NAXÇIVAN SƏNƏT MƏBƏDİNİN
AZƏRBAYCAN TEATR MÜHİTİNDƏKİ MÖVQEYİ
“Naxçıvan
teatrı köklü, əsaslı bir teatrdır. Yaxın
Şərqin ən qocaman sənət
ocaqlarından biri olan Naxçıvan teatrı
böyük bir yaradıcılıq yolu keçmişdir.
Teatr bu ənənəni bu gün də qoruyub
saxlayır”.
HEYDƏR
ƏLİYEV
Dəfələrlə
ifadə olunmuş fikir və düşüncələrə
yeni baxış gətirməklə, təkrarçılığa
yol vermədən oxucularımız üçün
maraqlı olacağını düşünərək
Naxçıvan sənəd məbədinin Azərbaycan teatr
mühitindəki mövqeyini işıqlandırmağa
çalışacağıq.
XIX əsrdə Azərbaycanın
hər yerində olduğu kimi, Naxçıvan da iqtisadi,
siyasi və mədəni həyatda baş vermiş ciddi dəyişikliklər
nəticəsində yeni inkişaf mərhələsinə
daxil oldu. Bu dövrdə Avropa ilə Şərq arasında
gedən ticarətdə Naxçıvanın vasitəçilik
rolu oynaması, bir çox nümayəndələrinin Rusiya
və Avropanın şəhərlərini gəzmələri,
orada təhsil almaları, onların əhali arasında
apardıqları söhbətlər xalqın dirçəlişinə,
maarif və mədəniyyətin inkişafına öz təsirini
göstərirdi.
Naxçıvan
teatrının yaranması o zaman Naxçıvanda maarif-məktəb,
mədəniyyətin inkişafı, qabaqcıl ziyalı
kadrların yetişməsi ilə sıx surətdə
bağlı idi. Belə bir zamanda naxçıvanlı mütərəqqi
gənclər bir yerə toplaşaraq teatr tamaşaları
göstərməyə başladılar. Həmin dövrdə
E.Sultanov və C.Məmmədquluzadə Naxçıvanda
teatrın yaradılmasının əsas təşkilatçıları
idi. Naxçıvanda teatrın əsasının qoyulması
ilk peşəkar Azərbaycan teatrının
yaradılmasının 10 illiyinə təsadüf edir. M.F.Axundovun
xalq həyatını bütün canlılığı və
təbiiliyi ilə göstərən, illərin
sınağından çıxmış ölməz
komediyaları həm Azərbaycan teatrlarının, həm də
realist aktyor sənətinin formalaşmasında, yetkinləşməsində
son dərəcə böyük əhəmiyyətə malik
olmuşdur.
Aparılan tədqiqatlar
aydınlığı ilə sübut edir ki, o dövrdə
Naxçıvanda fəaliyyət göstərən
“Naxçıvan müsəlman incəsənəti və dram
cəmiyyəti”nin nümayəndələri 1883-cü ilin may
ayının 15-də Hacı Nəcəf Zeynalovun evində
M.F.Axundovun “Müsyö Jordan və Dərviş Məstəli
şah” əsərinin tamaşası ilə Naxçıvan
teatrının təmələni qoyurlar. M.F.Axundovun bu ölməz
komediyasının tamaşaya qoyulmasında Eynəli bəy
Sultanov və Cəlil Məmmədquluzadə ilə
yanaşı Mirzə Sadıq Qulubəyov, Əbülqasım
Sultanov, Mirzə Cəlil Mirzəyev (Şürbi), Paşa
ağa Sultanov və başqa ziyalılar fədakarlıq
göstərirdilər. Bu tamaşadan ruhlanan ziyalılar
bir-birinin ardınca M.Fətəlinin “Lənkəran
xanının vəziri”, “Xırs quldurbasan”, “Hajı Qara”,
E.Sultanovun “Tatarka” əsərlərini də
tamaşaçılara göstərirlər. Məmmədtağı
Sidqinin rejissorluğu ilə 1889-cu ildə N.Vəzirovun “Ev tərbiyəsinin
bir şəkli” pyesi göstərilir. Yeri gəlmişkən,
qeyd etmək lazımdır ki, N.Vəzirovun “Müsibəti-Fəxrəddin”,
“Pəhləvanani-zəmanə”, “Sonrakı
peşmançılıq fayda verməz”, “Daldan atılan
daş topuğa dəyər”, “Yağışdan
çıxdıq, yağmura düşdük” pyesləri də
Naxçıvan teatrının repertuarından düşməyən
əsərlərdəndir. Bu teatrda Ə.Haqverdiyevin pyeslərinə
də həmişə geniş meydan verilmişdir. Belə ki,
“Bəxtsiz cavan”, “Dağılan tifaq”, “Pəri cadu” pyesləri
Naxçıvan teatrına uğur gətirmişdir.
Naxçıvan
teatrı fəaliyyəti dövründə ağır və
çətin sınaqlardan şərəflə
çıxmışdır. Bu gün biz Rza Təhmasib, Rza
İsfəndiyarlı, Səməd Mövləvi, Nəsən
Səfərli, Heydər Muradov, Əli Xəlilov, Heydər Məmmədov,
Muxtar Nəsirov, Böyükxan Naxçıvanlı, İsa
Musayev, Əyyub Haqverdiyev, İbrahim Həmzəyev, Firuzə
xanım Əlixanova və digərlərini nəcib əməllərinə
görə ehtramla xatırlayırıq. Naxçıvan
teatrının inkişaf yoluna nəzər salanda gözlərimiz
önündə ilk növbədə, böyük
maarifçi Cəlil Məmmədquluzadənin portreti
dayanır. Mirzə Cəlil Naxçıvan teatrının
banilərindən biridir. Onun həmişəyaşar pyesləri,
“Ölülər”, “Anamın kitabı”, “Dəli
yığıncağı” tragikomediyaları, “Çay dəstgahı”
mənzum əsəri Naxçıvan teatrının ən
qiymətli tamaşalarından olmuşdur və bu gün də
uğurla tamaşaya qoyulur. Yeri gəlmişkən, qeyd etmək
lazımdır ki, “Çay dəstgahı” mənzum pyesi
1890-cı ildə Naxçıvan teatrında tamaşaya
qoyulmuşdur. Bu tarixi məlumatdan göründüyü kimi,
ilk mənzum əsərin Azərbaycanda tamaşaya qoyulması
Naxçıvan teatrı ilə bağlıdır deməyə
haqqımız çatır.
Bir məsələni də
qeyd etmək lazımdır ki, o dövrdə çar
senzurası nəinki Naxçıvanda, hətta Azərbaycanda
milli məktəblərin təsisinə, ana dilinin tədrisinə,
milli dildə qəzet və jurnalların nəşrinə,
teatr tamaşalarının göstərilməsinə hər
vasitə ilə qadağa qoyurdu. Naxçıvanda da göstərilən
müvəffəqiyyətli tamaşalardan narahat olan çar
çinovnikləri hər vasitə ilə tamaşaların
göstərilməsinə mane olurdular. Lakin bütün maneələrə,
qadağalara baxmayaraq, zaman öz işini görür,
Naxçıvan ədəbi-mədəni mühiti durmadan
öz axarına düşür, açıqfikirli ziyalılar
dilimizi, tarix və ədəbiyyatımızı geniş təbliğ
edir, yeni üsullu məktəblər təsis edir,
tamaşaların göstərilməsini davam etdirirdilər. Məktəbi
yaşada bilmək və yoxsul uşaqları məktəbə
cəlb etmək üçün həmin ziyalılar göstərdikləri
tamaşalardan əldə olunan məbləği məktəbin
xeyrinə sərf edirdilər. O dövrdə məktəbi
teatrsız, teatrı da məktəbsiz təsəvvür etmək
mümkün deyildi.
Rza Təhmasib
Naxçıvan səhnəsinə qız və
qadınların cəlb edilməsinə xüsusi əhəmiyyət
verirdi. Hələ dini xürafatın Naxçıvanda
fironluq etdiyi bir dövrdə, 1917-ci ilin noyabr ayının 12-də
Rəşid bəy Əfəndiyevin təşəbbüsü,
Rza Təhmasibin fəal iştirakı ilə Ü.Hacıbəyovun
“Arşın mal alan” musiqili komediyası tamaşaya qoyulur. Tamaşada
iştirak edən ifaçıların hamısı qız və
qadınlar idi. Bu hadisə Azərbaycanın teatr tarixində ən
unudulmayan səhifələrdən birini təşkil edir. Məhz
bu tamaşadan sonra naxçıvanlı qız və
qadınların teatra gəlişi xeyli dərəcədə
artır.
Azərbaycan
qadınlarının keçdiyi şərəfli inkişaf
yolundan bəhs edən Azərbaycan Respublkasının
Prezidenti cənab İlham Əliyev “8 Mart Beynəlxalq
qadınlar günü” münasibəti ilə Azərbaycan
qadınlarına təbrikində demişdir: “Qədim
zamanlardan bəri vətənə və torpağa sədaqəti
ilə seçilən qadınlarımız milli məfkurəyə
sadiq qalaraq, bu gün də suveren Azərbaycan
Respublikasının güclənməsi naminə töhfələr
verirlər. Onlara xas olan işgüzarlıq, müdriklik,
yüksək daxili mədəniyyət və
xalqımızın yüzillər boyu təşəkkül
tapmış zəngin milli-mənəvi sərvətlərinə
sədaqət müasir Azərbaycan qadınının ictimai
həyatımızda mövqeyini və simasını müəyyən
edir”.
ƏLİ QƏHRƏMANOV,
AMEA Naxçıvan bölməsinin
əməkdaşı, sənətşünaslıq
namizədi
Səs.- 2009.- 16 aprel.- S. 10.