Şəhid-jurnalist Alı Mustafayevin 57 yaşı tamam oldu

 

Telejurnalist, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın əməkdar jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin doğum günüdür. Mustafayev Alı Mustafa oğlu 1952-ci il aprelin 14-də Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə ailəsində doğulub burada orta təhsil alıb (1959-1969). Ordu sıralarından tərxis ediləndən sonra Bakı elektrik maşınqayırma zavodunda tokar işləyib (1971-1976). Zavod direksiyasının göndərişi ilə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirib (1976-1981). Təyinatla Azərbaycan Televiziya Radio Verilişləri şirkətinə göndərilib.

Ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlayan A.Mustafayevin lirik şeirləri və publisist yazıları dövrü mətbuatda müntəzəm çap edilib. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınıb. Erməni faşist quldurlarının Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanıb. Moskva şəhərində Azərbaycan Respublikası Ali Məclisi tərəfindən parlament müxbiri olub (1989-1990). 1991-ci ildəki fəaliyyətinə görə “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülüb. Nəhayət, 1991-ci il noyabrın 19-da Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında sülhməramlı nümayəndələri aparan vertolyotun düşmən mərmisi tərəfindən vurulması nəticəsində şəhid olub. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

Ölümündən sonra ona Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Xatırladaq ki, Bakıda, Nərimanov rayonundakı 202 saylı orta məktəb Alı Mustafayevin adını daşıyır. Alı Mustafayevin “Dəli bir ağıamaq keçir könlümdən” şerlər kitabi isə poeziyasevərlərin sevimli kitabına çevrilib.

 

 

Səs.- 2009.- 15 aprel.- S. 9.