Avropa Birliyi-Azərbaycan: ötən beş ilin reallıqları
Bu illər ərzində rəsmi
Bakı özünü strateji tərəfdaş kimi tamamilə
təsdiqləyib
2004-cü il aprelin 15-də
“Avropa Birliyi ilə Azərbaycan arasında tərəfdaşlıq
və əməkdaşlıq haqqında”
imzalanmış sazişdən ötən beş il,
sözsüz ki, ikitərəfli əlaqələrin daha da dərinləşməsi,
ölkəmizin iqtisadi cəhətdən inkişaf etmiş
Avropa məkanına inteqrasiyasının sürətlənməsi,
regional əhəmiyyətli müştərək layihələrin
həyata keçirilməsi baxımından mühüm əhəmiyyət
kəsb edir. Əvvəllər Azərbaycanla, sadəcə,
üç Qafqaz respublikasından biri kimi əlaqələr
quran Avropa Birliyi bu Sazişlə ikitərəfli əməkdaşlığın
gücləndirilməsi niyyətini açıq
bildirmişdir.
Eyni zamanda, Azərbaycan
hökuməti daim bu əlaqələrin inkişaf
etdirilməsi və dərinləşdirilməsi təşəbbüslərini
dəstəkləmişdir. Belə ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev Avropa
Birliyi ilə əməkdaşlığın gücləndirilməsi
məqsədilə 1 iyun 2005-ci il tarixdə “Azərbaycan
Respublikasının Avropaya inteqrasiyası üzrə dövlət
komissiyasının yaradılması haqqında” sərəncam
imzalamış və bu mühüm sənəd
respublikamızın sözügedən təşkilatla əlaqələrinin
daha da gücləndirilməsi, Avropa Birliyinin Azərbaycan
üzrə fəaliyyət planının işlənib
hazırlanması və həyata keçirilməsi üzrə
səmərəli işin təmin edilməsi məqsədini
qarşıya qoymuşdur. Sərəncamda təşkilatla
siyasi, iqtisadi, nəqliyyat və enerji, hüquqi, təhlükəsizlik,
insan hüquqları və demokratikləşmə, humanitar,
elm-təhsil və digər əməkdaşlıq sahələri
üzrə işçi qruplarının yaradılması nəzərdə
tutulmuşdur.
Eyni zamanda, Avropa ölkələrinə
xarici səfərləri çərçivəsində daim
Avropa Birliyinin rəhbərləri, xüsusilə qurumun
Baş katibi, xarici siyasət və milli təhlükəsizlik
siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana,
Avropa Komissiyasının sədri Joze Manuel Barrozu və digər
rəsmi şəxslərlə görüşən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
respublikamızın avrostrukturlara inteqrasiya sahəsində
ölkəmizin maraqlarını ortaya qoymuşdur. Dövlət
başçısı daim Avropa Birliyi ilə Azərbaycan
arasında səmərəli əməkdaşlıq mexanizmlərinin
formalaşdığını məmnunluqla bildirərək,
təşkilatın respublikamızda həyata keçirilən
islahatlara verdiyi maddi-texniki dəstəyi yüksək dəyərləndirmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev, eyni zamanda,
qarşılıqlı faydalı əməkdaşlığın
genişləndirilməsi üçün mövcud olan
potensialdan tam istifadə edilməsi vacibliyini önə çəkmişdir.
Azərbaycanın Avropa
Birliyi ilə əlaqələrinə daim böyük əhəmiyyət
verdiyini vurğulayan Prezidentimiz cənab İlham Əliyev respublikamızın
gələcəkdə bu mötəbər qurumun
sıralarına qoşulmaq istəyini də bəyan
etmişdir: “Avropa Birliyinin Cənubi Qafqaz regionuna aid yeni
qonşuluq siyasəti gələn beş il ərzində
ölkəmizdə siyasi və iqtisadi inkişaf
meyarlarının Avropa Birliyindəki göstəricilərə
uyğunlaşdırılmasının əsasını
qoyacaqdır. Bu, bizim məqsədimiz və gündəliyimizdə
duran məsələlərdir. Avratlantik məkana inteqrasiya sahəsində
Azərbaycanın neçə illər ərzində
apardığı siyasət həm ölkəmiz, həm də
bütövlükdə regional əməkdaşlıq
üçün çox böyük nəticələr
vermişdir”.
Azərbaycanda neft-qaz
ehtiyatları çox böyük həcmdədir, təkcə
“Şahdəniz” qaz yatağının ehtiyatları 1 trilyon
200 mlrd kub m qiymətləndirilir. Son hesablamalara əsasən
Azərbaycandakı digər qaz yataqlarında da kifayət qədər
ehtiyatlar vardır. Təsdiq edilmiş rəqəm təxminən
3,5 trilyon kub m-ə yaxındır. Qeyd olunanlara əsaslanaraq,
demək olar ki, respublikamızın zəngin enerji
resurslarına malik olması bütün sahələrdə
olduğu kimi, enerji təhlükəsizliyi sahəsində də
Avropa Birliyi ilə əməkdaşlığın
inkişafının zəngin perspektivləri vardır.
Avropa İttifaqı ilə
Azərbaycan arasındakı münasibətlərin daha da
inkişaf etdirilməsini şərtləndirən
mühüm amillərdən biri də, məhz enerji təhlükəsizliyi
sahəsində qarşılıqlı maraqların
üst-üstə düşməsi ilə
bağlıdır. Ümummilli lider Heydər Əliyevin
adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft
boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum əsas ixrac qaz
boru kəmərinin tam gücü ilə işə
düşməsi və Azərbaycanın korbohidrogen
ehtiyatlarının Avropaya nəqli Avropa Birliyi dövlətlərinin
enerji təhlükəsizliyinin təminatı baxımından
çox böyük əhəmiyyət kəsb edir.
Bu sahədə
münasibətlərin daha da inkişaf etdirilməsinin
vacibliyini Azərbaycan Prezidenti cənab İlham Əliyev də
öz çıxışlarında həmişə qeyd
etmişdir: “Hazırda əməkdaşlığımızın
mühüm elementlərindən biri enerji sahəsindəki əlaqələrdir.
Avropanın etibarlı tərəfdaşı və dostu olan
Azərbaycan hamımız üçün get-gedə daha
mühüm məsələyə çevrilən enerji təhlükəsizliyində
mühüm rol oynamaqdadır. Ümumiyyətlə, mən əməkdaşlığımızı
olduqca səmərəli və mühüm hesab edirəm. Bu əməkdaşlıq
müstəqilliyimizin qısa dövrü, yəni 15 ili ərzində
ölkəmizdə sürətlə inkişaf edən
iqtisadiyyat, güclü siyasi sistem qurmaq imkanı yaratdı və
Avratlantik məkana inteqrasiya arzumuzu möhkəmləndirdi”.
Təsadüfi deyil ki,
bu reallığı Avropa İttifaqının enerji məsələləri
üzrə komissarı cənab Andris Pyebalqs də yüksək
qiymətləndirmişdir: “Avropa Birliyi üçün
enerjidaşıyıcılarının başlıca təchizatçısı
və mühüm tranzit ölkə kimi Azərbaycanla
yaxın əlaqələr enerji təhlükəsizliyinin
möhkəmlənməsinə kömək edir”.
Avropa
Komissiyasının sədri cənab Joze Manuel Barrozu ilə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
arasında 2006-cı ildə Brüseldə imzalanmış
Sazişə əsasən həm də bu sahədə birgə
əməkdaşlığın əsas istiqamətləri
müəyyən olunmuşdur. Həmin Sazişə əsasən,
energetika sahəsində Azərbaycan qanunvericiliyini Avropa Birliyi
qanunlarına tədricən uyğunlaşdırmaqla
yanaşı, sənəddə enerji ehtiyatlarının təhlükəsiz
göndərilməsi, Azərbaycandan və Xəzər
hövzəsindən Avropa Birliyinin bazarına tranzitini təmin
etmək, bundan əlavə Azərbaycan və Avropa Birliyi
arasında enerji təchizatına dair ümumi siyasət
hazırlamaq, energetika sahəsində təcrübə
mübadiləsi aparmaq və s. məsələlər də
öz əksini tapmışdır.
Enerji təhlükəsizliyi
sahəsində Avropa Birliyi artıq Azərbaycanın artan
rolunu və mövcud imkanlarını yüksək qiymətləndirir.
Bu gün real faktdır ki, Azərbaycanın korbohidrogen
ehtiyatları artıq Avropa Birliyi bazarına
çıxarılır, Bakı-Tbilisi-Ceyhan və
Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin tikilib
istismara verilməsi bunun əsasını yaratmış və
Azərbaycan neft-qaz kəmərlərinin diversifikasiyası ilə
Avropada enerji təhlükəsizliyinin təmin olunmasına
layiqli töhfələr vermişdir. Təqdirəlyaiq
haldır ki, Avropa Birliyi ilə Azərbaycan arasında enerji
sahəsində əməkdaşlıq müstəqillik əldə
etdikdən sonra yaransa da, artıq bu sahədə bir sıra
uğrlara imza atılmış, Yunanıstan Respublikasına
Azərbaycan qazının nəqlinə
başlanılmış, İtaliya və Bolqarıstanla da bu
istiqamətdə əməkdaşlıq barədə
razılaşmalar əldə olunmuşdur. Eyni zamanda, ilk
gündən Azərbaycan daha bir layihənin - Avropa Birliyinin
enerji təhlükəsizliyini möhkəmlətməli olan
Odessa-Brodı-Plotsk boru kəməri layihəsinin həyata
keçirilməsində maraqlı olduğunu bəyan
etmişdir.
Eyni zamanda,
enerjidaşıyıcıların onların təhlükəsiz
və etibarlı yollarla beynəlxalq bazarlara
çatdırılmasının mühüm rolunu qeyd edərək,
Azərbaycan enerji mənbələrinin, dəhlizlərin
diversifikasiyasının, şəffaflığın və
azad rəqabətin, qarşılıqlı faydalı əməkdaşlığın
tərəfdarı kimi çıxış etmişdir. Bu
istiqamətdə ölkəmiz Avrasiya Neft Nəqliyyat dəhlizinin,
o cümlədən, Odessa-Brodı neft kəmərinin bu
sistemdə işlənməsinə dəstək vermişdir. Təbii
qazın Gürcüstan, Türkiyə ərazisindən
İTGİ və “Nabucco” qaz kəmərləri vasitəsilə
nəql edilməsi üçün bütün maraqlı tərəflərin
səylərini birləşdirməyə
çağırmışdır.
Dünya miqyasında əsas
enerji mənbələrinə nəzarət uğrunda rəqabətin
gücləndiyi, enerji təhlükəsizliyi məsələsinin
ciddiliklə gündəmə gəldiyi indiki şəraitdə,
respublikamızın bu sahədə Avropa məkanında
öncül mövqelərə çıxması faktı da
diqqəti çəkir. Xüsusilə, 2008-ci il noyabrın
14-də Bakıda təşkil olunmuş IV Beynəlxalq enerji
Sammiti, mahiyyətcə Xəzər, Qara dəniz və Baltik
hövzəsində enerji təhlükəsizliyi ilə
bağlı yeni əməkdaşlıq formatının
yarandığına dəlalət edir.
Azərbaycan, Ukrayna,
Gürcüstan, Latviya, Litva, Polşa, Estoniya prezidentlərinin,
habelə, Avropa Komissiyasının energetika məsələləri
üzrə komissarı cənab Andris Pibalqsın, ABŞ
Dövlət Departamentinin enerji məsələləri üzrə
xüsusi nümayəndəsi cənab Boyden Qreyin və
ümumilikdə, 30-dan çox ölkənin yüksək vəzifəli
nümayəndə və diplomatlarının iştirak etdiyi
sammitdə, əsasən, Avrasiya neft nəqli dəhlizi layihəsinin
texniki-iqtisadi əsaslandırılması, Baltik-Qara dəniz-Xəzər
dənizi enerji tranziti birliyinin yaradılması konsepsiyası
və digər məsələlər müzakirə
olunmuşdur. Sammitin yekunu kimi əldə olunmuş
razılaşmalar, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin
təminatında mühüm rola malik olduğunu göstərir.
Həmçinin, Azərbaycan, Polşa, Gürcüstan, Litva,
Ukrayna və Türkiyə prezidentlərinin iştirak
etdiyi sammitin yekunları regionda enerji
asılılığından çıxmaq istəyən
dövlətlərin yeni subregional inteqrasiya modeli
formalaşdırmaq niyyətini qabarıq şəkildə
üzə çıxarmışdır.
Bununla yanaşı, Polşa prezidenti cənab Lex
Kaçinskinin təşəbbüsü ilə hələ
2007-ci ilin may ayında Krakov şəhərində, Litva
Prezidenti Vlads Adamkusun 2007-ci il oktyabrın 10-da Vilnüs
şəhərində, 2008-ci il mayın 23-də Ukrayna
Prezidenti cənab Viktor Yuşşenkonun təşəbbüsü
ilə Kiyev şəhərində təşkil olunmuş
enerji sammitlərində də enerji təhlükəsizliyi məsələsinin
Avropa üçün getdikcə daha qlobal səciyyə
daşıdığını, mühüm geosiyasi
reallıqlarla şərtləndiyini növbəti dəfə
təsdiqləmişdir.
Xüsusilə, 2007-ci
ilin oktyabrında Litvada keçirilən “Vilnüs enerji təhlükəsizliyi
konfransı - 2007: Məsul tərəfdaşlar
üçün məsul energetika” mövzusunda beynəlxalq
konfrans, mahiyyət etibarilə, qarşıya qoyulmuş
strateji məqsədlərlə bağlı yekun
razılaşmanın əldə olunması deməkdir. Vilnüs
konfransının yekunu kimi Azərbaycan, Gürcüstan, Litva,
Polşa, Ukrayna və Qazaxıstanın dövlət
başçılarının 10 oktyabr 2007-ci ildə
imzaladıqları birgə kommunike də bunu bir daha təsdiqləyir.
Sənədə əsasən, dövlət
başçıları Xəzər neftinin karbohidrogen
ehtiyatlarının Avropa bazarlarına daşınması
üçün milli şirkətlərlərin
iştirakı ilə yeni konsorsiumun - Sarmatiyanın
yaradılması barədə razılığa gəlmiş
və yeni konsorsiumun əsas məqsədi Azərbaycan,
Gürcüstan, Ukrayna, Polşa respublikalarının ərazisindən
keçməklə Xəzər dənizindən Avropa
bazarlarına və beynəlxalq bazarlara gedən daşınma
sistemlərinin reallaşdırılmasının
mümkünlüyünü təhlil etməkdir.
Prezidentlər, həmçinin,
enerji əməkdaşlığının daha da gücləndirilməsi
ilə bağlı niyyətlərini bəyan etmişlər. Şübhəsiz,
belə bir konsorsiumun yaradılması, həm də Avropa
Birliyinin maraq dairəsindədir və Azərbaycanın
enerji ehtiyatlarını Gürcüstan, Ukrayna, Moldova və
Polşa ərazisindən keçməklə şaxələndirmək
niyyəti bütövlükdə Avropa Birliyinin enerji təhlükəsizliyinə
etibarlı təminat yaradır.
Xəzər, Qara dəniz
və Baltik dənizi hövzələri arasında enerji dəhlizinin
yaradılması ideyası Azərbaycan Prezidenti cənab
İlham Əliyev tərəfindən də qətiyyətlə
müdafiə olunmuş və dövlət
başçısı enerji təchizatının şaxələndirilməsi
siyasətinin tərəfdarı olduğunu bəyan
etmişdir: “... Biz Xəzər dənizi, Qara dəniz və
Baltik dənizi enerji dəhlizi haqqında
danışırıq. Bu, təkcə bizim nailiyyətimiz
deyil. Artıq bu istiqamətdə əməli addımlar
atılıb, sənədlər imzalanıbdır.
Azərbaycan əvvəldən
enerji təchizatının şaxələndirilməsi siyasətinin
tərəfdarı olubdur. Neft və qaz hasil edən bir ölkə
kimi biz çoxşaxəli boru kəmərləri
infrastrukturunun olmasında maraqlıyıq, həmçinin,
tranzit ölkələrin və istehlakçıların
ehtiyaclarına və tələbatlarına diqqətlə
yanaşırıq”.
Avropa Birliyi ilə
qurulan bütün bu əlaqələr Azərbaycanın
bütövlükdə milli təhlükəsizliyinə
etibarlı beynəlxalq təminat yaratmaqla yanaşı,
Avratlantik məkanın enerji təminatçılarından
biri kimi ölkəmizin mövqelərini daha da möhkəmləndirir.
Səs.- 2009.- 15 aprel.- S. 11.