Unudulmaz abidədir bu kitab

 

Azərbaycan torpaqlarının işğalı və uzun illər bu torpaqlar uğrunda aparılan mübarizə milli vətənpərvərlik ideologiyası ilə sıx bağlıdır. Tarixin dönəmlərində belə düşmənə qarşı milli qürur hissinini baş qaldırması Azərbaycan xalqının milli özünüdərki ilə təsdiqlənir. Son illərdə aparılan mübarizə, Qarabağ torpaqlarının azad olunması amalı ilə qaynar nöqtələrdə düşmənlərlə üz-üzə dayanan vətən oğullarının göstərdiyi şücaətin bədii ifadəsi özünü yazılı ədəbiyyat nümunələrində göstərir və müxtəlif janrlardakı ədəbi nümunələrdə onların keçdiyi şərəfli yol nəsr, nəzm formasında təcəssüm olunur.

Azərbaycan torpaqlarının bütövlüyü uğrunda ardıcıl olaraq mübarizə aparıb, vəzifə borcunu yerinə yetirən saysız oğullar sırasında “Milis əlaçısı” döş nişanı, “Xocalı yaddaş”diplomu ilə təltif olunan, polis mayoru Sabir Məmmədovun da adı var. Sabir Məmmədovun döyüş bölgəsində keçdiyi yolun təsviri “Nurlan” nəşriyyatında çapdan çıxan “Unudulmaz abidədir bu kitab”  kitabında bədii lövhələrlə əksini tapmışdır. Kitabın müəllifi şair İsa Şuşalı Sabir Məmmədovun cəbhə xatirələrini və Xocalıda işlədiyi müddətdə göstərdiyi şücaəti qələmə almışdır. Əsərdə Xocalıda tüğyan edən hadisələr, xocalıların başına gətirilən oyunlar, insanların fəryadı öz əksini tapmış və onlara dayaq olan Sabir Məmmədovun qətiyyətli addımları mübaliğədən kənar şəkildə ifadə olumuşdur. Kitab ümummilli lider Heydər Əliyevin müdrik kəlamları ilə başlayır: “Xocalı soyqırımı adi cinayət deyil. Xocalı soyqırımı ermənilər tərəfindən Azərbaycan xalqına qarşı edilən ən dəhşətli soyqırımdır.” Kitab yeddi bölmədən ibarətdir. “El alqışın bir mükafat sanıb Sabir” bölməsinə şair “Ömür yoludur”, “Kitab yaz deyir”, “Baharlaşdı ürəyində”, “Ömür yoludur” və s. şeirlərində Sabir Məmmədovun məktəb illəri, onun kiçik yaşlarından istedada sahib olması və s. kimi məqamlara toxunaraq, ömür yolunun şaxələrində vətən üçün yetişən bir insanın obrazını yaradır. Şair məktəb yaşlarından yaşıdlarından fərqlənən və özünün bilik, bacarığı ilə diqqət mərkəzində olan Sabir Məmmədovun poetik nümunələr əsasında məxsusi keyfiyyətlərini açmağa çalışır. Kitabın ikinci bölməsi “Kaş zəfər çalına, alına Şuşa” da Xocalıda ilk polis rəisi işləmiş mayor Sabir Məmmədovun yurd sevgisindən söz açır, yurd həsrətli insanların öz ata-baba ocağına qovuşmasını arzulayır və bu arzunun içərisində “Kaş zəfər çalına, alını Şuşa” ifadəsi onun qəlbinin alovudur.  Sabir Məmmədovun bu müqəddəs hisslərini poetikləşdirən şair Cıdır düzünə, İsa bulağına, Turşsuya gedib orada təbiətin səfalı guşəsində ömür sürməyi xəyalən arzulasa da, çin olacaq günə böyük inam bəsləyir. Şuşanın bizləri özünə övlad bilib qoynunu açmasını həyatın ən gözəl anı kimi qələmə alaraq, bu gözəllik içində xoş anlarını yaşayır. 1989-cu ildə Şuşa rayon DİŞ-in polis rəisi vəzifəsində çalışmış Sabir Məmmədov ağır dəqiqələrdə insanların arxası olmuş, onların məhəbbətin qazanmışdır. Real lövhələri təcəssüm etdirən şair Sabir Məmmədovu Şuşada dəyanətli bir polis kimi oxucusuna təqdim edir.

 

Səndən işıq umanların,

Gözünə nur köçürmüsən.

 

- deyən şairi, onun qayğısına möhtac olan kəslərin xilaskarı olduğunu bildirir. “Xocalının keşiyində dayanmısan” bölməsində Xocalıya qədər fəaliyyətdə olduğu məkanları işıqlandırır və onun  əməyini yüksək qiymətləndirilməsi ilə bağlı aldığı fəxri mükafatlara nəzər salır. O, uzun illər Özbəkistanın Buxara vilayətində çalışmış və mayor rütbəsinə layiq görülmüşdür.

Azərbaycanda başlanan ictimai-siyasi hadisələr zamanı vətənə dönür və Sabir Məmmədov 1990 - 1992-ci illərdə Xocalıda, 1992 - 1994-cü illərdə Ağdamda milis batolyonunda, 1994-1996-cı illərdə Goranboy rayonunda polis şöbəsində qərargah rəisi və s vəzifələrdə çalışır:

 

Millətin dərdinə balta çalmağın,

Arxasız kəslərə arxa olmağın.

Sənin qəm əlindən ömür almağın,

Səni el gözündə dağ tək ucaldıb.

 

Vətənə dönən milis mayoru ən qaynar nöqtələrə göndərilir və Xocalın dar ayaqda olduğu bir zamanda öz gücünü, bacarığını əsirgəmir. Vətənin keşiyində durmağı bacarır. Qalib kimi düşmənə qarşı gücünü göstərməyə çalışır. Sabir Məmmədov Xocalı harayına səs vermək üçün bu yolda düşmənlə üz-üzə dayanır.

 

Xocalıların ürəyində

Qərar tutub adın sənin.

 

-deyən şair, bu torpaqda keçirdiyi zamanın ona şöhrət gətirdiyin və ona fəxri adların, mükafatların verildiyini göstərir. “Xocalı dəhşətin eşidəndə mən”, “Unudulan dəhşət deyil”, “Xocalıya qayıdacaq” və s. şeirlərində dəhşətli anları, o dəhşəti törədən insanların vəhşiliyini qəzəb və kin ilə qələmə alır. Bu faciədən cansız varlıqların belə göz yaşı axıtmasını - torpağın, daşın ağladığın təcəssüm etdirən şairin fikir yükündəki məna vətən sevgisindən yoğrumuşdur:

 

Könlümə həqiqət dalğası doldu,

Üçgünlük matəmin ağrısı doldu!

Qan tökən şeirimin hədəfi oldu,

Xocalı dəhşətin eşidəndə mən!

 

Müəllif kitaba daxil edilən “Unudulmaz abidədir bu kitab” bölməsində “Yazılmazdı bu kitab” adlı şeirində xəyanətin səddini Sabir Məmmədov əzmi ilə qırmasaydı, bu kitabın yazılmayacağını qeyd edir. Kitab döyüşən və döyüşdə varlığını unudan bir insanın tərcümeyi-halının qısa bir şəkildə təsviridir. Onun keçdiyi yolun nəzmə çəkilmiş kiçik bir salnaməsidir.   Tutduğu peşə borcunu yerinə yetirən Sabir Məmmədovun döyüş yolu çətin və mübarizələrlə dolu olan bir yoldan keçmişdir. Onun müharibənin dəhşətləri ilə bağlı olan xatirələri məhz bu kitabda bədii həllini tapmışdır.

 

 

Zümrüd

 

Səs.- 2009.- 14 aprel.- S. 12.