Rüfət Aslanlı: “Azərbaycan 2009-cu ildə
beynəlxalq investorların
öz aktivlərini yerləşdirmək üçün
sığındıqları təhlükəsiz oazislərdən
birinə çevrilə
bilər”
Qiymətli Kağızlar üzrə Dövlət
Komitəsinin sədri Rüfət Aslanlının SİA-ya
eksklüziv müsahibəsini oxuculara təqdim edirik:
- Rüfət müəllim, bildiyiniz kimi prezident İlham
Əliyev bu yaxınlarda Qiymətli Kağızlar üzrə
Dövlət komitəsinin (QKDK) əsasnaməsinin və
strukturnun təsdiq edilməsi haqqında sərəncam
imzalayıb. Bu sərəncamdan irəli gələn məsələlərin
həlli istiqamətində vəziyyət necədir və
Komitə bundan sonra öz fəaliyyətini hansı istiqamətdə
quracaq?
- Cənab prezidentin sərəncamı
ilə təsdiq olunmuş yeni əsasnamədə və
strukturda çox fundamental yeniliklər mövcudur. Bildiyiniz
kimi, 1999-cu ildə prezident yanında Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsi yaradılıb. Hazırki
əsasnamə ilə Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsi adlandırılaraq, müstəqil
quruma çevrilib. Yeni təsdiq olunmuş əsasnamədə
Komitənin əsas fəaliyyət istiqamətləri qiymətli
kağızlar bazarında vahid dövlət siyasətinin
müəyyənləşdirlməsi və bu siyasətin həyata
keçirilməsini təmin etməkdən ibarətdir. Hazırda
Komitənin yeni təşkilatı strukturu üzərində
işlər tamamlanmaq üzrədir və yaxın günlər
ərzində strukturun yerbəyer olunması başa çatacaq.
Daxili əsasnamələr üzərində işlər
tamamlanır. Bizim Naxçıvan Muxtar Respublikasında Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsinin
Naxçıvan şöbəsi fəaliyyət göstərir.
Naxçıvan şöbəsinin də yeni əsasnamədən
çıxan tələblərə
uyğunlaşdırılması istiqamətində işlər
görülür. Sərəncamda Nazirlər Kabinetinə
tapşırılmışdır ki, Komitənin
işçi heyyətinin yeni say tərkibini müəyyən
etsin. Artıq işçi heyyətinin yeni say tərkibi də
Nazirlər Kabinetinə təqdim olunub. Yaxın bir ay ərzində
təşkilatı işlərlə bağlı fəaliyyətimizi
tamamlayacayıq.
- Ötən ilin yekunlarına nəzər salsaq, 2008-ci
ildə Azərbaycanın qiymətli kağızlar
bazarında nə kimi hadisələr baş verib və
dünyadakı maliyyə böhranı ölkəmizin qiymətli
kağızlar bazarına necə təsir edib?
- Qiymətli
kağızlar bazarı ölkə iqtisadiyyatının
infrastruktur tərkibinə daxil olan bir elementdir. Bütövlükdə,
Azərbaycan iqtisadiyyatı qlobal maliyyə böhranına
yüksək dayanıqlılıq nümayiş etdirib. Bunu həm
beynəlxalq maliyyə qurumları, həm də özəl
investorlar, analitiklər qəbul edirlər. 2008-ci ilə nəzər
salsaq, deyə bilmərik ki, qlobal maliyyə böhranı
hansısa ölkədən yan keçib. Böhran bu və ya
digər şəkildə bütün ölkələrin
iqtisadiyyatına təsir edib. Biz açıq və sərbəst
iqtisadiyyata malik ölkəyik. Böhranın bu və ya digər
şəkildə Azərbaycanın iqtisadiyyatına istiqamətlənməsi
qaçılmazdır. Lakin ölkəmiz 2009-cu ildə də
böhrana qarşı dayanıqlılıq nümayiş
etdirməkdə davam edir. 2008-ci ildə qlobal maliyyə
böhranı Azərbaycanın qiymətli kağızlar
bazarına və bütövlükdə ölkə
iqtisadiyyatına təsiri müqayisə olunacaq formada olub.
2008-ci ildə Azərbaycanın
qiymətli kağızlar bazarında sabit artım baş
verib. Bu həm ilin birinci yarısında, həm də ilin
ikinci yarısında müşahidə olunub. Səbəb nədir?
Qiymətli kağızlar bazarının əsas elementləri
dövlət qiymətli kağızlarıdır. Bunlar Mərkəzi
Bankın notları və dövlət qısamüddətli
istiqrazlardır. Onların müddəti qısadır və gəlirliliyi
yüksəkdir. 2008-ci ildə qiymətli kağızlar
bazarının həcmi 11 milyard manat təşkil edib. Bunun 9
milyard manatdan bir az artıq hissəsini dövlət qiymətli
kağızları, 2 milyard hissəsi isə koorporativ qiymətli
kağızlar təşkil edib. Koorporativ qiymətli
kağızlar seqmentində də canlanma və əməliyyatların
davamlılığı azalmayıb. Bunun başlıca səbəbi
bir amillə bağlıdır. Belə ki, koorporativ
kağızların strukturunda səhmlər və istiqraz
prizmasından baxdıqda, səhmlər əsasən maliyyə
sektorunun təmsilçiləri tərəfindən
buraxılıb ki, bunlar da əsasən banklar və
sığorta şirkətləridir.
Dünyadakı maliyyə böhranı getdikcə dərinləşməkdədir.
2009-cu ilin ilk üç ayı ərzində böhranın
qiymətli kağızlar bazarına hansı təsirləri
olub və bu təsirlərdən qorunmaq üçün
hansı addımlar atırsınız?
- Maliyyə
böhranının Azərbaycanın qiymətli
kağızlar bazarına ötürmə kanalları o qədər
də geniş deyil. Birinci, bu baxır bizim bazarda dövr olunan
alətlərin və investorların strukturuna.
Qiymətli
kağızlara baxdıqda isə əsasən, yuxarıda da
qeyd etdiyim kimi, dövlət qiymətli
kağızlarıdır. Azərbaycanın makro-iqtisadi
mövqeyi, iqtisadi artım tempi, xarici resursları və ölkənin
milli valyutasının bu vəziyyətdə
dayanıqlılıq göstərməsi Azərbaycan
iqtisadiyyatının böhrana
dözümlülüyünü göstərir. Bunu beynəlxalq
maliyyə inistutları və digər beynəlxalq təşkilatlar
fakt kimi qəbul ediblər. İnvestorların aktivlərini
yerləşdirməyə təhlükəsiz oazislər
axtardığı bir məqamda - 2009-cu ildə Azərbaycan
belə oazislərdən birinə çevrilə bilər. Bu
bir şansdır və biz bundan istifadə etməliyik.
Qiymətli
kağızlar bazarına nəzər salsaq görərik ki,
ilin birinci rübü ərzində maliyyə sektorunda təmsil
olunan kompaniyaların dinamik kapitallaşması prosesi gedib. Bu həmin
sektorda koorporativ qiymətli kağızların
artımını şərtləndirib. İlin növbəti
rüblərində biz bazara yeni alətlərin
çıxarılmasını planlaşdırırıq. Mərkəzi
Bankın rəhbərliyinin də qeyd etdiyi kimi, ipoteka kreditləri
mexanizimini bərpa edəcək. Proseslərin gedişində
ipoteka istiqrazları bazarının
formalaşdırılması və bununla əlaqədar qiymətli
kağızların buraxılması bir neçə sindikativ
borclanma alətlərinin bazara daxil olması deməkdir. Biz
hesab edirik ki, 2009-cu il ərzində bazarın yeni alətlərlə
zənginləşməsi stabil iqtisadi şəraitdə
xarici investorların bazara olan maraqlarının qorunub
saxlanmasına imkan verəcək.
- Azərbaycanda koorporativ qiymətli kağızların
emissiyası son bir ildə 33% azalıb. Bunun səbəbi nədir?
- Koorporativ
kağızların sayca 33% azalmasına baxmayaraq, onların məqbləği
81% artıb. Bu sadəcə texniki bir məsələdir ki,
söhbət səhmlərin ilkin yerləşdirilməsindən
gedir. Sadəcə olaraq əvvələr ənənəvi
olaraq səhmlərin nominalı aşağı, yəni orta
hesabla 1-2 manat göstərilirdi. Ona görə də 2008-ci il
ərzində səhmlərin nominalı artmaq meylli olub. Orta
hesabla nominal bir neçə dəfə artıb. Bu
baxımdan kağızların və əqdlərin sayı
azalmış kimi görünür.
- Azərbaycanın fond bazarında broker və dilerlərə
qarşı şərtlər dəyişibmi və yeni şərtlər
nədir?
- Hələlik şərtlər
dəyişməyib və bu sərtlər üzərində
iş gedir. Lakin tənzimləyici fəaliyyətin strukturunda
müəyyən dəyişikliklər var. Biz broker ve dilerlərin
fəaliyyətində daha efektiv vasitələri tətbiq etməyi
nəzərdə tuturuq. Bunun üçün ilk növbədə
bazarda bu sektorda müəyyən bir səliqə-səhman
yaratmaq vacibdir. Broker və dilerlərin sayı o qədər də
çox deyil. Onların fəaliyətinin aşağı
risklərlə müşayət olunması üçün
tənzimləyici çərçivəni strukturlaşdırmağa
başladıq. Biz broker və dilerlərin hesabatlılıq
sisteminin, onların fəaliyyətinin qanunauyğunluğunu
qiymətləndirmə sisteminin təkmilləşdirilməsi
üzrə işlərə başlamışıq. Bu
işlər hələlik tamamlanmayıb.
- Azərbaycanda “İnvestisiya fondları haqqında” qanun
layihəsinə dəyişikliklər ediləcəkdi. Bu dəyişikliklər
edilibmi və bunlar hansılardır?
- Bilirsiniz, bu gün Azərbaycanda
“İnvestisiya fondları haqqında” qanun mövcuddur. Lakin
qanun bir neçə ildir ki, qüvvədə olmasına
baxmayaraq həmin qanunda mövcud olan bir sıra boşluqlar
investisiya fondlarının fəaliyyətində müəyyən
çətinliklər yaradırdı. Bundan
çıxış edərək, qanuna dəyişikliklər
deyil, yeni “İnvestisiya fondları haqqında” qanun üzərində
işə başladıq. Ötən ilin sonunda bu qanun
hazır idi. Lakin Komitənin əsasnaməsi və strukturu
prezident İlham Əliyev tərəfindən təsdiq edildikdən
sonra, biz mövcud reallıqları və dünyada baş verən
prosesləri nəzərə alaraq, qanun layihəsini yenidən
gözdən keçirdik. Hazırda sənəd üzərində
işlər tamamlanmaq üzrədir. Aprel ayının sonuna qədər
qanun müzakirəyə çıxarılacaq.
- Azərbaycanın səhm bazarının ümumi həcmi
cari ilin əvvəlinə nə qədər təşkil
edib?
- 2009-cu ilin rəqəmlərinə
baxsaq, cari ilin ilk üç ayı ərzində səhm
bazarının ümumi həcmi 200 milyon manat təşkil
edib. 2008-ci ilin ilk rübü ilə müqayisədə səhmlərin
ilk yerləşdirilməsi birja vasitəsilə təxminən
6 dəfə artıb. Təkrar bazar isə 2008-ci ilin ilk
rübü ilə müqayisədə 66 min dəfə
artıb. Belə bir artımın səbəbi ötən illə
müqayisədə təkrar səhm bazarının daha saf,
daha açıq meydança olan birjaya meyllənməsidir. Yəni
belə deyək ki, səhmlərin təkrar ticarəti birjada
həyata keçirilməsi həmin alətlərin real dəyərinin
müəyən edilməsinə şərait yaradır. Səhmlərin
real dəyəri isə investorların, imitentlərin maraqlarına
xidmət edir. Bu yenilik, səhmlərlə ticarətin birjadan
kənar sahədən birjaya axması qiymətli
kağızlar bazarının inkişafına təmin edir.
Səs.- 2009.- 14 aprel.- S. 5.