Azərbaycan folklorunun və ənənəvi biliklərin qorunması: erməni plagiatçılığı
Dövlət Muğam
Teatrında Müəllif Hüquqları Agentliyi (MHA) 23 aprel -
Ümumdünya Kitab və Müəlliflik Hüququ
Günü və 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət
Günü münasibətilə “Azərbaycan folklorunun və
ənənəvi biliklərin qorunması: erməni
plagiatçılığı” mövzusunda elmi-praktik konfrans
keçirmişdir.
MHA-nın sədri Kamran
İmanov respublikamızda müəllif hüquqlarının
qorunması istiqamətində görülən işlərdən
və dövlətin bu sahədə rolundan
danışmışdır. Konfransda bildirilmişdir ki, Azərbaycanda
milli əqli mülkiyyət sistemi ümummilli liderimiz Heydər
Əliyevin dahiyanə uzaqgörənliyi nəticəsində
yaradılmışdır. Ötən müddət ərzində
Azərbaycan Respublikası əqli mülkiyyət
hüquqlarının qorunması sahəsində geniş beynəlxalq
əlaqələr qurmuşdur. 1995 - ci ildən
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının
(ÜƏMT) üzvü olan Azərbaycanın bu sahədəki
əlaqələri getdikcə artır.
Bildirilmişdir ki,
respublikamız YUNESKO-nun “Müəllif hüquqları
haqqında Ümumdünya Konvensiyası”na qoşularaq,
geniş beynəlxalq əməkdaşlığa cəlb
olunmuşdur. Bütün bunlar onu deməyə əsas
verir ki, Azərbaycan müəlliflik hüquqları, əlaqəli
hüquqlar və digər əqli mülkiyyət
hüquqları sahəsində ən vacib konvensiya və
sazişlərin hamısında iştirak edir.
Kamran İmanov son vaxtlar
ermənilər tərəfindən Azərbaycan folklor
nümunələrinin və müəllif əsərlərinin
özününküləşdirilməsi faktlarının
geniş miqyas aldığını bildirmiş, bununla
bağlı mötəbər beynəlxalq təşkilatlara
müraciət edildiyini diqqətə çatdırmışdır.
O, erməni saxtakarlıqlarını ifşa etmək
üçün biliklərin əsaslarına mükəmməl
yiyələnməyin, milli mədəni irsimizin və
tariximizin dərindən öyrənilməsinin vacibliyini qeyd
etmişdir.
Mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyeva
vurğulamışdır ki, bu gün Azərbaycanda müəllif
hüquqlarının qorunması istiqamətində ciddi
işlər görülür. Bu sahədə aparılan məqsədyönlü
siyasətin nəticəsində Azərbaycan xalqına məxsus
milli musiqi əsərləri, xalq mahnıları, folklor
nümunələri bir daha toxunulmazlıq qazanmışdır.
Aparılan işlərin bəhrəsi olaraq Azərbaycan
xalqının zəngin mədəniyyətinin və tarixinin ən
gözəl incilərindən biri olan muğam 2003 - cü ildə
YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi
irsinin inciləri siyahısına daxil edilmişdir. Bakıda
“Muğam aləmi” Beynəlxalq festival keçirilmiş,
Fransanın məşhur Luvr Muzeyində Azərbaycan
aşıqlarının konserti təşkil edilmiş, dinləyicilər
Azərbaycanın folklor nümunələri ilə yaxından
tanış olmuşlar.
Konfransda müəllif
hüquqlarının qorunması ilə bağlı məruzələr
dinlənilmişdir.
Məruzə ətrafında
müzakirələrdə agentliyin fəaliyyətindən,
beynəlxalq təşkilat və qurumlarla əlaqəsindən
söz açılmış, maraqlı təkliflər irəli
sürülmüşdür.
Tədbirdə Nazirlər
Kabinetinin şöbə müdiri İsmayıl Sadıqov,
Prezident Administrasiyasının humanitar siyasət şöbəsinin
sektor müdiri Cəlal Məmmədov, Milli Təhlükəsizlik
Nazirliyinin aparat rəhbəri, general-mayor Fərhad Vahabov və
digər rəsmi şəxslər iştirak etmişlər.
Zümrüd
Səs.- 2009.- 24 aprel.- S. 12.