Azərbaycanı tarazlı inkişafa aparan Dövlət Proqramı
Azərbaycan regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı ilə
bağlı Dövlət Proqramı ölkənin kompleks
inkişafını təmin edəcək
Xəbər verdiyimiz
kimi, aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq
edilməsi haqqında fərman imzalayıb. Sənəddə
göstərilir ki, regionların sosial-iqtisadi inkişafı ilə
bağlı qəbul edilmiş sənədlərdə nəzərdə
tutulmuş tədbirlərin uğurlu icrası ölkənin
sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin
başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı
inkişafına, yeni iş yerlərinin və müəssisələrin
yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur
təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə
təkan verib, sahibkarlıq mühitinin daha da
yaxşılaşmasında, iqtisadiyyata investisiya
qoyuluşlarının artmasında, əhalinin məşğulluq
səviyyəsinin yüksəlməsində və
yoxsulluğun azalmasında mühüm rol oynayıb.
Ölkədə
iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat
sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və
kommunal xidmətlərin səviyyəsinin daha da
yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin
davamlı olaraq yüksəldilməsinə nail olmaq məqsədilə
regionlarının 2009 - 2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı təsdiq edilib.
Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı (2004-2008) uğurla icra edildi. Ölkə
başçısının prezidentliyinin birinci müddətində
dövlətimizin nail olduğu iqtisadi uğurlarda bu Dövlət
Proqramının əvəzsiz rolu oldu. Proqramın icrası nəticəsində
Azərbaycanın bütün iqtisadi potensialı tam hərəkətə
gətirildi, dinamik sosial-iqtisadi inkişaf təmin edildi. Azərbaycan
sənaye istehsalının və ümumdaxili məhsulun
artım tempinə, o cümlədən, yaradılan əlverişli
biznes mühitinə görə dünyanın lider dövləti
kimi möhkəmləndi.
Qeyd edək ki, ötən
5 ildə həyata keçirilmiş bu tipli proqramlar nəticəsində
ölkədə 27,5 mindən çox yeni müəssisə
yaradılıb, 547,5 min daimi yeni iş yeri açılıb,
yoxsulluğun səviyyəsi 13,2 faizədək
azaldılıb. Bu müddətdə ümumi daxili məhsulun
real həcmi 2,6 dəfə, qeyri-neft sektorunda məhsul
istehsalı 1,8 dəfə artıb, iqtisadiyyatın
bütün sahələrində dinamik artım müşahidə
edilib, o cümlədən, sənaye istehsalı 2,5 dəfə,
kənd təsərrüfatının ümumi məhsulu 25,2
faiz, əhalinin gəlirləri 4 dəfə artıb.
“Azərbaycanın
uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək,
neft-qaz amilindən asılılıq daha da aşağı
düşəcək. Beləliklə, ölkə öz
inkişafını uğurla davam etdirəcək və Azərbaycan
xalqı, Azərbaycan vətəndaşları bundan sonra da
ildən-ilə daha da yaxşı yaşayacaqlar.” Prezident
İlham Əliyev bildirir ki, məhz bu, 2004-cü ilin əvvəlində
qarşıya qoyulan ən vacib məqsədlərdən biri
idi.
Regionların
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının qəbulu ilə regional inkişaf iqtisadi siyasətin
əsas hədəfinə çevrilmiş, dövlət
büdcəsindən maliyyələşdirilən proqramlarda
regionların xüsusi çəkisi ildən-ilə
artmışdır. Regionlarda güclü insan
potensialının olduğunu önə çəkən
dövlət başçısı İlham Əliyev Azərbaycanın
gələcək inkişafının bölgələrin tərəqqisindən
asılı olduğunu bildirdi, burada iqtisadi potensialın da
yaradılacağını diqqətə çatdırdı.
Dövlət
başçısı İlham Əliyev “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
(2004 - 2008-ci illər) Dövlət Proqramı”nın
icrasının yekunlarına həsr olunmuş konfransda bir daha
proqramın nə qədər əhəmiyyətli olduğunu
statistik rəqəmlərlə diqqətə
çatdırdı. Bu fikir xüsusi qeyd olundu ki, biz Azərbaycanda
güclü sosial siyasət aparmağa
çalışırıq, aztəminatlı ailələr
dövlət tərəfindən dəstəklənməli,
onlara verilən müavinət ildən-ilə artmalı və
artacaq da.
Son 5 ildə iqtisadiyyat 2,6 dəfə artıb,
adambaşına düşən gəlir 5500 dol-a çatıb.
Sənaye istehsalı 3,7 dəfə artmış, sənayeləşmə
prosesi geniş vüsət alıb. Bunun nəticəsində
766 min yeni iş yeri açılıb ki, bunların da 547 mini
daimidir. Yoxsulluğun səviyyəsi 49 faizdən 13,2 faizə
enib. Uğurlu neft strategiyası və iqtisadi islahatlar nəticəsində
büdcə xərcləri 12 dəfədən çox
artıb. Valyuta ehtiyatı 18 mlrd dol-dan artıqdır.
Prezident İlham Əliyevin
qeyd etdiyi kimi, iqtisadi göstəricilər təkcə rəqəmlərdə
deyil, insanların gündəlik həyatında da
özünü göstərir. Son 5 ildə minimum əməkhaqqı
8,3 dəfə, minimum pensiya təxminən 4 dəfə
artıb. Minlərlə ailənin ünvanlı sosial
yardım alması güclü sosial siyasətin həyata
keçirildiyini, iqtisadi imkanların aztəminatlı təbəqənin
yaşayışının
yaxşılaşdırılmasına yönəldildiyini təsdiqləyən
əsas amillərdəndir.
Prezident İlham Əliyev
minimum əməkhaqlarının ildə ən azı 2 dəfə
artırılmasını qarşıya ən ümdə məqsədlərdən
biri kimi qoyub. Bu onunla əsaslandırılır ki, ölkəmiz
böyük iqtisadi potensiala malikdir. Zəngin təbii
resurslardan səmərəli istifadə ölkəmizin iqtisadi
qüdrətinin gündən-günə artmasına
mühüm zəmin yaradır ki, bu da, ilk növbədə,
maliyyə imkanlarının genişlənməsinə və
uğurlu sosial siyasətin həyata keçirilməsinə
öz müsbət təsirini göstərir.
Bu gün Azərbaycan
ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu
neft strategiyasının uğurlarını yaşayır. Böyük
neft-qaz layihələrinin əsas iştirakçısı və
təşəbbüsçüsü olan ölkəmiz
hazırda dünyada iqtisadiyyatı sürətlə
inkişaf edən dövlət kimi tanınmaqla yanaşı, əsil
söz sahibinə çevrilib. Beynəlxalq maliyyə
qurumları mütəmadi olaraq açıqladıqları
hesabatlarında Azərbaycanın ÜDM istehsalının həcminə
görə dünyada öncül yerdə dayanmasını,
düzgün qurulan iqtisadi siyasət, neft və qaz
istehsalının ildən-ilə artması ilə əlaqələndirirlər.
Dövlət
başçısı çıxışlarında bu fikri
hər zaman bildirir ki, neft-qaz amili bu gün və gələcəkdə
ölkəmizin inkişafı üçün öz müsbət
rolunu oynayacaq. Amma əsas vəzifə iqtisadiyyatın
inkişafının neft amilindən
asılılığını azaltmaq, qeyri-neft sektorunun
inkişafını sürətləndirməkdir. Bunun
üçün neft gəlirlərindən səmərəli
istifadənin vacibliyi önə çəkilir. Dövlət
Neft Fondunda toplanan vəsaitlərin böyük əksəriyyəti
qeyri-neft sektorunun inkişafına yönəldilir.
“Azərbaycan xalqı
daha yaxşı yaşamalıdır” deyən dövlət
başçısı bunun üçün iqtisadi
imkanların mövcudluğunu diqqətə
çatdırır. Minimum əməkhaqqının və
pensiyaların artırılmasının artıq ənənəyə
çevrildiyini xüsusi vurğulayan Prezident İlham Əliyev
insanların daha yaxşı yaşaması və öz tələbatlarını
yüksək səviyyədə ödəmələri
üçün bu addımların davamlı
olacağını qeyd edir.
2007-ci ilin sonuna qədər
dövlət başçısı aidiyyatı qurumların
qarşısında bir dənə də olsun çadır
şəhərciyinin qalmayacağı
tapşırığını qoymuşdu. Bu məsələ
öz müsbət həllini tapdı. Öz doğma
yurd-yuvalarından didərgin düşmüş
soydaşlarımız üçün yaşayış
binaları tikilərək onların istifadəsinə verilir.
Təbii ki, bütün
bunların həlli üçün xeyli məbləğdə
vəsait sərf olunur. Dövlət Neft Fondunda toplanan vəsaitlərin
böyük qismi, məhz yurd-yuvalarından didərgin
düşmüş soydaşlarımızın sosial problemlərinin
həllinə yönəldilir. Bu reallığı beynəlxalq
maliyyə qurumlarının təmsilçiləri də
etiraf edirlər ki, bu gün Azərbaycan Dağlıq
Qarabağ problemini yaşamasaydı, iqtisadi qüdrəti
indikindən qat-qat yüksək olardı.
Baxmayaraq ki, ölkəmiz
müharibə şəratindədir, uğurlu daxili və
xarici siyasəti ilə iqtisadiyyatını sürətlə
inkişaf etdirdi, beynəlxalq aləmdə dinamik iqtisadi tərəqqiyə
malik ölkə kimi tanındı və qəbul olundu.
Dövlət
başçısı bu diqqət və qayğını
bütün dövlət məmurlarının
qarşısında əsas vəzifə kimi qoyur. “Biz, ilk
növbədə, xalq üçün yaşamalıyıq.
Onların qayğıları ilə maraqlanmalı, həlli
istiqamətində səylər göstərməliyik.”
Son 10 ildə ölkə
iqtisadiyyatına 42 mlrd dol investisiya qoyulub ki, bunun da 30 mlrd-dan
çoxu son beş ilin payına düşür. Onu da qeyd edək
ki, daxili investisiyaların da həcmi artıb. Prezident İlham
Əliyevin qeyd etdiyi kimi yaxın gələcəkdə
ölkədə işçi qüvvəsi
qıtlığı yaranacaq.
2009-2013-cü illəri əhatə
edəcək yeni Dövlət Proqramında vətəndaşlarımızı
narahat edən bütün məsələlər, o cümlədən,
hər bir kəndin problemləri öz əksini tapıb. Proqramın
məqsədi ondan ibarətdir ki, növbəti 5 il ərzində
regionların bütün sosial, iqtisadi, infrastruktur problemləri
həll edilsin.
Son 5 ildə verilən vədlərin
həyatda öz əksini tapması iqtidara xalqın
etimadını daha da artırır. Bu gün hər bir
ölkə vətəndaşı Dövlət
Proqramının real nəticələrini öz gündəlik
həyatında hiss edir. Növbəti 5 il üçün nəzərdə
tutulan Dövlət Proqramında əksini tapan vəzifələrin
uğurla icrası Azərbaycanın daha da qüdrətlənməsinə,
zənginləşməsinə imkanlar açacaq.
Elçin Bayramlı
Səs.- 2009.- 18 aprel.- S. 5.