istehsal edilən filmlərlə yanaşı,
Baltikyanı ölkələrdə çəkilən filmlərin
fotoşəkilləri də daxil edilib. Prezident İlham Əliyev
videomontaj və bərpa otaqlarında
yaradılmış şəraitlə tanış oldu. Fondda
60 əməkdaş çalışır. Burada onların
işinin daha səmərəli qurulması
üçün yeni texnikalar alınıb.
Dövlət Film Fondunda
görülən işlər Azərbaycan kinosu incilərinin
daha mükəmməl və etibarlı qorunmasına imkan
verir. Burada kino tarixi ilə bağlı tədqiqatların
aparılması üçün də lazımi şərait
vardır.
Yaxın gələcəkdə
“Azərbaycanfilm”in binasında, çəkiliş
pavilyonlarında da təmir və yenidənqurma işlərinin
aparılması, kinostudiyanın texniki avadanlıqla təchiz
olunması planlaşdırılır.
MƏTLƏB
Səs.- 2009.- 14 aprel.- S. 2.