GÖRKƏMLİ OFTALMOLOQ
ALİM, AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN PARLAQ
XATİRƏSİ QƏLBLƏRDƏ ƏBƏDİ
YAŞAYIR
Aprelin 15-i görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın
xatirə günüdür. 1985-ci ilin bu bahar günündə
dünyasını dəyişən, işıqlı
amalların, nəcib duyğuların təcəssüm
tapdığı bir ömür yaşayan Zərifə
xanımın parlaq xatirəsi hər il anılır, qədirbilən
xalqımızın qəlbində əbədi yaşayır.
Qədim
Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində
dünyaya göz açan Zərifə xanım çox zəngin
və mənalı ömür yolu keçmişdir. Zərifə
xanım görkəmli ictimai və dövlət xadimi,
xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində
dünyaya göz açmışdı. Atasının
ömür yolu onun üçün əsl həyat məktəbi
olmuşdur.
Zərifə xanım Əliyeva
müasir, müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu, bütün mənalı
ömrünü Vətəninin və xalqının tərəqqisinə
həsr etmiş dahi şəxsiyyətin, ümummilli lider Heydər
Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli
dostu və etibarlı silahdaşı olmuşdur. Vaxtilə Əziz
Əliyevin ailəsində görüb-götürdükləri
yaxşı bir təcrübə kimi ölkənin birinci
şəxsinin xanımı olduğu zamanlarda köməyinə
çatmışdır. O, ulu öndərimizə mənəvi
dayaq, arxa olmuşdur.
Akademik Zərifə Əliyevanın
alim kimi qazandığı böyük uğurlar Azərbaycan
tibb elminin tarixində ayrıca bir mərhələ təşkil
edir. Zərifə xanım Əliyeva Azərbaycan Dövlət
Tibb Universitetini bitirəndən sonra Moskva Həkimləri Təkmilləşdirmə
İnstitutunda təhsil almışdır.
1949-cu ildə Azərbaycan
Elmi Tədqiqat Həkimləri Təkmilləşdirmə
İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə
başlamış və bütün ömrünü
oftalmologiyaya həsr etmişdir. 1983-cü ildə Azərbaycan
Elmlər Akademiyasının həqiqi üzvü
seçilmişdir. Bütün həyatı boyu ona pənah gətirənlərin
gözlərinə şəfa verən Zərifə Əliyevanın
alim kimi xidmətlərində bir məqam diqqəti xüsusilə
çəkir. O, malyariya və traxomaya qarşı fədakarlıqla
mübarizə aparan atası Əziz Əliyevin yolunu uğurla
davam etdirmiş, oftalmologiya elminə çox böyük
töhfələr vermişdir. Zərifə Əliyeva
gözün zədələnməsinin öyrənilməsi və
profilaktikası sahəsindəki bir sıra orijinal kəşflərinə
görə SSRİ Tibb Elmləri Akademiyasının akademik
M.İ.Averbax adına mükafatına layiq
görülmüşdür. O, keçmiş SSRİ-də
bu mükafatı alan ilk qadın alim idi.
Akademik Zərifə Əliyeva
həm də görkəmli ictimai xadim idi. O, keçmiş
SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan
Sülhü Müdafiə Komitəsi sədrinin müavini,
Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin,
Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin
üzvü olmuş, “Əməkdar elm xadimi” fəxri adına
layiq görülmüşdür.
Dünya oftalmologiya elminin
tanınmış simaları Zərifə xanım Əliyeva
haqqında tarixi sözlər demişlər. Dünya
şöhrətli oftalmoloq akademik A.Nesterov demişdir: “Zərifə
Əliyeva çox ağıllı insan və böyük
professional idi. Mən onu öz sahəsinin məşhur alimi
hesab edirəm.
Oftalmologiyada o, bir
nömrəli idi”. Akademik N.Puçkovskaya “Xeyirxahlıq Zərifə
xanımın həyat tərzi idi” deyərək, alimin
yüksək insani keyfiyyətlərə malik olduğunu
vurğulamışdır. Professor A.Brovkina onu nəciblik və
mənəvi paklıq timsalı adlandırmışdır. Professor
N.Şulpina Zərifə xanımı dünya şöhrətli
alim adlandıraraq, “biz onu sevmişik, sevirik və
ömrümüzün sonuna qədər sevəcəyik”
demişdir.
Zərifə
xanımın fəxri adları, elmi titulları,
mükafatları olduqca çoxdur. Bu adların hər biri
qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən
şərəflisi Ana adıdır. Zərifə xanım
ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli
davamçısı, artıq dünya siyasətində öz
nüfuzu ilə seçilən, praqmatik fəaliyyəti ilə
Azərbaycanı bölgənin lider dövlətinə
çevirən Prezidentimiz İlham Əliyevin anasıdır.
Zərifə xanım
qeyri-adi bir ana idi və övladlarına olan münasibət də
xüsusi idi. Belə münasibətin bənzərini tapmaq
çətindir. O, uşaqları sanki Ulu Tanrı tərəfindən
bəxş olunan bir nur payı kimi qəbul edirdi. O
özünə rəhm etmirdi, analıq borcunu yerinə yetirməkdə
də özünə rəhmi gəlmirdi. Hərdən analar
uşaqlarına olan məhəbbətdə elə yüksək
dərəcələrə çatırlar ki, bununla
hamını heyrətə gətirirlər. Zərifə xanım belə analardan idi.
MƏTLƏB
Səs.- 2009.- 15 aprel.- S. 3.