Avropa Birliyi yenidənNabuccoya üz tutdu

 

Bir müddət əvvəl layihəni maliyyələşdirməkdən imtina edən qurum, fikrini dəyişdi

 

“Nabucco” qaz kəməri yenidən Avropa Birliyinin azad büdcə vəsaiti hesabına maliyyələşdiriləcək prioritet layihələri siyahısına daxil edilib.  Bu  barədə Polşanın Avropa Birliyi işləri üzrə naziri Mikolay Dovgeleviç bildirib. Qeyd edək ki, “Nabucco” qaz kəmərinin prioritet vəzifələr siyahısından çıxarılması 2009-cu il martın 17-də Almaniyanın təkidi ilə qərara alınmışdı.

Lakin Polşanın baş naziri Donald Tusk bildirib ki, “Nabucco”nun Avropa Birliyinin prioritet layihələri siyahısına təkrarən daxil edilməsinə Mərkəzi və Şərqi Avropa ölkələrinin hökumətləri nail olub. Daha çox isə Almaniya hakimiyyəti buna qarşı çıxıb. Almaniya kansleri xanım Angela Merkelin sözlərinə görə, “Nabucco” olmadan da Avropa Birliyinin büdcə vəsaitini sərmayə qoyacağı yerlər var.

Onu da qeyd edək ki, prioritet layihələr siyahısı Avropa Komissiyası tərəfindən təqdim edilib. Sənədə əsasən, “Nabucco”nun tikilməsinə Avropa Birliyi azad büdcə vəsaitindən 200 milyon avro xərclənəcək. İndi “Nabucco” digər layihələrlə birlikdə Avropanın enerji təhlükəsizliyinin əsasıdır və Avropa Birliyinin Rusiyadan qaz asılılığını azaltmalı olacaq.

Ümumilikdə, Avropa Birliyinin enerji layihələrinin həyata keçirilməsinə 2009-cu ildə 2 milyard avro və 2010-cu ildə 1,975 milyard avro ayırmağı planlaşdırıb. 

Avropa Birliyi həm də “Nabucco”nu “Cənub qaz dəhlizi” adlı digər bir bölməyə keçirməyi qərara alıb. Bu bölmə Yunanıstanın İoniya sahilindən İtaliyaya qədər İTK qaz kəmərinin tikintisi də daxil olmaqla, Avropanın cənubunda bir sıra enerji layihələrinin həyata keçirilməsini nəzərdə tutur.

Bir müddət əvvəl Rusiyanın “Qazprom” şirkəti “Nabucco”da iştirak etmək üçün dəvət alıb, lakin onu rədd edib. “Qazprom” şirkətinin İdarə Heyətinin sədri Aleksandr Medvedevin sözlərinə görə, “Qazprom” üçün məqsədli layihə “Cənub axını”dır.

 

 

Y.Əliyeva

 

Səs.- 2009.- 18 aprel.- S. 6.