GÖRKƏMLİ OFTALMOLOQ ALİM, AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVANIN XATİRƏSİ SİLSİLƏ TƏDBİRLƏRLƏ ANILIB

 

Aprelin 15-i görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anım günüdür. 1985-ci ilin bu bahar günündə dünyasını dəyişən, parlaq amalların, nəcib duyğuların, tükənməz həyat eşqinin təcəssüm tapdığı bir ömür yaşayan Zərifə xanımın nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hər il ehtiramla anılır.

Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı əziz və unudulmaz Zərifə xanım Əliyevanın xatirəsini anma günündə bir sıra tədbirlər keçirib. Təşkilatın nümayəndələri əvvəlcə Fəxri xiyabana gələrək görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etmiş, məzarı üzərinə əklil qoyublar.

Ümummilli lider Heydər Əliyevin xatirəsi də anılmış, məzarı önünə gül dəstələri düzülmüşdür. Sonra YAP Nəsimi rayon təşkilatının qərargahında Azərbaycan Tibb Universitetinin (ATU) oftalmologiya ixtisası üzrə təhsil alan yuxarı kurs tələbələrinin akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş müsabiqəsi ilə bağlı tədbir keçirilib.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət Həsənova Zərifə Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən söz açıb. M.Həsənova bildirib ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. Bu müsabiqəni keçirməkdə məqsədimiz Zərifə xanımın elmi irsinin öyrənilməsinə və təbliğinə kömək etməkdir. Tələbə oftalmoloqlar “Zərifə xanım və Azərbaycan oftalmologiyası” mövzusunda yazıları ilə müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə aprelin 28-də akademik Zərifə xanım Əliyevanın doğum günündə yekun vurulacaqdır. Birinci və ikinci yeri tutan tələbələr bir ay müddətinə Türkiyənin yüksək səviyyəli klinikalarında təcrübəyə göndəriləcəklər. Digər qaliblərə mükafatlar veriləcək. Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatı qadınlar şurasının sədr müavinləri Ruhəngiz Heydərova və Zərifə Quliyeva bildiriblər ki, akademik Zərifə xanım Əliyevanın fitri istedada malik novator alim, pak və nəcib bir insan kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onlar əmin olduqlarını bildiriblər ki, tələbə oftalmoloqlar Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş müsabiqədə fəal iştirak edəcək. Daha sonra YAP Nəsimi rayon təşkilatının üzvləri Bilgəhdəki Müharibə və Əmək Əlilləri üçün pansionatda xeyriyyə aksiyası keçiriblər. Pansionatda yaşayan 170 nəfər tibbi müayinədən keçirilmiş, onlar üçün ehsan süfrəsi açılıb.

Məlahət Həsənova bildirib ki, bu aksiya Zərifə xanımın anım günü münasibətilə keçirilən silsilə tədbirlərdən biridir. Ölkəmizdə son illər əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlərdən danışan M.Həsənova ahılların rifahının yüksəldilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb.

Qadınlar şurası sədrinin müavini, Bakı Şəhər Səhiyyə Baş İdarəsinin rəisi Leyla Seyidbəyova vurğulayıb ki, tibbi müayinəni Sabunçu rayon səhiyyə ocaqlarının həkimləri həyata keçirmiş, xəstələrə müalicə təyin ediblər.

 

 

MƏTLƏB

 

Səs.- 2009.- 16 aprel.- S. 3.