2009-2013-cü illəri əhatə edəcək yeni Dövlət Proqramında problemlər öz əksini tapmalıdır

 

Aydın Mirzəzadə: “Dövlətin apardığı iqtisadi siyasət yeni Proqramın uğurla həyata keçirilməsini təmin edəcək

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ötən il uğurla icra edildi. Ölkə başçısının prezidentliyinin birinci müddətində dövlətimizin nail olduğu iqtisadi uğurlarda bu Dövlət Proqramının əvəzsiz rolu oldu. Zaman göstərdi ki, Prezident İlham Əliyev bu proqramı təsdiq etməklə çox böyük uzaqgörənlik edib. Çünki proqramın icrası nəticəsində Azərbaycanın bütün iqtisadi potensialı tam hərəkətə gətirildi, dinamik sosial-iqtisadi inkişaf təmin edildi. Azərbaycan sənaye istehsalının və ümumdaxili məhsulun artım tempinə, o cümlədən, yaradılan əlverişli biznes mühitinə görə dünyanın ən qabaqcıl dövləti kimi möhkəmləndi.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının ölkə başçısı İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi iqtisadiyyatın bütün sahələrində böyük nailiyyətlərin əldə olunmasını təmin etdi.

Ekspertlər də regionların sosial-iqtisadi problemlərinin həllini vacib sayır. Onların fikrincə, iqtisadiyyatın şaxələnməsi və kənd təsərrüfatının inkişafı istiqamətində hökumət səylərini artırmalıdır.

Millət vəkili Aydın Mirzəzadə bildirdi ki, 2004-2008-ci illər üçün Dövlət Proqramı icra edildiyi 5 ilə yaxın müddətdə iqtisadiyyatın neftdən asılığının aradan qaldırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi və bütövlükdə regionların tarazlı inkişafının təmin olunması istiqamətində son dərəcə mühüm işlər görülüb: “Bütün şəhər və rayonlarda yeni istehsal və xidmət sahələri açılıb. Yeni istifadəyə verilən istehsal müəssisələrinin böyük qismi özəl sektorun payına düşüb. Bu, bölgələrdə sahibkarlığın inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlərin səmərəliliyindən xəbər verir”.

A.Mirzəzadə əlavə etdi ki, 2009-2013-cü illəri əhatə edəcək yeni Dövlət Proqramında vətəndaşlarımızı narahat edən bütün məsələlər, o cümlədən, hər bir kəndin problemləri öz əksini tapmalıdır: “Ölkə başçısı yeni proqramı  o biri proqramın məntiqi davamı olacağını bildirib.  Həmçinin, qeyd edib ki, növbəti beş il ərzində regionların bütün sosial, iqtisadi, infrastruktur problemləri həll edilsin. Ona görə regionların inkişafı prioritet kimi qalır. Azərbaycanın hər bir kəndinin inkişaf etdirilməsi, “qara qızıl”ın insan kapitalına çevrilməsi amili, ərzaq təhlükəsizliyinin təmin olunması da əsas məsələlər olacaq. Ölkədə formalaşmış əlverişli iqtisadi mühit, dövlətin apardığı iqtisadi siyasət növbəti Dövlət Proqramının da uğurla həyata keçirilməsini təmin edəcək. Ölkə başçısı İlham Əliyevin prezidentliyinin birinci mərhələsi iqtisadiyyatın inkişaf templərinin sürətləndirilməsinin mühüm və uğurlu mərhələsi kimi tarixə düşdü. Bundan sonrakı mərhələ isə daha əzəmətli olacaq”.

Millət vəkili Əli Məsimli hesab edir ki, yerlərdə yüksək əməkhaqqı olan iş yerlərinin açılması, elektrik və qaz sahəsində problemlərin həllində olan irəliləyişlər göz qabağındadır:

“Regionların sosial-iqtisadi inkişafı ilə bağlı ölkədə aparılan dövlət siyasətinin məntiqi davamı kimi yeni Dövlət Proqramı sürətli iqtisadi inkişafın və artan maliyyə imkanlarının fonunda növbəti illərdə regionlarda mövcud potensialdan daha səmərəli istifadə etməklə, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, o cümlədən, sənaye sahələrinin, kommunal xidmət və digər infrastruktur obyektlərinin, yeni müəssisələrin yaradılması, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi, rabitə və informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun, o cümlədən, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin müasirləşdirilməsinə xidmət edəcək”.

 

 

Sevinc NƏZƏROVA

 

Səs.- 2009.- 15 aprel.- S. 7.