Cəlil Məmmədquluzadənin
yubileyinə həsr edilmiş elmi sessiya keçirildi
Dünən AMEA Nizami
adına Ədəbiyyat İnstitutunda görkəmli Azərbaycan
yazıçısı və dramaturqu, publisisti və ictimai
xadimi Cəlil Məmmədquluzadənin anadan olmasının
140 illiyinə həsr edilmiş elmi sessiya keçirildi. Tədbiri
giriş sözü ilə institutun direktoru akademik Bəkir Nəbiyev
açaraq görkəmli dramaturqun çoxşaxəli
yaradıcılıq fəaliyyətindən ətraflı
söz açdı.
Cəlil Hüseynqulu
oğlu Məmmədquluzadə 1866-cı ildə
Naxçıvanda anadan olmuşdur. O, ilk təhsilini əvvəlcə
mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər
məktəbində almışdır. 1887-ci ildə Qori
Müəllimlər Seminariyasını bitirmiş, İrəvan
quberniyasının Uluxanlı, Naxçıvan
mahalının Baş Noraşen, Nehrəm kəndlərində
müəllimlik etmişdir. Kəndlərdə müəllim
işlədiyi illər ədibin gələcək
yaradıcılığı üçün zəngin
materiallar toplanmışdır. 1889-cu ildə
yazdığı “Çay dəstgahı” alleqorik mənzum
dramı onun ilk əsərlərindəndir. O, bir sıra
kiçik hekayələrini, “Kişmiş oyunu”
komediyasını və “Danabaş kəndinin əhvalatları”
povestini də bu dövrdə yazmışdır.
C.Məmmədquluzadənin
yazıçı və jurnalist kimi püxtələşməsində
“Şərqi-Rus” qəzeti və onun redaktoru
M.A.Şahtaxtlının mühüm rolu olmuşdur. “Poçt
qutusu” adlı ilk mətbu əsəri, “Kişmiş oyunu”,
L.N.Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm
və naxoşluq” hekayələri ilk dəfə bu qəzetdə
dərc edilmişdir.
İlk nömrəsi
1906-cı il aprelin 7-də çıxan “Molla Nəsrəddin”
jurnalının nəşrinə başlamaqla C.Məmmədquluzadə,
Azərbaycanda, eləcə də, türk-müsəlman
dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını
qoymuşdur. Həmin vaxtdan o, Molla Nəsrəddin adı ilə
tanındı. M.Ə.Sabir, N.Nərimanov, Ə.Haqverdiyev,
M.S.Ordubadi, Ö.F.Nemanzadə, Əli Nəzmi, Ə.Qəmküsar
kimi yazıçı və jurnalistlərlə möhkəm
ideya-yaradıcılıq əlaqəsi yarandı. C.Məmmədquluzadənin
təbliğ etdiyi dərin demokratizm və azadlıq
ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq
aləmdə böyük nüfuz qazandırdı.
1920-ci ilin iyun ayında
C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə
köçmüş, 1921-ci ildə orada “Molla Nəsrəddin”in
8 nömrəsini çap etdirmişdır.
C.Məmmədquluzadənin
əsərləri bir sıra dillərə tərcümə
edilmişdir. Azərbaycan Respublikasında bir sıra
küçə və mədəni-maarif müəssisəsinə,
o cümlədən, Naxçıvan Dövlət Musiqili Dram
Teatrına, Naxçıvan Muxtar Respublika Dövlət Ədəbiyyat
Muzeyinə C.Məmmədquluzadənin adı
verilmişdir. 1932-ci ildə o, Bakıda vəfat
etmişdir.
Tədbirdə
AMEA-nın müxbir üzvü Teymur Kərimov, filologiya elmləri
doktorları İslam Ağayev, Zaman Əsgərli, Nizaməddin
Şəmsizadə, Qurban Bayramov C.Məmmədquluzadə
yaradıcılığı ilə bağlı
çıxış etdilər.
Zümrüd
Səs.- 2009.- 16 aprel.- S. 12.