18 aprel beynəlxalq abidələr
və tarixi yerlər günüdür
Bəşər
svilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən
biri də Azərbaycandır. İlk növbədə, buna səbəb
insanların yaşaması üçün mülayim və
münasib təbii şərait olmuşdur. Ərazidə
aparılmış arxeoloji qazıntıların nəticələri
göstərmişdir ki, Azərbaycanda yaşamış qədim
insanlar tarix boyu şərəfli yol keçərək
çoxsaylı abidələr yaratmışlar və onlar bu
gün çox qiymətli nümunə olaraq qorunub
saxlanılır.
Bu abidələr bizim
tarixdir. İnsanlıq tarixi, yaranma tariximizdir. Bu tarixin
başlanğıcı ibtidai insanların
yaşadığı dövrdən başlayaraq sivil bir şəkildə
formalaşmışdır. Azərbaycan ərazisində bu
abidələrin sayı olduqca çoxdur. Tədqiqatlar
göstərir ki, Azərbaycan ərazisində olan abidələr
ölkənin bütün ərazilərində mövcuddur
ki, bunların da yaşı əsrləri əhatə edir. Bu
abidələrin harada tikilməsindən asılı olmayaraq,
mudafiə olunaraq qorunub saxlanılmışdır.
Qobustanda aşkar edilmiş ən qədim yaşayış
yerləri (mağaralar, müxtəlif primitiv
sığınacaqlar və s.) ilə yanaşı, meqalit
memarlıq abidələri-kromlexlər, menhirlər (çoban
daşı), dolmenlər və siklop tikililəri geniş
yayılmışdır.
Azərbaycan ərazisində
Manna dövlətinin təşəkkülü, daha sonralar
güneydə Atropatena dövlətinin yaranması ilə
bağlı şəhərlər yaranmış, müdafiə
tikililəri, əzəmətli qala divarları inşa
edilmişdir. Həsənli rayonundakı abidələr
kompleksi, eləcə də, Urmiya gölü sahilindəki
qayalarda çapılmış sərdabələrin tədqiqi
göstərir ki, altıncı yüzilliyin eyvanlı mənzil
tipi təşəkkül tapmışdı. Həmin
dövrün digər memarlıq qurğularından yeganə
dini tikili olan od mehrabları dövrümüzədək gəlib
çatmışdır. Bu dövrdə yaranmış abidələr
Azərbaycan memarlığının sonrakı
inkişafına, eləcə də, Əhəmənilər
dövründə İranın və ön Asiyanın digər
ölkələrinin memarlığına əhəmiyyətli
təsir göstərmişdir. Atəşpərəstliyin
yayılması ilə bağlı yaranan ibadətgahlar islamdan
öncə tikilmiş əsas dini binalar olmuşdur.
Qafqaz Albaniyası
dövründə şəhərsalma sahəsində
mühüm addımlar atılmışdır. Qəbələ
şəhərlərinin möhkəm qala divarları,
saxsı borularından çəkilmiş su kəməri, Dəmirqapı
keçidində daşdan tikilmiş müdafiə sistemi,
Çıraqqala, Ləkit kəndindəki dairəvi xristian məbədi,
Qum kəndindəki bazilika, Mingəçevirdəki məbədlər
kompleksi və s. bu şəhərsalma mədəniyyətinin
yüksək səviyyəsini göstərir. Sasanilər
dövrü tarixi abidələrindən müdafiə tikililəri
özəllikcə diqqəti cəlb edir. Xəzər dənizinin
sahilindən başlayaraq, Babadağın ətəyində
qurtaran Gilgilçay səddi və indiki Dəvəçi
rayonu ərazisində yerləşən Beşbarmaq
dağından başlayıb, Xəzərin sahillərinə
qədər uzanan Beşbarmaq səddi Azərbaycanda istehkam
tikililərinin inkişafı haqqında geniş təsəvvür
yaradır.
Ərəb
istilasından sonra Azərbaycanda islam dininin yayılması ilə
bağlı memarlığın da inkişaf yönü dəyişdi.
Memarlıqda yeni tipli binaların - məscid, mədrəsə,
türbə, karvansara və s. tikilməsi əsas xətt oldu.
Bərdə, Ərdəbil, Marağa, Urmiya, Şamaxı,
Şəmkur (Şəmkir), Şabran, Beyləqan, Gəncə
və Naxçıvan bu dövrdə Azərbaycanın ən
önəmli şəhərləri idi. Şamaxı, Gəncə
və Beyləqanın böyük şəhərlərə
çevrilməsi də məhz bu dövrə aiddir.
Ümumiyyətlə,
islamdan öncəki və sonrakı dövrlərdə Azərbaycan
ərazisində inşa edilmiş alban tikililəri
memarlığın inkişafında önəmli rol
oynamış və tarixi abidələr inşa edilmişdir. Bu
abidələrdən Zaqatala rayonundakı Paşan və Muxax kəndlərində
tikili qalıqları, Şəki rayonunun Böyük Gəldək
kəndində Govurqala, Qəbələ rayonundakı
Böyük Əmirli kəndində alban məbədləri,
Oğuz şəhərində alban kilsəsi, Dağlıq
Qarabağın Xocavənd rayonunun Qarakənd kəndində
Alban kilsəsi, Sos kəndində, İatsi kəndində,
Taqaverd kəndində, Güneyçartar kəndində alban məbədləri,
Ağdərə rayonunun Aterk, Kolatağ, Qoçoqot,
keçmiş Dostahir, Qasapet, Çaldıran kəndlərində,
eləcə də, Yuxarı Qarabağın başqa bölgələrindəki
Susanlıq, Əsgəran rayonunun Şuşikənd,
Çanaqçı, Xındırıstan kəndlərində
alban məbədləri dövrümüzədək
mühafizə olunmuşdur. Azərbaycan ərazisində
saysız-hesabsız tarixti abidələr mövcuddur. Bu abidələrin
bir qismi bu gün erməni
işğalçılarının əlindədir. Belə
ki, 1990-cı illərin əvvəllərində Azərbaycan
Respublikasına qarşı əsassız ərazi iddiaları
irəli sürüb, beynəlxalq hüquq normalarını
kobudcasına pozaraq Birləşmiş Millətlər Təşkilatına
üzv olan bütün dövlətlər tərəfindən,
ölkəmizin rəsmən tanınmış ərazisinin 20
faizini hərbi təcavüz yolu ilə işğal etmiş
Ermənistan hərbi birləşmələri milli mədəniyyət
abidələrimizi qəddarcasına uçurub
dağıtmışlar.
Hərbi təcavüz nəticəsində
işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən
olmuş məşhur Azıx və Tağlar mağaraları,
Qaraköpək, Üzərliktəpə kurqanları
hazırda hərbi məqsədlərlə istifadə edilərək
qəsdən dağıdılır. Xocalı, Ağdam,
Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı
kurqanlarla yanaşı işğal olunmuş Şuşa,
Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan,
Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar,
türbələr, məzarüstü abidələr, məscidlər,
məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr
və digər milli abidələrimiz məhv edilir.
Şuşa tarixi
memarlıq qoruğunun ərazisində işğalçı
vandallar Aşağı və Yuxarı Gövhərağa,
Köçərli, Mərdinli, Cümə məscidlərini,
dahi bəstəkar Üzeyir Hacıbəyovun, professional vokal sənətinin
banisi Bülbülün ev-muzeylərini, Xurşud Banu Natəvanın
saray kompleksini, Firudin bəy Köçərlinin, Zöhrabbəyovların
malikanələrini, şair, rəssam, alim Mir Mövsüm Nəvvabın
evini, ümumiyyətlə, qoruq şəhərin Şərq
memarlığı xüsusiyyətlərini əks etdirən
milli üslubda inşa edilmiş əksər
yaşayış evlərini, buradakı qədim qəbiristanlığı,
böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri
M.P.Vaqifin türbəsini, Ağdamda Pənah xanın imarətini,
Cümə məscidini, Laçın rayonunda Həmzə
Sultan və Soltan Əhməd saraylarını, məscidləri,
ziyarətgah və ibadətgahları, daş heykəlləri,
qədim qəbirləri, kurqanları, tarixi abidə olan
yaşayış binalarını dağıtmış,
daşınması mümkün olan maddi mədəniyyət
abidələrini Ermənistana aparmışlar.
İşğal
zonalarında maddi mədəniyyət
yadigarlarımızın dağıdılması prosesi indi də
davam edir. İşğalçılar geniş miqyaslı,
qeyri-peşəkar arxeoloji qazıntı işləri
aparır, kurqanları dağıdır, qarət etdikləri
tapıntıları Ermənistana daşıyırlar. Erməni
terrorçuları tərəfindən zəbt olunmuş qədim
Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona
bitişik rayonlarda 13 dünya əhəmiyyətli - 6
memarlıq və 7 arxeoloji, 292 ölkə əhəmiyyətli
- 119 memarlıq və 173 arxeoloji və 330 yerli əhəmiyyətli
- 270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə
abidələri, 15 dekorativ sənət nümunəsi tarix və
mədəniyyət abidələri qalmışdır.
Bunlarla yanaşı
işğal olunmuş ərazilərdə 40 mindən
artıq əşyanın toplandığı 22 muzey, 4,6 mln
kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi,
8 mədəniyyət və istirahət parkı, 4 rəsm
qalereyası, 85 musiqi məktəbi, 103.2 min ədəd mebel
avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd
kinokamera, 423 videomaqnitofon, 5920 dəst milli kişi və
qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və
40 kiçikhəcmli attraksion işğal altında
qalmışdır.
Dəyərini müəyyən
etmək mümkün olmayan daşınmaz tarix və mədəniyyət
abidələri erməni işğalçılarının əlindədir.
Keçmiş SSRİ-də
yeganə olan Ağdam Çörək Muzeyi şəhərin
bombardmanı zamanı yerlə yeksan edilmiş, dünya
şöhrətli Kəlbəcər
tarix-diyarşünaslıq muzeyinin 13 minədək,
Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən
çox qiymətli və nadir əşyası Ermənistana
daşınmışdır.
Şuşanın zəbt
edilməsi nəticəsində mənəviyyatımıza
olduqca ağır zərbə endirilmişdir. Təkcə
Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, 8
mədəniyyət evi dağıdılmış, viran
edilmişdir. Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək
əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət muzeyi Şuşa filialının,
Dövlət Qarabağ Tarixi Muzeyinin 1000-dək əşyası,
professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir
Hacıbəyovun, vokal sənətimizin əsasını
qoymuş böyük müğənni Bülbülün,
görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın
xatirə muzeylərinin, Ağdam tarix-diyarşünaslıq
muzeyinin, Qubadlı tarix-diyarşünaslıq muzeyinin, Zəngilan
tarix - diyarşünaslıq muzeyi qarət edilmiş, ermənilər
tərəfindən işğal olunmuşdur.
Görkəmli Azərbaycan
musiqiçisi Qurban Pirimovun Ağdam rayonundakı xatirə
muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının
tarix-diyarşünaslıq muzeyləri də
dağıdılmışdır.
Erməni təcavüzkarlarının qarət etdikləri
abidələrdə Azərbaycan xalqının tarixi və
mədəniyyəti ilə bağlı təsəvvürlər
yaşayır. Şuşa, Laçın və Qubadlı kimi
rayonların rəsm qalereyaları
dağıdılmışdır.
Erməni təcavüzkarları
vəhşilik göstərərək Azərbaycan musiqisinin
böyük xadimləri Üzeyir Hacıbəyovun və
Bülbülün, habelə, şairə Xurşud Banu Natəvanın
heykəllərini Şuşa şəhərindən Ermənistan
ərazisinə aparmışlar. Bu abidələr bütün
əxlaq normalarının ziddinə olaraq vəhşicəsinə
güllələnmiş və ağır texnika vasitəsilə
zədələnmişdir. Həmin abidələr çox
çətinliklə əldə edilərək Bakıya gətirilmiş
və hazırda İncəsənət Muzeyində
nümayiş etdirilir.
Azərbaycan
xalqının məhv edilmiş qədim, əvəzolunmaz
qiymətli mədəni sərvətləri olan bu abidələrin
qiymətini təyin etmək praktiki olaraq mümkün deyildir.
Azərbaycan
xalqının mədəni irsi bəşər mədəniyyətinin
ayrılmaz tərkib hissəsi olduğundan, Azərbaycan
Respublikasının ərazisində xalqımızın
çoxəsrlik tarixi keçmişindən yadigar
qalmış tarix və mədəniyyət abidələrinin
mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən
bir problemdir.
Azərbaycanın
işğal olunmuş ərazilərində erməni
işğalçılarının
özbaşınalığı tarix və mədəniyyət
abidələrimizin dağıdılması və qəsdən
korlanması “Silahlı münaqişə baş verdikdə mədəni
dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa
Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında”
1992-ci il Avropa Konvensiyasına, “Ümumdünya mədəni və
təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il
konvensiyasına ziddir.
Bu gün dünya abidələr
gününü qeyd edir. Bu sırada Azərbaycanında
öz yeri, payı vardır. Azərbaycan abidələri
dunyada tanınır və il tariximizi yaşadan nümunələri
dünya ölkələrinin nümayəndələr gələrək
ziyarət edirlər.
ZÜMRÜD
Səs.- 2009.- 18 aprel.- S. 12.