Ekoloji vəziyyətin
yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən
səmərəli istifadə
məsələləri dövlətimizin
xüsusi diqqət mərkəzindədi
Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu
Bağırovun YAP-ın internet saytına müsahibəsi
- Hüseynqulu müəllim,
ətraf mühitin qorunması, bütövlükdə ekoloji
vəziyyət dünyada qlobal problemlərdəndir. Mütəmadi
olaraq dünya ölkələri bir araya gələrək ətraf
mühitin çirkləndirilməsinin qarşısını
almaq üçün müzakirələr aparır. Bu
baxımdan, son illərdə respublikamızda ekoloji durumun
yaxşılaşdırılması ilə bağlı
hansı tədbirlər həyata keçirilib?
- Unikal təbii şəraitə,
zəngin təbii sərvətlərə və inkişaf
etmiş sənaye sahələrinə malik olan Azərbaycanda,
ulu öndərimiz Heydər Əliyevin fəaliyyəti
dövründə ekoloji vəziyyətin
yaxşılaşdırılması, ətraf mühitin
mühafizəsi, eləcə də, təbii sərvətlərdən
səmərəli istifadə məsələləri həmişə
xüsusi diqqət mərkəzində olmuşdur. Təsadüfi
deyil ki, məhz ümummilli liderimizin Azərbaycana rəhbərlik
etdiyi dövrlərdə ekologiya və ətraf mühitin
mühafizəsi sahəsində mühüm qanunlar, qərarlar,
sərəncamlar qəbul edilmiş, institusional dəyişiliklər
baş vermişdir. Ulu öndər Heydər Əliyevin layiqli
davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev
tərəfindən də bu gün ölkəmizin ekoloji
durumunun sağlamlaşdırılmasına xüsusi diqqət
göstərilir.
Ölkə rəhbəri
İlham Əliyevin bilavasitə sədrliyi ilə ekoloji
problemlərin müzakirəsinə həsr olunmuş
müşavirələrin keçirilməsi, ətraf
mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının
icrasına diqqətin artırılması, mövcud ekoloji
problemlərin daha səmərəli həll edilməsi məqsədilə
müvafiq sərəncamların verilməsi, bu sahənin
ölkəmizdə prioritet məsələlər
sırasına qaldırılmasına parlaq nümunədir. Prezident
İlham Əliyevin 23 may tarixinin Ekologiya və Təbii Sərvətlər
işçilərinin peşə bayramı günü kimi
qeyd olunması barədə 16 may 2007-ci il tarixli Sərəncamı
ölkə başçısının bir daha ətraf
mühit sahəsinə olan diqqətinin nəticəsidir.
Ətraf mühitin
mühafizəsi və təbii sərvətlərdən səmərəli
istifadə olunması sahəsində 2003-2008-ci illərdə
dövlət rəhbərinin göstərişi əsasında
həyata keçirilən tədbirlər nəticəsində
əldə olunmuş yüksək nailiyyətləri əks
etdirən “İlham Əliyevin uğurlu ekoloji siyasəti”
adlı kitabın 2008-ci ilin oktyabr ayında ictimaiyyətə
təqdimat mərasimi keçirilmişdir.
Ekoloji vəziyyətin
sağlamlaşdırılması və ətraf mühitin
mühafizəsi sahəsində son bir neçə ildə
ölkə rəhbərliyinin prinsipial mövqeyi nəticəsində
xeyli işlər görülmüş, uzun illər ərzində
yaranmış və müstəqil Azərbaycana miras
qalmış ekoloji problemlər təhlil edilərək,
onların kompleks həllinə yönəldilən 5 Milli və
Dövlət Proqramı təsdiq edilmiş, ekologiya və ətraf
mühitin mühafizəsi sahəsində hüquqi baza təkmilləşdirilmişdir.
Ötən müddət ərzində ölkə Prezidentin sərəncamları
ilə təsdiq olunmuş “Ekoloji cəhətdən
dayanıqlı sosial-iqtisadi inkişafa dair”, “Azərbaycan
Respublikası Meşələrinin bərpa edilməsi və
artırılmasına dair” Milli Proqramlar, “Yay-qış
otlaqlarının, biçənəklərin səmərəli
istifadə olunması və səhralaşmanın
qarşısının alınmasına dair” və “Azərbaycan
Respublikasında Hidrometeorologiyanın inkişafına dair”
Dövlət Proqramları həyata keçirilmişdir.
Prezident İlham Əliyevin
yanında keçirilmiş müşavirənin yekunları əsasında
hazırlanaraq, dövlət başçısının 28
sentyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq
olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün Kompleks Tədbirlər Planı” problemlərin
həllinə yönəldilən mühüm və çox
qiymətli sənəddir. Kompleks Tədbirlər
Planının icrasını təmin etmək məqsədilə
ölkənin gərgin ekoloji vəziyyətdə olan bölgələrinin,
əsasən də, Bakı şəhəri və Abşeron
yarımadasının ətraf mühitinin
sağlamlaşdırılması istiqamətində
mühüm işlər həyata keçirilir.
Kompleks Tədbirlər
Planından irəli gələn ətraf mühitin
qorunması və mövcud vəziyyətin bərpasına
yönəldilmiş Bakı buxtasının, Bibiheybət
zonasının, Heydər Əliyev adına Beynəlxalq Hava
Limanının ətrafının, Abşeron
yarımadasındakı göllərin, neftlə çirklənmiş
torpaqların, lay suları altında qalmış sahələrin
və digər istehsal tullantıları ilə çirklənmiş
ərazilərin ekoloji vəziyyətinin
yaxşılaşdırılması, bərk məişət
tullantılarının idarə olunması sxeminə uyğun
Bakı və Sumqayıt şəhərlərində
formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi
və s. tədbirlərin həyata keçirilməsi
üçün maliyyə vəsaitinin ayrılması bu
problemlərin vaxtında həll edilməsini
reallaşdırmışdır.
- Ətraf mühitin
çirklənməsinin qarşısının
alınması ilə bağlı görülən işlər
bu sahədə hansı dəyişikliklərin yaranmasına
səbəb olub?
- Son illər bu istiqamətdə
həyata keçirilən məqsədyönlü siyasət ətraf
mühitin qorunması ilə bağlı mühüm nəticələrin
əldə olunması ilə yekunlaşıb. Uzun illər ərzində
xlorun istehsalı nəticəsində əmələ gəlmiş
civə tərkibli toksiki tullantıları Sumqayıt şəhərinin
ətraf mühitinin normadan artıq çirklənməsinə
səbəb olurdu. Sumqayıtda 56,422 min kub m, 2007-ci ildə
6452 min kub m, 2008-ci ildə isə 38415 kub m-nin civə
tullantıları toplanılmış və Təhlükəli
Tullantılar Poliqonuna daşınaraq zərərsizləşdirilmişdir.
2009-cu ildə bu iş davam etdirilərək
tullantıların qalan 11555 kub m-nin daşınması
başa çatdırılmaqla uzun illərdən bəri
yığılıb qalmış civə
tullantılarının tam zərərsizləşdirilməsinə
nail olacağıq.
Ölkənin əsas su
arteriyaları olan Kür və Araz çaylarının
qonşu dövlətlərin ərazilərindən keçməklə
daha çox çirklənməyə məruz
qaldığını nəzərə alaraq, bu çaylarda
və onların transsərhəd qollarında monitorinqin
müasir tələblər səviyyəsində
aparılması məqsədilə 2006-cı ildə Qazax və
Beyləqan rayonlarında analitik tədqiqat laboratoriyaları
yaradılmış, daxili imkanlar hesabına təmir
edilmiş, ən müasir cihazlarla təchiz edilmiş və
kadrlarla komplektləşdirilərək fəaliyyətləri
təmin olunmuşdur.
Prezidentin 27 oktyabr
2006-cı il tarixli “Azərbaycan Respublikasında Qaradağ,
Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin,
Köhnəmədən sahəsinin və Kürəkçay
hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi,
kəşfiyyatı, işlənməsi və hasilatın pay
bölgüsü haqqında” Sərəncamının
icrası ilə əlaqədar müvafiq saziş hazırlanmışdır.
Həmin sənədə uyğun olaraq, geniş miqyaslı tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulur. Prezidentin
“Xəzər dənizinin çirklənmədən
qorunması üzrə bəzi tədbirlər haqqında” 20
iyun 2007-ci il tarixli sərəncamından irəli gələn
məsələlərin həlli istiqamətində də
mühüm işlər görülməkdədir. Belə
ki, gündə 5570 kub m çirkab sutəmizləmə
gücünə malik, beynəlxalq standartlara cavab verən 27 ədəd
modul tipli təmizləyici qurğuların qurulması nəticəsində
Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan,
Pirşağı və Nardaran qəsəbələrində
14 stansiya istismara verilərək, “Xəzər dənizinin
ekoloji mühitinin mühafizəsi sistemi”
yaradılmışdır.
Sistemin fəaliyyəti
Abşeronun şimal sahilinin 86 km-lik sahəsinin bundan sonra təmiz
qalacağına şərait yaradır. Eyni zamanda, Abşeron
yarımadasının sahilboyu zolağında hazırda
şimal istiqamətində - Novxanı-Sumqayıt sahilboyu ərazilərdə
mövcud axarların üzərində modul tipli çirkab
sutəmizləyici qurğulardan ibarət 2 stansiyanın
qurulması işləri yekunlaşmaqdadır. Ölkə
başçısının “Əhalinin ekoloji cəhətdən
təmiz su ilə təminatının
yaxşılaşdırılması ilə əlaqədar bəzi
tədbirlər haqqında” 20 iyun 2007-ci il tarixli Sərəncamından
irəli gələn məsələlərin həlli istiqamətində
də əhəmiyyətli işlər görülüb. 2007-2008-
ci illər ərzində Naxçıvan Muxtar Respublikası
da daxil olmaqla 12 rayonun 122 kəndində modul tipli sutəmizləyici
qurğular quraşdırılmış, 224 min insan
Ümumdünya Səhiyyə Təşkilatının
standartlarına cavab verən içməli su ilə təmin
olunmuşdur. Bu istiqamətdə fəaliyyət davam etdirilməkdədir.
- Hüseynqulu müəllim, paytaxtda
və respublikamızın bölgələrində
yaşıllaşdırma işləri geniş vüsət
almaqdadır. Nazirlik yeni yaşıllıq sahələrinin
yaradılması üçün hansı layihələri
planlaşdırır?
- İlk öncə, onu
deyim ki, bu istiqamətdə çox mühüm tədbirlər
planı hazırlanıb və buna uyğun addımlar
atılmaqdadır. İstənilən yaşda və
ölçüdə olan ağacların
köçürülməsini təmin etmək
üçün, xüsusi ağır texnikanın
alınması məqsədilə Almaniyanın “MAN” şirkətindən
7 texnika respublikamıza gətirilib və çoxillik ağacların,
onlara ziyan vurulmadan başqa yerlərə
köçürülməsi təmin olunur. Eləcə də,
yaşıllaşdırmanın effektivliyini artırmaq
üçün respublikanın magistral avtomobil
yollarının kənarlarının
yaşıllaşdırılması tədbirləri həyata
keçirilir. Bunula əlaqədar, ETSN 2008-ci ilin əvvəlindən
başlayaraq yolların mühafizə zolaqlarının
yaşıllaşdırılması, onların külək və
su eroziyasından mühafizəsi, ətraf mühitin
sağlamlaşdırılması, yolların estetik
görünüşünün
yaxşılaşdırılması məqsədilə
Bakı-Ələt-Hacıqabul istiqamətində magistral
şosse yolu ətrafında 172 min ədəd ağac və
kol əkilmişdir. Hazırda bu istiqamətdə işlər
davam etdirilir. Magistral yolboyu yaşıllaşdırma işlərinə
də böyük diqqət ayrılmışdır. Belə
ki, Zığ-Aeroport yolu boyu 196 ha ərazidə
yaşıllıqsalma işləri başa
çatdırılmışdır. Aparılan
yaşıllaşdırma tədbirləri nəticəsində
230 min ədədə qədər müxtəlif növ
(zeytun, Eldar şamı, akasiya və s.) ağac və kol cinsləri
əkilmiş və dirəklərlə bərkidilmişdir. Ağacların
suvarılması üçün suvarma şəbəkəsi
qurulmuşdur.
ETSN 2003-2008-ci illər ərzində
ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli
istifadə olunması, biomüxtəlifliyin qorunması,
meşələrin bərpa olunması və
artırılması, geoloji xidmət, hidrometeorologiya, beynəlxalq
əməkdaşlığın genişləndirilməsi
istiqamətində fəaliyyət göstərmiş, bir
sıra mühüm tədbirlərin həyata keçirilməsinə
də nail olmuşdur. Belə ki, 2003-2008-ci illər ərzində
ETSN-nin ətraf mühitin mühafizəsinə nəzarəti
həyata keçirən qurumları tərəfindən
hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən
yol verilmiş qanun pozuntularına görə müvafiq tədbirlər
görülmüş, ətraf mühitin mühafizə sahəsində
qanun pozuntuları ilə əlaqədar akt və protokol tərtib
olunmuşdur. Görülmüş tədbirlər nəticəsində
bu illərdə Ətraf Mühitin Mühafizəsi üzrə
Dövlət Fonduna 2,96 mln man məbləğində vəsaitin
köçürülməsi təmin olunmuşdur.
- Ölkə
başçısı bir sıra dövlət
strukturlarına, o cümlədən, ETSN-ə Xəzər dənizinin
sahil zolağında təmizlik işlərinin
aparılması, ekoloji vəziyyətin
yaxışılaşıdırılması ilə
bağlı müvafiq tapşırıqlar verib. Bununla
bağlı vəziyyət necədir?
- Bizim nazirlik tərəfindən
Xəzər dənizinin Azərbaycan sektorunda və sahil
zolağında fəaliyyət göstərən müəssisə
və obyektlərdən, üzən vasitələrdən,
çimərlik ərazilərindən, dənizə
tökülən axarlardan və s. götürülən su və
qrunt nümunələri üzərində kimyəvi, bioloji,
ekotoksikoloji və mikrobioloji təhlillər aparılır. Həmçinin,
yerli və xarici neft şirkətləri tərəfindən
açıq dənizdə təşkil edilmiş ekspedisiyada
iştirak edərək, müxtəlif horizontlardan su və dib
çöküntüsü nümunələrinin
götürülməsi təmin edilir. Belə ki, 2003-2008-ci
illər üzrə laborator təhlillərin aparılması
məqsədilə sahil zolağından 16300, dəniz
ekspedisiyaları zamanı isə 4624-ə qədər
nümunələr götürülmüşdür.
- Ölkəmizdə
ekoloji siyasətin mühüm istiqamətlərindən biri də
qoruqların mühafizəsinin gücləndirilməsi və
bunların ərazisinin genişləndirilməsi ilə
bağlıdır. Son illərdə həmin sahədə
hansı irəliləyişlərə nail olunub?
- ETSN xüsusi
mühafizə olunan təbiət ərazilərinin
qorunması və şəbəkəsinin genişləndirilməsi
istiqamətində aparılan işləri keçən illər
ərzində daha intensiv olaraq davam etdirmişdir. Həyata
keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində
8 Milli Park, 14 Dövlət Təbiət Qoruğu və 22
Dövlət Təbiət Yasaqlığından ibarət
xüsusi mühafizə olunan təbiət ərazilərinin
sahəsi hazırda 778464,7 ha olmaqla ölkə ərazisinin
9%-nə, o cümlədən, milli parklar 3,2%-ə
çatdırılmışdır. Müqayisə
üçün qeyd edim ki, 2003-cü ilədək xüsusi
mühafizə olunan təbiət ərazilərinin sahəsi
478 000 ha olmaqla ölkə ərazisinin 4,5 %-ni təşkil
edirdi. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə
2003-cü ildə Şahbuz Dövlət Təbiət
Qoruğu, Akademik H.Əliyev adına Ordubad, Ağ Göl,
Şirvan milli parkları yaradılmış, Nazirlər
Kabinetinin Sərəncamı ilə isə 5 mövcud Dövlət
Təbiət Qoruğunun ərazisi 2-3 dəfədən
çox genişləndirilmişdir.
Ölkə Prezidentinin
müvafiq Sərəncamları ilə 2004-cü ilin 9 fevral
tarixində Azərbaycanın cənub-şərqində Hirkan
Milli Parkı, 2004-cü il 31 avqust tarixində Altıağac
Milli Parkı, 2004-cü il 16 dekabr tarixində Eldar Şamı
Dövlət Təbiət Qoruğu, 2005-ci il 8 fevral tarixində
Abşeron Dövlət Təbiət Yasaqlığının
bazasında Abşeron Milli Parkı, 2005-ci ilin əvvəlində
Naxçıvan MR-də Arazboyu Dövlət Təbiət
Yasaqlığı yaradılmışdır. Eləcə də,
Göygöl Milli Parkı və Korçay Dövlət Təbiət
Qoruğu yaradılmışdır.
Prezidentin “Bakı və
Abşeron yarımadasının palçıq vulkanları
qrupu Dövlət Təbiət Qoruğunun yaradılması
haqqında” 2007-ci il 15 avqust tarixli Sərəncamına
müvafiq olaraq, 52 palçıq vulkanına Dövlət Təbiət
Qoruğu statusu verilmişdir. Cənubi Qafqazda ilk dəfə
olaraq Altıağac Milli Parkı nəzdində Vəhşi Təbiətin
Bərpası və Reabilitasiyası Mərkəzi
yaradılmış, dövlət əsaslı vəsait
qoyuluşu çərçivəsində qoruq ən
müasir tibbi və baytarlıq avadanlıqları ilə təchiz
edilmişdir. Prezidentinin “Şahdağ Milli Parkının
yaradılması haqqında” 8 dekabr 2006-ci il tarixli Sərəncamına
əsasən nazirlik müvafiq tədbirlər planı və
Şahdağ Milli Parkının sxemi
hazırlamışdır.
Onu da qeyd edim ki, dövlət
başçısının 2008-ci il 26 dekabr tarixili Sərəncamına
uyğun olaraq zooloji parkın yaradılması nəzərdə
tutulub. Bioloji müxtəlifliyin qorunub saxlanılmasında,
nadir və nəsli kəsilmək təhlükəsi
qarşısında olan fauna növlərinin bərpası və
reintroduksiyasının təmin edilməsində, ictimaiyyətin
Azərbaycan təbiəti haqqında məlumatlandırılmasında,
gənc nəslin təbiətə qayğıkeş ruhda tərbiyə
edilməsində yaradılacaq zooloji park mühüm əhəmiyyətə
malikdir.
2008-ci il ərzində
xüsusi mühafizə olunan təbiət əraziləri
şəbəkəsinin genişləndirilməsi istiqamətində
aparılan işlər davam etdirilərək, Hirkan Milli
Parkının ərazisi meşə fondu torpaqları
hesabına 40358 ha-a çatdırılmışdır. Zaqatala
Dövlət Təbiət Qoruğunun ərazisi 23505 ha
genişləndirilərək, ümumilikdə, 47349 ha-a
çatdırılması təmin edilmişdir. Ümumiyyətlə,
Azərbaycanda ölkə üzrə mühafizə olunan ərazilərin
ümumi sahəsi yaxın zamanlarda 12 faizə
çatdırılacaqdır.
- Azərbaycanda meşə
massivlərinin mühafizəsi və yeni meşələrin
salınması ilə bağlı hansı tədbirlər
görülməkdədir?
- 2003-2008-ci illərdə
meşələrin mühafizəsi, bərpası, yeni meşəliklərin
salınması məqsədilə bir sıra ciddi tədbirlər
görülmüşdür. Toxum tədarükü, əkin
materiallarının yetişdirilməsi, meşələrin bərpası,
yeni meşə massivlərinin yaradılması sahəsində
göstəricilər bir neçə dəfə
artmış, meşə fonduna daxil olmayan ərazilərdə
- Kür-Araz çayları vadilərində, avtomobil, dəmiryolları
və sututarların kənarlarında, eləcə də, Xəzər
dənizi sahili qumluqların bərkidilməsi istiqamətində
müvafiq tədbirlər görülmüşdür. Belə
ki, 2002-ci ildə əkin və səpin cəmi 7750 ha-da
aparılmışdısa, 2003-cü ildə cəmi 8721 ha sahədə,
2004-cü ildə müvafiq olaraq 9126 ha, 2005-ci ildə 9737 ha,
2006-cı ildə 10140 ha, 2007-ci ildə isə 10500 ha sahədə
meşə bərpa işləri aparılmışdır. 2008-ci
il ərzində isə cəmi 10740 ha sahədə meşə
bərpa işləri aparılmışdır. Ümumilikdə
isə, 2003-2008-ci illər ərzində 58964 ha sahədə
meşə bərpa işləri aparılmışdır. Meşələrin
qorunub mühafizə olunması istiqamətində də məqsədyönlü
və ciddi tədbirlər həyata keçirilmiş və
bunun nəticəsində qanunsuz ağac kəsilməsi
halları ilbəil azalmışdır. Belə ki, müxtəlif
araşdırmalar zamanı 2002-ci ildə 41110, 2003-cü ildə
49063, 2004-cü ildə 46793, 2005-ci ildə 38493, 2006-cı ildə
36842, 2007-ci ildə 31430, 2008-ci ildə isə 30500 kub m həcmində
qanunsuz ağac kəsilməsi halları müəyyən
edilmişdir.
- Hüseynqulu müəllim,
zəngin təbii sərvətlərə malik olan Azərbaycanın
qızıl yataqlarında hasilat işləri aparmaq istəyən
xarici şirkətlərin sayı hər il artır.
Ümumiyyətlə, qızılçıxarma sənayesində
geoloji kəşfiyyat işləri hansı vəziyyətdədir?
- Bu sənaye sahəsində
işlər həddindən artıq ürəkaçan səviyyədədir.
Geoloji kəşfiyyat işləri Baş Qafqazın cənub
yamacında, Kiçik Qafqaz, Naxçıvan Muxtar
Respublikası və cənubi Xəzəryanı dağlıq
ərazilərdə əlvan və nəcib metal yataqları cəhətdən
perspektivli sahələrdə həyata keçirilmişdir. Baş
Qafqazın cənub-şərq yamacında Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ilə Koreya Respublikasının “KORES” şirkəti
arasında bağlanmış Saziş çərçivəsində,
Xınalıq-Qonaqkənd sahələrində aparılmış
işlər nəticəsində bir sıra perspektivli obyektlər
aşkar edilmişdir. Bundan başqa, Azərbaycan
Respublikasının, demək olar ki, bütün bölgələrində
müvafiq tələbata uyğun olaraq müxtəlif təyinatlı
qeyri-filiz və inşaat materiallarının da
axtarışı və kəşfiyyatı davam
etdirilmişdir. Bu qəbildən şüşə
xammalı, istilik enerji (qonur kömür, yanar şistlər)
xammalı və s. yataqların axtarış və kəşfiyyatı
həyata keçirilmiş, müsbət nəticələr əldə
edilmişdir.
- Azərbaycan ərazilərinin
20 faizini işğal etmiş Ermənistanın “yaşıl
soyqırım” siyasəti və ən nadir təbiət abidələrini
darmadağın etməsi barədə ölkəmiz tərəfindən
beynəlxalq təşkilatlara konkret faktlar təqdim edilib. Həmin
qurumların erməni vəhşiliyinə münasibəti necə
olub?
- Çox təəssüf
ki, bu məsələyə Avropa dövlətlərində
ikili standartlarla yanaşırlar. Müəyyən səbəblərdən
bir çox ölkələr, beynəlxalq təşkilatlar
ermənipərəst mövqe tutublar. Orta əsrlərdəki
Şərq-Qərb qarşıdurmalarının
doktirinaları formal olaraq bəzi yerlərdə qüvvədə
deyil. Amma faktiki onların şüurunda yanaşmalar məsələnin
üzərində qurulub. Bu baxımdan, bəzi dövlətlər
Ermənistandan vasitə kimi istifadə edir. Problemi biz beynəlxalq
təşkilatların böyük tədbirlərində və
ikitərəfli görüşlərdə də
qaldırırıq. ATƏT-in ekologiya üzrə nümayəndəsi
Bernard Snou işğal olunmuş ərazilərimizdəki
yanğınları təbiət hadisəsi kimi qiymətləndirirdi.
Mən bu arqumenti onun
qarşısına qoydum ki, necə olur aran rayonlarında
yanğın baş vermir, amma dağ və dağ ətəyi
rayonlarında bu yanğınlar kütləvi xarakter alır. O,
məcbur oldu ki, sussun. Yəni, bununla onun ermənipərəst
mövqeyi yox olmadı ki. NATO-nun Elm Şurasında, Belqradda
Avropa Ekologiya nazirlərinin konfransında
çıxış etmişəm. Hətta mövzuya aid
olmasa da, bütün beynəlxalq tədbirlərdə
çıxış edərkən ölkəmizin mövqeyini
çatdırmışam. Ölkə Prezidenti bütün
xarici səfərlər zamanı Azərbaycanın həqiqətlərini
dünyaya yayır. Bizim vəzifəmiz də odur ki, bu
yöndə işlərimizi ardıcıl olaraq davam etdirək.
Görülən
işlər nəticəsində Azərbaycanın tərəfdaşları
artır. Amma o ölkələr ki, öz maraqlarını
güdürdü və bunu da ayrı səbəblərlə
ört-basdır edirdi, onların mövqeyini bizim təbliğat
nəticəsində dəyişməyə
çalışırıq. Eyni zamanda həmin ölkələrdə
belə mövqe var ki, məsələn, Reyn
çayının aşağı axarındakı ölkələr
yuxarıdakılara pul ödəyirlər ki, çayı
çirkləndirməyib təmiz saxlasınlar. Biz belə
fakta qarşı etiraz etdik. Ekologiyanın bir prinsipi var:
çirkləndirən ödəyir. Amma həmin fakt ona
yönəlir ki, bəzi dövlətlər çirkləndirmədən
pul qazansın.
Yenə də deyirəm
ki, biz məsələni beynəlxalq müstəvidə
qaldırırıq. Amma problemin həllini bunda
görmürük. Ermənilərə qarşı təlbiğatımızı
qururuq. Ermənistan duşməndir, ona görə də, beynəlxalq
tələblərə əməl etmir. İşğalçılar
Sərsəng su anbarından da bizə su vermirlər.
Çünki düşmən çalışır ki, Azərbaycan
zəif olsun. Ona görə, bütün vasitələrdən,
o cümlədən, ekoloji problemlərdən istifadə
edilir. Biz isə çalışırıq ki, bu faktları
daha geniş formada dünyada yayaq və Ermənistanın təcavüzünün
təkcə Azərbaycan üçün deyil, regionumuz
üçün böyük təhlükələr
yaratdığını beynəlxalq aləmə
çatdıraq.
Səs.- 2009.- 16 aprel.- S. 6.