Mart 1918, Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdəkitabının təqdimatı keçirildi

 

Dünən AMEA Rəyasət Heyətində tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidinin “Mart 1918, Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdəkitabının təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva kitabın ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Milli Təhlükəsizlik Nazirliyinə minnətdarlığını bildirdi. O, kitab haqqında ətraflı məlumat verərək, burada 1918-ci il mart hadisələrinin, xalqımıza qarşı aparılan deportasiya siyasətinin, Bakıda törədilən qırğınların, soyqırımların geniş şərhinin verildiyini söylədi. G.Baxşəliyeva rus dilində çap olunmuş kitaba ulu öndərimiz Heydər Əliyevin imzaladığı “31 Mart Azərbaycanlıların Soyqırım Günüfərmanının da əlavə olunduğunu nəzərə çatdırdı.

Təqdim olunan kitabda 1918-ci ilin mart ayında Bakıda baş vermiş hadisələr haqqında sənədlərin toplandığını söyləyən G.Baxşəliyeva, kitabın milli əhəmiyyət daşıdığını, erməni millətçiləri tərəfindən yürüdülən siyasətin dünya ictimaiyyətinə çatdırılması üçün qiymətli bir mənbə olduğunu bildirdi. Kitabdakı faktların hadisəni görən insanların, digər millətlərə mənsub vətəndaşların dilindən söylənilən faktlara əsasən sənədləşdirildiyini deyən G.Baxşəliyeva çıxışının sonunda kitabın ingilis dilində də çap olunacağını tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Tədbirdə çıxış edən kitabın müəllifi Solmaz Rüstəmova-Tohidi kitabdakı hadisələrin 2007-ci ilin martından 2008-ci ilin mart ayına kimi “Zerkalo” qəzetində çap olunduğunu söylədi. O, qeyd etdi ki, kitabda verilmiş xəritədə həmin dövr üçün Bakının mənzərəsini dəqiqliklə görmək mümkündür.

Tədbirdə, həmçinin, AR Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri doktoru Ataxan Paşayev, Türkiyənin Bakıdakı səfirinin birinci müavini Erkan Özoral, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, AMEA-nın müxbir üzvləri Rafael Hüseynov və Nizami Cəfərov, İdarəçilik Akademiyasının əməkdaşı Firdovsiyyə Əhmədova və tarix elmləri doktoru Musa Qasımov məruzələrlə çıxış etdilər.

 

 

ZÜMRÜD

 

Səs.- 2009.- 23 aprel.- S.12.