Övlad işıqdırUşaq Kitab Festivalı keçirildi

 

“Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009” tədbirlər çərçivəsində Gəncə şəhərində “Övlad işıqdır” Uşaq Kitab Festivalı keçirildi.

 

Festivalda “Müstəqilliyimizin əbədi memarı”, “Ana dili hikmət xəzinəsi”, “Çox oxusan, çox bilərsən”, “Ulu Gəncəm”, “Mənim nağıl dünyam” və s. sərgilərdə 700-dən artıq kitab, “Fırçaların rəqsi”, “Nə yoğurdum, nə yapdım, görün nələr yaratdım” əl işlərindən ibarət sərgilər nümayiş olundu. Tədbirin bədii hissəsində Gəncə Dövlət Kukla Teatrının aktyorları, musiqi məktəblərinin kollektivlərinin çıxışları festival iştirakçılarının diqqətini cəlb etdilər. Şəhər ümumtəhsil məktəblərinin şagirdləri ifasında “Mənim dilim-kimliyim” ədəbi kompozisiyalar, Özəl Türk Liseyinin şagirdlərinin ifasında isə N.Gəncəvinin “Xeyr və Şər” əsərinin motivləri əsasında səhnələşdirilmiş kompozisiya göstərildi. Festivalda şəhərin 34, 46 saylı uşaq bağçalarının körpə fidanlarının ifasında müxtəlif rəqslər və mahnılar ifa olundu. Kitabxananın fəal oxucularının ifasında ulu öndər Heydər Əliyevə, vətənə, torpağa, Qarabağa, həsr olunmuş şeirlər səsləndi. Şəhərin gənc idmançıları bir sıra maraqlı idman nömrələrini kitabsevərlərə nümayiş etdirdilər.

Tədbirdə fərqlənən ifaçılara şəhər mərkəzi kitabxanası tərəfindən kitablar hədiyyə olundu.

Festival “Qalx ayağa, Azərbaycan” şeiri və “Azərbaycan” mahnısının sədaları altında sona çatdı.

 

 

Zümrüd

 

Səs.- 2009.- 14 aprel.- S. 12.